11 Sentyabr 2020 17:48
1682
PARLAMENT
A- A+

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub


Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Türkiyədə səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 11-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopla görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarovanı və nümayəndə heyətinin üzvlərini salamlayan Mustafa Şentop Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu bildirib. Qeyd edib ki, Türkiyə və Azərbaycan əsrlərboyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan iki dövlət, bir millətdir. Azərbaycanın acısı bizim acımız, Azərbaycanın sevinci bizim sevincimizdir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Mustafa Şentop diqqətə çatdırıb ki, Ermənistan təkcə Azərbaycana deyil, bütün bölgəyə təhdiddir. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın söylədiyi kimi, biz hər zaman Azərbaycanın yanındayıq və Azərbaycana istənilən məsələdə dəstək olmağa hazırıq. Bu baxımdan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə hər zaman Azərbaycanın yanındadır.

TBMM-in Sədri qeyd edib ki, Azərbaycan Prezidentinin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər Türkiyənin 83 milyonluq əhalisinin qəlbinə su səpdi. Mustafa Şentop Yunanıstanla bağlı məsələdə Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü çatdırıb.

Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə minnətdarlıq edərək parlamentin başçısı kimi ilk olaraq Türkiyəni ziyarət etməsindən məmnunluq duyduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında gözəl bir ənənə formalaşıb – yüksək vəzifəli dövlət rəsmilərimiz vəzifələrinin icrasına başladıqdan sonra ilk rəsmi xarici səfərlərini qarşılıqlı şəkildə qardaş ölkəyə edirlər. Mən də bu gözəl ənənəyə sadiq qalaraq ilk xarici rəsmi səfərimi məhz dost ölkə Türkiyədən başladım. Bu, olduqca təqdirəlayiqdir və mən əminəm ki, iki qardaş ölkə arasında bu gözəl ənənə bundan sonra da yaşayacaq.

Sahibə Qafarova təəssüflə bildirib ki, koronavirus pandemiyası səbəbindən bu səfəri daha əvvəl həyata keçirmək mümkün olmadı. Sədr pandemiyaya qarşı aparılan çox səmərəli mübarizə ilə bağlı qardaş Türkiyəni təbrik edib.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Milli Məclisin Sədri qeyd edib ki, dünya siyasi sistemində bunun alternativi yoxdur. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Bu gün Azərbaycan ilə Türkiyə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir.

Sədr diqqətə çatdırıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi xalqlarımız arasında münasibətlərin ruhuna uyğun olaraq qardaş parlamentlər xarakterinə sahibdir. Bu qardaşlıq parlamentlər arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda özünü göstərir.

Parlamentlərimizdə qarşılıqlı fəaliyyət göstərən dostluq qrupları vardır. Azərbaycan tərəfdən Əhliman Əmiraslanov, Türkiyə tərəfdən isə Şamil Ayrım bu qruplara uğurla rəhbərlik edirlər. Şamil Ayrım Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Dostluq” ordeninə layiq görülüb.

Sahibə Qafarova deyib ki, parlament rəhbərləri ilə yanaşı, dostluq qruplarımız arasında da qarşılıqlı səfərlərin və görüşlərin artırılması olduqca mühümdür. Çünki dostluq qruplarının təmaslarının intensivləşməsi ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir.

Sədr iyulun 12-də Ermənistan tərəfindən Tovuz istiqamətində sərhəddə törədilən təxribatla bağlı Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya – AK Parti, CHP, MHP və İYİ Partinin ortaq bəyanatla çıxışına görə Türkiyə siyasətçilərinə, siyasi partiyalarına bir daha dərin minnətdarlığını bildirib.

Xanım sədr vurğulayıb ki, bir millət, iki dövlət olaraq tariximizdə də çox oxşarlıqlar var. Buna görə gələcəyimizi də gərək elə quraq ki, bunları qoruyub saxlayaq.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, Prezident İlham Əliyevin Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən söylədiyi sözlər bütün Azərbaycanın mövqeyidir.

Siz də qeyd etdiyiniz kimi, Azərbaycanla Türkiyə arasında çox sıx münasibətlər var. Bu günədək iki ölkə arasında 249 sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir. Hesab edirəm ki, biz bu münasibətləri daha da genişləndirməliyik.

Sonda görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video