12 Fevral 2014 02:02
393
PARLAMENT
A- A+

Bakıda TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının iclası keçirilib

 

Fevralın 11-də Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasının İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan səlahiyyətli nümayəndələr iştirak edib. Türkdilli dövlətlər arasında "İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu" gündəliyin əsas mövzusu olub.

İlk olaraq çıxış edən komissiyanın sədr müavini Sevinc Hüseynova bildirib ki, ölkələr arasında nəqliyyat keçidlərinin artırılması və nəqliyyat infrastrukturunun genişləndirilməsi türkdilli ölkələr arasında əlaqələri yaxınlaşdıracaq.

İclasda çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var: "Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, zəngin tariximiz, ortaq mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi və bir çox sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir. Bu baxımdan, bugünkü iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək". Z.Əsgərov xatırladıb ki, "Bakı-Tbilisi-Qars" dəmiryolu xətti gələn il istifadəyə veriləcək. Bununla da Çindən Avropayadək olan dövlətlər nəqliyyat daşınmasını təmin edəcəklər. Ötən ilin dekabrında isə "Şahdəniz-2" layihəsi imzalandı. Bunlar onu deməyə əsas verir ki, bu gün dünyanın nəqliyyat lokomativinin böyük bir hissəsi türk dünyasının payına düşür.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, TÜRKPA-nın sosial mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov isə çıxışında qeyd edib ki, nəqliyyat kommunikasiyası əlaqələri türk dünysını təkcə iqtisadi cəhətdən birləşdirmir, eyni zamanda digər cəhətlərinə görə də ciddi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əlaqələr bu ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə bərabər, xalqların sosial inkişafına da öz töhfəsini vermiş olur: "Xüsusən də quru və dəmir yolları xalqların rifah halının və soslial durumunun yaxşılaşmasında müstəsna rol oynayır. Çünki avtomobil və dəmir yolları ölkələrin yaşayış mənətəqələri ərazisindən keçir və bu da paralel olaraq digər infrastrukturun inkişaf etidirilməsinə təkan verir. Bunun nəticəsində də orada yaşayan insanların yaşayış durumu yaxşılaşır. Ona görə də avtomobil və dəmir yollarının inkişafına önəm vermək lazımdır".

İclasda bildirilib ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr diqqətəlayiqdir. Türkdilli dövlətlər arasında əlaqələr yüksək səviyyəyə çatdıqdan sonra türk dünyasında dövlətlərarası münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı əlaqələndirən qurumlara tələbat artıb. Təşkilatın üzvü olan dövlətlərin daxili zənginliyə və sürətli iqtisadi tərəqqiyə malik olduğu vurğulanıb. Qırğızıstanın nümayəndə heyətinin üzvü Abdırakhman Mamataliyev "İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu"na dair məruzə ilə çıxış edərək bildirib ki, bu mövzunun müzakirəsi çox ciddi məsələdir. O qeyd edib ki, Qırğızıstanda sərnişinlərin 95 faizi avtomobillərlə daşınır və bunun qonşu ölkələrə heç bir maneəsi yoxdur.

TÜRKPA-nın Qazaxıstan nümayəndə heyətinin üzvü Sarsenbay Yensegenov isə bildirib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin əsas önəm verdiyi məsələ türkdilli ölkələr arasında nəqliyyat infrastrukturunun genişləndirilməsidir. Onun sözlərinə görə, Qazaxıstan türkdilli ölkələrin Avropaya qədər açılmasına xüsusi önəm verir: "Dəniz yolunun inkişaf etdirilməsi ölkələrimiz üçün çox önəmlidir. Bu, ölkələrimizin ticarətinin və iqtisadiyyatının Avropaya qədər açılması olacaq. Qazaxıstan TÜRKPA-nın bütün layihələrini dəstəkləyəcək".

TÜRKPA-nın türkiyəli üzvü Mahmud Mücahid Fındıklı qeyd edib ki, son illər TÜRKPA ölkələri arasında iqtisadi əlaqələr daha da möhkəmlənib. Türk iş adamları arasında iş birliyi artıb: "Ölkələr arasında nəqliyyat vasitələrinin inkişafında addımlar atılmalı, investisiyaların həcmi artırılmalıdır. Nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək, sərhədlərdə olan ləngimələri və digər sahələrdə olan bürokratik əngəlləri də aradan qaldıracaq". O təklif edib ki, TÜRKPA növbəti iclaslarının birində enerji məsələlərini mövzu olaraq müzakirəyə çıxarsın. Bu gün ölkələrin enerji sahəsində əməkdaşlıqları artıb və bunu daha da artırmaq mümkündür".

Sonda TÜRKPA iqtisadiyyat, Ticarət və Maliyyə məsələləri komissiyasının 4-cü iclasının yeri və vaxtı müəyyənləşdirilib. Komissiyanın növbəti iclası 2014-cü ilin ikinci yarısında Qazaxıstanda keçiriləcək.

Qeyd edək ki, iclasa komissiya üzvləri ilə birgə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA hökumətlərarası komissiyasının nümayəndələri də qatılıb.

 

Elgün MƏNSİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video