23 Dekabr 2011 03:12
434
Səfərlər
A- A+

Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər

 

Dekabrın 22-də Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak etmişlər. 

Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 2010-cu ildə dövlət başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar "İttifaq" məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır.

Qeyd edildi ki, Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Günbəzi göy rəngdə olduğuna görə xalq arasında "Göy məscid" kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı. Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verildi. Əjdərbəy məscidində aparılan bərpa və genişləndirmə tədbirlərini daim diqqətdə saxlayan dövlət başçısı mütəmadi olaraq tikinti işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Əjdərbəy məscidində bərpa işləri sürətləndirilmiş və qısa müddətdə bu ibadət ocağı möhtəşəm görkəm almışdır.

Məlumat verildi ki, təmir-bərpa işlərində müasir texnologiyadan istifadə olunsa da, tarixi abidə olması nəzərə alınaraq məscid yenidənqurma prosesində ilkin görkəminə uyğunlaşdırılmışdır. Məsciddə kişi və qadınlar üçün ayrı-ayrılıqda dəstəmazxanalar tikilmişdir. 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini salamladılar.

Məsciddə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə və xanımına məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət edəcəkdir. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə ayrılmışdır. Burada  Mədinədəki Peyğəmbər məscidində olduğu kimi, hərəkətli tavanlar quraşdırılmışdır. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir.

Qeyd edildi ki, müasir işıqlandırma və havalandırma sistemlərinin quraşdırıldığı məscidin girişində Əjdərbəy Aşurbəyovun məzarı yerləşir. Burada qadınlar üçün də ayrıca ibadət yeri yaradılmışdır.

Görülən  işləri yüksək qiymətləndirən  Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Şura üzvlərini salamlayaraq dedi:

- Bu gün, bizim hamımız üçün əlamətdar bir gündə - Əjdərbəy məscidinin fəaliyyətinin bərpa olunduğu gündə birlikdə olmaq ikiqat xoşdur. Sağ olun ki, gəlmisiniz. Bizim ziyarətgahların bərpa edilməsi fəaliyyətimizin ən mühüm istiqamətlərindən biri, mənəvi borcumuzdur.

Bu məscid zəngin tarixə malikdir. Mənə çox xoşdur ki, biz onu təkcə bərpa etməmişik, həm də genişləndirmişik. O, bəlkə də on dəfədən çox genişləndirilmişdir və yüzilliklər boyu qalacaqdır.

Azərbaycanda bütün dini abidələr mühafizə olunur, bərpa edilir. Təzəpir məscidindəki görüşümüz yadımdadır. Həmin məscid də bərpa olunandan və yenidən qurulandan sonra onu birlikdə açmışdıq. Bu gün Azərbaycanın ən qədim məscidlərindən biri - Şamaxı şəhərindəki Cümə məscidi bərpa olunur, əslində yenidən inşa edilir. Ümid edirəm ki, lap yaxın vaxtlarda, yaxın bir-iki ildə biz gözəl Şamaxı şəhərində həmin məscidin açılışına birlikdə toplaşacağıq.

Mənə çox xoşdur ki, sizin hamınızın bir-birinizlə bu cür gözəl dostluq münasibətləriniz vardır. Bu münasibətlər ölkələrimizin, respublikalarımızın qədim ünsiyyət mədəniyyəti ənənələrinə malik olan xalqları arasında münasibətləri də çox cəhətdən möhkəmləndirir. Mənə xoşdur ki, irəli sürülmüş təşəbbüsləri biz birlikdə reallaşdırırıq. Sizin respublikalarla Azərbaycan arasında bu cür fəal əməkdaşlıq yeni mərhələyə, yeni formaya keçir. Bu, bizim xalqların hamısı üçün, eləcə də Rusiya-Azərbaycan münasibətləri üçün çox böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev din xadimləri arasında bu cür görüşlərin əhəmiyyətinə toxunaraq bildirdi ki, bu formatda keçirilən tədbirlər ümumi maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Dövlət başçısı din xadimlərinin dostluq münasibətlərinin gənclər arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə də nümunə olduğunu dedi və bu baxımdan Qafqaz Gəncləri Forumunun keçirilməsinin əhəmiyyətini qeyd edərək tədbirin gələcəkdə ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev müftilərdən  onun salamlarını təmsil etdikləri Şimali Qafqaz respublikalarının xalqlarına və rəhbərlərinə çatdırmağı xahiş edərək dedi:

- Xahiş edirəm, sizin təmsil etdiyiniz respublikaların bütün sakinlərinə, həmin respublikaların rəhbərlərinə ən xoş duyğularımızı çatdırasınız. Bildiyiniz kimi, bizdə rəhbərlik səviyyəsində münasibətlər də çox yaxşıdır. Bu yaxınlarda biz Bakıda görüşdük və çox yaxşı danışıqlar apardıq. Əməkdaşlığı bundan sonra necə təşkil etmək barədə yaxşı söhbətimiz oldu.

Biz hamımız Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq, inkişaf olmasında maraqlıyıq. Siz hamınız öz xalqlarınızın parlaq nümayəndələrisiniz və əminəm ki, bütövlükdə bizim regionda əməkdaşlıq da çox cəhətdən Qafqazın din xadimləri arasında sıx qarşılıqlı əlaqələrdən, əməkdaşlıqdan və dostluqdan asılı olacaqdır.

Bir daha xoş gəlmisiniz.  

Qafqaz Müsəlmanları İdarəsinin sə

dri Şeyxülislam Allahşükür PAŞAZADƏ  Əjdərbəy məscidinin yenidən qurularaq istifadəyə verilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və ölkədə dini-mənəvi dəyərlərin hər zaman uca tutulmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayaraq dedi:

- Allah-taala Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev həzrətlərinin təməl daşını qoyduğu irsi bu gün Siz davam etdirirsiniz. O təməl daşını qoyarkən mənə verdiyi nəsihətləri Qafqazın şeyxülislamı kimi, bu gün də yaddan çıxarmıram.   

Sonra Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij NURBIY çıxış edərək dedi:

- Cənab Prezident, biz Sizi Qafqaz müsəlmanları, Adıgey müsəlmanları adından salamlayırıq.

Biz Bakıya gələndə özümüzü evimizdəki kimi hiss edirik, çünki burada bütün insanlar qonaqpərvərdir. Biz buraya gələndə insanların bekar oturmadıqlarını görür və hiss edirik. Bakı şəhəri və bütün Azərbaycan günbəgün, saatbasaat böyüyür. 

Ölkəmizdə böyük inkişafın şahidi olduqlarını deyən Yemij Nurbıy Azərbaycanda dini-mənəvi dəyərlərə verilən böyük önəmdən məmnunluğunu bildirdi, xalqımızın Vətən naminə şərəflə çalışdığını dedi, görülən işlərin gələcək nəsillərə bir ərməğan olduğunu diqqətə çatdıraraq bildirdi:

- Vaxt olacaq ki, gələcək nəsil bizdən soruşacaq: Biz onlara nə vermişik? Bu, bizim üçün əsasdır. Bu gün biz, burada olanlar, xüsusən liderlər onlara ötürmək üçün  estafet çubuğu hazırlamalıyıq.

Cənab Prezident, biz çox şadıq, bir daha təkrar edirəm, Sizinlə fəxr edirik. Bizim şeyxlə fəxr edirik. Biz iki-üç ay buraya gəlməyəndə onun üçün darıxırıq. Biz, Şimali Qafqaz müftiləri çox möhkəm bir ailə kimiyik və bizim çox yaxşı işimiz vardır.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Ölkəmiz haqqında, mənim barəmdə, möhtərəm şeyx barəsində xoş sözlərə görə sağ olun. Biz sizin fikirlərinizi çox qiymətləndiririk və çox minnətdarıq ki, bizim uğurlarımıza səmimi qəlbdən sevinirsiniz. Hesab edirik ki, respublikalarımızdan hər birinin uğuru bizim ümumi uğurumuzdur.

Prezident İlham Əliyev Şimali Qafqaz xalqları arasında əsrlər boyu mövcud olan ənənəvi dostluq əlaqələrinin bölgədə əmin-amanlığın və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi və bu baxımdan gənclərin xeyirxah, yaradıcılıq ruhunda tərbiyə olunmasının gələcək ümumi inkişafa töhfə verəcəyini dedi. 

Bakı İslam Universitetinin rektoru Hacı Sabir HƏSƏNLİ Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Azərbaycan Prezidentinə müraciətini oxudu:

"Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə! Çox hörmətli cənab Prezident!

Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri regionun ən nüfuzlu ölkələrindən birinin başçısı, Azərbaycanın lideri, çox böyük siyasi nüfuza malik olan zati-aliləri, möhtərəm cənab İlham Əliyevə səmimi arzularımızı bildirir və xeyir-dua veririk. 

Qafqaz ərazisində yaşayan bütün xalqlar ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə Sizin yorulmaz fəaliyyətinizin şahididir. Siz milli mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına çox böyük diqqət və qayğı göstərən şəxsiyyətsiniz. Sizin genişmiqyaslı fəaliyyətiniz müsəlmanlar tərəfindən yüksək qiymətləndirilir və onların qəlbində mənəvi dəyərlərə yüksək diqqətin ifadəsi kimi əks-səda tapır. Məhz bu səbəbdən Azərbaycanda din-dövlət münasibətləri bütün Qafqaz regionunda yüksək qiymətləndirilən müdrik siyasət nümunəsidir.

Bizim üçün çox vacib və şərəflidir ki, Sizin soykökünüzdən qaynaqlanan mənəviyyata hörmət hissi bu gün Zati-alilərinizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində ləyaqətlə davam etdirilir.

Bizə məlumdur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının bütöv bir tarixi epoxası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu müraciəti imzalayanların çoxu Sizin mərhum atanızla və Sizinlə görüşlərdən aldıqları dərin təəssüratları öz qəlblərində xoş bir xatirə kimi saxlayır.

Tam əminliklə deyə bilərik ki, Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, dini tolerantlıq Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələrindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir.

Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək böyük sevinc və hörmət hissi ilə Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edək və Sizə Qafqaz uzunömürlülüyü, cansağlığı və gələcək fəaliyyətinizdə böyük uğurlar diləyək. Biz dindarlar Azərbaycan xalqının firavanlığı və Qafqazda sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə bəyənir və dəstəkləyirik. Ümid edirik ki, Qafqazdakı bütün münaqişələr, o cümlədən Qarabağ problemi yaxın vaxtda beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla öz həllini tapacaqdır. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya səviyyəsində daha böyük uğurlar qazanacaqdır.

Ulu Tanrı Sizə yar olsun. Bizim dualarımız və ümidlərimiz daim Sizinlədir. Amin.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:

Şeyxülislam Allahşükür Paşazadə - sədr

Soltan Mirzəyev, Çeçenistan Respublikasının müftisi - Ali Dini Şura sədrinin birinci müavini

Yemij Nurbıy - Adıgey Respublikasının və Krasnodar diyarının müftisi

Əhməd Abdullayev - Dağıstan Respublikasının müftisi

Soltanəhməd Karlayev - Kalmık Respublikasının müftisi

Hacımurad Qatsalov - Şimali Osetiya - Alaniya müftisi

Şafiq Psixaçev - Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi, müfti

Şərafəddin Çaçayev - Kabarda-Balkar Respublikasının müftisinin müavini

Aleksandr İşein - Bakı yeparxiyasının və rus pravoslav kilsəsinin yepiskopu

Semyon İxiilov - Dağ Yəhudiləri İcmasının başçısı

Vladimir Fekete - katolik kilsəsinin nümayəndəsi

Əli Əliyev - Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi

Şəhabəddin Kərimov - Qafqaz Müsəlmanları İdarəsinin Dərbənddəki qazısı.

 

Bakı şəhəri, 22 dekabr 2011-ci il".

 

Sonra Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat QATİN çıxış edərək dedi:

- Hörmətli İlham Heydər oğlu, icazə verin sizi salamlayım və  qardaş Azərbaycan torpağında bizə göstərilən  qonaqpərvərliyə görə  minnətdarlığımı bildirim. Elə bir həftə əvvəl möhtərəm şeyx bizim  Kazanda olmuşdur. Onların bizim Prezident Rüstəm Nurqaliyeviç Minnixanovla  ayrıca görüşləri olmuşdur. Həmin görüş çərçivəsində  din sahəsində iki respublika arasında qarşılıqlı fəaliyyətin  geniş spektri müzakirə edilmişdir. Zənnimcə, həmin razılaşmaların  müəyyən bəhrəsini lap yaxın vaxtlarda görəcəyik.

Bizim tatar müsəlmanları burada himayə etdiyi üçün şeyximizə minnərdarlığımı bildirirəm. Hətta bax bu məsciddə imamlardan biri tatardır.

Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq PSİXAÇEV Azərbaycan Prezidentinə bu məscidin yenidən qurulmasına verdiyi dəstəyə görə təşəkkür edərək dedi:

- Biz bilirik ki, Sizin mərhum atanız məscidləri bərpa etməyə başlamışdı, Siz davam etdirirsiniz. Siz atanızın işlərinin  layiqli davamçısısınız.

Mən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri adından  çıxış edirəm. Qeyd edildiyi kimi,  mən özüm Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı nümayəndəsiyəm. İnteqrasiya proseslərini dayandırmaq olmaz. Bu gün biz sülhün, mənəviyyatın, dinin böyük sınaqlara  məruz qaldığını hiss edir, görür və şahidi oluruq. Hesab edirik ki,  bu gün Azərbaycanın nümunəsi  burada  müxtəlif dinlərin nümayəndələrinin bir-birinə  necə münasibət bəslədiklərini,  dövlət-din münasibətlərinin necə formalaşdığını insanların bilmələri üçün  bir örnəkdir.

Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacı Murad QATSALOV Azərbaycanda həyata keçirilən dinamik iqtisadi inkişaf proseslərindən şad olduğunu və bunun böyük əhəmiyyət daşıdığını qeyd etdi.

* * *

Əjdərbəy məscidinin açılışına həsr olunmuş mərasim Quran ayəsinin oxunması ilə başlandı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video