02 Iyun 2021 00:38
1035
Səhiyyə
A- A+

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının qlobal səhiyyə sahəsində səylərini dəstəkləyir

 

Dünya bir ildən çoxdur ki, qlobal pandemiya ilə mübarizə aparır. Hər birimizin sağlamlığını təhdid edən bu təhlükəli virusun qarşısını tamamilə almaq,  təəssüf ki, hələ də mümkün olmayıb.

Yeni növ koronavirusa yoluxanlar arasında hər gün bu xəstəlik səbəbilə həyatını itirən insanların sayı az deyil. COVID-19 Yer kürəsinin ümumi bəlasına çevrilib. Dünyanın əksər ölkələrində koronavirusdan xilas olmaq üçün çıxış yolları axlarılır.

Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il mayın 24-dən 31-dək virtual şəkildə davam edən 74-cü sessiyası da bu vacib məsələyə həsr olunmuşdur. “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusunda keçirilən sessiyada Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesusun dəvəti əsasında mayın 31-də sessiyanın bağlanış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunmuşdur.

Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizənin əlaqələndirilməsi də daxil olmaqla, qlobal səhiyyə sahəsində idarəçiliklə bağlı aparıcı rolunu və səylərini dəstəklədiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizdə qlobal pandemiyanın davam etdiyi çətin günlərdə həyata keçirilən mühüm işlərdən danışıb. Bildirib ki, pandemiyanın ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyev qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edildiyini, ölkəmizdə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıq olduğunu bildirib: “Bununla yanaşı, COVID-in mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilmişdir”.

Azərbaycan dünyanın başının üstünü qəfil almış koronavirus təhlükəsinə qarşı mübarizədə ilk günlərdən tədbirli davranıb. Dövlətimiz tərəfindən bu istiqamətdə ardıcıl işlər görülüb. COVID-19-un tüğyan etdiyi günlərdə karantin rejimi tətbiq olunub. Vətəndaşlarımızın bu rejimə əməl etmələri üçün gərəkli addımlar atılıb. Həyata keçirilən məhdudlaşmalar müsbət nəticəsini verib. Son günlər ölkəmizdə koronavirusla bağlı hər gün yenilənən statistika ümidvericidir. Belə ki, bu təhlükəli infeksiyaya yoluxma və ölüm sayı əhəmiyyətli dərəcədə azalıb.

Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən olduqca əhəmiyyətli tədbirlərdən biri də vaksinasiya prosesinin sürətlə və davamlı şəkildə aparılmasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli  sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya mərhələli şəkildə davam etdirilir.

Həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verib. Bu da tətbiq olunan bir sıra qadağaların aradan qaldırılmasına səbəb olub.

Prezident İlham Əliyev sessiyadakı çıxışında ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejiminin tədricən yumşaldıldığını vurğulayıb: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.

Azərbaycan dövləti bütün dünyada humanizmin, sülhün tərəfdarı kimi tanınır, yalnız ölkəmizdə deyil, Yer kürəsinin hər yerində insanların sülh, əmin-amanlıq və firavanlıq içərisində sağlam və xoşbəxt yaşamasını istəyir.  Odur ki, səhiyyə sahəsində də həyata keçirilən tədbirləri alqışlayır. “Biz 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayırıq. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə olduqca səmərəli əməkdaşlıq edir. Ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır” - deyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edib. Prezident Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış etdiyini nəzərə çatdırıb: “Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar”.

Dövlət başçısı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etdiyini, bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərildiyini bildirib.

Prezident İlham Əliyev çıxışında daha bir vacib məsələyə münasibət bildirib. Azərbaycanın bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pislədiyini açıqlayıb. Vurğulayıb ki, davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. O, beynəlxalq hesabatlara əsasən, bugünə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizinin zəngin ölkələr tərəfindən alındığını, peyvəndlərin yalnız 0.3 faizinin azgəlirli ölkələrin payına düşdüyünü qeyd edib. Prezident İlham Əliyev bildirib ki, bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Dövlət başçısı deyib: “Bu xüsusda, biz inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırırıq”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video