11 Aprel 2012 02:04
598
SİYASƏT
A- A+

Bakı dünyanın «Humanitar Davos»una çevrilir

 

Birinci Forumda 36 ölkədən, 6 beynəlxalq təşkilatdan 263 nümayəndənin, 3 Nobel mükafatı laureatının və 6 sabiq prezidentin iştirakı da bunu təsdiqləyir

 

Sürətlə qloballaşan dünyada sivilizasiyalar arasında münasibətlərin yeni formaları yaranır, dəyərlər sisteminin arxitekturasında dəyişikliklər baş verir, fərqli düşüncə mədəniyyəti formalaşır. Bütün bu amillər humanitariyanın yeni platformasını formalaşdırmaq zərurətini yaradır. Bu zərurəti nəzərə alan Azərbaycan humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürərək, bu istiqamətdə genişformatlı tədbirlər keçirərək multikulturalizmə böyük önəm verən məkana çevrilir. Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi ilə "XXI əsr: ümidlər və çağırışlar" devizi altında keçirilən Birinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini xüsusi vurğulamalıyıq. Bu tədbirin təşkil edilməsi  haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş beynəlxalq tədbirin məqsədi  XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etmək idi.

Siyasətçilər, sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın hər yerindən gəlmiş adlı-sanlı alimlər və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı və digər nüfuzlu mükafatların laureatları, aparıcı KİV-lərin rəhbərləri, ictimai xadimlər öz fikirlərini bölüşmək üçün Bakıda toplaşmışdılar. Foruma bu qədər məşhur şəxslərin gəlməsi onun gündəliyinin, habelə iştirakçılara təqdim edilən və ətraflı müzakirəyə ehtiyacı olan məsələlərin aktuallığına dəlalət edirdi.

Bu forumun keçirilməsi üçün məhz Bakının seçilməsi təsadüfi deyildi. Qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Əvvəla, Azərbaycan bu cür tədbirlərə ev sahibliyi etməkdə yaxşı təcrübə qazanmışdır. 2009-cu il oktyabrın 13-14-də, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində dünyanın 45-dən çox ölkəsindən, eləcə də ISESCO, IRSIKA, Avropa Şurası, TÜRKSOY və digər təşkilatlardan 200-dən çox nümayəndənin iştirakı ilə respublikamızda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı keçirilmişdir. 2011-ci il aprelin 7-də Bakıda 20 ölkədən 435 qonağın, o cümlədən Avropa Şurası Parlament Assambleyası, ISESCO, Dünya İctimai Forumu, UNESCO və BMT rəsmilərinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir.

Bundan əlavə, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bir sıra tədbirlər - "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bugünü", "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfranslar, "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum, "Dünya gənclərinin 4-cü məşğulluq sammiti" və s. keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 may tarixli Fərmanı ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edilməsi barədə verilmiş tapşırıqlar Azərbaycanda bu cür tədbirlərin keçirilməsinin artıq ənənə halı aldığını göstərir.

Digər tərəfdən, son onillikdə Azərbaycan sosial-iqtisadi inkişafda misli görünməmiş uğurlar nümayiş etdirir, diplomatiya və mədəniyyət sahəsində sanballı qələbələr qazanır və regionda şəksiz liderə çevrilmişdir. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bunun daha bir təsdiqidir.

Humanitar forumun keçirilməsi üçün nəyə görə məhz Bakının seçilməsini şərtləndirən amilləri Prezident İlham Əliyev çox gözəl izah etmişdir: "Əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər".

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra öz qarşısına elə bir cəmiyyət qurmaq məqsədi qoymuşdur ki, onun əsas postulatları siyasi sabitlik, iqtisadi səmərə və sosial ədalət olsun. 1993-cü il payızın əvvəlində, yəni Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından iki ay sonra seçki kampaniyası zamanı onun fotoşəklinin yanında belə bir şüar yazılmışdı: "Mən Azərbaycanı siyasi cəhətdən sabit, iqtisadi cəhətdən səmərəli və sosial baxımdan ədalətli bir dövlət kimi görürəm". Ümummilli lider Heydər Əliyevin və onun siyasi varisi, strateji xəttinin davamçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin davamlı inkişafı sayəsində bu məqsədlərə çatmaq təmin edilmişdir.

Ölkə humanitar sahədə də böyük uğurlar qazanmışdır. Elm, təhsil, səhiyyə, mədəniyyət, idman humanitar sektorun özəyini təşkil edir. Ona görə də bu sahələrin inkişafı diqqət mərkəzindədir, onların hər birinə dair uzunmüddətli proqramlar həyata keçirilir.

Elmi-texniki tərəqqi həmişə ölkələrin uğurlu inkişafını müəyyən etmiş və bu inkişafa güclü təkan vermişdir. İqtisadiyyatın sabit inkişafı və maliyyə imkanları olmadan humanitar sahənin davamlı inkişafı mümkün deyildir. Azərbaycan dövlət müstəqilliyinin ilk illərində çətin bir dövr yaşamış, dərin siyasi və iqtisadi böhran keçirmişdir. İndi isə dünyada ən yüksək sürətlə inkişaf edən dövlətlərdən biridir. Bu isə humanitar sahənin inkişafı üçün möhkəm təməldir. Prezident İlham Əliyev xüsusi vurğulamışdır ki, "...ölkənin gələcəyi və uğurlu inkişafı təbii ehtiyatlarla deyil, humanitar amillərlə müəyyən olunur". Ona görə də təhsilə və elmə qoyulan sərmayələrin uzunmüddətli nəticələr qazanılmasına yönəlməsi tamamilə qanunauyğundur.

İndi Azərbaycan elə bir ölkədir ki, multikulturalizm onun vizit kartıdır. Bu termin nisbətən yaxın vaxtlarda yaranmışdır, Azərbaycanda isə xalqlar artıq neçə əsrdir ki, multikulturalizm şəraitində yaşayırlar. Təsadüfi deyil ki, Bakı Humanitar Forumunda müzakirə mövzularından biri məhz multikulturalizm idi. Prezident İlham Əliyev bu hadisənin Azərbaycanın ictimai həyatında əhəmiyyətini xüsusi vurğulamışdır: "Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə, bütün xalqları birləşdirir. Bizim bu gün keçirdiyimiz forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir".

Bakı Forumu çərçivəsində bir neçə tematik bölmə təşkil edilmiş, müxtəlif problemlərə dair diskussiyalar aparılmışdır: "Sosial jurnalistika və yüksək texnologiyalar", "Dünyanı dəyişdirən müasir texnologiyalar", "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri", "Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri", "Biotexnologiyalar və etik problemlər", "Multikulturalizm: nailiyyətlər və problemlər", "Elmlərin konvergensiyası". Müzakirələrdə fəlsəfi, humanitar mövzulara toxunulmuş, inkişafın müasir mərhələsində bəşəriyyət qarşısında duran suallara cavablar verilmişdir.

Forumun gedişində AzərTAc və İTAR-TASS bu tədbirin informasiya dəstəyini və KİV-lərdə işıqlandırılmasını təmin etmiş, bundan əlavə, sosial jurnalistika və yüksək texnologiyalar məsələlərinə həsr olunmuş bölməni aparmışdır. Bu bölmə çərçivəsində XXI əsrdə sosial jurnalistika, informasiya sənayesində yüksək texnologiyaların inteqrasiyası, habelə müasir cəmiyyətin inteqrasiyası və qütbləşməsi şəraitində sosial media və siyasət məsələləri təhlil edilmişdir. Müzakirələrin əsas nəticələri müasir jurnalistikada yeni istiqamətlərin - sosial medianın, elmi-texniki nailiyyətlərin qlobal inkişafda və  bəşəriyyətin ümumi tərəqqisində artmaqda olan rolunun etiraf edilməsi oldu. Bu amillərin əhəmiyyəti media sektorunda hi-tech nailiyyətlərinin tətbiq edilməsi prosesində daha çox nəzərə çarpır. Doğrudan da, yeni minillikdə bəşəriyyətin üzləşdiyi təhdidlərə bizim cəmiyyətlərin hazır olub-olmaması indi dünya jurnalistikasında ən çox müzakirə edilən məsələlərdən biridir. İnformasiya sektorunun yeni rolu yeni reallıqları əks etdirir. Heç şübhəsiz, yeni texnologiyaların, o cümlədən internetin yaranması və tətbiq edilməsi KİV-nin inkişafında və demokratikləşməsində yeni mərhələnin başlanğıcıdır.

Hazırda planetdə internet istifadəçilərinin sayı təqribən iki milyard nəfərdir. Şübhə yoxdur ki, media gələcəkdə də bəşəriyyətə təsir göstərəcək və öz böyük rolunu davam etdirəcək, son xəbərlər isə ən populyar "qida" rolunu saxlayacaqdır. Əvvəllər olduğu kimi, bəşəriyyət yenə bu "qidaya" ehtiyac duyacaq, onu istehlak edəcəkdir. Bu səbəbdən də xəbərlər sektorunun nümayəndələri dəqiq, qərəzsiz və peşəkarlıq baxımından qüsursuz informasiyanın hazırlanması və dərhal istehlakçıya çatdırılması işinə sadiqliyini qoruyub saxlayacaqlar.

Bu bölmədə aparılmış müzakirələrdə çıxarılmış daha bir nəticə ondan ibarətdir ki, multimedia informasiya agentliklərinin işində yeni bir mərhələ hesab edilir. Nisbətən yaxın vaxtlarda multimedia gündəlik reallıqlardan birinə çevrilmişdir. İnformasiya agentliyinin arsenalında mətn məlumatları ilə yanaşı, video və audio xəbərlərin olması artıq heç kəsi təəccübləndirmir. Bir sıra agentliklərin veb-saytlarına daxil olsaq, xəbər materiallarının bu növünün yerləşdirildiyi bölmələrə rast gələrik. Həmin agentliklərin çoxu videomaterialların yayılmasında xüsusi videoportalların, məsələn, YouTube saytının resurslarından istifadə edirlər. Lakin agentliklərin çoxunun öz texniki imkanları vardır.

Şübhə yoxdur ki, vaxt gələcək, bu gün yüksək texnologiyalar dediyimiz imkanlar tarixə çevriləcək və öz yerini elə nailiyyətlərə verəcək ki, onlar hələ bəşəriyyətə məlum deyildir. Bu, reallıqdır! Elə buna görə də media sektorunun peşəkar vəzifəsi bu reallıqdan geri qalmamaqdır. Əgər elmi-texniki nailiyyətlər xəbər məhsulları istehsalına vaxtında tətbiq edilərsə, yeniliklərin istehlakçıları qazanacaq, bu isə bütün cəmiyyət üçün qazanc olacaqdır.

Azərbaycanlı mütəxəssislər Bakı Humanitar Forumunun işində fəal iştirak etmələri ilə fərqləndilər. Forumun müxtəlif bölmələrində çıxış edən alimlərimiz vurğuladılar ki, tarixən Qərb və Şərq dəyərlərini özündə birləşdirmiş Azərbaycan mədəniyyətinin formalaşmasında ölkəmizdə yaşayan bütün xalqların və dini icmaların rolu olmuşdur. Forumun ən mühüm ideya istiqamətlərindən biri müzakirə edilən problemlərə humanitar prinsiplər aspektində bu cür yanaşmadır. Forumun əsas məqsədlərindən biri cəmiyyətin sosial-mədəni həyatının humanitar dəyərlər əsasında inkişafı modelinin müzakirəsi idi. Bu məqsəd əldə edildi.

Forumun digər bölmələrində müzakirələrin iştirakçıları belə qənaətə gəldilər ki, müasir dünyada polietniklik və multikulturalizm amilləri daha böyük aktuallıq kəsb edir. Bakı Humanitar Forumunun postmodernist mədəniyyətin ənənəvi dəyərlərlə sıx bağlılığını etiraf etməsi ilə yanaşı, bir məqamı da inkar etmək olmaz ki, tədbirin gündəliyindəki bütün məsələlər xarici ölkələrdən gəlmiş, tamamilə müxtəlif sahələri təmsil edən alim və mütəxəssislərin iştirakı ilə müzakirə edilmişdir.

Bununla bərabər, müasir elm cəmiyyətin inkişafına əvvəlki kimi çox güclü təsir göstərən əsas ideyalar generatoru rolunu qoruyub saxlayır. Lakin fundamental problemləri təkcə elmi-texniki tərəqqi və iqtisadi modellər vasitəsilə həll etmək mümkün deyildir. Forumda çıxış edən alimlərin çoxu bunu vurğulamışlar. Bütün ictimai strukturların və konsepsiyaların dəyişikliklərə məruz qalması fundamental məsələdir.

Bakı Beynəlxalq Humanitar Forumunun əsas yekunlarından biri bu faktın etiraf edilməsi olmuşdur ki, qloballaşma yalnız bütün bəşəriyyətə məxsus olmağa əsaslanan ümumi gələcəyin formalaşması üzrə genişmiqyaslı və israrlı səylərin həyata keçirilməsi yolu ilə ədalətli xarakter kəsb edə bilər. Forum iştirakçılarının qənaəti belə olmuşdur ki, qloballaşan müasir dünyada dəyər sistemləri yenilənir, sosial və mədəni proseslər sürətlənir, həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi və mənəvi irəliləyişlər baş verir, əvvəlki tarixi dövrlərdə cəmiyyətin şüurunda formalaşmış stereotiplər və sosial təsəvvürlər dəyişir. Bu şəraitdə elmin və təhsilin inkişafı, yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır.

Forumun daha bir nəticəsi bunun etiraf edilməsi olmuşdur ki, genişlənməkdə və dərinləşməkdə olan qloballaşma prosesi alimlər və siyasətçilər qarşısında çoxsaylı məsələlər qoyur, o cümlədən elə məsələlər qarşıya çıxır ki, bəşəriyyət bunlarla əvvəllər üzləşməmişdi və yeni humanitar gündəliyin formalaşmasını zərurətə çevirir.

Bakı Forumunun iştirakçıları narahatlıqlarını bildirmişlər ki, bəşəriyyət təbiətlə harmoniya şəraitində yaşamağa hazır olmadığına və bunu bacarmadığına görə planetar miqyaslı təhdidlərlə üzləşir. Forumda çıxış etmiş görkəmli nümayəndələr vurğulamışlar ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üçün göstərilən bütün cəhdlərə baxmayaraq, sivilizasiyaların münaqişəsi hələ də kifayət qədər aktual problem olaraq qalmaqdadır. Qloballaşma şəraitində mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı təsiri prosesi heç də o demək deyil ki, bütün cəmiyyətlərə müəyyən dəyərlər toplusu zorla qəbul etdirilməlidir. Qloballaşmanın müxtəlif modellərinin və variantlarının nəzərdən keçirilməsi bu gün mövcud olan mədəniyyətlərin və dəyər oriyentirlərinin müxtəlifliyini ən adekvat şəkildə nəzərə almağa imkan verir.

Azadlıq, bərabərlik, həmrəylik, dözümlülük və təbiətə hörmət kimi fundamental dəyərlərin əhəmiyyətinin etiraf edilməsi Bakı Forumunun leytmotivi olmuşdur. Eyni zamanda, bir ölkənin və ya bir qrup ölkənin dəyərləri yeganə düzgün dəyərlər kimi qəbul edilməməlidir. Sivilizasiyaların parçalanmasının qarşısını ala biləcək və qlobal etika hüququnda bərqərar olmağa şərait yaradan etik prinsip və normaların müəyyən olunmasının zəruriliyi dərk edilməlidir.

Müxtəlif ölkələrin dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin nailiyyətlərinin və imkanlarının bir daha təhlil olunmasının vacibliyinin bildirildiyi Forumda dünya ictimaiyyəti etnik və mədəni identiklik arasında sərbəst seçimi təmin etməyə, insanın əsas hüquq və azadlıqlarını müdafiə etməyə, ksenofobiya, irqçilik, dözümsüzlük kimi halların bütün təzahürlərini qətiyyətlə pisləməyə çağırılmışdır. Forum iştirakçıları planetar miqyaslı təhdidlərin dərk edilməsi, ekoloji və texnogen fəlakətlər baş verə bilməsinin, iqlim dəyişmələrinin, təbii ehtiyatların tükənməsinin aktuallaşması probleminə, habelə biotexnologiyalar sahəsində böyük uğurlarla bağlı fəlsəfi və etik problemlərin geniş spektrinə diqqəti cəlb etməyi zəruri saymışlar.

Forum iştirakçıları bəşəriyyətin qorunub saxlanması və daha müsbət inkişafı üçün şərt kimi mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real mexanizmlər yaratmağı, ilk növbədə, mədəniyyətlərin və dəyər sistemlərinin müxtəlifliyini qoruyub saxlamaqla onların ümumi cəhətlərini aşkara çıxarmağı vacib hesab etmişlər.

Birinci Bakı Beynəlxalq Humanitar Forumu uğurla başa çatmış, iştirakçıların mövqeyi Bakı Bəyannaməsində öz əksini tapmışdır. Forum iştirakçılarının bu tədbirin ənənəvi təşkili barədə təklifini dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Bakı Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Prezident Administrasiyasının rəhbəri, görkəmli filosof alim, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təşkilat komitəsi yaradılmışdır.

Çox məsuliyyətli bir məsələnin akademik Ramiz Mehdiyevə həvalə edilməsi heç də təsadüfi deyildir. Akademik Ramiz Mehdiyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilən dövlət quruculuğu prosesinin elmi-nəzəri və praktik istiqamətlərinin tədqiqi ilə bağlı fundamental tədqiqatları müasir müstəqil Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin inkişafında həqiqətən yeni mərhələ kimi qiymətləndirilir. Qloballaşma, demokratik inkişaf modelləri, milli münasibətlər, milli ideologiya,  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi və humanitar islahatların, modernləşmə xəttinin nəzəri-fəlsəfi əsaslarının işlənib hazırlanması filosof alimin elmi fəaliyyətinin əsas trendləridir.

İndi Azərbaycanın növbəti on il üçün inkişaf konsepsiyası üzərində ciddi iş aparılır. Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması haqqında sərəncam imzalamışdır. Ölkəni siyasi, iqtisadi və humanitar quruculuğun üçüncü fazasına çıxaracaq bu sənəddə nəzərdə tutulacaq tədbirlərin hazırlanıb həyata keçirilməsi çoxmədəniyyətliliyin Azərbaycan modelini yeni hədəflərlə zənginləşdirəcəkdir.

Son olaraq bir daha demək lazımdır ki, Birinci Beynəlxalq Humanitar Forumun Azərbaycan paytaxtında keçirilməsi əlamətdar hadisə olmaqla yanaşı, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu Forumun hər il keçirilməsi ilə əlaqədar Bakı da tədricən bəşəriyyətin qlobal məsələlərinin müzakirə edildiyi beynəlxalq platformaya, belə demək olarsa, dünyanın "Humanitar Davos"una çevrilir.

 

Aslan Aslanov,

AzərTAc-ın baş direktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video