14:21 18 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Balıq kürüsünün tərkibi və faydası
ANA SƏHİFƏ / SƏHIYYƏ
13:13 09.08.2021

 

Balıq kürüsü təbii xüsusiyyətlərinə görə qiymətli qida məhsulu hesab olunur. Unikal qida tərkibinə və bioloji xüsusiyyətlərə malik olması təbii balıq kürüsünü digər qida məhsulları ilə müqayisədə əlçatmaz edir. Belə ki, kürünün tərkibində insan sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən qidalı maddələr, o cümlədən asan mənimsənilən zülallar, yağlar, vitaminlər, fermentlər, minerallar və digər bioloji aktiv maddələrin kompleksi cəmləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitununun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q.Cəlladov, K.Əliyeva, Ş.Məmmədova və Ş.Rüstəmlinin hazırladığı maarifləndirici materialda söhbət açılır.

Növündən asılı olaraq kürünün tərkibində zülallar 21-30 faiz təşkil etməklə, tamdəyərli sadə komponentlərdən (qlobulinlər - 11-13 faiz, albuminlər - 2-4 faiz) və az miqdarda kollagenlərdən (qılaf proteinləri) ibarətdir. Mürəkkəb zülallara aid olan və spesifikliyi ilə seçilən ixtulinin (fosfoproteid) kürünün tərkibində çox olmasına baxmayaraq, digər proteidlərə, o cümlədən qliko və lipoproteidlərə də rast gəlinir. Spektrinə görə kürü zülalları aminturşuları ilə zəngindir. Əvəzolunmaz aminturşuları da (lizin, triptofan, metionin, leysin, izoleysin, valin və s.) daxil olmaqla, demək olar ki, digər bütün aminturşuları balanslı şəkildə kürünün tərkibində mövcuddur.

Nərəkimilər dəstəsinə mənsub olan balıqlardan əldə olunan kürünün tərkibində yağların miqdarı 13-18 faiz təşkil edir. Bundan başqa, nərəkimilərdən əldə olunan kürüdə yağ kürünün mərkəzi hissəsində, qızılbalıqkimilərin kürüsündə isə qabığın altında toplanır. Lipidlər oksidləşməyə məruz qaldığına görə qızılbalıqkimilərin kürüsü bəzən acı dadır. Kürünün fosfolipidlərlə, xüsusilə lesitinlə zəngin olması onun özəl xüsusiyyətlərindəndir. Qeyd edək ki, tərkibində 1–2 faizə qədər lesitin olan nərə balığının kürüsü qida əhəmiyyətinə görə yüksək qiymətləndirilir. Lipidlərin tərkibində mövcud olan doymuş yağ turşuları ilə müqayisədə Omega-3, Omega-6 və Omega-9 şəklində təmsil olunan mono və polidoymamış ali yağ turşuları (olein, qadolein, nervon, linol, linolen, eykozadien, eykozatrien, araxidon və s.) üstünlük təşkil edir.

Kürü vitamin kompleksi mənbəyidir. Belə ki, bu məhsulun tərkibində yağda həll olan vitaminlərlə yanaşı (A, D, E, K), suda həll olan B qrupu vitaminləri (B1, B2, B3, B4, B5, B6, B9 və B12 ) də var. Niasin (B3), xolin (B4), pantoten (B5) və fol turşusu (B9) kimi tanınan və digər qida məhsullarında az tapılan vitaminlərin də kürünün tərkibində çox olması onun qida dəyərini daha da artırır.

Tərkibində mineral maddələrin miqdarı 1-2 faiz təşkil etməklə, kürü makro (Ca, P, Mg, Na, K, S, Cl və s.) və mikroelementlərlə (Fe, Zn, J, Cu, Mn, Cr, F, Mo, Co, Ni, Se və s.) zəngindir. Balıq kürüsü həm də yüksəkkalorili qida məhsuludur. Növündən asılı olaraq onun enerji dəyəri 115-270 kkal/100 qr arasında dəyişir. Təzə kürünün tərkibində nəmliyin çox olması (52-80 faiz) proteolitik və lipolitik fermentlərin aktivləşməsi üçün əlverişli şərait yaradır. Bu da zülal və yağ birləşmələrinin parçalanmasına və məhsulun tez xarab olmasına gətirib çıxarır. Odur ki, təzə kürü 2,5-5 faizli duz məhlulunda konservləşdirildikdən sonra pasterizasiya olunaraq soyuducuda – 5° dərəcə temperaturda saxlanılmalıdır.

Qeyd edək ki, kürü balıqların yumurta məhsulu olub, kürəşəkilli (dənəvər) formaya malikdir. Yumurta dənələri xaricdən yarımşəffaf hüceyrə qılafı ilə örtülmüş yarımmaye konsistensiyalı protoplazmadan ibarətdir. Ölçüsü isə balığın yaşından asılı olaraq müxtəlifdir (adətən 0,6-7 mm). Yaşlı balıqların kürüsü iri ölçülü olmaqla yanaşı, qidalılığına görə daha keyfiyyətli sayılır. Rəng etibarilə kürünün qara, qırmızı, ağ və qızılı növləri mövcuddur. Qara kürü nərəkimilərdən, qırmızı kürü qızılbalıqkimilərdən, ağ kürü isə sazan, alabalıq, durnabalığı, treska, siyənək və digər balıq növlərindən əldə olunur. Ən qiymətli kürü növü hesab olunan qızılı kürü nərəkimilərin albinos növlərindən əldə edilir. Qara kürünün rəngi tünd boz, boz-qəhvəyi və ya boz-gümüşü, qırmızı kürünün rəngi tərkibindəki lipoxrom piqmentindən asılı olaraq narıncı-qırmızı, sarımtıl-qırmızı və ya kərpici-qırmızı, ağ kürünün rəngi isə açıq-çəhrayı, açıq-sarı və ya açıq-narıncı olur.

Yetişmiş təbii balıq kürüsü eynirəngli, qüsursuz, elastiki, konsistensiya etibarilə homogen, spesifik dad (ət və ya qaymaq dadı) və qoxu xüsusiyyətinə malikdir. Təzə kürüdə zəif balıq qoxusu da hiss edilə bilər.

Təbii balıq kürüsünə oxşar süni yolla əldə olunan kürü növlərinə də rast gəlinir. Bu məqsədlə jelatin, yumurta zülalı, dəniz yosunları, boya maddələri, bitki yağları və aromatizatorlardan istifadə edilir. Təbii kürüdən fərqli olaraq, süni kürü kəskin “aldadıcı” balıq qoxusuna malikdir və üzərinə qaynar su əlavə etdikdə rəngin suya qarışması, kürü dənələrinin əriməsi prosesi müşahidə olunur.

Balıq kürüsünün qida məhsulu kimi istifadə olunması qədim tarixə malikdir. Avropada isə XIX əsrin əvvəllərindən tanınmağa başlayıb. Xəzər dənizində məskunlaşan nərəkimilərdən əldə olunan Azərbaycan qara kürüsü dünya bazarında yüksək qiymətləndirilir.

Asan mənimsənilən qida maddələri xəzinəsi olan təbii balıq kürüsü insan sağlamlığı üçün olduqca faydalıdır. Balıq kürüsü:

- malik olduğu qida maddələri kompleksi sayəsində orqanizmdə fiziki və zehni yorğunluğu aradan qaldırır, immun sistemin möhkəmlənməsinə kömək edir;

- tərkibində lesitin çox olduğundan beyin toxumasının qidalanmasını yaxşılaşdırır və sinir sisteminin fəaliyyətini tənzimləyir;

- Omega-3, Omega-6, Omega-9 turşuları və A vitamini ilə zəngin olduğuna görə aterosklerozun və ürək-damar xəstəliklərinin profilaktikasında, həmçinin görmənin yaxşılaşdırılması üçün faydalıdır;

- tərkibində mövcud olan Fe və B12 vitamini sayəsində qanda hemoqlobinin bərpasına müsbət təsir göstərməklə, dəmir defisitli anemiyaların qarşısını alır;

- fol turşusu ilə zəngin olduğuna görə hamiləlik dövründə dölün ana bətnində inkişafına müsbət təsir göstərir;

- əvəzolunmaz kosmetoloji vasitə kimi zədələnmiş dəri hüceyrələrinin regenerasiyasını sürətləndirir;

- tərkibində Ca və D vitamini çox olduğundan sümük xəstəliklərinin, o cümlədən raxitin profilaktikası üçün faydalıdır;

- yod, selen və digər mikroelementlərlə zəngin olduğundan qalxanabənzər vəziyə funksional stimullaşdırıcı təsir göstərir.

Bununla yanaşı nəzərə alınmalıdır ki, balıq kürüsü sanitar-gigiyenik baxımdan mikrobioloji çirklənməyə, həmçinin fermentativ və oksidləşmə proseslərinə meyilli və tez xarab olan qida məhsuludur. Ona görə də yalnız qida təhlükəsizliyi tələbləri çərçivəsində istehsal olunan ekoloji-təmiz və təbii balıq kürüsünün istehlakı tövsiyə edilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM