26 Oktyabr 2019 13:03
1763
Qəbullar
A- A+

Azərbaycan və Malayziya siyasi əlaqələri gücləndirmək niyyətindədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Malayziyanın Baş Nazirini qarşıladı.

Azərbaycan Prezidenti və Malayziyanın Baş Naziri birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyevin və Baş Nazir Mahathir Bin Mohamadın görüşü oldu.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Baş Nazir, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizi bir daha görməyimə çox şadam. Çox minnətdaram ki, Sammitdə iştirak edirsiniz. Bu, Malayziyanın mühüm beynəlxalq tədbirə böyük əhəmiyyət verdiyini nümayiş etdirir və ölkəniz mümkün olan ən yüksək səviyyədə təmsil olunub. Dünəndən biz Qoşulmama Hərəkatına sədrliyi qəbul etmişik. Sammitdə çıxışım zamanı dediyim kimi, Azərbaycan ölkənin prioritetləri, siyasəti, o cümlədən xarici siyasət prioritetlərinə tam uyğun olan Bandunq prinsiplərinə sadiq olacaq. Suverenlik, ərazi bütövlüyü, müstəqillik, bir-birinin işlərinə qarışmamaq bizim xarici siyasət gündəliyimizin əsas xəttidir. Düşünürəm ki, bu amil sayəsində, həmçinin Azərbaycanın milli maraqlara əsaslanan müstəqil xarici siyasət yürütməsi sayəsində biz Qoşulmama Hərəkatında yekdil dəstək əldə etmişik. Biz yekdil qərarla sədr seçilməyimizi böyük şərəf hesab edirik. Bu, onu nümayiş etdirir ki, ölkəmizin yürütdüyü siyasət beynəlxalq ictimaiyyət üzvlərinin mütləq əksəriyyəti tərəfindən dəstəklənir. Bu, onu göstərir ki, təşkilatda olduğumuz qısa zamanda öz mövqeyimizi nümayiş etdirə bilmişik. Sədr olaraq biz bütün üzv dövlətlərin legitim hüquqlarını müdafiə edəcəyik. Biz bəzi üzv dövlətlər arasında gərginliyin azaldılmasında ölkələrə uyğun gələn şəkildə rol oynamağa çalışacağıq. Qoşulmama Hərəkatında birliyi, qarşılıqlı dəstəyi, siyasi dəstəyi gücləndirməyə ehtiyac var. Biz mütləq iqtisadi əməkdaşlıq məsələsi ilə məşğul olacağıq. Çünki biz bir-birimizə kömək etməliyik, ticarət mübadiləsini genişləndirməliyik, hazırda başqa yerlərdən aldığımız məhsulları üzv dövlətlərdən almalıyıq. Bildiyiniz kimi, biz Gənclər Sammiti təşəbbüsü ilə çıxış etmişik. Bir çox üzv ölkələrdə əhalinin, o cümlədən gənclərin sayı artır, onların məşğulluğu, cəmiyyətə inteqrasiyası, ənənəvi dəyərlərə sadiqliyi ən mühüm məsələlərdir. Biz Azərbaycanda gənclərimizin Vətənə sadiq, vətənpərvər olmasına, milli ruhda yetişdirilməsinə, hər cür xarici təsirdən azad olmasına və gələcək nəslin milli maraqları bizim kimi qorumasını təmin etməyə çox böyük əhəmiyyət veririk. Bizim sədr olaraq qarşıdakı üç il üçün həqiqətən də geniş gündəliyimiz var. Biz sizin şəxsi dəstəyinizə və məsləhətinizə güvənirik. Biz sizi dünya miqyasında ən görkəmli siyasətçilərdən biri kimi tanıyırıq. Sizi "Malayziya möcüzəsi”nin müəllifi kimi tanıyırıq. Mən bilirəm ki, bir çox ölkələr sizin dəyişikliklərlə bağlı təcrübənizi öyrənib və siz hər zaman ədaləti müdafiə etmisiniz. Sizin dünənki çıxışınızda yenə də mövqe var idi, baxış var idi, qlobal gündəlikdə olan mühüm məsələlərə açıq yanaşma var idi. Əlbəttə ki, biz ölkələrimiz arasındakı çox sıx dostluq əlaqələrini, siyasi əlaqələri gücləndirmək istəyirik. Bizim artıq enerji sektorunda çox yaxşı əməkdaşlığımız var. "Petronas” şirkəti Azərbaycana sərmayə yatırır və biz əməkdaşlığı genişləndirmək, hər iki ölkədən turistlərin sayını artırmaq, daha çox mədəni tədbirlər keçirmək istəyirik. Bir sözlə, biz ölkələri yaxınlaşdırmaq üçün səy göstərmək istəyirik. Bir daha Azərbaycana xoş gəlmisiniz.

Malayziyanın Baş Naziri Mahathir Bin MOHAMAD dedi:

-Mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkür edirəm. İlk səfərimdən sonra həmişə bir daha buraya gəlmək istəmişəm, lakin Baş Nazir olaraq vəzifəmi tərk etdim. O vaxtdan bəri başqa ölkələrə səfərlərimi əsasən azaltdım, lakin hakimiyyətə bir daha qayıtdıqdan sonra adət etdiyimdən daha çox səfərlər etməliyəm. Qoşulmama Hərəkatının Sammitinin burada baş tutacağını öyrənəndə səbirsizliklə yenidən Azərbaycana gəlməyi gözləyirdim. Əlaqələrimiz yaxşıdır. Əlbəttə ki, əlaqələrimiz çox yaxın deyil, çünki Malayziyada Azərbaycan haqqında çox şeyi bilmirik. Bakı haqqında bilirik, lakin Azərbaycan haqqında o qədər də məlumatlı deyilik. Düşünürəm ki, Azərbaycan haqqında tarixən maraqlı şeylər var və bu, bir çox ölkələri buraya cəlb edəcək. Xüsusilə Həcc ziyarətini etdikdə biz geri qayıtdıqda buraya gələ bilərik.

Biz, əlbəttə ki, bütün məsələlərdə neytralıq. Hamı ilə dost olmaq istəyirik. Heç bir dövlətin daxili sistemi və ya ideologiyası bizi maraqlandırmır. Hamı ilə dost olmaq istəyirik. Çünki Malayziya ticarət ölkəsidir. Onun inkişafı ticarətdən asılıdır və beləliklə, biz həmişə bazarlarla dost olmalıyıq. Hər ölkəni də məhsullarımız üçün bir bazar olaraq görürük. Bu gün biz demək olar ki, 190 ölkə ilə ticarət aparırıq, praktik olaraq hər bir ölkə ilə bizim biznesin aparılması ilə bağlı müəyyən münasibətlərimiz var. Hətta Azərbaycanda da qalmaq üçün bir sıra əlaqələrimiz var. Bəziləri əlbəttə ki, neft sahəsindədir. Ümid edirik ki, Sizin rəhbərliyinizlə Qoşulmama Hərəkatı başladığı ideologiyanı canlandıracaq. Çünki o zaman bu, böyük hərəkat idi. Soyuq müharibə dövründə iki rəqib arasında bir üçüncü güc olmalı idi və bu güc də əsasən İndoneziyanın Prezidenti Sukarno tərəfindən yaradıldı. Qoşulmama Hərəkatı BMT-dən sonra ən böyük beynəlxalq təşkilata çevrildi. Biz bu hərəkatın fəaliyyətini davam etdirməsini təmin etməliyik, çünki birlikdə biz bir çox şeyləri edə bilərik. İnanırıq ki, ticarət və kommersiya ilə biz ölkələrimizi inkişaf etdirə biləcəyik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video