28 Avqust 2021 11:37
406
CƏMİYYƏT
A- A+

Ballıqaya qətliamından 29 il ötür

 

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımız qətlə yetirilib, yüz minlərlə insan doğma yurdundan didərgin salınıb. Ermənistan silahlı qüvvələrinin XX əsrin 90-cı illərində azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərdən biri də Ballıqaya qətliamıdır. 29 il əvvəl erməni quldurları tərəfindən törədilən bu faciə Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə həyata keçirilən silsilə kütləvi qırğınlardan biridir.

1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib. Öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.

Ballıqaya qətliamı zamanı erməni quldurları 33 yaşlı Hürzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirərək yandırıblar. Həmin vaxt Bərdə rayonunda olan ailə başçısı Vəzir Hümbətov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 29 il əvvəl törədilmiş qətliamın dəhşətlərindən danışıb.

“Kəndimiz işğal olunandan sonra bir müddət Göygöl rayonunda, sonra isə Goranboy rayonunun Ballıqaya ərazisində məskunlaşdıq. Hadisə baş verən gün mən Bərdə rayonunda, ailəmiz isə Ballıqayada idi. Mən Ballıqayaya gedəndə gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum nə olub? Dedilər ermənilər dinc sakinləri qətlə yetiriblər. Əraziyə çatanda gördüm ki, çoxlu insan yığılıb. Ermənilər alaçıqlardakı insanların hamısını qoca, qadın, uşaq demədən güllələyib qətlə yetirmişdilər. Bizim qaldığımız daxala da od vurulmuş, 6 uşağım və yoldaşım yanmışdı. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar. Daxal yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini külün içindən çıxarıb Ağdamın Güllücə kəndində dəfn etdik. Aradan bir müddət keçəndən sonra Güllücə kəndi də işğal olundu. Uşaqlarımın və yoldaşımın qəbirləri işğal olunan ərazidə qaldı. 29 il idi ki, onların qəbirlərini ziyarət edə bilmirdim. Şükür olsun Allaha, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz düşmən üzərində qələbə qazandı, işğal altında olan torpaqlarımız azad edildi. Mən də illər sonra Güllücə kəndinə gedərək, ailə üzvlərimin qəbirlərini tapıb ziyarət etdim. Laçın rayonundan gətirdiyim torpağı və suyu qəbirlərin üstünə töküb təsəlli aldım”.

Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Yunis Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yad edir. “1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhərə yaxın ermənilər gəlib camaatı qanına qəltan elədilər. Qətliam zamanı anam, bacım, qardaşım, onun yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə qətlə yetirildi. Çox ağır faciə idi - bir nəsildən 24 nəfər öldürüldü”, - deyə o qeyd edib.

Ballıqayada törədilən qətliamda Məmmədyar Alıməmmədovun da yaxın qohumları qətlə yetirilib. M.Alıməmmədov bildirib ki, faciə zamanı qətlə yetirilənlərin çoxu yaxın qohumları olub: “Ballıqaya qətliamı zamanı anam, bacım, babam, dayım, onun yoldaşı, uşaqları, anamın əmisi uşaqları qətlə yetirilib. 29 ildir ki, insanlığa sığmayan bu qətliamın təsiri ilə yaşayırıq. Bu gün artıq təsəllimiz var ki, ordumuz düşmən üzərində Qələbə qazanaraq bütün şəhidlərimizin, o cümlədən Ballıqaya qətliamı qurbanlarının qisasını alıb. Torpaqlarımız işğaldan azad edilib. Bunun üçün Prezidentimizə minnətdarlığımızı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik”.

Ermənilər tərəfindən törədilən faciələr, o cümlədən Ballıqaya qətliamı xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayətləri törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video