07 May 2021 00:49
1089
SİYASƏT
A- A+

Azərbaycanın xilaskarı

 

Bu ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili tamam olacaq. İstər müstəqilliyimizə gedən yol, istərsə də ondan sonrakı dövrdə baş verən bütün siyasi-ictimai proseslər hər birimizin yadındadır. Əgər müstəqilliyimizə gedən yolda Heydər Əliyevin liderliyi ilə xalqımızın azadlıq mücadiləsiniin şanlı səhifələri yazılırdısa,  müstəqilliyimizin bərpasından sonrakı dövrdə müasir dövlətçilik tariximizin ən ağır mərhələsi başlamışdı.

Bəli, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizin bərpasına sevinmək yerinə “olum ya ölüm” dilemması qarşısında qalmışdıq. Keçmiş sovet imperiyası dağılar-dağılmaz Ermənistanın silahlı təcavüzünə məruz qalmış respublikamızın daxilində qeyri-sabitlik, hərc-mərclik, qanunsuzluq o həddə gəlib çatmışdı ki, gələcəyimiz qeyri-müəyyən idi. Bütün xalq cəmiyyət həyatının hər bir sahəsini başına götürmüş böhranların yaratdığı ağır fəsadlardan əzab çəkirdi. Bu vəziyyət vətənini sevən hər bir azərbaycanlının ürəyini ağrıdırdı. Düşmənlərimiz isə güman edirdilər ki, Azərbaycan üzləşdiyi çətinliklər məngənəsində boğulacaq, müstəqil dövlət kimi ayaq üstdə duruş gətirə bilməyəcək.

“Pis günün ömrü çox olmaz” deyib atalar. Çətinliklərə, məhrumiyyətlərə, cəmiyyət həyatının bütün sferalarını bürümüş böhrana dözən Azərbaycan xalqının müdrik qərarı və seçimi 1993-cü ilin ortalarından başlayaraq vəziyyəti dəyişdi. Xalqımızın sınanmış oğlu, görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi hər birimizin ümidini cücərtdi, sabahımıza inam yaratdı. Xalq yalnız Heydər Əliyevə inanırdı və əmin idi ki, respublikamızı təlatümlü burulğandan yalnız bu böyük siyasətçi çıxara bilər. Əgər həmin məqamda Heydər Əliyev yetişməsəydi, bəlkə də Azərbaycan adlı müstəqil dövlət dünyanın siyasi xəritəsindən silinə bilərdi. Bu baxımdan Heydər Əliyevin xalqın istək və tələbi ilə hakimiyyətə gəlişi dövlətimizin taleyini və tarixin gərdişini müsbətə doğru dəyişən, bütövlükdə müstəqillik tariximizin ən böyük siyasi hadisəsi oldu.  Heydər Əliyev məhz həmin çətin məqamda çiyinlərini olduqca ağır və məsuliyyətli yükün altına verdi, öz siyasi dühası, müdrikliyi ilə Azərbaycanın müstəqilliyini qorudu, dövlətçiliyimizi məhv olmaqdan xilas etdi.

Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində bir daha müstəqilliyimizin ilk illərində baş verənləri xatırlamaqla Ulu Öndəri anırıq. İllər ötdükcə, Azərbaycan qüdrətləndikcə, inkişaf etdikcə Heydər Əliyev dühasının əzəmətini daha aydın görürük.

Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə müasir və müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm və sarsılmaz təməlləri yaradıldı. Milli və dini mənsubiyyətindən asılı olmayaraq, cəmiyyətimizin bütün təbəqələri Heydər Əliyevin müəllifi olduğu müasir dövlətçilik ideallarının və azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşdi. Sonrakı dövrlərdə də dövlətçiliyimizə qəsd edilməsinə cəhdlərin şahidi olduq. Lakin Ulu Öndər elə bir bünövrə yaratmışdı ki, heç bir qüvvə onu sarsıda və ya zəiflədə bilməzdi.

Ulu Öndərin müəllifi olduğu yeni neft strategiyası xalqımızın rifahı, iqtisadiyyatmızın inkişafı ilə yanaşı, müstəqilliyimizin möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına xidmət etdi. Heydər Əliyevin sayəsində Azərbaycanda tənəzzül dayandı, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Hüquqi dövlət quruculuğu həyata keçirildi. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı. Beləliklə, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu gün uğurları ilə qurur duyduğumuz Azərbaycan dövlətinin inkişafı ilə nəticələndi. Özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına bağışlayan Heydər Əliyevin adı tariximizə müasir Azərbaycan dövlətinin banisi kimi həkk olundu.

Heydər Əliyev Azərbaycan üçün elə bir inkişaf strategiyası müəyyən etdi ki, hər zaman dövlətimizin yüksəlişinə və tərəqqisinə xidmət edəcək. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonra respublikamızın keçdiyi yol bunu təsdiq edən  tarixi reallıqdır. Bu 18 ildə cənab İlham Əliyev Azərbaycanın inkişafını Ulu Öndərin görmək istədiyi səviyyəyə yüksəldib. 

Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində hazırda Azərbaycan müasir tarixinin ən qüdrətli dövrünü yaşayır. Ötən ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi də göstərdi ki, Azərbaycan hətta ən taleyüklü problemini belə həll etməyə qadir olan bir dövlətdir.

Hələ 2003-cü ildə xalqa müraciət edən Ulu Öndər Heydər Əliyev İlham Əliyevə inamını ifadə etmişdi. Bu gün bütün uğurlar, o cümlədən 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə Heydər Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu təsdiq edir. 

Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsini yaşayır. İkinci Qarabağ müharibəsindəki Qələbə də bu inkişafın dinamikliyi baxımından yeni reallıqlar yaradıb. Əminik ki, xalqımız möhtərəm İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev yolu ilə bundan sonra da tarixi nailiyyətlərə imza atacaq və Azərbaycanın inkişafının ən möhtəşəm salnaməsi yazılacaq.

 

Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video