20 Mart 2012 04:03
438
Səfərlər
A- A+

Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyi

 

Azərbaycan Prezidenti İlham Əliyev şənlikdə iştirak etmişdir

 

Azərbaycan xalqının ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram münasibətilə martın 19-da Bakıda ümumxalq şənliyi keçirilmişdir. Qədim Qız qalasının qarşısındakı meydan yenə də izdihamlı idi. Ətrafdakı binalar al-əlvan plakatlarla bəzədilmişdi. Meydanda Novruzun rəmzi olan nəhəng səməni də var idi.

Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.

Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd edilir. Xalqımızın böyüklüyü ondadır ki, heç bir qadağa ona Novruzu unutdura bilməmişdir. O, ən çətin zamanlarda belə öz bayramını qoruyub yaşatmış, milli adət-ənənələrini unutmamış, onları bu günümüzə gətirib çatdırmışdır.

Hələ respublikamıza rəhbərliyinin birinci dövründə - ulu öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Novruzun qədim köklərə malik olduğunu, xalqımızın qəlbində əbədi yaşadığını vurğulayan ulu öndər Heydər Əliyev bu bayramı imperiyanın sərt rejimi dövründə respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olmuşdur. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra xalqımız nəcib adətlərin, milli dəyərlərin, xeyirxahlığın, insana, təbiətə məhəbbətin tərənnümçüsü olan Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlamışdır. Novruz çətinliklərdən keçərək öz haqqına qovuşdu. Novruza ümumxalq mahiyyəti verən Heydər Əliyev bayramlarda xalqla bir yerdə olur, insanları təbrik edir, ona milli birlik və həmrəylik tövsiyə edirdi. Novruzu xalqımızın əziz bayramı kimi səciyyələndirən Heydər Əliyev bu xidməti ilə də xalqın qədim adət-ənənələrinə son dərəcə bağlılığını göstərmişdir.

Təbiətlə əlaqədar olan bu gözəl bayramımızın indi dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır", - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı da artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz günü elan etmişdir. Bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə həyata keçirilmişdir.

İndi Azərbaycan Novruzu yeni siması ilə qarşılayır. Paytaxtımızın və bölgələrimizin abadlaşması istiqamətində görülən irimiqyaslı işlər təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Hər tərəfdə gedən abadlıq-quruculuq işləri Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir. Bu işlərin qədimliyi, tarixiliyi qorumaq, müasir standartlar tətbiq etməklə aparılması ölkədə tarixi keçmişimizə diqqətdən xəbər verir. Dövlətin iqtisadi və sosial siyasətinin insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəlməsi isə sabaha inamı artırır.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Qız qalasının qarşısındakı meydana gəldilər.

Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim etdilər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdilər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırdı.

Dövlət başçısı bayram şənliyində nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə səadət, uğurlar arzulayıram.

Novruz Azərbaycan xalqının ən sevimli bayramlarından biridir. Xalqımız əsrlər boyu bu gözəl bayramı qeyd edir. Hər bir ailədə Novruz əziz bayram kimi qeyd edilir. Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə, bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzaladığım sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu Novruz günlərində hər bir Azərbaycan ailəsi bu bayramı qeyd etsin. Şənbə və bazar günlərini də əlavə etsək, bu il bayram günləri yeddi gündür.

Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə sadiqdir. Dövlətimiz bu dəyərlər üzərində qurulubdur. İyirmi il ərzində milli dəyərlərə münasibətimiz, milli ənənələrimizə hörmətimiz bizi daha da gücləndirdi. Bu gün müstəqil Azərbaycan bu əsaslı və güclü milli təməl üzərində öz gələcəyini qurur. Biz müasir dövlət qururuq, dünyaya inteqrasiya edirik, dünya proseslərində uğurla, fəal iştirak edirik. Ancaq çox güclü milli-mənəvi dəyərlərimiz bizim üçün əsasdır.

Biz ümumbəşəri dəyərlərə sadiqik, ümumbəşəri dəyərləri bölüşürük. Milli dəyərlər isə bizim üçün həm keçmişimizə olan münasibətdir, hörmətdir, eyni zamanda, gələcəyə atılan addımlardır. Mən çox şadam ki, Azərbaycanda gənclər də milli-mənəvi dəyərlər əsasında tərbiyə olunurlar. Gənclər milli ruhda böyüyürlər. Milli ruhun yüksək səviyyədə olması bizi - azərbaycanlıları bir xalq kimi daim yüksəklərə qaldıracaqdır.

Əsrlər boyu xalqımız müstəqillik arzusu ilə yaşamışdır. Biz müxtəlif ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq milli mənliyimizi heç vaxt itirməmişik. Hər zaman milli dəyərlər, Azərbaycan dəyərləri bizi daha da gücləndirirdi. Xalqımız üçün ən çətin anlarda bir millət kimi özümüzü qorumaq üçün, ilk növbədə, milli dəyərlərimiz, ənənələrimiz, milli bayramlarımız, ana dilimiz öz rolunu oynamışdır.

Bundan sonra müstəqil dövlət kimi Azərbaycan yalnız inkişaf yolu ilə gedəcəkdir. Müstəqilliyimizin qısa tarixi bunu deməyə əsas verir. İyirmi il tarix baxımından kiçik bir dövrdür. Ancaq bu illər ərzində ölkəmiz çox uğurlu yol keçmişdir. Müstəqilliyimizi bərpa etdikdə Azərbaycanda gedən xoşagəlməz proseslər faktiki olaraq müstəqilliyimizi əlimizdən ala bilərdi. Ölkədə hökm sürən xaos, anarxiya, səriştəsizlik, siyasi rəhbərliyin xəyanəti ölkəmizi uçurum kənarına qoymuşdu. Ulu öndər Heydər Əliyevin Azərbaycana gəlməsi, Azərbaycan xalqının ona göstərdiyi etimad və inam vəziyyəti köklü şəkildə dəyişdirə bilmişdir. Ölkəmiz 1993-cü ildən bugünə qədər inkişaf yolunu yaşayır, beynəlxalq mövqelərimiz möhkəmlənir, daxildə vəziyyət müsbət istiqamətdə inkişaf edir. Azərbaycan dünya miqyasında ləyaqətli ölkə kimi özünü tanıtdıra bilmişdir.

İyirmi il ərzindəki uğurlar deməyə əsas verir ki, ölkəmiz bundan sonra da inkişaf edəcək və Azərbaycan dünya miqyasında daha da böyük yerə malik olacaqdır. Keçən ilin oktyabr ayında biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına seçildik. Bu, deyə bilərəm ki, 20 illik müstəqil həyatımızın və uğurlu siyasətimizin məntiqi nəticəsi olmuşdur. Təsadüfi deyildir ki, BMT Təhlükəsizlik Şurasına seçilməyimiz müstəqilliyimizin bərpasının 20-ci ildönümünə təsadüf etmişdir. Bu, heç də təsadüfi deyildir. Bu, təsadüfdə əslində çox böyük məna, çox böyük rəmzi xarakter vardır. Çünki 20 il ərzində ölkəmiz o qədər inkişaf edib və dünyaya özünü o qədər tanıtdıra bilib ki, dünya birliyi bizə inandı, bizi dəstəklədi. 155 ölkənin Azərbaycana inanması və Azərbaycanı çox fəal şəkildə müdafiə etməsi bizim böyük uğurumuzdur, Azərbaycan dövlətinin böyük nailiyyətidir.

Biz artıq BMT-də fəal işə başlamışıq. Əvvəlki dövrlərdə qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasında ədaləti müdafiə edəcəyik. Dünyada buna böyük ehtiyac vardır. Biz beynəlxalq hüququ müdafiə edəcəyik. Çünki bəzi hallarda beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq normaları tapdalanır və bu baxımdan Azərbaycan öz təcrübəsini də ortaya qoyacaqdır. 

Bildiyiniz kimi, 20 ilə yaxındır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra edilmir və bu ədalətsizlik bu gün də davam edir. Bəzi hallarda qəbul edilmiş qətnamələr dərhal - saatlar içərisində icra edilməyə başlayır. Bizə gəldikdə isə, 20 ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalıb. Bu, ədalətsizlikdir, bu, beynəlxalq hüququn pozulmasıdır və böyük dövlətlərin beynəlxalq hüququn pozulmasına laqeyd münasibətinin təzahürüdür.

Biz çalışacağıq ki, bu ədalətsizliyə öz imkanlarımızla və bizi dəstəkləyən ölkələrin fəal iştirakı ilə son qoyaq. Beynəlxalq hüquq normaları bərpa edilməlidir. Bizim əzəli torpağımız olan Dağlıq Qarabağ və ətraf bölgələr işğalçılardan azad edilməlidir. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcəkdir. Azərbaycan suverenliyini, ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir.

Bizim bu mötəbər quruma seçilməyimiz, eyni zamanda, ölkədə gedən proseslərin məntiqi nəticəsidir. Biz son illər ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparmaqla ölkənin dayanıqlı inkişafına nail ola bilmişik. Bu gün Azərbaycan ilə əməkdaşlıq etmək istəyən ölkələrin, dostlarımızın sayı sürətlə artır. Bizim başqa ölkələrdə diplomatik nümayəndəliklərimizin də sayı artmaqdadır. Yəni, Azərbaycan bu gün nəinki region işlərində, dünya miqyasında müstəqil siyasəti ilə seçilən ölkədir. Biz 20 ildir, sözün əsl mənasında, müstəqil həyat yaşayırıq. Azərbaycan xalqının taleyi Azərbaycan xalqının əlindədir, xüsusilə, böyük dövlətlərin maraqlarının kəsişdiyi bir bölgədə müstəqil siyasət aparmaq böyük siyasi iradə, cəsarət və müdriklik tələb edir.

Mən çox şadam ki, Azərbaycan xalqı həmişə olduğu kimi, özünə xas olan bu gözəl xüsusiyyətlərini ölkəmiz üçün ən çətin anlarda nümayiş etdirir. Biz bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcəyik. Bu gün qarşımızda bütün imkanlar, bütün üfüqlər açıqdır. Beynəlxalq mövqelərimiz möhkəmdir. Daxildə siyasət sabitdir, ictimai-siyasi vəziyyət çox yaxşıdır. Ölkədə böyük sosial proqramlar icra edilir. Bu proqramlar haqqında danışmaq üçün yəqin ki, bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, iki məqamı qeyd etmək istəyirəm. Keçən il 900 minə yaxın pensiyaçının orta pensiyası əhəmiyyətli dərəcədə, təqribən 40 faizə yaxın artırılmışdır. Bu gün Azərbaycanda orta pensiyanın səviyyəsi orta maaş səviyyəsinin 40 faizini təşkil edir. Bu, inkişaf etmiş ölkələr üçün xas olan nəticədir.

Bu yaxınlarda sovet dövrü əmanətlərinin qaytarılması ilə əlaqədar müvafiq sərəncam imzalanmışdır. Bu da çox ciddi siyasi addımdır. Çünki müstəqil Azərbaycan dövləti keçmiş əmanətlərin qaytarılması işində hüquqi cəhətdən heç bir öhdəlik daşımır. Ancaq mən hesab etdim ki, bu, ədalətli olar və dövlət büdcəsində böyük məbləğ nəzərdə tutulur ki, biz gələn ilin sonuna qədər bütün əmanətlərin qaytarılmasına nail olaq. Bir daha demək istəyirəm ki, bu, çox ciddi sosial və siyasi addımdır və bizim nə qədər güclü sosial siyasət aparmağımızı əyani şəkildə göstərir.

Əlbəttə, biz nə sosial, nə xarici siyasət sahələrində uğurları güclü iqtisadi baza olmadan əldə edə bilməzdik. Məhz buna görə biz əsas istiqaməti bu sahəyə yönəltdik. Son 8 il ərzində iqtisadiyyatımız 3 dəfə, büdcəmiz təxminən 15 dəfə artmışdır. Bu gün biz güclü iqtisadiyyata malik olan ölkəyik. Bizim böyük valyuta ehtiyatlarımız vardır. Biz öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Əksinə, biz artıq yeni iqtisadi strategiyamızı icra edərkən xarici ölkələrə kreditlərin verilməsinə başlamışıq. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu, bizə gələcəkdə həm iqtisadi, həm də siyasi cəhətdən böyük iqtisadi və siyasi dividendlər gətirəcəkdir və artıq gətirir. Biz bu siyasəti davam etdirəcəyik, maliyyə resurslarımızı şaxələndirilmiş şəkildə lazım olan layihələrə istiqamətləndirəcəyik.

İqtisadi sahədə əldə edilmiş nailiyyətlər bölgələrdə də öz təsirini göstərir. Hər bir bölgədə canlanma, inkişaf, quruculuq var, abadlıq işləri gedir. Bölgələr, rayonlar arasında sağlam rəqabət aparılır. Bu da məni çox sevindirir. Mən tez-tez bölgələrdə oluram və görürəm ki, hər bir yerdə quruculuq işlərinə böyük həvəs vardır. Hər bir rayonda sakinlər istəyirlər ki, onların şəhərləri, kəndləri daha da gözəl, daha da abad olsun.

Bir sözlə, ölkəmizdə ümumi ruh yüksəkliyi, ümumi quruculuq meyilləri çox güclüdür və bu, onu göstərir ki, Azərbaycan cəmiyyəti sağlam cəmiyyətdir.  Bir daha demək istəyirəm ki, bu sağlamlığın əsas mənbəyi milli dəyərlərimizdir. Biz bu dəyərlərə sadiqik və daim bu dəyərləri uca tutacağıq. Eyni zamanda, müasir dünyaya inteqrasiyamız da çox uğurludur. Biz müstəqil dövlət kimi ümumi işlərə öz töhfəmizi veririk, regional proseslərdə fəal iştirak edirik.

Bu gün enerji, nəqliyyat layihələrinin icrasında Azərbaycan bölgədə söz sahibidir. Bizim təşəbbüsümüzlə icra edilən layihələr nəinki bölgə üçün, Avropa üçün, dünya üçün əhəmiyyətlidir. Biz bunu bilirik. Biz gücümüzü yaxşı bilirik. Bilirik ki, Azərbaycanın maraqlarını nəzərə almadan bölgədə heç bir təşəbbüs uğurla nəticələnə bilməz. Biz bu təşəbbüsləri enerji layihələrinin icrası ilə başlamışıq. Sonra isə bu, artıq nəqliyyat sektoruna təsirini göstərməyə başlamışdır. Nəticə etibarilə bu gün siyasi sahədə də istənilən təşəbbüs, bölgədə irəli sürülən təşəbbüs Azərbaycan ilə razılaşdırılmalıdır. Yaxın tarixin mənzərəsi mənim sözlərimi çox gözəl şəkildə təsdiqləyir.

Bizim siyasətimiz isə xoşniyyətlidir. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq əsasında münasibətləri qururuq. Bu, ədalətli və məntiqi mövqedir. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Əlbəttə, heç vaxt imkan verə bilmərik ki, kimsə bizim daxili işlərimizə qarışa bilsin. Baxmayaraq, belə cəhdlər vardır və istisna edilmir ki, bundan sonra da olacaqdır. Halbuki Azərbaycanın uğurlu inkişafı və bizim güclü iradəmiz artıq bu səylərin səngiməsinə gətirib çıxarmalıdır. Ümid edirəm ki, belə də olacaqdır.

Hər halda seçdiyimiz yol inkişaf yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz. Heç bir qüvvə bizi seçdiyimiz yoldan çəkindirə bilməz. Çünki bu yol Azərbaycan xalqının rifahını təmin edən yoldur. Bu yol Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün seçilibdir. Bu yol tərəqqi, demokratiya yoludur. Ölkəmizin bu böhranlı illərdə uğurlu inkişafı bir daha onu göstərir ki, seçdiyimiz yol düzgün yoldur.

Bu gün keçmişdə bəzən bizə tövsiyələr verən beynəlxalq maliyyə qurumları da artıq razılaşmağa məcburdurlar ki, seçdiyimiz yol düzgün yoldur. Avropada böhran davam edir. İqtisadi-maliyyə böhranının ikinci dalğası yaşanır. Bəzi ölkələr defolt ərəfəsindədir. Bəzi ölkələrdə kredit reytinqləri əhəmiyyətli dərəcədə aşağı salınır. Amma Azərbaycanın kredit reytinqləri yüksəlir. Həmin reytinq agentlikləri Avropa ölkələrinin reytinqlərini aşağı salırlar, bizim reytinqlərimizi artırırlar. Bunu görməmək mümkün deyildir. Bəzi antiazərbaycan qüvvələri nə qədər çalışsalar da, bizdə gedən inkişafı görməmək, bunu inkar etmək mümkün deyildir.

Bu inkişaf həm statistikada, həm də abadlaşan şəhərlərdə, gözəlləşən rayonlarımızda və gözəlləşən Bakıda özünü göstərir. Bakı bizim paytaxtımızdır, Bakı bizim əziz şəhərimizdir. Hər bir azərbaycanlı üçün yaşadığı yerdən asılı olmayaraq, Bakı mərkəzdir. Bu gün Bakı, doğrudan da, paytaxt şəhərinə layiq olan bir şəhərdir. Bakının tarixi gözəlliyi bu gün müasir infrastruktur layihələrinin tamamlanması ilə zənginləşdirilir.  

Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişaf Proqramı keçən ildən icra edilir və əminəm ki, gələn il uğurla başa çatacaqdır. Bütün qəsəbələrdə sosial infrastruktur layihələri icra ediləcəkdir. Bakı gözəlləşir, Bakıda bütün tarixi binalar bərpa edilir. Bakı bu gün parklar, bağlar, bağçalar şəhəridir. Bakı bu gün dünya miqyasında ən gözəl şəhərlərdən biridir. Bu, reallıqdır.

Şəhərimizin inkişafı ilə bağlı gələcək planlarımız vardır. İlk növbədə, biz tarixi keçmişimizə böyük hörmətlə və ehtiyatla yanaşmalıyıq. "İçərişəhər" Dövlət Qoruğu çox böyük həssaslıqla, ehtiyatla və məhəbbətlə, tarixilik gözlənilməklə yenidən bərpa edilir. Bütün dini abidələrimiz, məscidlərimiz, ictimai yerlər, küçələr abadlaşdırılır. Müasir Bakını təcəssüm etdirən bulvarımız genişləndirilir. Bulvarın tarixi uzunluğu 3,5 kilometr məsafəni əhatə edir. Yeni bulvar tikilir. Yeni bulvar yəqin ki, bir-iki aydan sonra artıq açılacaqdır. Yeni bulvarın uzunluğu 2 kilometrə yaxındır. Bu, gözəl bir bulvar olacaqdır. Yeni bulvardan sonra Dövlət Bayrağı Meydanı başlayır. Dövlət Bayrağı Meydanında tikilən dənizkənarı gəzinti yerləri, - əslində o da bulvarın davamıdır, - 7,5 kilometrdir. Yəni, biz tarixi bulvarımızı bir neçə dəfə artırırıq. Nəticə etibarilə bir-iki aydan sonra vətəndaşlarımız və şəhərimizin qonaqları təqribən 13-15 kilometr məsafədə bu bulvardan istifadə edəcəklər.

Bayraq Meydanında möhtəşəm abadlıq işləri aparılır və yaxın zamanlarda hər bir Azərbaycan vətəndaşı bu imkanlardan istifadə edəcəkdir. Orada indi son tamamlama işləri aparılır. Yeni parklar salınır. Şəhərimizin tarixini əks etdirən, paytaxtımızın rəmzlərindən biri olan funikulyor yenidən qurulur. Gözəl Xalça Muzeyi tikilir. "Bakı Venesiyası" yenidən qurulur və kanallar genişləndirilir. Əminəm ki, orada zövqoxşayan bir mənzərə yaranacaqdır. Parklar abadlaşır. Bütün parklarda quruculuq işləri aparılır. Bu yaxınlarda Koroğlu parkı yenidən qurulubdur. İndi Dədə Qorqud parkında böyük işlər gedir, süni göllər yaradılır.

Yəni, bütün bunları biz insanların rahat yaşaması üçün edirik. Bakıda işləmək və yaşamaq üçün bütün imkanlar vardır. Mən istəyirəm ki, Bakı dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevrilsin. Əminəm ki, gün gələcək və biz deyəcəyik ki, Bakı dünyanın ən gözəl şəhəridir. Belə də olmalıdır. Azərbaycan vətəndaşları ən gözəl şəraitdə yaşamalıdırlar. Həm böyük şəhərlərdə, həm kəndlərdə. Hər bir kənd üçün indi konkret proqramlar var və onlar icra edilir.

Əziz dostlar, bu gözəl bayram günlərində hava da bizimlə həmrəydir. Bu qış çox sərt keçmişdir və mən şəxsən xatırlamıram ki, Xəzər dənizi nə vaxtsa donsun. İndi məndən yaşda daha da böyük olanlar xatırlayırlar ki, 1953-cü ildə Xəzər dənizi donmuşdur. Yəni, bu, fövqəladə bir hal idi və biz hamımız səbirsizliklə bu gözəl günəşli günləri gözləyirdik. Bu da çox rəmzi xarakter daşıyır ki, məhz bayram günündə Günəş də bizimlə bərabərdir. Mən arzu edirəm ki, bundan sonra bütün dövrlərdə daim Azərbaycan səmasında Günəş saçsın! Daim bizim yolumuzu Günəş işıqlandırsın. Çünki bizim yolumuz haqq yoludur, ədalət yoludur, inkişaf yoludur.

Bir daha sizi və bütün Azərbaycan xalqını bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı və uğurlar arzulayıram. Sağ olun. 

*  *  *

Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parka gəldilər.

Dövlət başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlət başçısı ilə yumurta döyüşdürdülər.

Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılandı. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinlədilər.

Milli Parkda təşkil edilən "Şərq bazarı" bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunurdu.

Dövlət başçısına və xanımına hədiyyələr təqdim edildi.

Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular.

Azərbaycan Prezidenti və xanımı burada bişirilən plovun dadına baxdılar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içdilər.

Dövlət başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.

İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirirdilər.

Milli parkda təşkil edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənmişdi. Bu sərgi bir daha təsdiqləyir ki, Azərbaycan Prezidentinin ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar uğurla yerinə yetirilir.

Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdirdilər. 

Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim etdi.

Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edildi.

Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verildi. Bildirildi ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaqdır.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzaladılar.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr etdilər.

Dövlət başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirdi.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Bayram şənliyi incəsənət ustalarının, el sənətkarlarının ifasında rəngarəng konsert proqramı ilə axşamdan xeyli keçənədək davam etdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video