04 May 2021 00:53
1017
İQTİSADİYYAT
A- A+

Azərbaycanda qazlaşdırmanın səviyyəsi 96 faizdən çoxdur

 

Son 10 ildə 1600-ə yaxın kənd və qəsəbə mavi yanacaqla təmin olunub

 

Azərbaycanda qazlaşdırmanın səviyyəsi, işğaldan azad edilmiş torpaqlar istisna olmaqla, 96,2 faizə çatıb. Əgər 2010-cu il yanvarın 1-də bu rəqəmin 62,2 faiz təşkil etdiyini xatırlatsaq, həmin vaxtdan indiyədək aparılan  işlərin miqyası daha aydın görünər. Yəni 11 ildə qazlaşdırma 34 faiz artıb.

2004-cü ildən regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarına uyğun olaraq Azərbaycanda uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin, həmçinin indiyədək qazlaşdırılmayan kənd və qəsəbələrin mavi yanacaqla təmin edilməsi istiqamətində genişmiqyaslı işlər görülüb.

Nəticədə şəhərlərin, rayon mərkəzlərinin, iri kənd və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağlıq ərazilərdəki yaşayış məntəqələri də qazla təmin edilib. Qaz xətləri hətta sovet dönəmində mavi yanacaqdan istifadə etmək imkanı olmayan yerlərədək çatıb.

Həmin yaşayış məntəqələrindən biri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunmuş Lahıcdır. Dövlət başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, İsmayıllı rayonunun adıçəkilən qəsəbəsində və bu xətt boyunca yerləşən kəndlərdə də qazlaşdırma həyata keçirilib. Qəsəbəyə qaz 19 kilometr kənardakı qazpaylayıcı məntəqədən çəkilib. Bununla bərabər, Qaraqaya, Gəndob, Namazgah kəndləri də qazlaşdırılıb. Təkcə Lahıcın daxilində ümumi uzunluğu 39 min metr olan borular çəkilib. Bu, son illərdə ölkədə vüsət alan qazlaşdırma sahəsində əldə olunmuş mühüm nailiyyətlərdən biridir. Son bir neçə ildə qazla təmin olunmuş yaşayış məntəqələrinin adlarından ibarət siyahını xeyli uzatmaq mümkündür. Onların sırasında Gədəbəy, Göygöl, Quba, Qax və digər bölgələrimizin onlarca dağ kəndi var. Sözügedən dövrdə sərhəd kəndlərimiz də unudulmayıb. Ötən illərdə mənfur qonşularımız tərəfindən zaman-zaman atəşə tutulan və yağıya mərdliklə sinə gərən Tovuzun, Ağstafanın, Qazaxın neçə-neçə sərhəd kəndində qazlaşdırma işləri aparılıb. Bu da təsadüfi deyil. Çünki qazlaşdırmanın müvəffəqiyyətlə həyata keçirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin bir hissəsini təşkil edir.

Həmin məqsədlə çətin relyefə malik ərazilərin qazlaşdırılması “Azəriqaz” İstehsalat Birliyinin qarşısında duran əsas hədəflərdən idi. Məlumdur ki, dağlıq ərazilərdə relyefin xüsusiyyətlərinə, iqlim şəraitinə görə qaz çəkilişi çətinliklə aparılır. Bu, həm texniki cəhətdən çətin işdir, həm də böyük maliyyə vəsaiti tələb edir. Bununla belə, qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib. Xətlər dağlardan, qayalıqlardan keçdiyi üçün hətta bəzən borular iş gedən ərazilərə əllə daşınıb.

Odur ki, “Azəriqaz” abonentlərinin sayı ildən-ilə artır. Təkcə keçən ilin yanvar-sentyabr ayları ərzində əhali sektoru üzrə yeni abonentlərin sayı 54 min 338 olub. Həmin ilin payızında 2 milyon 300 mininci abonent qeydə alınıb. Bu, Salyan Regional Qaz İstismarı İdarəsinin Hacıqabul xidmət sahəsi üzrə qeydiyyatda olan Sevda İsifovadır. Uşaq bağçasında tərbiyəçi işləyən Sevda xanıma təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunub. O, “Azəriqaz” rəhbərliyinə minnətdarlıq edib və növbəti mərhələdə 2 milyon 400 mininci abonentə təşəkkürnamənin işğaldan azad olunmuş torpaqlarımızın sakinlərinə verilməsi arzusunu bildirib.

Yeri gəlmişkən, indi qarşıda duran mühüm məsələlərdən biri Qarabağda erməni faşistlərinin dağıtdığı yaşayış məntəqələrinin qazlaşdırılmasıdır. “Azəriqaz”ın hələ keçən ilin sonunda verdiyi açıqlamada bildirilirdi ki, ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanıb: “Əvvəlcə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutların araşdırılması işləri aparılıb. Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü araşdırılmaqdadır. Qeyd olunan istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. Hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanacaq”.

Həmişə olduğu kimi, şəhid və qazi ailələrinin müraciətlərinə də həssaslıqla yanaşılır. Ötən ilin sonu və bu ilin əvvəlindən etibarən şəhid ailələri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi qaziləri tərəfindən birliyə çox sayda müraciət daxil olub. Onlarda həm qaz çəkilişi, həm də qaz xətlərinin yerinin dəyişdirilməsi kimi məsələlər öz əksini tapır. Bakıdan, eləcə də ölkənin müxtəlif bölgələrindən müraciətlər edilir. Belə müraciətlər əsasında daxili imkanlar hesabına 2021-ci ilin 3 ayı ərzində 67 fərdi yaşayış evi qazlaşdırılıb. 44 fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yeri isə müraciət edən şəxsin istəyinə uyğun olaraq dəyişdirilib. Müraciətlər həm yazılı şəkildə, həm də birliyin sosial şəbəkə ünvanlarına daxil olub. Məsələlər araşdırılıb, əraziyə baxış keçirilib, layihə işləri icra olunub və xahiş yerinə yetirilib. Məsələn, müraciətlərdən biri Gəncə şəhərindən Vətən müharibəsinin qazisi Hüseyn İsmayılzadə tərəfindən ünvanlanıb. O, müharibəyə könüllü olaraq qatılıb, oktyabrın 2-də isə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Qazinin evinin mövcud daşıyıcı qaz xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, dərhal mal-material tədarük edilməklə qazlaşma reallaşdırılıb. Quba rayonunun Əlbəyqışlaq kənd sakini Yafət Əhmədovun oğlu Rəvan Əhmədov Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaətlə döyüşərək qəhramanlıq göstərib və şəhidlik zirvəsinə yüksəlib. Şəhidin atasının müraciəti cavabsız qalmayıb. Onların fərdi yaşayış evi tez bir zamanda qazlaşdırılıb.

Qeyd edək ki, şəhid və qazi ailələri yaşayan və mavi yanacaqdan istifadə etməyən yeni yaşayış massivlərində daxili imkanlar hesabına küçə qaz xətlərinin çəkilməsi işləri də aparılır. Bununla da həmin ərazidə yaşayan digər sakinlər də təbii qazdan istifadə etmək imkanı əldə edirlər.

Beləliklə, son 10 ildə 1554 kənd və qəsəbə təbii qazla təmin olunub. Lakin qazanılan nailiyyətlərə baxmayaraq, Prezident İlham Əliyev qazlaşdırma işlərinin davamlı olmasının vacibliyini dəfələrlə vurğulamışdır: “Görülmüş işlər nəticəsində bu gün qazlaşdırma ölkəmizdə 96 faizə çatıb. Deyə bilərəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Amma nəzərə alsaq ki, sənayemiz, əhalimiz artır, təbii qaza tələbat artır və bizim elektrik stansiyalarımız yalnız təmiz enerji resursları - təbii qaz və su əsasında fəaliyyət göstərir, əlbəttə, biz bu sahəni bundan sonra da prioritet olaraq diqqətimizdə saxlayacağıq”.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video