08 Oktyabr 2011 07:10
467
Səfərlər
A- A+

Azərbaycanın birinci xanımının Fransa Respublikasının «Şərəf Legionunun Zabiti» dövlət ordeni ilə təltif olunması mərasimi

 

Oktyabrın 7-də Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Fransa Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması mərasimi keçirilmişdir.

Fransa Prezidenti Nikola SARKOZİ mərasimdə çıxış edərək dedi:

- Cənab Prezident!

Hörmətli xanım, Siz Bakıda dünyaya göz açmısınız. Azərbaycanın ən yaxşı səfirisiniz, eyni zamanda, Siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Bilirik ki, ali təhsilinizi Moskvada almısınız, oftalmologiya sahəsində mütəxəssissiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz.  Parlamentdə ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu, strateji və əla seçim oldu. Eyni zamanda Siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz. Olduqca mühüm iş aparırsınız. Rəhbərlik etdiyiniz fond uşaqlara qayğı sahəsində böyük işlər görmüşdür. Bu fond, həmçinin dünya mədəni irsinin qorunmasına da töhfə verir. Beləliklə, Azərbaycanın birinci xanımına ölkəmizin - Fransa Respublikasının ali ordenini təqdim etmək istərdim.

Hörmətli Mehriban xanım Əliyeva, Fransa Respublikasının adından Sizə "Şərəf Legionunun Zabiti" ordenini təqdim edirəm.

* * *

Fransa dövlətinin başçısı "Şərəf Legionunun Zabiti" ordenini Azərbaycanın birinci xanımına təqdim etdi.

* * *

Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA Fransa Prezidenti Nikola Sarkoziyə minnətdarlığını bildirərək dedi:

- Hörmətli cənab Prezident, Fransa dövlətinin yüksək mükafatı olan "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə məni təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mənim üçün bu, böyük şərəfdir və fəaliyyətimə verilən yüksək qiymətdir. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. 

Sizi əmin etmək istəyirəm ki, Azərbaycan ilə Fransa arasında münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün böyük istəklə əlimdən gələni edəcəyəm.  

Mən çox şadam ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey həm ölkəmizin təhsil sisteminin inkişafına töhfəsini verəcək, həm də Azərbaycanda fransız dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ edəcəkdir.

Biz bu il Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq üçün müxtəlif tədbirlər, konsertlər, festivallar keçirdik. Gələn il Bakıda - paytaxtımızda zəngin Fransa incəsənətini əks etdirən "Plaisirs de France" sərgisi keçiriləcəkdir.

Yaxın gələcəkdə Parisdə Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq və beləliklə də, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığımız daha da dərinləşəcəkdir. Çox xoşbəxtəm ki, bu sahədə mənim də əməyim vardır.

Cənab Prezident, ölkənizə olan dərin hörmət və məhəbbətimi ifadə edərək bir daha Sizə və Fransa dövlətinə bu yüksək mükafata görə təşəkkürümü bildirirəm. Ölkənizə, xalqınıza, Sizə və ailənizə ən xoş arzularımı diləyirəm. Bir daha çox sağ olun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video