26 Yanvar 2012 01:01
467
Mədəniyyət
A- A+

Azərbaycanın elmi elitasından bəhs edən məlumat kitabçası

 

Bu günlərdə Azərbaycanın elm və təhsil ictimaiyyətinin istifadəsinə yeni nəşr - "Azərbaycan elmi elitası: elmlər doktoru" məlumat kitabçası təqdim edilmişdir (Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2011). Bu kitabla bağlı layihənin rəhbəri və ön sözün müəllifi Azərbaycan Respublikasının təhsil naziri, əməkdar elm xadimi, professor Misir Mərdanovdur. Nəşrin hazırlanmasında və çapında əsas məqsəd müxtəlif ali təhsil müəssisələrində fəaliyyət göstərən, AMEA-nın Rəyasət Heyətində, institutlarında və digər qurumlarda işləyən elmlər doktorlarını diqqət mərkəzinə gətirməkdir. Azərbaycan elminə və təhsilinə göstərilən belə diqqət və qayğı, alimlərin çətin, mürəkkəb, fəqət şərəfli əməyinin yüksək səviyyədə qiymətləndirilməsi son dərəcə xeyirxah bir işdir.

Məlumat kitabçası üç əsas hissədən ibarətdir: "Təhsil sistemində çalışan elmlər doktorları", "Digər qurumlarda çalışan elmlər doktorları" və "Xarici ölkələrdə çalışan elmlər doktorları". Yeni nəşrdə respublikanın təhsil sistemində fəaliyyət göstərən 1227, digər qurumlarda çalışan 467 və xarici ölkələrdə işləyən 121 nəfər elmlər doktoru haqqında məlumatla tanış oluruq. Burada hər bir alimin adı, atasının adı, soyadı, doğum tarixi, ixtisası və şifri, müdafiə etdiyi il və çalışdığı müəssisə barədə məlumat verilir. Bundan başqa, hər bir səhifədə Məhəmməd peyğəmbər əleyhissəlamın, görkəmli dövlət xadimlərinin, mütəfəkkirlərin elm və təhsilə, əxlaqın saflaşdırılmasına və biliklərə yiyələnməyin vacibliyinə aid fikirləri təqdim edilir.

Kitabçada ilk növbədə, neçə əsr bundan əvvəl Azərbaycan elminin və təhsilinin bayraqdarlarına çevrilmiş şəxsiyyətlərlə bağlı maraqlı informasiyalar verilir və onların hər birinin müxtəlif elm sahələrində əldə etdikləri nailiyyətlər diqqət mərkəzinə gətirilir. Eyni zamanda bu gün elmimizin təşəkkül tapıb formalaşmasında və inkişafında əvəzsiz xidmətləri ilə fərqlənən, neçə-neçə elmi istiqamətin əsasını qoyan və elmi məktəb yaradan şəxslərin əməyi xüsusi qeyd olunur.

Azərbaycan elminin çox qədim tarixi var. Kitabçaya yazılmış ön sözdə Əbülhəsən Bəhmənyar fəlsəfi fikir tarixində yeni elmi məktəbin təməl daşını qoyan, özündən sonra fəlsəfi cərəyanların və elmi məktəblərin meydana gəlməsində əvəzsiz xidmətləri olan görkəmli filosof kimi təqdim olunur. Burada digər cahanşümul alimlərimizin xidmətləri barədə dəyərli fikirlər söylənilir. Türk-islam dünyasında ilk ali təhsil və elm məbədi olan "Nizamiyyə" mədrəsəsi yada salınır. Məlumat verilir ki, bu mədrəsə Bağdadda böyük Səlcuq hökmdarı Alp Arslanın vəziri Nizamülmülkün təklifi ilə ərsəyə gəlmiş və Azərbaycan alimi Xətib Təbrizi burada elmi işlərə rəhbərlik etmiş, məntiq və dilçiliyə, filologiyaya aid əsərlər yazmış, qiymətli fikirlər söyləmişdir. Nəsirəddin Tusi, onun Yaxın və Orta Şərqdə son dərəcə məşhur olan Marağa Rəsədxanasındakı fəaliyyəti, bu böyük şəxsiyyətin astronomiya, həndəsə, riyaziyyat, tərbiyə və təhsil nəzəriyyəsinə və fəlsəfəyə dair ideyaları diqqət mərkəzinə gətirilir. Eyni zamanda Təbrizdə fəaliyyət göstərən Rəşidiyyə Darülfünunun yaradıcısı F.Rəşidəddinin xidmətləri, onun tarix və coğrafiyaya dair yazdığı əsərlər barədə söz açılır. Həmin əsərlərin dünya elm xəzinəsində önəmli yer tutduğu göstərilir.

Əbülhəsən Bəhmənyarın çoxcildlik "Ət-təhsil" ("İdrak"),  həmçinin məntiq, fəlsəfə və təbiətşünaslığa aid əsərləri xatırlanır və onların dünya fəlsəfi fikir tarixində nadir incilər olduğu xüsusi vurğulanır.

Məlumat kitabçasında öz ifadəsini tapmış bu qənaətlər diqqəti cəlb edir və elmimizin inkişaf dinamikası barədə aydın təsəvvür yaradır: "XVI əsrdə Azərbaycanda Səfəvilər dövlətinin yaranması elmin, təhsilin, mədəniyyətin inkişafına güclü təkan verdi. Bu dövrdə böyük Azərbaycan alimi Həsən bəy Rumlu 12 cildlik "Əhsən üt-təvarix" ("Tarixlərin ən yaxşısı") adlı əsərini yazdı. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda elmin, təhsilin və mədəniyyətin inkişaf etdiyi, bütövlükdə çağdaş sivilizasiyanın formalaşdığı bir vaxtda Vətənimizdə ziyalı elitası təşəkkül tapdı. "Fikir elmin atası, söz anası, yazı isə onun həyatıdır" - deyən Mirzə Kazımbəyi, London Kral Asiya Cəmiyyətinin üzvü Mirzə Cəfər Topçubaşovu yada salmaq kifayətdir. Onların Şərq tarixi və filologiyasına, türkologiya, ümumi tarix və fəlsəfəyə dair sanballı elmi araşdırmaları bu gün də dünya orientalistikasının ən etibarlı mənbələrindən sayılmalıdır".

Məlumat kitabında Azərbaycan xalqının mədəni və siyasi həyatında baş verən milli oyanış və dirçəliş dövrü üzərində xüsusi dayanılır. Bu mərhələ XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edir. O dövrdə həm Azərbaycan maarifçiliyinin öncülləri Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev mənəvi baxımdan, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, İsa bəy Hacınski və başqaları maddi baxımdan ziyalılara kömək göstərirdilər.

Ön sözdə Möhsüm bəy Xanlarov barədə də maraqlı məlumat verilir. Göstərilir ki, bu şəxs on doqquzuncu yüzilliyin sonlarında Almaniyada H.Z. Tağıyevin maddi dəstəyilə ali təhsil almış, sonralar həmin universitetdə işləmiş, dissertasiya müdafiə edərək ona kimya elmləri doktoru dərəcəsi verilmişdir. Möhsüm bəy Xanlarov D.İ.Mendeleyevin yaxın dostu idi. O, Azərbaycanın ilk elmlər doktoru adını almış böyük maarifçi idi.

Həsən bəy Zərdabi isə Azərbaycan ziyalılarının və müəllimlərinin mənəvi atası, təbiətşünaslıq üzrə ilk elmlər namizədi elmi dərəcəsi almışdı. O, 1865-ci ildə Moskva Dövlət Universitetinin təbiət-riyaziyyat fakültəsini bitirmişdi. Ön sözdə verilən bir məlumat da dəyərlidir ki, Azərbaycanda kimya, biologiya və kənd təsərrüfatı elmlərinin inkişafı M.Xanlarovun və H.Zərdabinin adları ilə bağlıdır.

Ön sözlə tanışlıqdan öyrənirik ki, XIX əsrin sonlarında Azərbaycanda ziyalıların sayı təxminən 5 min, XX əsrin əvvəllərində isə 10 min nəfər idi.

Azərbaycan Xalq Cümhuriyyətinin başladığı elmi-mədəni quruculuq sahəsindəki fəaliyyət sovet hakimiyyətinin ilk illərində Nəriman Nərimanov tərəfindən davam etdirilmişdir. Elmi tədqiqatlar Bakı Dövlət Universiteti ilə bərabər, Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış "Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti"ndə (1923) ("Azərbaycanı Öyrənən Cəmiyyət") bir araya gəlmişdir. Haqqında danışılan cəmiyyət tez bir zamanda öz ətrafına xeyli intellektual potensial toplamış və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna (1929), daha sonradan SSRİ Elmlər Akademiyasının Azərbaycan filialına (1932-1945) çevrilmişdi. 1945-ci il yanvarın 23-də bu filialın əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradılmışdı.

Məlumat kitabçasının "Ön sözü"ndə göstərilir ki, Azərbaycanda fizika-riyaziyyat elmləri sahəsində elmi fikirlər hələ orta əsrlərdə yaransa da, bu sahədə milli kadrların yetişdirilməsi, elmi tədqiqat mərkəzlərinin formalaşması, nəhayət, elmin bu fundamental sahələrində elmi məktəblərin təşəkkülü və inkişafı ötən əsrdə respublikada Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Elmlər Akademiyasının və digər elm - təhsil ocaqlarının təsis edilməsi ilə bağlı olmuşdur.

Ön sözdə daha sonra respublikamızda yarımkeçiricilər fizikası sahəsində yaranan elmi məktəb diqqət mərkəzinə gətirilir, həmin elmi məktəbin banisi akademik Həsən Abdullayevin, astrofizika elmi sahəsində xüsusi xidmətlər göstərmiş  akademik Hacıbəy Sultanovun adları çəkilir.

Məlumat kitabçasında respublikamızda funksional analiz məktəbinin təməl daşlarını qoyan akademik Zahid Xəlilov, sinqulyar inteqral tənliklər üzrə elmi məktəbin yaradıcısı akademik Əşrəf Hüseynov, funksiyalar nəzəriyyəsi məktəbinin banisi akademik İbrahim İbrahimov, differensial tənliklər üzrə elmi məktəbin rəhbəri akademik Məcid Rəsulov yada salınır.

Ölkəmizdə mexanika elminin inkişafında akademiklər Zahid Xəlilov və Azad Mirzəcanzadənin, AMEA-nın müxbir üzvü Yusif Əmənzadənin xidmətləri xüsusi qeyd edilir. Neft kimyası və üzvi kimyanın təşəkkül tapmasında akademik Yusif Məmmədəliyevin, kimya texnologiyası nəzəriyyəsinin hazırlanmasında Murtuza Nağıyevin xidmətlərindən bəhs olunur. Göstərilir ki, akademik Y.Məmmədəliyev Azərbaycanda neft kimyası və üzvi sintez sənayesinin yaradıcısıdır. Akademik Murtuza Nağıyev kimya texnologiyasının nəzəri əsaslarının işlənib hazırlanmasında misilsiz xidmətlər göstərmiş və buna görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür (1969).

Biologiya elmi sahəsində yeni  elmi istiqamətin əsasını qoyan alimlərdən Ələkbər Quliyevin, İmam Mustafayevin, Validə Tutayukun, Musa Musayevin, Abdulla Qarayevin, ətraf mühitin mühafizəsi, torpaq coğrafiyası üzrə elmi istiqamətlərin banisi, akademik Həsən Əliyevin, heyvandarlıq sahəsində akademik Firuz Məlikovun, geologiya elminin, xüsusi neft-qaz yataqlarının geologiyası, işlənməsi və istismarı üzrə akademiklər Əliəşrəf Əlizadənin, Mirəli Qaşqayın,  Şəfaət Mehdiyevin, Sübhi Salayevin və Faiq Bağırzadənin, kristalloqrafiya sahəsində elmi məktəbin əsasını qoyan AMEA-nın müxbir üzvləri professorlar Xudu Məmmədovun və Sabit Orucovun adları çəkilir.

Bu, bir həqiqətdir ki, ölkəmizdə təbabətin tarixi kökləri orta əsrlərə gedib çıxır, lakin respublikamızda tibb elminin təşəkkül tapması və inkişafı Azərbaycanda Tibb İnstitutunun (1930) təsis edilməsi ilə əlaqədardır. Ön sözdə göstərildiyi kimi, respublikamızda tibb elminin inkişafında akademiklər Mirəsədulla Mirqasımovun və Mustafa bəy Topçubaşovun, professorlar Fuad Əfəndiyevin, Kamil Balakişiyevin və Əziz Əliyevin, urologiyanın inkişafında akademik Mirməmməd Cavadzadənin, oftalmologiyanın inkişafında professor Sonaxanım Vəlixanın və akademik Zərifə Əliyevanın, Umnisə Musabəyovanın və Zəhra Quliyevanın böyük xidmətləri vardır.

Ön sözdə respublikamızda humanitar elmlərin, o cümlədən iqtisadi fikrin, fəlsəfə, tarix, arxeologiya, etnoqrafiya, dilçilik, ədəbiyyatşünaslıq, şərqşünaslıq, maarif və digər elm sahələrinin inkişafı da diqqət mərkəzində dayanmışdır. Akademiklər Əhməd Mahmudov, İsmayıl Hüseynov, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Həmid Araslı, Kamal Talıbzadə, Məmmədağa Şirəliyev, Feyzulla Qasımzadə, Əlövsət Quliyev, Mahmud İsmayılov, Mehdi Mehdizadə, Əhməd Seyidov, professor Aidə İmanquliyeva və başqalarının xidmətləri yada salınır.

 "Azərbaycanın elmi elitası: elmlər doktorları" məlumat kitabçası alimlərimizin, elmi sevənlərin, gənc tədqiqatçıların soraq kitabçası, tez-tez müraciət edəcəyi və faydalanacağı dəyərli mənbə olacaqdır.

 

Akif ABBASOV,

Təhsil Problemləri İnstitutunun elmi katibi, pedaqoji elmlər doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video