07 Sentyabr 2021 21:00
743
İQTİSADİYYAT
A- A+

“Azmonbat” MMC-nin məhsulları həm daxili tələbatı ödəyəcək, həm də “Made in Azerbaijan” brendi ixrac ediləcək

 

“Azmonbat” MMC-də qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunacaq. Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. 100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Azmonbat” MMC sentyabrın 3-də Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində açılıb.

AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də “Azmonbat” MMC-yə mediatur təşkil olunub.

Tur iştirakçılarına əvvəlcə Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda ilk sənaye parkıdır. Hazırda Sənaye Parkının ərazisi 583,5 hektar təşkil edir və Cənubi Qafqazın ən böyük Sənaye Parkıdır.

Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 3,2 milyard ABŞ dolları olan 24 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək Parkın rezidentləri tərəfindən 2,9 milyard ABŞ dollarından artıq investisiya yatırılıb. Artıq qeydiyyata alınmış 24 rezidentdən 16-sı istehsal fəaliyyətinə başlayıb. “Azmonbat” MMC Sumqayıt Kimya Sənaye Parkının 17-ci rezidentidir.

Növbəti mərhələdə daha 7 rezidentin - yun ipliklər və təmiz yun istehsalı, məlumatların (datanın) emalı, baytarlıq preparatlarının və yem əlavələrinin istehsalı, qablaşdırma məhsullarının istehsalı, şüşə tara məhsullarının, sulfat turşusunun istehsalı və polimer materialların emalı layihələrinin istismara verilməsi nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından rolu əhəmiyyətlidir.

Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika davam edir. Belə ki, 2020-ci ilin I yarısında sənaye parkının rezidentləri tərəfindən 534 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin I yarısında 49 faiz daha çox, yəni 794 milyon manatlıq məhsul istehsal edilib. Həmçinin 2020-ci ilin I yarısında sənaye parkının rezidentləri tərəfindən 182 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin I yarısında 47 % daha çox yəni, 267 milyon manatlıq ixrac həyata keçirilib.

Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Çexiya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, İraq, Yaponiya, ABŞ, Kanada, İsrail, İspaniya və s. ölkələrə ixrac olunub. Sənaye Parkında hazırda 5500-dək insan daimi işlə təmin edilib.

Hazırda Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr və digər yeni məhsullar istehsal edilir. Ümumilikdə, indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1 milyard manatlıq hissəsi - təqribən 31 faizi ixracın payına düşür.

Jurnalistlər daha sonra “Azmonbat” MMC-də istehsal prosesi ilə tanış olublar. Bildirilib ki, zavodda Çin və digər ölkələrin qabaqcıl texnologiyalarından istifadə edilir. İldə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir. Ekoloji standartlarla utilizasiya edilmiş 800 min akkumulyatordan 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür.

“Azmonbat” MMC-nin istehsal prosesi ətraf mühitə zərər vurmadan, ekoloji standartlara tam cavab verir. Akkumulyatorlar utilizasiya edilərkən ayrılan sulfat turşusuna ammonium bikarbonat əlavə olunur və ammonium sulfat alınır. Ammonium sulfat saflaşdırıcı qurğularda tam təmizlənərək evaporatorlara göndərilir və kristal şəklində ammonium sulfat gübrəsi istehsal olunur.

Ayrılmış qurğuşundan isə külçə istehsal edilir, qurğuşun xəmirindən isə qurğuşun və digər metallar (stibium, qalay və s.) alınır. Plastik kütlə təmiz yuyularaq polipropilen və yüksək sıxlıqlı polietilen qranula çevrilir.

Bundan başqa, “Azmonbat” MMC tərəfindən növbəti mərhələdə Sumqayıt Kimya Sənaye Parkının ərazisində qurğuşun turşulu akkumulyatorların istehsalı həyata keçiriləcək.

Qeyd olunub ki, investisiya dəyəri 20 milyon manat olan müəssisədə ildə 240 min ədəd akkumulyator istehsalı nəzərdə tutulur. Yeni məhsulun istehsalında xammal kimi istifadə müddəti bitmiş akkumulyatorların təkrar emalı nəticəsində alınmış materiallardan istifadə olunacaq.

Zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə ixrac ediləcək.

“Azmonbat” MMC sənaye parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat həcmində qənaət edib.

Qeyd edək ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.

Hazırkı dövrdə sənayenin yeni modellərin tətbiqi ilə inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.

Bu mexanizmlərdən olan sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilir. Belə ki, rezidentlər qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Sənaye parklarında müasir infrastruktur dövlət vəsaiti hesabına yaradılır ki, bu da sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələrini təmin edir.

Hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb və sənaye parklarının sayı 6-ya çatıb.

Sənaye parklarında ümumi qoyulacaq investisiyalarının həcmi 3,8 milyard ABŞ dollarından artıq olan 53 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu günədək rezidentlər tərəfindən 3,6 milyard ABŞ dollarından artıq investisiya yatırılıb, 37 rezident (“Azmonbat” MMC daxil olmaqla) fəaliyyətə başlayıb, 9 min nəfərə yaxın insan daimi işlə təmin edilıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video