10 Dekabr 2013 02:12
408
PARLAMENT
A- A+

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində mühüm işlər görülmüşdür

 

Dekabrın 9-da Azərbaycan Respublikası Milli Məclisində "Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Milli Məclisin İnsan hüquqları və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

"Dəyirmi masa"nı açan insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova xatırlatmışdır ki, dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir.

İkinci Dünya müharibəsindən sonra qəbul edilən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əhəmiyyətindən danışan R.Aslanova vurğulamışdır ki, bu Bəyannamə insan haqları sahəsində bir sıra beynəlxalq sənədlərin hüquqi bazasını təşkil etmişdir.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyini və nəticədə 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayan komitə sədri XXI əsrdə BMT-nin bir üzvünün digər üzvünə qarşı işğalçılıq siyasəti yeritməsinin yolverilməz hal olduğunu demişdir.

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunması istiqamətində çox mühüm addımlar atıldığını qeyd edən R.Aslanova demişdir ki, bu sahədə həm nəzəri, həm də əməli inkişaf hiss olunur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı buna bariz nümunədir. Beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Azərbaycan insan hüquqları sahəsində böyük uğurlar qazanmışdır.

Bildirilmişdir ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çəkilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova "Azərbaycanda insan hüquqlarına dair Milli Fəaliyyət Proqramının tələblərindən irəli gələn vəzifələr və nəticələr" mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman humanizm prinsiplərinə, insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm vermişdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir.  Bu istiqamətdə görülən işlər Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artırır.

Regionlarda keçirilən dinləmələrdə vətəndaşların fəal iştirak etdiklərini deyən Elmira Süleymanova həmin dinləmələrdə aparılan monitorinqlərin nəticələrinin əlaqədar dövlət qurumlarına təqdim olunmasının bu istiqamətdəki fəaliyyətin təkmilləşdirilməsinə müsbət təsir göstərdiyini bildirmişdir.

"Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və XXI əsrdə insan hüquqları" mövzusunda məruzə ilə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek vurğulamışdır ki, BMT insan hüquqlarının qorunmasının bütün istiqamətləri üzrə Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan insan haqları ilə bağlı BMT-nin 158 tövsiyə və təklifini qəbul etmiş, xüsusi prosedur üzrə mandat sahibinə çevrilmişdir.

Tədbirdə "İnsan hüquqlarının qorunmasında müasir informasiya texnologiyalarının rolu" mövzusunda çıxış edən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etmişdir ki, Azərbaycanda insan hüquqlarının təmin olunmasının ən bariz nümunəsi və bu istiqamətdə atılan addımlardan biri "ASAN xidmət" mərkəzlərinin yaradılmasıdır. O bildirmişdir ki, "ASAN xidmət" mərkəzlərində 500 mindən artıq vətəndaşa xidmət göstərilmişdir. Təxminən hər gün orta hesabla bu mərkəzlərdə ümumilikdə minə yaxın insana xidmət göstərilir. Bu xidmətin fəaliyyətini ölkəmizdəki aşkarlığın və şəffaflığın ən mühüm göstəricisi kimi qiymətləndirən komitə sədri bildirmişdir ki, "ASAN xidmət" "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan məqsədlərə nail olunmasında ən təsirli vasitədir.

"İnsan hüquqlarının müdafiəsində vətəndaş cəmiyyətinin yeri və rolu" mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə vətəndaş cəmiyyətinin ölkəmizdə insan haqlarının qorunmasındakı fəal iştirakından danışmışdır.

Milli Məclisin deputatı Fəttah Heydərov Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların doğma torpaqlarından didərgin düşməsi və onların hüquqlarının kobud şəkildə pozulması faktından danışaraq bu məsələnin beynəlxalq təşkilatları daha çox düşündürməli olduğunu söyləmişdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay rəhbərlik etdiyi qurumun Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində bütün dövlət təşkilatları ilə sıx əməkdaşlıq etdiyini demişdir.

K.Tarqay Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini xüsusi vurğulamışdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparmışlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video