18:13 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı bulvarı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:17 16.09.2021

 

Şərqin Parisi adlandırılan, qədimliklə müasirliyi özündə ehtiva edən Bakı son illər daha da gözəlləşib. Yeni göydələnlər, dünya standartları səviyyəsində çəkilən yollar, günün tələblərinə uyğun yaradılan istirahət guşələri və parklar Bakının qədim görkəminə möhtəşəmlik gətirir.

Bu möhtəşəmliklər sırasında başdan-başa yenilənən  dənizkənarı bulvar haqqında danışmazdan əvvəl xatırlatmaq istəyirdik ki, belə ünvanlardan biri də Xəzər rayonu ərazisində, avqustun 26-da açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi meşə tipli “Gənclik” parkıdır. Heydər Əliyev Fondunun layihəsi çərçivəsində reallaşmış bu park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. İnsanların asudə vaxtlarının  səmərəli təşkili məqsədilə zəruri infrastruktur yaradılıb. Parka üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilirlər.

Etiraf edək ki, bu əsrarəngsizliklər sırasında Dənizkənarı bulvarın öz yeri, öz gözəlliyi var. Nəinki, respublikamızın bölgələrindən Bakıya yolu düşənlər, eləcə də xarici ölkələrdən Azərbaycana gələn turistlər, ilk növbədə, bu məkanı görməyə can atırlar. Xatırladaq ki, “Bulvar” sözü fransız mənşəlidir və sahil boyunca gəzinti zolağı deməkdir.  Xəzərin mirvari boyunbağısı adlandırılan bu gəzinti zolağında rahat hərəkət üçün çəkilən xüsusi xətlər, müxtəlif dekorativ kollar və ağaclar, çiçək-gül qarışıq çəmənliklər, rəngbərəng işıqlandırma fanarları, oturacaqlar, istirahət yerləri və digər gözoxşayan görüntülər gəzintidə olanları məmnun edir.

Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın “qızıl dövrü” kimi qiymətləndirilsə də, burada bir neçə dəfə yüksəksəviyyəli təmir, yenidənqurma və yaşıllaşdırma işləri aparılsa da, 113 yaşlı Bakı bulvarı əsl inkişaf mərhələsinə Ümummilli Lider Heydər Əliyevin Azərbaycana birinci hakimiyyəti illərində qovuşub. 1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparılıb. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırılıb. Yerli sakinlər bəzən bura Sahil bağı da deyirdilər.

Sahil bağının əhəmiyyətini nəzərə alan Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında fərman imzalayıb. Məhz bu fərmandan sonra Sahil bağının taleyində inkişafa doğru böyük dönüş yaranıb. Ən başlıcası, Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib. 

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin tapşırığı ilə bulvar ərazisinə diqqət və qayğı daha da artırılıb. Dövlət başçısının 10 yanvar 2008-ci il tarixli fərmanı ilə Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə  Dənizkənarı Bulvar İdarəsinin yaradılması Sahil bağının inkişafında böyük quruculuq işlərinə səbəb olmuşdur. 2015-ci ildə bulvar ərazisinin iki istiqamətdə - birinci Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət məscidinə kimi Bayıl bulvarı, digəri isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan “Ağ Şəhər” bulvarının yaradılmasına start verilmişdir. Hazırda Bakı “Ağ Şəhər” Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. Bayıl bulvarının uzunluğu 2,3 kilometr, sahəsi 24 hektardır. Bu ərazilərdə yenidənqurma və abadlıq işləri ilə yanaşı, müxtəlif istirahət, iaşə və müasir mədəniyyət obyektləri inşa edilib.

Hazırda 200 hektardan çox sahəni əhatə edən Bakı bulvarının ümumi ərazisi 16 kilometrdir. Bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun qurulması, mühafizəsi, qorunması, bərpası və inkişafı baxımından xeyli işlər görülüb. Yeni çəmənliklər salınıb, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilib, yeni attraksionlar quraşdırılıb.  Parkın “Azneft” meydanı ilə üzbəüz ərazisində musiqili fəvvarə kompleksi yaradılıb. Kukla teatrı yenidənqurmadan sonra istifadəyə verilib. 2008-ci ildə isə Hökumət evinin qarşısında  yaradılan ikinci fəvvarənin tikintisi, həmin il dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı hamının ürəyincə olub. Təsadüfi deyil ki, Bakı bulvarı dünya ölkələrində mövcud olan bulvarlardan öz gözəlliyi və yaşıllığı ilə seçilir.

Qərblə Şərqin memarlıq elementlərini özündə birləşdirən Milli Parkda hazırda tikinti və abadlıq işləri davam etdirilir. Turistlərin və şəhər sakinlərinin sevimli gəzinti və istirahət yeri olan bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılır. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu ünvanlar sırasına daxildir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsini və tarixi Zəfər salnaməsini özündə yaşadan “Qənimətlər parkı” ziyarətçilərin ən çox üz tutduqları ünvanlardandır. Bu gün erməni işğalından azad edilmiş bütün torpaqlarımızda üçrəngli, şanlı Azərbaycan bayrağı dalğalanır. Hazırda Bulvarda Bayraq meydanının yenidənqurması ilə bağlı işlər davam etdirilir. Milli Parkda tarixi ənənələrin qorunması məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib. Onlardan biri də buradakı “Qu quşları” fəvvarəsinin yenidən bərpadan sonra paytaxt sakinlərinin istifadəsinə verilməsidir.

Dənizkənarı Milli Parkda diqqət çəkən amillərdən biri də səliqə-sahman və təmizlik işləridir. Bunlar üçün ən müasir avadanlıqlardan istifadə olunur. Hiss edilir ki, buraya müxtəlif xarici ölkələrdən gətirilib əkilmiş hər çiçəyə, hər kola, hər ağaca ciddi nəzarət edilir, özünəmüvafiq üsulda qayğı göstərilir. Bir sözlə, mənəvi sərvətimiz olan bu milli parkda hər bir layihə göz oxşayandır. Bütün bunlar qürur duyduğumuz Bakı bulvarının daha da gözəlləşməsinə xidmət edir.

 

Rəhman SALMANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM