04 Oktyabr 2011 12:10
448
Mədəniyyət
A- A+

Azərbaycan Vaşinqtonda keçirilmiş türk mədəniyyəti festivalında uğurla iştirak etmişdir

 

Azərbaycan ABŞ paytaxtında keçirilən 9-cu illik türk mədəniyyəti festivalında uğurla təmsil olunmuşdur.  Mədəniyyətimizi əks etdirən iki guşə - ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN)  və Qarabağ Fondunun guşələri festivala gələn yüzlərlə tamaşaçını cəlb edərək onlara ölkəmizin zəngin tarixi və mədəni irsi, qədim Qarabağ torpağının adət-ənənələri, Birləşmiş Ştatlardakı Azərbaycan icması, eləcə də ölkəmizin ABŞ ilə münasibətləri barədə məlumat təqdim etmişdir. "Qardələn" türk rəqs ansamblı və Amerikada təhsil alan azərbaycanlı tələbələrin ifasında Azərbaycan rəqsləri isə festivalın əyləncə proqramını bəzəyərək tamaşaçıların alqışlarını qazanmışdır.

 USAN-in icraçı direktoru Adil Bağırovun AzərTAc-a bildirdiyinə görə, təşkilat təsis olunduğu 2007-ci ildən başlayaraq Amerikanın müxtəlif ştatlarında, o cümlədən Vaşinqton, Hyüston, Mayami və digər bölgələrdə keçirilən ənənəvi türk festivallarında Azərbaycanı təmsil edir. O demişdir: "Biz festivala gələnlərlə Vətənimiz barədə çoxsaylı mədəni, tarixi, coğrafi, həmçinin siyasi və iqtisadi məlumatları bölüşürük. Bu, həm kitab, dərgi, müxtəlif nəşrlər, həm də şifahi söhbətlər şəklində olur. Bu il bir daha onun şahidi olduq ki, Azərbaycan haqqında təkcə amerikalılarda deyil, eləcə də dünyanın hər yerindən ABŞ paytaxtına gələn qonaqlar arasında məlumat çoxalmışdır. Məsələn, gün ərzində biz Peru, Tayvan, Çin, Bosniya və Herseqovina, Əfqanıstan kimi ölkələrdən gəlmiş insanlarla rastlaşdıq. Onların hamısı Azərbaycan ilə yaxından maraqlanırdılar".

ABŞ-ın Qarabağ Fondu isə Vaşinqtonda keçirilən türk mədəniyyəti festivalında artıq ikinci ildir təmsil olunur. Təşkilatın guşəsində Azərbaycanın Qarabağ bölgəsinin xəritəsi, Qarabağ xalçaları, muğam musiqisi barədə kitabçalar, Qarabağın ən gözəl guşələrini əks etdirən təqvimlər nümayiş etdirilmişdir. Fondun əməkdaşları festivala gələnləri Azərbaycanın Qarabağ bölgəsi ilə daha yaxından tanış olmağa, təşkilatın gələcək mədəni tədbirlərində iştiraka dəvət etmişlər.

2002-ci ildən başlayaraq ABŞ paytaxtında keçirilən ənənəvi türk mədəniyyəti festivalı hər il iyirmi mindən çox Vaşinqton sakinlərini və qonaqlarını cəlb edərək Amerikada türk mədəniyyətini tərənnüm və təmsil edən əsas mədəni platformaya çevrilmişdir.

Amerikanın Türk Assosiasiyaları Assambleyasının təşkil etdiyi festival bu il daha bir mühüm hadisə ilə yadda qalmışdır. Festival zamanı Vaşinqtonun meri Vinsent Qrey və Ankara şəhərinin meri Melih Gökçek ABŞ və Türkiyə paytaxtları arasında qardaşlaşmış şəhərlər münasibətlərinin təsis edilməsini elan etmişlər. Bu münasibətlə 9-cu türk mədəniyyəti festivalının konsert proqramına Ankaradan gələn incəsənət ustaları, o cümlədən tanınmış müğənni Fərhat Göçər də qoşulmuşdur.

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

 

Vaşinqton

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video