10 Aprel 2012 03:04
397
SİYASƏT
A- A+

«AzVirt» şirkəti Serbiyada iri infrastruktur layihəsinin tikintisini həyata keçirəcəkdir

 

Bu barədə Belqradda müqavilə imzalanmışdır

 

Azərbaycanın Serbiyadakı səfirliyində "Serbiya Koridorları d.o.o." şirkəti və "AzVirt" MMC arasında bu ölkədə həyata keçirilən iri infrastruktur layihələrindən olan "11-ci dəhliz" avtomagistralının (Belqrad-Cənubi Adriatik) Lyiq-Prelyina sahəsinin tikintisi üzrə müqavilənin rəsmi imzalanma mərasimi keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, imzalanma mərasimində Serbiya Demokratik Partiyasının sədri, bu günlərdə prezident vəzifəsindən istefa vermiş və yenidən namizədliyini irəli sürmüş Boris Tadiç, infrastruktur və energetika naziri Milutin Mrkoniç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyayiç, dövlət və hökumət rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, iş adamları, Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının və Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və üzvləri, burada yaşayan və təhsil alan azərbaycanlılar, KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Müqaviləni "Serbiya Koridorları d.o.o." şirkətinin direktoru Mixail Mişiç, "AzVirt" şirkətinin direktoru Kamil Əliyev və "AzVirt Ogranak (Belqrad)" şirkətinin direktoru İsa Akbulut imzalamışlar.

İmzalanma mərasimindən sonra çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov ölkələrimiz arasındakı münasibətlərdə qısa müddət ərzində əsaslı dönüşün baş verdiyini, son illərdə sürətlə inkişaf edən əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulamışdır. Diplomat Azərbaycan və Serbiya prezidentlərinin qarşılıqlı səfərlərinin uğurla inkişaf edən əlaqələrimizin dərinləşməsi üçün geniş imkanlar yaratdığını vurğulamışdır. Son dövrlərdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini, ticarət dövriyyəsinin getdikcə artdığını və qarşılıqlı sərmayə qoyuluşlarının intensiv xarakter aldığını diqqətə çatdıran E.Həsənov Azərbaycan-Serbiya əməkdaşlığının bu səviyyəyə yüksəlməsində dövlətlərimizin başçıları arasında mövcud olan şəxsi dostluğun rolunu diqqətə çatdırmışdır.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Serbiyada həyata keçirilən humanitar layihələrə toxunaraq onların xalqlarımız arasında körpü rolunu oynadığını, mədəniyyətlərarası və dinlərarası dialoqa, əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.

Serbiyanın Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın inkişafına böyük önəm verdiyini bildirən Boris Tadiç son illərdə ölkələrimiz arasında münasibətlərdə müşahidə edilən dinamikanın bunun bariz nümunəsi olduğunu demişdir.

Prezident İlham Əliyev ilə görüşlərini məmnuniyyətlə xatırladan Boris Tadiç regionun lider dövlətinə çevrilmiş Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını və etibarlı tərəfdaş olduğunu diqqətə çatdırmış, ölkəmizin iş adamlarını Serbiya iqtisadiyyatına sərmayə qoymağa çağırmışdır.

Azərbaycan dövləti tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə toxunan B.Tadiç bu layihələrin xalqlarımızın yaxınlaşmasına, həmçinin Qərbi Balkan regionunda mədəniyyətlərarası və dinlərarası dialoqa, regionda etimadın yaradılmasına, sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət etdiyini vurğulamış, bu sahədəki səyləri dəstəklədiyinə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. 

"AzVirt" şirkətinin direktoru Kamil Əliyev müqavilənin imzalanmasını Azərbaycan və Serbiya arasında iqtisadi sahədə əməkdaşlığın inkişafının bariz göstəricisi olduğunu demişdir. K.Əliyev qarşıya qoyulan işləri keyfiyyətlə və vaxtında yerinə yetirməklə təmsil etdiyi şirkətin iki xalq arasında yaranmış mehriban dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır. 

Tədbir Serbiya və Qərbi Balkan regionu ölkələrinin mətbuatında geniş işıqlandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video