27 Noyabr 2021 15:10
302
Səhiyyə
A- A+

Bakıda III Azərbaycan İnvaziv Konqresi keçirilir

 

Noyabrın 27-də Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi nəzdində fəaliyyət göstərən İnvaziv İşçi Qrupunun III Azərbaycan İnvaziv Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin İdarə Heyətinin üzvü, İşçi Qruplarından birinin sədri Üzeyir Rəhimov son iki ildə dünyada, o cümlədən ölkəmizdə çətin günlər yaşandığını bildirib. Onun sözlərinə görə, ilk COVID-19 diaqnozu qoyulandan və pandemiya elan ediləndən sonra səhiyyə işçiləri çox çətin şəraitdə, fədakarcasına öz vəzifələrini icra etməyə davam edirlər: “Bu dövr ərzində elmi toplantılar keçirmək bizim üçün çox çətin olub. Pandemiya dönəmindən sonra ilk toplantı çox önəmlidir. Əfsuslar olsun ki, pandemiya dönəmində bir çox məsləkdaşımızı itirdik. O cümlədən Vətən müharibəsində də məsləkdaşlarımız arasında şəhid olanlar oldu. Onların hər birini dərin hörmət və ehtiramla yad edirəm”.

Azərbaycanda ilk invaziv müdaxilənin 1979-cu ildə həyata keçirildiyini vurğulayan Ü.Rəhimov müasir invaziv kardiologiyanın inkişafının ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Ulu Öndərin Mərkəzi Klinikanı açması ilə başlayan inkişaf Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir səviyyəli laboratoriyalarla təchiz edilmiş xəstəxanaların fəaliyyətə başlaması ilə davam etməkdədir. İlk anju laboratoriyaları Bakıda idi. Hazırda paytaxtda 25-dən çox mərkəzdə bu iş icra olunur. Daha sonra anju laboratoriyaları Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində fəaliyyətə başladı. Bu gün dörd böyük şəhərdə anju laboratoriyaları var və ürək əməliyyatları icra edilir. Ölkəmizdə 30-dan çox kateter laboratoriyası qurulub. Demək olar ki, Azərbaycanda icra edilməyən prosedur yoxdur.

“Bizim İnvaziv Qrup kimi hədəfimiz müzakirə etmək, bölüşmək, paylaşmaq, böyüməkdir. Hədəflərimiz arasında dünyanın qəbul etdiyi cəmiyyətlərlə əməkdaşlıq etmək, onların çalışmalarında, rəhbərliklərində yer almaqdır”, - deyə Cəmiyyətin İdarə Heyətinin üzvü deyib.

Ü.Rəhimov qeyd edib ki, bugünkü konqresdə 9 ölkədən 73 məruzəçi və panelist iştirak edir. Türkiyə, Qırğızıstan, İsrail, Gürcüstan, Almaniya, Özbəkistan, Avstraliya və İrandan mütəxəssislər gəliblər. 400-dən çox iştirakçı qeydiyyatdan keçib. 26 stend, 32 firma dəstəyi var. Konqresdə 4 ölkədən - Azərbaycan, Türkiyə, İsrail və Özbəkistandan 5 mərkəzdən 8 canlı yayım ediləcək. Bu, Azərbaycanda canlı yayım olan ilk konqresdir. Konqresdə ilk dəfə pulmonar hipertenziyanın idarə edilməsinə dair ESC rəhbər tövsiyəsi iştirakçılara paylanacaq. Konqres yutub kanalı üzərindən rus dilində Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Gürcüstana canlı yayımlanacaq. Konqresdə xüsusilə gənc mütəxəssislər üçün koronar simulyasyon kursu da təşkil olunub.

“Konqresin işinə uğurlar arzulayır və hər birinizi gələn il oktyabr ayında keçiriləcək daha böyük və daha çox canlı yayım olan dördüncü konqresə dəvət edirəm”, - deyə Ü.Rəhimov çıxışını yekunlaşdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri İsax Mustafayev Azərbaycanın invaziv kardioloqlarının çox yüksək səviyyədə fəaliyyət göstərdiyini, istər cərrahi, istər invaziv, istərsə də konservativ kardiologiya sahəsində digər ölkələrə müraciət etməyə heç bir ehtiyacın olmadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycan vətəndaşları kardioloji xidmətdən yararlana biləcək peşəkar həkim və qurumlara malikdirlər.

Ölkəmizdə dörd şəhərdə kateter laboratoriyası olduğunu qeyd edən İ.Mustafayev bu sayın az olduğunu bildirib: “Çalışmaq lazımdır ki, ölkənin istənilən ərazisindən vətəndaşlarımız kəskin koronar sindrom olan hallarda 60-90 dəqiqə civarında kateter laboratoriyasına çatdırıla və xilas edilə bilsinlər. İnvaziv kardiologiya bu kontekstdə daha çox vacibdir. Daha çox şəhərlərimizdə kateter laboratoriyası olsa idi, daha yaxşı olardı. Bu istiqamətdə görüləcək işlər çoxdur”.

Türkiyə Kardiologiya Cəmiyyətinin Prezidenti Vedat Aytəkin çıxış edərək bildirib ki, kardiologiya sahəsində əməkdaşlığın tarixi keçmişə dayanır: “Biz 1963-cü ildə Türk Kardioloji Dərnəyini qurduqdan sonra bir məsələ çox önəm qazanmışdı. 2008-ci ildə Türk Dünyası Kardioloji Birliyini təsis etməklə əməkdaşlığı daha da möhkəmləndirmək məqsədimizi bəyan edəndə Azərbaycan öz həmrəyliyini göstərdi. Digər türk dünyası ölkələrinə də minnətdaram. Bu il Azərbaycan Kardiologiya Cəmiyyəti 12 illiyini qeyd etdi. Cəmiyyətin ildən-ilə xeyli gücləndiyinə şahidlik edirik, əməkdaşlığımız da inkişaf edib. Son iki ildə Azərbaycan çox çətin günlərdən keçdi. Ərazi bütövlüyü uğrunda müharibənin Zəfərlə yekunlaşmasını görmək hamımızı qürurlandırdı. COVID-19 pandemiyası digər ölkələr kimi Azərbaycanda müəyyən çətinliklər yaratdı. Konqres nəticəsində gördük ki, Türkiyədə də birlikdə çalışdığımız məsləkdaşlarımız burada invaziv kardiologiya mərkəzlərinin sayını artırıblar. Hər zaman əməkdaşlığımızın və dəstəyimizin qarşılıqlı davam etməsini diləyirik. Azərbaycan Kardiologiya Cəmiyyəti inkişafını davam etdirir. Türkiyə Kardiologiya Cəmiyyəti ilə sıx əlaqədədir. Avropa Kardiologiya Cəmiyyəti ilə əməkdaşlığı möhkəmləndirir. Cəmiyyətin beynəlxalq arenada özünü daha çox göstərdiyinə qürurla şahidlik edirik”.

V.Aytekin konqresdə iştirakdan məmnunluğunu ifadə edərək tədbirin təcrübə mübadiləsində faydalı olacağına əminliyini bildirib.

Daha sonra İnvaziv Kardiologiya İşçi Qrupunun sədri Ülvi Mirzəyev “Kardiologiyanın gələcəyi” mövzusunda təqdimatla çıxış edib.

Ü.Mirzəyev bildirib ki, dünyada, eləcə də Azərbaycanda kardioloji səbəblərdən baş verən ölüm halları artıb. Həmçinin ölkədə ürək-damar xəstəliklərindən əziyyət çəkən kifayət qədər vətəndaş var. Həmin problemləri də nəzərə alsaq, kardiologiyanın inkişafının səhiyyə sistemi üçün vacib məsələlərdən olduğunu iddia edə bilərik. Hazırda 4 istiqamət üzrə kardioloji xidmətlər göstərilir. Həmin xidmətlərə profilaktik, xroniki təqib, hospital əsaslı və reabilitasiya xidmətləri daxildir. Bu xidmətlərin əsasında gələcəyimizi, invaziv kardiologiyanın inkişaf yolunu təsəvvür etmək mümkündür.

Mütəxəssis kardiologiya sahəsində əldə edilən bir sıra uğurların dijital texnologiyanın inkişafı ilə əlaqədar olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bəzi daşına bilən cihazlar vasitəsilə xəstələrdən alınan müvafiq məlumatlar özünə və ona xidmət göstərən səhiyyə işçilərinə ötürülə bilir: “Hazırda bu cür daşına bilən dijital cihazlar mövcuddur. Həmin cihazlar pasiyentlərin ürək döyüntüləri, saturasiyası, bədən temperaturu kimi vacib ilkin məlumatları ölçə və ötürə bilir. Onu da qeyd edim ki, bu texnologiya nəticəsində bir sıra xəstəliklərin diaqnostikası asanlaşıb. Ona görə də dijital texnologiyanın inkişafı paralel olaraq kardiologiyanın inkişafına zəmin yaradır”.

Konqres panel sessiyalarla davam edir. Panel sessiyalar zamanı təqdimat və müzakirələrlə yanaşı, Türkiyə və Azərbaycan səhiyyə müəssisələrində icra edilən cərrahi əməliyyatlar canlı olaraq yayımlanır.

Qeyd edək ki, konqresin işinə noyabrın 28-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video