26 Fevral 2012 01:02
269
SİYASƏT
A- A+

Azərbaycanın Polşadakı səfirliyi «Azərbaycan-müstəqilliyə gedən yolda» adlı ictimai tədbir təşkil etmişdir

 

Azərbaycanın Polşadakı səfirliyi Xocalı soyqırımının 20-ci və 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar "Azərbaycan - müstəqilliyə gedən yolda" adlı ictimai tədbir təşkil etmişdir.

Məlum olduğu kimi, 2008-ci il mayın 8-də Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası başlanmışdır. Təşəbbüs Xocalı faciəsinin mənəvi və siyasi-hüquqi tanınmasına yönəldilmişdir. Bu çərçivədə dünyanın 35 ölkəsində, o cümlədən Polşada geniş təbliğat-təşviqat işi aparılmaqdadır.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində səfirliyin Varşavanın mərkəzində yerləşən Müstəqillik Muzeyində təşkil etdiyi tədbir çox böyük uğurla keçmişdir. Tədbir ərəfəsində səfirliyin apardığı uğurlu təşviqat işi nəticəsində 156 nəfərlik tutumu olan zal tamamilə dolmuş, xeyli insan ayaq üstə duraraq tədbiri dinləmişdir. İki saat davam edən  tədbirə Polşanın müxtəlif dövlət qurumları, o cümlədən Xarici İşlər, Nəqliyyat, Kənd Təsərrüfatı və Kəndin İnkişafı nazirlikləri, Polşa Sahibkarlar Konfederasiyası, Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, iqtisadiyyat palataları nümayəndələri, tanınmış jurnalistlər, o cümlədən TVP-nin "Şərq Studiyası" verilişinin aparıcısı, Polşada fəaliyyət göstərən özəl şirkət, Azərbaycan diasporu, Varşavada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, müxtəlif universitetlərdən alimlər və xeyli sayda tələbələr qatılmışlar.

Tədbir zamanı "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış petisiya 200 nüsxə çap edilərək iştirakçılar arasında yayılmış və onlar kampaniyanın saytına daxil olaraq petisiyanı imzalamağa dəvət edilmişlər. Tədbirin keçirildiyi binada Heydər Əliyev Fondu tərəfindən göndərilmiş Xocalı hadisəsi barədə faciəvi səhnələri əks etdirən fotoşəkillər və beynəlxalq mətbuat nümayəndələrinin məqalələrindən ibarət sərgi təşkil edilmişdir. Tədbir çərçivəsində müvafiq təbliğat-təşviqat materialları - polyak dilində Erməni mifi; Dağlıq Qarabağ - xəbərlər, faktlar, rəqəmlər; səfirlik tərəfindən hazırlanmış "Azərbaycan xalqının soyqırımı tarixindən" adlı 4 mövzu üzrə silsilə açıqcalar (min nüsxə), ingilis dilində Xocalı soyqırımı - milyon imza, bir tələb; Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini əks etdirən xəritə, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Dağlıq Qarabağ haqda həqiqi faktlar" silsiləsindən kitabçalar paylanmışdır.

Bundan əlavə, polyak jurnalist Yatsek Pototskinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə yazdığı məqalə kitabça şəklində çap edilərək paylanmışdır. Məqalədə Azərbaycanın inkişafı, Ermənistanın isə deqradasiyasından bəhs edilir. Münaqişənin regionda sülh və əmin-amanlıq yolunda yeganə maneə olduğu bildirilir. Tədbir iştirakçıları arasında, həmçinin Polşa yazıçısı Vitold Mixalovskinin "Heydər Əliyev haqqında söz"  kitabı da paylanmışdır.

Tədbirdə səfir Həsən Həsənov çıxış edərək Azərbaycan tarixi ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir. Çıxış zamanı xəritələr nümayiş etdirərək Azərbaycan ərazisinin bölüşdürüldüyü, ermənilərin Azərbaycan ərazilərinə köçürüldüyü barədə məlumat vermiş, Dağlıq Qarabağda münaqişə ocağının necə yaradıldığını izah etmişdir. Səfir xüsusilə müstəqilliyə gedən yolda Azərbaycan xalqının başına gətirilmiş müsibətlər - 1918-ci il mart və 1992-ci il Xocalı soyqırımları, 1990-cı il 20 Yanvar faciəsi və s. barədə geniş məlumat vermişdir. Xocalıda baş vermiş faciə barədə məlumat verən Həsən Həsənov bildirmişdir ki, ermənilər keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə bir gecədə yüzlərlə günahsız insanı - qocanı, qadını, uşağı qətlə yetirmiş, meyitləri tanınmaz şəklə salmış, mindən çox Xocalı sakinini əsir götürmüş, səkkiz ailəni tamamilə məhv etmişlər.

Səfirin çıxışında XX əsrin ən acı faciələrindən hesab edilən Xocalı soyqırımına beynəlxalq səviyyədə hələ də siyasi qiymət verilmədiyi qeyd olunmuşdur. Çıxışın sonunda tədbir iştirakçılarına Azərbaycanın müasir həyatında gedən dinamik inkişaf haqda məlumat verilmişdir.

Tədbirdə həmçinin politoloq-rusiyaşünas, Polşanın Ermənistan və Moldovada səfiri olmuş, hazırda Varşava Universitetinin professoru Viktor Ross çıxış etmişdir. V.Ross xalqımızın malik olduğu zəngin mədəniyyətdən danışaraq Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətlər, dünya ədəbiyyatı və incəsənətinə verdiyi böyük töhfələrdən bəhs etmişdir. Çıxışı zamanı həmçinin Azərbaycan-Polşa əlaqələrinin qədim tarixindən danışan natiq bu münasibətlərin daim dost münasibətləri olduğunu diqqətə çatdırmışdır. Varşava Universitetində Qafqaz seminariyasının rəhbəri David Kolbaya çıxış edərək ölkəmizdə gedən iqtisadi inkişafdan, Azərbaycanın regionda artan əhəmiyyətindən danışmışdır. O, ulu öndər Heydər Əliyevin başladığı uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir. Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirən natiq soyuq qış günlərində Gürcüstana qaz ixracının dayandırıldığı zaman Gürcüstanın yardımına məhz Azərbaycanın yetişdiyini bildirmişdir. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan D.Kolbaya münaqişənin regionun davamlı inkişafı üçün yeganə maneə və bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin yeganə doğru yol olmasından danışmış, ermənilərin yürütdüyü təcavüzkar siyasətin XXI əsrin reallığına uyğun olmadığını bildirmişdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video