05 Iyun 2021 01:11
8530
İDMAN
A- A+

Bakıda yenidən “Formula-1” həyəcanı yaşanır

 

Bu günlərdə Bakı yenidən möhtəşəm tədbirə evsahibliyi edir. Artıq ikinci gündür ki, paytaxtımızda növbəti dəfə “Formula-1” yarışlarının həyəcanı yaşanır. “Formula-1” üzrə dünya çempionatının altıncı yarışı olan Azərbaycan Qran-prisində dünyada məşhur olan Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar mübarizə aparırlar. Dünyanın yüz milyonlarla avtomobil idmanı həvəskarının diqqəti yenidən Azərbaycana yönəlib.

 

Azərbaycan ən mükəmməl idman infrastrukturuna malikdir

 

Beynəlxalq idman yarışlarına evsahibliyi etmək kifayət qədər məsuliyyətli öhdəlikdir. Hər bir ölkə bu cür yarışlara evsahibliyi etmək arzusundadır. Çünki bu cür yarışlar ölkənin imicinin daha yüksəlməsi, turizm imkanlarının dünyada təbliği baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Amma hər ölkə belə yarışları təşkil etmək imkanında deyil. Çünki istənilən beynəlxalq idman tədbiri zamanı həm idmançıları beynəlxalq standartlar çərçivəsində qarşılamaq lazımdır, həm də yarışı izləmək üçün ölkəyə gələn çoxsaylı xarici qonağın yerləşə bilməsi üçün müəyyən infrastruktur olmalıdır. Məsələn, indiyədək Ermənistanda çox nadir hallarda beynəlxalq idman yarışları keçirilib. Keçirilən yarışların isə statusu aşağı, iştirakçıların sayı isə həddən artıq az olub. Çünki bu ölkənin çoxsaylı idmançıların iştirak etdiyi idman tədbirini təşkil etməyə, birdən-birə minlərlə turisti qarşılamağı  imkanı çatmır.

Azərbaycana gəldikdə isə, tamamilə fərqli mənzərəni görmək mümkündür. Daha dəqiq ifadə etsək, Azərbaycan artıq uzun illərdir ki, beynəlxalq tədbirlərin, o cümlədən idman yarışlarının keçirilməsində möhtəşəm nümunələr yaradır. İndiyədək Azərbaycanda I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirləri keçirilib. Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasətinin nəticəsi olaraq Bakıda yaradılan möhtəşəm infrastruktur bu yarışların hər birini ən mükəmməl şəkildə təşkil etməyə imkan verib. Həm də təsdiq olunub ki, Bakı şəhəri və eləcə də regionlarımız istənilən sayda xarici qonağı qəbul edə bilər.

Azərbaycan bu idman yarışlarına ən ideal şəkildə evsahibliyi etməklə Avropanın və İslam dünyasının idman tarixinə öz möhürünü vurub, yeni və ideal təşkilatçılıq nümunələri yaradıb. Ölkəmiz bütün dünyaya evsahibliyinin və yüksək təşkilatçılığın necə olduğunu göstərib.

 

Bu Qran-pri mövsümün ən maraqlı yarışlarından olacaq

 

“Formula-1” də sıradan bir yarış deyil, dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. Hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə  Qran-pri  mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən, pilotlar və komandalar ilin sonunda, çempionluq titulu qazanırlar. Mübarizə aparan iştirakçıları sayı digər idman tədbirlərindən  az olsa da, bu avtomobil  yarışı tamaşaçı sayına görə yalnız futbol üzrə dünya çempionatından və Olimpiya Oyunlarından geri qalır. Hesablamalara görə, “Formula-1”in dünyadakı auditoriyası təxminən 500 milyon nəfərdir.

 “Formula-1”də gündəlik həyatda görmədiyimiz və xüsusi olaraq bu idman növü üçün hazırlanan avtomobillər yarışır. Bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik sürücü yeri və təkərləri açıqdadır. Bu avtomobillərin yürüşü üçün tələblərə cavab verən trekin olması vacib şərtdir. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası “Formula-1” təqviminin ən gözəl mübarizə meydanlarından biridir.  Çünki Bakı mübarizəsində pilotlar xüsusi avtodromda deyil, məhz şəhərin küçələrində yarışırlar. Qeyd edək ki, pilotlar həmişə Bakı Şəhər Halqası barədə yüksək fikirlər söyləyiblər. Çünki Bakıdakı mübarizə meydanı çempionatın ən uzun və düz xətlərindən birinə sahib qeyri-adi şəhər trasıdır.  Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları paytaxtımızın gözəlliyini, tarixi və  müasir memarlıq abidələrini, bir sözlə ecazkar bir mənzərəni görə bilirlər.

Onu da xatırladaq ki, Bakı artıq beşinci dəfədir ki, “Formula-1” yarışlarına evsahibliyi edir. Bu baxımdan “Formula-1” Azərbaycan üçün yenilik sayılmır. Yalnız ötən il koronavirus pandemiyası səbəbindən yarışın keçirilməsi məqsədəuyğun sayılmamışdı.

Bakıda keçirilən yarış bu dəfə də “Formula-1” mövsümünün ən maraqlı tədbirlərindən olacaq. Azərbaycan bu yarışı yüksək səviyyədə təşkil etməklə mükəmməl evsahibliyinin növbəti nümunəsini yaradacaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video