13 Sentyabr 2011 12:09
426
İDMAN
A- A+

\"Bakı\" uzun fasilədən sonra qələbə qazandı \"Qarabağ\" isə növbəti dəfə xal itirdi

 

Futbol üzrə Unibank Premyer Liqasında 5-ci turun oyunlarına yekun vurulmuşdur. Beş oyunda meydança sahibləri qələbə qazanmış, bir oyunda isə qapılara qol vurulmamışdır. İlk oyun günü üç qarşılaşma keçirilmişdir. Əvvəlcə "Bakı" doğma meydanında  paytaxtın digər komandası - "Rəvan"ı qəbul etmişdir. Bu qarşılaşmada meydan sahiblərinin qol və qələbə həsrətinə son qoyub-qoymayacağı maraqla gözlənilirdi. Hər halda, ilk dörd turda hətta dörd dəfə penalti qazanmasına baxmayaraq, "zolaqlılar" görüşlərdən qalib ayrıla bilməmişdilər. Yeganə qələbə isə "İnter"lə qalmaqallı oyuna görə bu komandaya verilmiş texniki məğlubiyyət nəticəsində gəlmişdi. Amma Aleksandr Starkovun yetirmələri, nəhayət ki, bu sindromlara son qoymağı bacardılar. Bakılıların cari mövsümdə ilk qoluna isə Aleksandr Soliç imza atdı. Fasiləyə kimi Soliç daha bir qol vurmaqla dubl etdi. "Bakı"nın heyətində Denis İvanov da gözəl bir qolla əvvəlki oyunlarda vura bilmədiyi penalti uğursuzluğunu unutdurmuş oldu.

Yeni mövsümdə ilk dəfə parlaq oyun sərgiləməklə xoş təsir bağışlayan "Bakı"nın artıq rahat qələbə qazanacağı düşünülürdü. Fasilədən sonra isə hər şey tamamilə dəyişdi. Hətta ikinci hissədə bir futbolçusunun meydandan qovulmasına baxmayaraq, "Rəvan" çox əzmkar oyun nümayiş etdirməyə başladı. Bəhmən Həsənovun yetirmələri hesab arasındakı fərqi minimuma endirməyi də bacardılar. Lakin bütün bunlara baxmayaraq, oyunda bundan başqa qol olmadı və "Bakı" çempionatda ilk qələbəsini rəsmiləşdirdi - 3:2. Turun mərkəzi qarşılaşmasında son çempion "Neftçi" səfərdə "Xəzər-Lənkəran"ın qonağı olmuşdur. Cənub təmsilçisi mövsümə çox uğurlu başlasa da, "Rəvan"la qarşılaşmada ilk dəfə xal itkisi ilə üzləşdi. Odur ki, meydan sahibləri doğma meydanda əzəli rəqibi üzərində qələbə qazanmaqla vahid liderliyini möhkəmləndirməyi düşünürdü. "Neftçi" isə son turda daha ağır nəticə ilə qarşılaşmışdı - AZAL-a məğlub olmuşdu. Bu səbəbdən də "ağ-qaralar" sözügedən oyuna daha ciddi təzyiq altında çıxmışdılar.

Görüşün ilk hissəsində meydan sahibləri Ruslan Abışovun avtoqolu sayəsində hesabda irəli çıxdılar. Fasilədən sonra "Neftçi" daha çox hücum edən tərəf olsa da, məğlubiyyətdən yaxa qurtara bilmədi. Beləliklə, "ağ-yaşıllar" zirvədəki mövqeyini əsas rəqiblərindən biri üzərində qələbə ilə möhkəmləndirdilər. Günün başqa bir oyunu "İnter"lə autsayder "Simurq" arasında keçirilmişdir. Gözlənildiyi kimi, "bankirlər" bu görüşü xal itkisi olmadan başa vurdular. Amma meydan sahibləri heç də iddialı olmayan rəqibi ilə qarşılaşmada kifayət qədər çətin qələbə qazandılar  - 1:0. Turun ikinci günündə daha üç qarşılaşma keçirildi. Ən maraqlı görüş Gəncədə oldu. Burada çempionatın sürpriz komandasına çevrilməkdə olan "Kəpəz" AZAL-ı qəbul edirdi. Son turda "Bakı"ya səfərdə 3 cavabsız qolla qalib gəlmiş Mehman Allahverdiyevin komandasının bu dəfə də sürpriz etmək şansı heç də az qiymətləndirilmirdi.  Görüş elə meydan sahiblərinin üstünlüyü şəraitində keçdi. Artıq birinci dəqiqədə hesabı açan gəncəlilər yarım saat sonra daha bir qola sevindilər. Fasilədən sonra da "Kəpəz" məzmunlu oyun nümayiş etdirməklə yanaşı, daha bir qol vuraraq AZAL  üzərində parlaq qələbə qazandı - 3:1. Daim etibarlı müdafiəsi ilə öyünən AZAL isə ən çox qol buraxan 3-4 klubdan birinə çevrildi.

Turun daha bir sürprizinə isə "Sumqayıt Şəhər" imza atdı. Oyundan əvvəl, güman ki, "Qarabağ"ın bu komanda ilə qarşılaşmada xal itirəcəyini heç kim düşünməzdi. Çünki Sumqayıt təmsilçisi əvvəlki oyunlarda xal üzünə həsrət qalmışdı. "Qarabağ" isə "Qəbələ" məğlubiyyətini unutdurmaq üçün bu matçda mütləq qələbə qazanmalı idi. Hər halda, gənc və təcrübəsiz futbolçulardan ibarət "Sumqayıt Şəhər"in güclü rəqibə hansısa problem yaradacağı inandırıcı görünmürdü.

Amma inadla müdafiə olunan sumqayıtlılar, nəhayət ki, ilk sürprizə imza atmağı bacardılar. Xüsusilə qapıçı Andrey Popoviçin inamlı oyunu sayəsində ağdamlılar inanılmaz qol epizodlarından yararlana bilmədilər. "Sumqayıt Şəhər" müdafiə olunmaqla kifayətlənməyib, hücuma da atılırdı. Belə epizodlardan birində qonaqları qapı çatı qoldan xilas etdi.

Beləliklə, "Qəbələ" məğlubiyyətinin ardından "Qarabağ" daha bir zərbə aldı. "Sumqayıt Şəhər" isə Premyer Liqada qazandığı ilk xalın sevincini yaşadı.

Cari mövsümə pis başlamayan "Qəbələ"  evdə "Turan"ı qəbul edirdi. Maliyyə problemlərinə görə Tovuz klubunun bu oyuna çıxmayacağı gözlənilirdi. Amma Əsgər Abdullayevin komandası Qəbələyə gəldi  və hətta hesabı açan tərəf oldu. Qəbələlilər Viktor Mendinin qolu sayəsində fasiləyə qədər hesabı bərabərləşdirdilər. Fasilədən sonra isə Dodo dəqiq zərbə ilə qələbə topunu vurdu - 2:1. Bununla da "Qəbələ", çətinliklə də olsa, qalib gələrək ikinci pillədəki mövqeyini qoruyub saxladı.

Beləliklə, 5 turdan sonra turnir cədvəlinə 13 xalla "Xəzər-Lənkəran" başçılıq edir. "Qəbələ" 11 xalla ikinci, "Kəpəz" isə 9 xalla üçüncüdür.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video