08 Avqust 2021 01:29
1190
İQTİSADİYYAT
A- A+

Bakı daha işıqlı olur

 

1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün onu 3 ölkəyə ixrac edir. Prezident İlham Əliyev Azərbaycanın bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağını bəyan edib.

Bu məqsədlə ölkənin elektrik enerjisi sistemi getdikcə daha da gücləndirilir və təkmilləşdirilir. Bu il avqustun 6-da dövlət başçısı daha bir enerji obyektinin - əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib və yarımstansiyanı işə salıb.

Azərbaycanda hər il yeni-yeni generasiya gücləri yaradılır. İstifadəyə verilən stansiya və yarımstansiyaların açılışında Prezident İlham Əliyevin iştirak etməsi diqqəti bir daha bu hadisələrin önəmli olduğuna yönəldir.

Ölkəmizdə həyata keçirilən əsaslı islahatlar sırasında enerji sektorunun müasirləşdirilməsi və inkişafı istiqamətində görülən işlərin özünəməxsus yeri var. Bu işlər geniş miqyası və mühüm əhəmiyyəti ilə seçilir. Enerji sisteminin etibarlılığının təmin edilməsi üçün mükəmməl infrastrukturun yaradılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. “Suraxanı” yarımstansiyasının istifadəyə verilməsi bunun daha bir təsdiqidir.

Qeyd edək ki, 1932-ci ildə tikilmiş “Suraxanı” yarımstansiyası istismar müddətini artıq çoxdan başa vurmuşdu. Odur ki, artan tələbatı ödəyə bilmirdi.

Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması da bu səbəbdən irəli gəlirdi. Budur, artıq yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli varianta keçirilib və tam yenidən qurulub.

“Suraxanı”da, digər yarımstansiyalarda olduğu kimi, müasir avadanlıqlar quraşdırılıb. Bu yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.

Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilər azaldılıb. Eləcə də yarımstansiyanın transformatorlarının ümumi gücü 126 meqavolt amperədək artırılıb. Müasir avadanlıqların quraşdırılması nəticəsində yarımstansiyanın istismar xərclərinin azaldılmasına, işçi heyəti üçün təhlükəsiz əmək şəraitinin yaradılmasına, qurğuların ətraf mühitin zərərli təsirindən qorunmasına və obyektin daha səmərəli fəaliyyət göstərməsinə nail olunub.

Beləliklə, yeni stansiya və yarımstansiyalar ölkəmizin elektrik enerjisi sistemini daha da gücləndirir. Keçən il Mingəçevir şəhərində yenidən qurulmuş “Azərbaycan” İES-in açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur”.

Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin ön sırasında da elektrik enerjisi obyektlərinin bərpası və yenilərinin tikintisi dayanır. Məsələn, bir neçə ay əvvəl Şuşada Prezidentin iştirakı ilə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyası istifadəyə verildi. Bununla Şuşa eləcə də energetika qurğularının tikintisi sahəsində yeni bir rekorda şahidlik etdi. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından Şuşaya 110 kilovoltluq ikidövrəli elektrik verilişi xətti çəkilişi fasiləsiz, növbəlilik prinsipi ilə iki ay yarımdan da az bir müddətdə icra olundu. Bu isə yalnız Azərbaycan energetikasında deyil, bütün regionun energetika tarixində bir rekorddur.

Xatırladaq ki, Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə keçən ilin dekabrında “Şuşa” yarımstansiyasının və Füzuli rayonunun “Şükürbəyli” yarımstansiyasından başlayaraq 75 kilometr məsafədə 110 kilovoltluq “Şükürbəyli-Şuşa” hava elektrik verilişi xəttinin tikintisinə başlanmışdı. Yarımstansiyanın və elektrik verilişi xəttinin tikintisi, çətin coğrafi şəraitdə aparılmasına baxmayaraq, ən qısa zaman ərzində yekunlaşdı.

Beləliklə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdamda, ümumilikdə, 9 yarımstansiya, eləcə də onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, Suqovuşandakı iki kiçik su elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri yekunlaşıb. Yaxın vaxtlarda Kəlbəcərdə iki kiçik su elektrik stansiyasının tikinti və bərpasına başlanacaq.

Ümumiyyətlə, istənilən şəhər, yaxud rayonda istifadəyə verilən elektrik stansiya və yarımstansiyaları yerləşdikləri ərazinin iqtisadiyyatına və orada yaşayan əhalinin sosial həyatına böyük dəstək göstərir. Azərbaycanda həyata keçirilən sənayeləşmə prosesi, əhalinin artım tempi, sosial infrastrukturun genişlənməsi, insanların yaşayış səviyyəsinin yüksəlməsi elektroenergetika sektorunun daim inkişaf etdirilməsi vəzifəsini qarşıya qoyur. O cümlədən uzun illərdir işğal altında olan torpaqlarımızın azad edilməsindən sonra elektrik enerjisinə tələbatın çoxalması bu sistemdə aparılan tikinti və yenidənqurma işlərinin daha da sürətləndirilməsini şərtləndirir.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video