15:47 16 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanı əbədiləşdirən lider

ANA SƏHİFƏ / SİYASƏT
00:59 07.05.2021

 

98 il bundan öncə, yazın gözəl çağında, şərqin qapısı olan Qədim Naxçıvanda dünyaya göz açan körpəni gələcəkdə çətin, mürəkkəb, keşməkeşli bir MİSSİYA gözləyirdi. Canı, qanı qədər sevdiyi  Azərbaycanın MÜSTƏQİLLİYİNİ  və onun ƏBƏDİLİYİNİ təmin etmək.

Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, onun haqqında nə qədər yazılsa da, deyilsə də, yenə azdır. 50 illik əmək fəaliyyətimin 23 ilini bilavasitə onun, 17 ilini isə oğlu cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında çalışmaq, iş prosesində dəfələrlə görüşmək, ünsiyyətdə olmaq, onun qiymətli tövsiyə və məsləhətlərinə qulaq asmaq mənə nəsib olduğu üçün bəzi fikirlərimi oxucularla bölüşmək istəyirəm.

Şəxsiyyət təsadüfən formalaşmır. Şəxsiyyəti formalaşdıran amillər aşağıdakılardır:

Genetik faktlar, ailə tərbiyəsi, düşdüyü mühitin təsiri və Tanrı vergisi.

 

* Ulu Öndərin cəsarətliliyi, qətiyyəti, mübarizliyi genetik faktordur.

* onun insanlara qayğıkeş və mehriban münasibəti, Vətənə, torpağa sevgisi ailədə formalaşıb.

* işlədiyi hər bir yerdə birinci olmaq faktoru düşdüyü mühitdə formalaşıb.

* nəhayət, dünyəvi siyasətçi, lider, tarixi nadir şəxsiyyət olması Tanrı vergisi və ona daxili inamı ilə bilavasitə əlaqədardır.

 

Onun həyat yoluna nəzər salsaq, bütün bu faktorların hamısı ilə rastlaşacağıq.

Heydər Əliyev həmişə xalqına arxalanıb və ondan güc alıb. Bir çox problemlərin həllində xalqla məsləhətləşərdi və ya dövlətçiliyə təhlükə yarananda xalqa müraciət edərdi. Onun dediyi “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” sözləri həyatda həmişə təsdiqini tapmışdır.

Xalqımız ona çox borcludur. Hələ Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə xalqın vətənpərvər, millətini sevən oğullarını müdafiə edər və onları kommunist rejiminin öldürücü caynaqlarından xilas edərdi. Ölkəmizin keçmişinə nəzər salsaq görərik ki, Ulu Öndər ona qədər respublikanı idarə edənlər içərisində bütün varlığı və milliliyi ilə xalqına və onun gələcəyinə xidmət edən, azərbaycançılıq ideyasını ön plana çəkən  yeganə rəhbər olub.

Sovet rejimi keçmişdə ölkəmizin idarəçiliyinə qeyri millətlərdən, xüsusən ermənilərdən olan kadrları təyin edib, təyin etdiyi milli kadrlar isə o rejimə xoş gəlmək üçün onların istəklərini yerinə yetiriblər.

Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə ölkəmizə rəhbərliyə başlayandan sonra milli kadrlara yol açıb. Bir faktı yada salmaq kifayətdir dərk edəsən ki, kommunist rejiminin əvvəllər təyin etdiyi şəxslər ölkəni nə günə qoyublar. 1920-1930-cu illərdə ölkəyə 7 rəhbər təyin olunub: ikisi erməni, ikisi yəhudi, biri rus, biri ukraynalı, yalnız biri azərbaycanlı - Ruhulla Axundov. Onu da bir il işləməmiş azad ediblər. Ermənistana rəhbər isə həmişə erməni millətindən təyin olunub.

Dünyanın hegemon dövlətlərindən olan SSRİ kimi dövlətin mövcudluğu dövründə Azərbaycana rəhbərlik edərkən milli kadrlar formalaşdırmaq, milli siyasət aparmaq, ölkənin gələcəkdə müstəqil yaşaması üçün milli iqtisadiyyat formalaşdırmaq, milli hərbi baza və kadrlar hazırlamaq, azərbaycançılıq siyasəti yeritmək, ana dilini dövlət dili olaraq təsdiqləmək üçün hüquqi əsas yaratmaq, ölkənin əsas milli sərvəti olan neft, qazın dənizdə istehsalı və xaricə ixracı üçün iqtisadi və siyasi imkan yaratmaq, bütün bunları və digərlərini yalnız xalqına əvəzsiz xidmətlərinə görə Ulu Öndər statusunu qazanmış Heydər Əliyev edə bilərdi və etdi. Ona görə biz ona həmişə borcluyuq.

Şəxsən rastlaşdığım bir fakta nəzər salaq. 1969-cu ilə qədər ölkənin 2-ci sənaye, birinci kimya, neft-kimya şəhəri olan Sumqayıtda yerləşən bütün zavodların direktorları, baş mühəndisləri qeyri millətdən olub. Yalnız Ulu Öndər Heydər Əliyev 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayandan sonra onları tədricən milli kadrlarla əvəz etdi.

Milli birlik və həmrəylik, ictimai-siyasi sabitlik, müasir dünyanın tələblərinə uyğun iqtisadi inkişaf həmişə Ulu Öndərin idarəçiliyində prioritet olub. 1 oktyabr 2003-cü il tarixdə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətindən sitat: “Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik, iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətdə hər şeyi, o cümlədən ərazi bütövlüyü və digər məsələləri həll etmək olar. Əminəm ki, bu, məhz belə olacaq”.

Bəli, Prezident İlham Əliyev son 17 ildə prezidentlik fəaliyyəti dövründə məhz bu istiqamətlərdə öz fəaliyyətini davam etdirərkən bugünkü Azərbaycan dövlətini yenidən qurdu.

Ulu Öndərin çalışqanlığı, öz üzərində daim işləməsi, dünyəvi proseslərdən bəhrələnməsi, ədalət prinsiplərinə riayət etməsi, xalqına, vətəninə, dövlətinə bağlılığı məqsədlərinə nail olması üçün əsas amillər idi. Ona görə də 1970-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ miqyasında ən geridə qalmış respublikamızı ən qabaqcıl ölkələr sırasına çıxarmağa nail oldu. Həmin dövrdə SSRİ rəhbərliyinə olan isti münasibətdən məharətlə istifadə edərək ölkə üçün çox vacib olan 125 iri yeni sənaye müəssisəsinin tikilib istifadəyə verilməsinə müvəffəq oldu. Pambıq istehsalı ildə 2 milyon tona, üzüm istehsalı 1,9 milyon tona çatdırıldı, sənaye istehsalı 1970-1980-ci illər ərzində 2,7 dəfə, kənd təsərrüfatı isə 2,6 dəfə artdı.

Yüz illər keçəcək, xalqımız və dünya siyasətçiləri Ulu Öndər haqqında yeni-yeni dəyərli fikirlər səsləndirəcəklər. Heydər Əliyevdə olan möcüzəvi qabiliyyət, bacarıq SSRİ dövlətinin prinsiplərinə üstün gəldi və o, həmin dövlətdə ən yüksək vəzifəyə yüksələ bildi.

Lakin çürük rejimin qeyri-insani prinsipləri, 1980-ci illərdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun Heydər Əliyevə qarşı qısqanclıq zəminində yaratdığı dözülməz şərait onu tutduğu vəzifədən - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməyə vadar etdi. Ulu Öndər sovet rejiminin çürük olduğuna yaxşı bələd idi. 1991-ci ilin mart ayında SSRİ-nin saxlanılması üçün referendum keçirilərkən söyləmişdi ki, SSRİ-nin dağılması qaçılmazdır, tarixi zərurətdir. Dünyada bir meyar var, ədalət həmişə zəfər çalır!

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həmişə onun diqqət mərkəzində idi. O, Azərbaycanda hakimiyyətdə olduğu dövrdə - 1969-1982-ci illərdə ermənilərin Qarabağla əlaqədar bütün separatçı cəhdlərinin qarşısını məharətlə alırdı. Ölkəmizin başına gələn müsibətlər onun Azərbaycanda olmadığı dövrdə baş verdi, yəni SSRİ-nin ən yüksək vəzifələrindən birinə təyin olunaraq Moskvaya gedəndən sonra...

Erməni separatçılarının havadarlarının köməyi ilə separatizmin alovlanması, 1988-ci il fevral ayının 26-29-u  Sumqayıt hadisələri, 1990-cı il 20 Yanvar, nəhayət, 1992-1993-cü illərdə Qarabağ torpaqlarının, xüsusən 8 may 1992-ci ildə Şuşanın, 18 may 1992-ci ildə Laçının işğalından, 26 fevral 1992-ci ildə Xocalı faciəsindən, 2 aprel 1993-cü ildə Kəlbəcərin zəbt edilməsindən sonra Qarabağ torpaqlarının genişmiqyaslı işğalına yol açıldı.

O vaxtki xəyanətkar, satqın, dağıdıcı, ölkəni xəritədən silmək təhlükəsinə çatdıran iqtidarın - indiki müxalifətin yalvarışından və xalqın tələbindən sonra hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev əslində tam dağılmış dövləti yenidən qurmağa başladı və buna qısa müddətdə nail oldu.

Dağılmış iqtisadiyyat, torpaqların işğalı, ölkədə hərc-mərclik, özbaşınalıq, ağır yaşayış tərzi, qaçqın və məcburi köçkün problemi, beynəlxalq aləmdən təcrid olunma və bərpa olunma şansı heçə endirilmiş bir ölkə. AXC-Müsavat cütlüyü birillik hakimiyyəti dövründə ölkəni belə bir vəziyyətə salmışdı. Heydər Əliyevdən başqa ölkəni belə bir vəziyyətdən çıxarmaq qabiliyyəti olan ikinci bir şəxs ölkədə yox idi!

Alovlanmış erməni separatizminə qarşı mübarizə aparmaq, ictimai-siyasi sabitliyi bərpa etmək,  iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə inkişaf etmək, qaçqın və məcburi köçkünlərə qayğı göstərmək, ölkədə yaranmış çoxsaylı silahlı dəstələri ləğv etmək, beynəlxalq aləmdə ölkəni tanıtmaq və onun dünyada layiqli yerini müəyyənləşdirmək, ölkəyə inam yaratmaq - bütün bunlar Ulu Öndərin qarşısında duran çətin vəzifələr idi. Ulu Öndər bu vəziyyətdən çıxış yolunu çox tez müəyyənləşdirdi - enerji resurslarının, xüsusən neft və qazın xarici bazara çıxarılması problemini uğurla həll etdi. Bu məqsədlə beynəlxalq aləmdə ona olan  inamdan istifadə edərək 1994-cü ildə “Əsrin kontraktı”nın imzalanmasına nail oldu.

Əgər Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətçiliyin xilası idisə, “Əsrin kontraktı”nın imzalanmasına nail olmaq iqtisadiyyatın xilası və bugünkü nailiyyətlərimizin əsası, bünövrəsi idi.

Heydər Əliyev erməni silahlı qüvvələri tərəfindən havadarlarının köməyi ilə işğal olunmuş 20 faizə qədər torpaqlarımızın, Dağlıq Qarabağ və ətraf 7 rayonun azad edilməsi üçün genişmiqyaslı siyasi, iqtisadi, hərbi və struktur islahatlarına başladı. Onda torpaqların işğaldan azad olunması inamı qəti idi və bütün tədbirlərdə onu dilə gətirirdi. Necə ki cənab Prezident İlham Əliyev 17 ildə hər gün bütün milli və beynəlxalq tədbirlərdə deyirdi: “Torpaqlar istənilən yolla işğaldan azad olunacaq, torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməyəcəyik”.

Ölkəni idarə edən şəxsdə qətiyyət, dediklərinə əməl etmək, ölçülüb-biçilmiş addımlar atmaq və özünəinam ən vacib şərtdir. Bu faktorlar necə ki Ulu Öndər Heydər Əliyevdə var idi, o cür də, hətta daha güclü cənab Prezident İlham Əliyevə məxsusdur.

Ulu Öndər Heydər Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində - 1 oktyabr 2003-cü ildə xalqa müraciətindən sitat: “Üzümü sizə, həmvətənlərimə tutaraq... prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini, iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyətdir. Sizi əmin edirəm ki, ...və inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri (Qarabağ problemini nəzərdə tutur - Ə.H.), planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev axıra çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu, müraciətin son cümləsidir. Fikir verin, hətta sağlamlığının çətin anında da səhv etməyib. Müraciətdə göstərilən bütün problemləri Prezident İlham Əliyev 17 illik prezidentlik fəaliyyəti dövründə hamısını həll edib, Ulu Öndərin işarə etdiyi Qarabağ problemini də. 17 illik hazırlıqdan sonra, dəfələrlə ölçülüb-biçilmiş, inamla və qətiyyətlə atılmış addımların 27 sentyabr - 10 noyabr 2020-ci il tarixdə - 44 günlük müharibədə nəticəsini gördük və bugünkü nəsil bunların canlı şahidi  oldu.

Ulu Öndər çıxışlarında dediklərini həm bugünkü günə, həm də uzaq gələcəyə aid edirdi. Belə ki, Goranboy rayonu, Aşağı Ağcakənddə Xocalı rayonundan olan məcburi köşkünlər və Göyçə mahalından olan qaçqınlar üçün tikilmiş qəsəbənin açılış mərasimində demişdi: “Qarabağ məsələsi bizim əsas problemimizdir, ağrılı problemimizdir, ürək ağrımızdır. Ancaq biz bunlara dözürük. Eyni zamanda biz torpaqlarımızı azad etməyə həmişə hazırıq. Amma sülh imkanlarından sona qədər istifadə edəcəyik və əgər bu imkanlar nəticəsində istədiyimizə nail ola bilməsək, biz bütün vasitələrdən istifadə edib, torpaqlarımızı azad edəcəyik, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siz gələcəkdə mütləq və mütləq gedib hələ öz gözəl Göyçə torpağınızı da görəcəksiniz, öz doğma dağlarınızı, bulaqlarınızı, çaylarınızı da görəcəksiniz. Ata-babalarınızın qəbirlərini də görəcəksiniz. Mən buna heç şübhə etmirəm”.

Cənab Prezident İlham Əliyev də həmişə çıxışlarında Qarabağ torpaqlarının işğaldan mütləq azad olunacağı ilə bərabər, Zərgəzur və Göyçə mahalı barədə də dəfələrlə fikir səsləndirib.

Əgər səsləndiribsə, demək, xalqımız bunu da  görəcək. Çünki o, heç vaxt təsadüfi fikir söyləmir və dediklərinə də həmişə əməl edib və edəcək.

Ulu Öndər dünyanın gedişatına yaxşı bələd idi, dünyanı, onun liderlərini də yaxşı tanıyırdı. Eləcə də dünya liderləri də Heydər Əliyevi yaxşı tanıyırdılar.

Ulu Öndər gənc və perspektivli kadr kimi ötən əsrin 50-ci illərində formalaşmışdı. 60-cı illərdə işlədiyi sahənin imkanlarından istifadə edərək SSRİ rejiminin müsbət və neqativ tərəfləri ilə yaxından tanış olmuşdu, həmçinin respublikamızdakı vəziyyətlə də. Əhalinin aşağı yaşayış tərzi, sənaye, kənd təsərrüfatındakı qüsurlar, təhsil, səhiyyədəki vəziyyət, iqtisadi, siyasi problemlər, ölkədəki korrupsiya, yəni respublikadakı vəziyyətlə artıq tanış idi. Ona görə 1969-cu ildə ölkəyə rəhbərlik etməyə başlayanda ölkəmizin, millətimizin SSRİ respublikaları və xalqları tərəfindən tanınması üçün kompleks tədbirlər görməyə başladı. Ciddi iqtisadi və siyasi islahatlar apardı. Nəticədə respublikamız onun ölkəyə 14 illik rəhbərliyi dövründə SSRİ məkanında geridə qalmış bir ölkədən öndə gedən bir ölkəyə çevrildi, iqtisadi göstəricilərinə görə 12 il dalbadal Keçici Qırmızı Bayrağa layiq görüldü. Onun rəhbərliyi ilə milli kadrlar formalaşmağa başladı, bütün sahələrdə ciddi iqtisadi, siyasi irəliləyişə nail olundu.

Dağlıq Qarabağda, bütövlükdə ölkədə yaşayan separatçı ermənilər tam susduruldu. Ermənistan Respublikası tarixdə ilk dəfə olaraq ölkəmizlə hesablaşmağa başladı.

1982-ci ildə Ulu Öndər SSRİ-nin ən yüksək vəzifələrindən birinə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Heydər Əliyev bu təyinatdan sonra SSRİ məkanında ona həvalə ounmuş sahələrdə ciddi islahatlara başladı.

SSRİ nazirləri təlaş içində idilər, çünki Ulu Öndər vərdiş etmişdi hər gün uzadılmış iş rejimində işləməyə, yəni gecə saatlarına - axşam saat 11, 12-yə qədər, həmçinin çox vaxtlar bazar günləri də işləyirdi. Moskvadakı SSRİ nazirləri isə şənbə, bazar günləri işləmirdilər, hətta həftənin 5-ci günləri onları iş yerlərində tapmaq mümkün olmurdu. Çünki günorta saat 14.00-dan sonra hamısı gedirdi Moskva ətrafındakı bağlara istirahətə.

Bax, beləcə SSRİ nazirlərinin “qara” günləri başladı. Bəziləri hətta vəzifələri ilə vidalaşmalı oldular. Bu proses eynilə Ulu Öndərin 70-ci illərdə ölkəmizdə rəhbərliyi dövründə də baş vermişdi. Narazı olan SSRİ nazirləri imkanları çərçivəsində başladılar Ulu Öndərin əleyhinə iş aparmağa. Bu prosesə dərhal Moskvadakı nazirliklərdə yüksək vəzifələrdə işləyən ermənilər, Ermənistandakılar, ümumiyyətlə, bütün dünya erməniləri və ölkəmizdə olan antimilli azərbaycanlılar da qoşuldular.

O vaxt SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçov da yaxın ətrafında vəzifələrdə olan ermənilərin təsiri altında aktiv olaraq Heydər Əliyevə qarşı tədbirlər görməyə başladı. Belə ki, 1986-cı ildə M.Qorbaçovun Fransaya rəsmi səfəri zamanı onu müşayiət edən köməkçisi Şahnazarov və akademik Aqanbekyan Fransada yaşayan erməni diasporunun üzvləri ilə onun görüşünü təşkil etdilər. Görüşdə iştirak edən, əslən erməni olan Fransa vətəndaşı, müğənni Ş.Aznaur M.Qorbaçova belə bir sual verdi: “Siz nə vaxt Dağlıq Qarabağ problemini həll edəcəksiniz?” M.Qorbaçov isə ona belə cavab verdi: “Moskvaya qayıdan kimi dərhal bu problemlə məşğul olacam”. O, Moskvaya qayıdan kimi Dağlıq Qarabağ problemini həll etmək əvəzinə başladı Ulu Öndərə qarşı tədbirlər görməyə. Çünki yaxşı bilirdi ki, Heydər Əliyev yüksək vəzifədə ola-ola, həm də SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü ola-ola o, Dağlıq Qarabağ problemini ermənilərin sifarişi və istəklərinə uyğun həll edə bilməyəcək.

Ümumiyyətlə, Heydər Əliyevin SSRİ-nin yüksək vəzifələrindən birində işləməsi M.Qorbaçova onsuz da sərf etmirdi.

Əvvəla, M.Qorbaçov Heydər Əliyevin yanında çox cılız görünürdü, digər tərəfdən M.Qorbaçovun iqtisadi, siyasi, idarəçilik təcrübəsi, bilik, bacarığı Heydər Əliyevdən çox aşağı idi. Belə bir hadisə olmuşdu: M.Qorbaçovun regionlarda yerli əhali ilə görüşlərinin birində bir iştirakçı fəhlə onu maraqlandıran sualı M.Qorbaçova deyil, həmin görüşdə iştirak edən Heydər Əliyevə vermişdi və M.Qorbaçov çox pis vəziyyətə düşmüşdü. Bu məlumatı mənə həmin görüşdə iştirak edən SSRİ kimya sənayesi nazirinin müavini demişdi, çünki mən o vaxt həmin nazirliyin işçisi idim və həmin nazir müavini mənim işlədiyim tikinti sahəsinin kuratoru idi. Hətta Moskvada həmin nazir müavini üçün təşkil etdiyim ziyafətdə o, şəxsən ayaq üstə qalxıb Heydər Əliyevin şərəfinə sağlıq da demişdi. SSRİ nazirliklərində işləyən yüksək vəzifəlilərin əksəriyyəti Heydər Əliyevin şəxsiyyətinə böyük hörmətlə yanaşırdılar. Necə ki rus xalqının əksər hissəsinin ona böyük hörməti, rəğbəti vardı və bu gün də  var. Onun ədalətli, prinsipial, işgüzar olmasına, korrupsiyaya qarşı apardığı mübarizəyə və insanlara göstərdiyi qayğıya görə.

Təsadüfi deyildir ki, Boris Yeltsinin prezident seçkisində seçki bülletenlərinin bəzilərində Rusiya seçiciləri B.Yeltsinin adının üstündən xətt çəkərək, onun yerinə Heydər Əliyevin adını yazmışdılar.

M.Qorbaçovun Heydər Əliyevi tutduğu vəzifədən istefa verməyə vadar etməsinin çox səbəbləri olub, o cümlədən çirkin səviyyədə qısqanclıq.

Prezident İlham Əliyev haqlı olaraq deyirdi ki, bugünkü gənclər hər şeyi, o cümlədən keçmişi də yaxşı bilməlidirlər.

Prezident İlham Əliyevi dünyanın digər dövlət başçılarından fərqləndirən məsələlərdən biri və ən əsası odur ki, o, dövlətlərarası münasibətlərdə, danışıqlarda, imzaladığı sənədlərdə, verdiyi vədlərin icrasında tan səmimi və şəffafdır. Cənab Prezident 17 illik prezidentlik fəaliyyəti dövründə həmişə belə olub. Öz xalqından heç nəyi heç vaxt gizlətməyib. 20 aprel 2021-ci il tarixdə Hacıqabul rayonuna səfəri zamanı AzTV-yə verdiyi müsahibədə bunu bir daha göstərdi.

Yaşadığım və işlədiyim dövrdə gördüklərimin, rastlaşdıqlarımın nəticəsi olaraq hesab edirəm ki, mövcud mənəvi dəyərlərin ən yüksək zirvəsində səmimiyyət dayanır, özü də hər bir sahədə, hər mənada. Bu cəhət ölkə Prezidenti cənab İlham Əliyevdə nəinki var, hətta ən yüksək səviyyədədir. Ona görə də o, həmişə qalibdir!

Ona görə o, bu gün dünya ölkələri və beynəlxalq təşkilatların rəhbərləri arasında çox böyük hörmətə malikdir. Onun səmimiliyi və verdiyi sözə əməl etməsi barədə yüzlərlə fakt sadalamaq olar. Elə götürək 44 günlük Vətən müharibəsini. 17 il deyirdi ki, ermənilərin işğal altında saxladıqları torpaqları sülh yolu ilə azad etmək mümkün olmasa, istənilən yolla azad edəcəyik. Deyirdi ki, əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən, beynəlxalq təşkilat olan ATƏT-in Minsk qrupu bu problemi həll etməsə, özümüz həll edəcəyik və həll etdi, özü də necə həll etdi. Bütün dünya hərb tarixinə və təcrübəsinə nümunə verdi, hansı ki bu gün müasir dünyanın hərbi ekspertləri bu təcrübəni öyrənirlər. Nəinki öyrənirlər, hətta təəccüb edirlər ki, bu, necə baş verib? 44 gündə 30 ildə qurulmuş istehkamlar necə yarılıb keçilib və ya necə dağıdılıb? Şuşanın alınmaz qalası ağır hərbi texnika, silah-sursat istifadə olunmadan necə alınıb?

Bax, verdiyi vədə əməl etmək və analoqu olmayan nümunə göstərmək budur! Hələ indi də hamıya, elə özümüzə də yuxu kimi gəlir ki, bu, necə oldu?

Bunu onun özündən başqa yaxşı bilən yoxdur, necə ki özü deyib, vaxtı, zamanı gəldikcə bu sirləri açıqlayacaq. Azərbaycan xalqı uzun illər, tarix boyu bu qəhrəmanlıqdan yazacaq və danışacaq. 44 günlük müharibə barədə onun özündən başqa yaxşı heç kim nə yaza bilər, nə də danışa bilər. 44 günlük müharibə, onun gedişatı, icrası, idarəçiliyi və icraçıları barədə yazmaq, həm də danışmaq çox böyük məsuliyyət tələb edir. Gərək elə yazıb, elə danışasan ki, onun mahiyyətinə xələl gətirməyəsən. Bunun üçün onun mahiyyətini gərək tam dərk edəsən. Bizim bilmədiyimiz hələ çox məqamlar var.

 İndi bir sualın cavabını vermək istəyirəm. Bu qədər qətiyyət, bacarıq, sözünə və verdiyi vədə sadiqlik, uzaqgörənlik, risk etməyi bacarmaq, qabaqcadan hər məqamı proqnozlaşdırmaq, icraçılıq və nəhayət, tam səmimilik cənab Prezident İlham Əliyevdə haradandır?

Bu sualın yeganə bir cavabı var: əlbəttə, Ulu Öndər Heydər Əliyevdən! Bu, ondan genetik keçmədir. Bax, bu məqamı heç vaxt yaddan çıxarmaq olmaz! Ancaq cənab Prezidentin özünün də canında olub və genetika da öz işini görüb.

Cənab Prezident tarixi qələbədən dərhal sonra çox böyük işlərə, layihələrə start verib. Hələ bizim görəcəyimiz və sevindirici çox işlər qabaqdadır. Cənab Prezidentin xarakter və xasiyyətlərində olan çoxsaylı məqamlardan biri də gördüyü və yaxşı nəticə əldə etdiyi işlərlə kifayətlənməməsidir. “Yeni görülən işlər dünya təcrübəsində ən yaxşısı olmalıdır” prinsipi var. Dünya yeniliklər axtarışındadır. İslahatları islahat xatirinə aparmır. Apardığı islahatların hamısı yeni və yüksək nəticələrə, insanların yaşayış tərzinin yaxşılaşmasına, ölkənin təkmil inkişafına hesablanıb. Ona görə də ölkəmiz beynəlxalq təşkilatların ayrı-ayrı göstəricilər üzrə illik hesabatlarında hər il irəliləyişə nail olur və dünya miqyasında layiqli yer tutur. Necə ki Ulu Öndər Heydər Əlyev 1970-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dövrdə ölkəmizi ittifaq məkanında ən geridə qalmış ölkədən ən qabaqcıl ölkəyə yüksəltmişdi, indi də cənab İlham Əliyev Azərbaycanı dünya ölkələri arasında ən qabaqcıl ölkələr səviyyəsinə çatdırıb.

Bütün bu nailiyyətlərin canlı şahidi olaraq hesab edirik ki, xalqımızın xoş gələcəyi, daha yüksək həyat tərzi hələ qabaqdadır. Ölkəmizdə müasir dünyanın tələblərinə uyğun, xüsusən humanitar sahədə, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində, şəhid ailələri, əlillər, kimsəsizlərə xidmət istiqamətində cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən işlərdə ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın əməyi, zəhməti və rolu danılmaz faktdır.

Əsrlər keçəcək, Ulu Öndər Heydər Əliyev xalqın yaddaşında həmişəlik yaşayacaq. Xalqımız, millətimiz onu tarixi günlərdə yox, hər gün yada salacaq, çünki xalqımızın hər bir xoş gününün səbəbkarı o və onun gördüyü işlərin nəticəsidir.

Prezident İlham Əliyev də tarixə düşdü, 30 illik Qarabağ torpağının həsrətinə 44 gündə son qoydu!

Hətta Ulu Öndərdən də irəli getdi: ölkəmizi müasirləşdirdi, inkişaf etmiş ölkəyə çevirdi.

Beynəlxalq təşkilatların, bəzi hegemon dövlətlərin 30 ildə həll edə bilmədikləri və ya həll etmək istəmədikləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə 44 gündə son qoydu. Nəinki son qoydu, hətta dünya hərb tarixində görünməmiş nümunə nümayiş etdirdi. Bütün bunlar qanunauyğun haldır, çünki xalqımızın belə bir deyimi var: “Ustaddan öyrənən yaxşı şagird nadir hallarda ustaddan güclü olur və daha irəli gedir”.

Ölkəmizin və xalqımızın xoş gələcəyi uğrunda Prezident İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya daha yüksək zirvələr fəth etməkdə uğurlar diləyirəm.

Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan!

Şuşa Qarabağdır!

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan, onun qüdrətli xalqı, rəhbəri və ordusu!

 

Əli HƏSƏNOV, 

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM