10:33 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


00:40 07.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın türk dünyasına böyük töhfəsi

ANA SƏHİFƏ / SİYASƏT
00:35 03.04.2021

 

İlham Əliyev Vətən müharibəsində Qələbə ilə həm də türkdilli dövlətlərin daha da yaxınlaşmasına xidmət edən tarixi missiyanı yerinə yetirdi

 

Ortaq milli-mədəni dəyərləri bölüşən türkdilli dövlətlərin dostluğu, sıx əməkdaşlığı, həmrəyliyi bu gün təzadlarla dolu beynəlxalq münasibətlər sistemində olduqca mühüm əhəmiyyət daşıyır.  Çünki bu eyni kökdən gələn türk dövlətlərinin inkişafı, öz maraqlarını təmin etməsi, möhkəmlənməsi baxımından olduqca vacibdir.

 

Naxçıvandan başlanan yol

 

Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində yuxarıda qeyd olunan prizmadan çıxış edir və daim buna sadiq qalır. Təsadüfi deyil ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) da Azərbaycandan başlanan bir tarixi missiyadır. 2009-cu ildə Naxçıvanda təsis olunan Türk Şurasının məqsəd və vəzifələri türkdilli dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması və sairdir.

2019-cu ilin oktyabrında Türk Şurasının Bakıda keçirilən VII Zirvə görüşü bütün dünyaya verilən çox mühüm mesajlarla yadda qaldı. Belə ki, dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir. Bakıda keçirilən sonuncu Zirvə görüşündə təşkilatın sıraları da genişləndi. Belə ki, həmin vaxta qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Şurasına daha bir türk dövləti - Özbəkistan qoşuldu. Təbii ki, bu ölkənin Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Türk Şurası Azərbaycana mənəvi və siyasi dəstək göstərdi

 

Hazırda Türk Şurasına sədrlik edən Azərbaycan təşkilatın dünyada nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində səylər göstərir. Lakin Azərbaycanın Türk Şurasında sədrliyi çox mürəkkəb dövrdə, koronavirus pandemiyası şəraitində keçir. Buna baxmayaraq, Azərbaycan üzv dövlətlərin maraqları baxımından Şuranı uğurla səfərbər edir. Martın 31-də keçirilən Türk Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü də Azərbaycanın sədrliyi dövrünə təsadüf edir.

Qeyd edək ki, işğal olunmuş torpaqlarımızın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsində Türk Şurası Azərbaycana mənəvi və siyasi dəstək göstərdi. Müharibənin ilk günlərində Şuranın yaydığı bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olundu. Bütövlükdə Türk Şurası müharibə günlərində Azərbaycanın yanında oldu.  Müharibə günlərində Şuranın Ticarət və Sənaye Palatasının toplantısının Bakıda keçirilməsini Prezident İlham Əliyev ölkəmizə mənəvi dəstəyin göstərilməsi kimi qiymətləndirdi.

Türk Şurasının üç gün əvvəl videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə toxunulan  əsas məsələlərdən biri Azərbaycanın torpaqlarını işğaldan azad etməsi oldu. Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Türk Şurasının Baş katibi Bağdad Amreyev  Azərbaycanı Qələbə münasibətilə təbrik etdilər.

Prezident İlham Əliyev də toplantıdakı çıxışını, əsasən, Qarabağ mövzusuna həsr etdi. Dövlət başçısı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə əlaqədar hadisələrə geniş ekskurs etdi, bu ölkənin sistemli şəkildə təxribatlar törətdiyini, azərbaycanlıların milli heysiyyatı ilə oynadığını, bu hərəkətlərin dözülməzliyini, Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının və 2020-ci ilin yayında Ermənistanın müdafiə nazirinin yeni əraziləri işğal etmək anonslarını xatırlatdı. Ardıcıl təxribatlara cavab olaraq 2020-ci ilin sentyabrında 44 günlük müharibənin başladığını bildirdi. Ermənistanın xarici dəstək olmadan Azərbaycan torpaqlarını tutmasının və uzun illər işğalda saxlamasının mümkünsüzlüyünü, Minsk qrupunun fəaliyyətinin “sıfır effektivliyi”ni diqqətə çatdırdı. İlham Əliyev Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana göstərdiyi güclü mənəvi və siyasi dəstəyə görə Prezident Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür etdi.

 

Zəngəzurdan keçən kommunikasiyalar bütün türk dünyasını birləşdirəcək

 

2009-cu ildə Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev demişdi: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsini Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi, demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti onilliklər ərzində dayandırılmışdır. Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk”.

Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası arasında coğrafi parçalanma baş vermişdi. İlham Əliyev 12 il əvvəl bu sözləri təsadüfən deməmişdi. Çünki Prezident düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanı böyük Qələbəyə aparırdı. İkinci Qarabağ müharibəsində böyük Qələbə ilə İlham Əliyev həm də bütün türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən tarixi bir missiyanı yerinə yetirdi. Ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müddəa da yer aldı. Videokonfrans formatında Zirvə görüşündə bu məsələyə də toxunan İlham Əliyev dedi: “Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək”.

Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti yalnız Azərbaycana qarşı deyil, bütün türk və müsəlman dünyasına qarşı yönəlmişdi. Çünki 30 ilə yaxın işğal dövründə Ermənistanın dağıtdığı və erməniləşdirilməsinə cəhd etdiyi bütün tarixi və dini abidələr həm də türk-müsəlman irsinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan erməni faşizminin qarşısını alaraq türk dünyası qarşısında tarixi xidmət göstərdi, təkcə özünün deyil, bütün İslam dünyasının dəyəri olan mədəni və dini irsi müdafiə etdi.

 

R.CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM