19 Noyabr 2013 03:11
502
PARLAMENT
A- A+

Azərbaycan və Türkiyə hüquq sahəsində əməkdaşlığı gücləndirmək istəyir

 

Noyabrın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Türkiyə Vəkillər Kollegiyası İdarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri və iki ölkə arasında hüquqi münasibətlərin inkişaf etdirilməsi sahəsində fikir mübadiləsi aparılıb.

Ziyafət Əsgərov qonaqları Azərbaycan parlamentində salamlayaraq bildirib ki, Türkiyədən gələn hər bir qonaq bizim üçün çox əzizdir: "Ölkələrimiz arasındakı əlaqələr, sözün həqiqi mənasında, dostluq, qardaşlıq əlaqələridir. Prezident İlham Əliyevin yenidən ölkə başçısı seçildikdən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bu qardaşlığın bariz nümunəsidir. Ölkə rəhbərlərimiz bu münasibətlərin formalaşmasında bizə çox gözəl nümunə göstəriblər. Bunun nəticəsidir ki, bu gün siyasi, iqtisadi, enerji, hərbi, ticari və mədəni əlaqələrimiz yüksək səviyyədədir. Artıq növbə hüquq sahəsində əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə çatıb. Bu əlaqələrin də inkişaf etdirilməsi iki ölkə üçün olduqca vacibdir. İstərdim ki, bu sahədə Azərbaycan ilə Türkiyə Vəkillər Kollegiyası arasında bir memorandum imzalansın ki, hüquqi əlaqələr rəsmiləşsin. Məhz bundan sonra bu sahədəki əməkdaşlığın yüksək inkişafından danışmaq olar". Z.Əsgərov əlavə edib ki, bu əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün Azərbaycan parlamenti əlindən gələn dəstəyi göstərməyə hazırdır.

Türkiyə Vəkillər Kollegiyası İdarə heyətinin üzvü Kürşat Karacabey səmimi qarşılanmalarına görə, Z.Əsgərova təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı Türkiyə üçün bir düstur kimi qəbul olunub: "Ölkələrimiz bütün sahələr üzrə əməkdaşlıqda bir-birinə qardaş, dost münasibəti bəsləyir. Bu, danılmaz faktdır. İstərdim ki, qardaşlıq münasibətlərimiz hüquq sahəsində əməkdaşlıqda da əksini tapsın. Azərbaycanlı vəkillərlə, hüquqşünaslarla iş birliyi yaradaq. Bu sahənin inkişaf etdirilməsi üçün ortaq konfranslar, forumlar təşkil edək. Bununla hər iki ölkənin hüquqlarını tanıyaq. Belə olduqda insanlarımız hansı ölkədə olmağından asılı olmayaraq, rahat yaşayışlarını təmin edəcəklər".

Daha sonra Z.Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün bir çox beynəlxalq sənədlər qəbul olunub. Bununla bağlı BMT-nin dörd qətnaməsi var. Təəssüflər olsun ki, Ermənistan bu qətnamələrə böyük sayğısızlıq göstərir: "Lakin biz ümidimizi itirməmişik. Çünki bu gün Azərbaycanın güclü ordusu istənilən anda öz torpaqlarını geri qaytarmaq iqtidarındadır. Lakin biz istəmirik ki, qan tökülsün. Buna görə də problemin sülh yolu ilə həllinin tərəfdarıyıq. Dağlıq Qarabağ məsələsində Türkiyə hər zaman yanımızdadır. Bu gün Türkiyə 10 güc dövlətlərindən biridir. Bu, bizi çox sevindirir. Çünki Türkiyə nə qədər güclüdürsə, Azərbaycan da o qədər güclüdür".

Sonda Türkiyə Vəkillər Kollegiyasının nümayəndəsi Saide Ekmen Ziyafət Əsgərova Türkiyə Vəkillər Kollegiyasının xüsusi tərtibatla işlənmiş loqosunu hədiyyə etdi.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video