09 Aprel 2020 00:37
1341
Səhiyyə
A- A+

Azərbaycanda koronavirus pandemiyası nəzarət altındadır


Ölkəmizdə hazırkı qlobal təhlükənin təsirini azaltmaq üçün səmərəli tədbirlər həyata keçirilir


Qlobal pandemiya elan edilən koronavirusa (COVID-19) qarşı dünya səfərbər olub. Bütün ölkələr, ümumilikdə insanlığı təhdid edən bu bəla ilə mübarizə aparır, çarə arayır. Təəssüf ki, hələlik koronavirusu məhv etməyin tibbi çarəsi tapılmayıb. Lakin ondan qorunmağın yolları da mövcuddur ki, bunlara əməl etməklə insan həyatını xilas etmək mümkündür.

Bu baxımdan da Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.

İnfeksiyaya yoluxmanın sürətini azaltmaq, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. Aprelin 5-dən isə həyata keçirilən xüsusi karantin rejimi çərçivəsində ölkədə müəyyən olunan hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. Həmçinin aprelin 5-dən 20-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılıb.

Müayinələrin sayına görə Azərbaycan MDB və Cənubi Qafqazda birincidir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəyinə əsasən, COVID-19 pandemiyası ilə mübarizədə əsas şərtlərdən biri müayinələrin aparılması və xəstəlik hallarının vaxtında müəyyənləşdirilməsidir. Mütəxəssislər bu xəstəliyin sürətlə və geniş yayıldığını nəzərə alaraq, COVID-19-la bağlı testlərin keçirilməsinə daha çox diqqət yetirilməsinin vacibliyini qeyd edirlər. Yalnız bundan sonra yoluxan insanları təcrid etmək və onların kontaktda olduğu şəxsləri müəyyənləşdirmək mümkündür.

Hazırda Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər infeksiyanın yayılmasını mümkün qədər məhdudlaşdırmağa və sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamağa imkan verir. Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün bütün imkanlar mövcuddur, o cümlədən diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək tibb müəssisələrinə təhvil verilib.

Virusun laborator diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriya sistemləri qurulub, onlar, həmçinin Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib.

Aprelin 7-nə olan məlumata əsasən, ölkədə COVID-19-la bağlı 53300 müayinə həyata keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən müayinənin sayı 5262 nəfər təşkil edir. Bu rəqəm müayinələrin sayına görə Azərbaycanın MDB və Cənubi Qafqazda birinci yerdə olduğunu və bir çox Avropa ölkələrini qabaqladığını göstərir.

Müayinələrin vaxtında və əhatəli şəkildə aparılması xüsusilə həssas risk qrupları-yaşlılar, immunosupresiv xəstələr arasında COVID-19 infeksiyasının yayılmasının qarşısının vaxtında alınmasında mühüm rol oynayır. Hazırda ölkədə əhalinin COVID-19-a dair müayinələrinin keçirilməsi ilə bağlı işlər davam etdirilir, müvafiq laboratoriyalar qurulur, habelə tibb müəssisələri zəruri ləvazimat və preparatlarla təchiz edilir. Bu da onu deməyə əsas verir ki, qısa zaman ərzində müayinə dinamikasının artması müşahidə ediləcək.

Bu, Azərbaycan dövlətinin koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirdiyini əyani şəkildə təsdiq edir.


Dünyadakı maska qıtlığı ölkəmizdə yaşanmayacaq


Hazırda dünyada koronavirus pandemiyası ilə əlaqədar tibbi ləvazimatlara tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə bu vasitələrin, o cümlədən maskanın qıtlığı yaşanır. Hətta bir çox ölkələrdə, hətta ABŞ-da belə bu vasitələrə ən çox ehtiyacı olan tibbi personalın maska və digər qoruyucularla təmin edilə bilməməsi məsələnin nə qədər vacib və həyati əhəmiyyət daşıdığını ortaya qoyur. Ancaq Azərbaycanda pandemiyanın qarşısının alınması ilə bağlı əsaslı işlər həyata keçirilir. Həm də Prezident İlham Əliyevin diqqəti altında. Aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışı da görülən işlərin tərkib hissəsidir. Yeni müəssisə tibbi maska və ləvazimatlara olan tələbatları ödəyəcək.

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği 110 milyon manatı ötüb. Bu günə kimi fonda 110 813 763 manat vəsait köçürülüb. Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısın almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.


Pandemiya şəraitində vətəndaşlar təmkin və anlayış göstərməyə çağırılır


Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər davam etdirilir.

İnsanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir: "Pandemiya şəraitində vətəndaşları təmkin və anlayış göstərməyə, karantin tədbirlərinə dəstək olmaq məqsədilə özünü təcrid qaydalarına riayət etməyə çağırırıq”.


Müvafiq icazəsi olmayanlar yoxlanılır


Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 07.04.2020-ci il saat 00:00-dan 08.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1569 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 8514 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Paytaxtda müvafiq icazə olmadan hərəkət edən şəxslər, eləcə də nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri yoxlanılır. Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Bununla belə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilən hüquqi və fiziki şəxslərdən toplanan cərimələrin uçotunun aparılması üçün Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində ayrıca xəzinə hesabı açılıb. Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və "2020-ci il dövlət büdcəsi haqqında” qanuna görə inzibati cərimələr büdcəyə ödənilir: "Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmalarının koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.


Dünyanın koronavirus mənzərəsi


ABŞ Prezidenti Donald Tramp Ağ evdə keçirilən brifinq zamanı deyib ki, növbəti həftə ölkəsi üçün ağır olacaq, lakin koronavirusun yayılmasına dair vəziyyət tədricən yaxşılaşmağa başlayacaq.

Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni növ koronavirusa 386 mindən artıq insan yoluxub, 12 mindən artıq isə vəfat edib.

İspaniyada isə vəziyyət daha acınacaqlıdır. Son sutka ərzində daha 757 nəfər koronavirusdan ölüb. İspaniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 14 555 nəfərə yüksəlib.

Almaniyada koronavirus infeksiyası hallarının sayı 103 mini keçib, 1814 nəfər isə ölüb. Ölkə üzrə virusa yoluxanlardan 33,3 min nəfər isə sağalıb.

Hindistanda son sutkada 773 nəfər koronavirusa yoluxub. Virusa yoluxanların ümumu sayı 5194-ə çatıb. Qeyd edək ki, aprelin 21-dək Hindistanda özünütəcrid rejimi tətbiq edilib.

Polşada daha 152 nəfərdə koronavirus aşkarlanıb. Ölkənin Səhiyyə Nazirliyi açıqlayıb ki, qeydə alınan yoluxma hallarının sayı 5000-ə yüksəlib.

Bundan başqa, ötən sutkada virus qurbanlarının sayında da artım müşahidə edilib. Belə ki, son bir gündə virusdan ölənlərin sayı daha 7 nəfər artaraq 136-ya çatıb.

Çilinin Səhiyyə naziri Xayme Manyaliç bildirib ki, ölkəsində 300-ə yaxın həkim koronavirusa yoluxub: "Çili həkimlərin koronavirusa yoluxma sayına görə Latın Amerikasında Braziliyadan sonra ikinci ən böyük ölkədir. Bu günə qədər ölkədə 286 tibb işçisi yeni virusa yoluxub”.

Xatırladaq ki, Çilidə 5115 nəfər koronavirusa yoluxub, onlardan 43 nəfəri dünyasını dəyişib.

Çərşənbə axşamı İsraildə koronavirusa yoluxanların sayı 9248 nəfərə çatıb. Yoluxanlardan 65 nəfər ölüb, 770 nəfər isə sağalıb.

Artıq İsraildə yaşayış məntəqələri polis və hərbçilər tərəfindən nəzarətə götürülüb. Çərşənbə günü səhər saat 6-dan cümə axşamı səhərədək vətəndaşlara evlərini tərk etmək qadağan edilib.

Qazaxıstanda yeni növ koronavirusa daha 7 nəfər yoluxub. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 704 nəfərə çatıb. Ən çox yoluxma halları Nur-Sultan (222) və Almatı (119) şəhərlərində qeydə alınıb.

Ukraynada son sutka ərzində koronavirusa 206 nəfər yoluxub. Ümumilikdə bu ölkədə koronavirusa yoluxanların sayı 1668 nəfərə çatıb. Ukraynada koronavirusdan 35 nəfər sağalıb, 52 nəfər vəfat edib.

Gürcüstanda COVID-19-a yoluxanların sayı 208-ə çatıb. Onlardan 46-sı artıq sağalıb. Hazırda ölkə üzrə karantində 4674, stasionar müalicədə isə 362 nəfər var, virusa yoluxmuş şəxslərdən 3-ü isə vəfat edib.


Türkiyədə koronavirusa görə yeni xəstəxanalar inşa edilir


Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, İstanbulda Atatürk Hava Limanı və Sancaqtəpədə inşa edilən dövlət xəstəxanalarının hər biri min nəfərlik və təkadamlıq otaqlardan ibarət olacaq. Birmərtəbəli bu xəstəxanaların içərisində əməliyyat və reanimasiya otaqları da quraşdırılacaq.

Nazir deyib ki, bu tipli xəstəxanaların Türkiyənin başqa ərazilərində də inşası nəzərdə tutulur, amma hazırda Türkiyədə bütün xəstəxanalarda reanimasiya şöbəsinin otaqlarının 63 faizi doludur.

F. Qoca evdə karantinə alınan xəstələrin mobil telefonlarına xüsusi proqram yükləməklə onların daima operativ nəzarətində saxlanacağını da vurğulayıb.

Aprelin 7-nə olan məlumata əsasən Türkiyədə yeni növ koronavirusdan 725 nəfər ölüb, 34109 nəfər yoluxub. Onlardan 1474 nəfəri reanimasiyadadır, 1582 nəfərin isə müalicəsi müsbət nəticə verib.

Rusiyada son sutka ərzində koronavirusa 1175 yeni yoluxma qeydə alınıb, ümumi yoluxanların sayı 8672 nəfərə çatıb. Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 5 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 63 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 583 nəfərdir.

Ermənistanda isə koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb, bir nəfər isə ölüb. Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 9 nəfərə yüksəlib.


Uhanda həyat normal axarına dönür


Virusun "vətən”i Çində isə vəziyyət getdikcə normallaşır. Belə ki, pandemiyanın yayıldığı Hubey əyalətinin paytaxtı Uhan şəhərində karantin ləğv edilib. 76 günlük karantindən sonra şəhərin sərhədləri yenidən açılıb. Bu gündən etibarən nəhayət, şəhərdə qatarların hərəkəti və təyyarə uçuşları bərpa olunub, magistral yollar yenidən açılıb. Lakin şəhər daxilində bəzi məhdudiyyətlər hələ də qüvvədə qalacaq. Rəsmilər növbəti yoluxma təhlükəsinin hələ də qalmaqda olduğu barədə xəbərdarlıq edirlər.

Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkədə koronavirusa yoluxanlardan 94,4 faizi sağalıb, son sutka ərzində sağalanların sayı 112 nəfər təşkil edir. Məlumata əsasən, xaricdən ölkəyə qayıdan 1042 vətəndaşda koronavirus aşkarlanıb, son sutka ərzində 59 nəfərdə aşkar edilib.

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 81,8 mini ötüb, 3,3 mindən artıq insan ölüb.


Koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb


İnsanlarda koronavirusa yoluxma halları ilə bağlı müəyyən təşvişlər var. Amma bunlardan bir çoxu səbəbsizdir. TƏBİB-in məlumatına əsasən, koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Eyni zamanda qeyd edilir ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib.

Eyni zamanda koronavirus bəlasının nə zaman sonlanacağı ilə bağlı suallar da bütün insanlığı düşündürür. Bununla əlaqədar ÜST-ün Rusiyadakı nümayəndəsi söyləyib ki, dünyada koronavirus pandemiyasının sonunu təxmin etmək hələ tezdir, iki həftədən sonra bu mövzu barədə danışmaq mümkün olacaq.

O bildirib ki, hazırda müxtəlif ölkələrdə xəstəliyin aradan qaldırılması məqsədilə analizlər və modelləşdirmə işləri aparılır: "Xəstəliyin yükünün azaldılması üçün mümkün vasitələrdən istifadə etməliyik. Hər şey görülən tədbirlərdən və virusun əhalidən necə keçməsindən asılı olacaq. Bəlkə də bu barədə iki həftədən sonra danışmaq mümkün olacaq”.

Koronavirus əleyhinə dərmana gəldikdə, ÜST nümayəndəsi qeyd edib ki, hazırda klinik araşdırmalar aparılır: "Bu günədək koronavirus infeksiyasına qarşı 20 namizəd peyvənd hazırlanıb. Onların klinik araşdırması davam edir”.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video