25 May 2021 14:00
884
Mədəniyyət
A- A+

“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinə start verilib

 

Avrasiya İqtisadi Əlaqələr Birliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsi, Həsən bəy Zərdabi İrs Mərkəzi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 24-dən “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi start götürüb.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva, Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin məzarı üzərinə də gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi də ziyarət olunaraq, önünə tər çiçəklər düzülüb.

Layihənin əsas məqsədi Azərbaycan-Türkiyə arasındakı sosial, ictimai, iqtisadi sahələrdə əməkdaşlıq əlaqələrinin güclənməsinə, səmərəli iş birliklərinin yaradılmasına töhfə verməkdir. Layihə, həmçinin iki ölkə arasında vətəndaş cəmiyyəti və mətbuat nümayəndələri, ictimai, siyasi xadimlər, ziyalılar, eyni zamanda, kiçik və orta sahibkarlıq fərdlərinin bir-biri ilə geniş əlaqələrinin təşkilinə xidmət edir.

“Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar görüşlər keçirəcək, deputatlar, ictimai xadimlər, media nümayəndələri və sahibkarlarla görüşəcəklər. Daha sonra Zərdab rayonuna, Ağdam və Gəncə şəhərlərinə də səfər edəcəklər. Səfər zamanı 44 günlük Vətən müharibəsindən zərər görmüş əhali ilə, yerli icra orqanları, deputatlar ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, “Azərbaycan-Türkiyə Gönül Elçiləri” layihəsinin davamlı və uzunmüddətli həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçiləri – deputat, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva, iqtisadçı alim, Həsən bəy Zərdabi irsinin nümayəndəsi Nüsrət Məlikov, gənc ictimai fəal Seymur Bayramov Avrasiya İqtisadi Əlaqələr Birliyinin İdarə Heyətinin sədri Hikmet Eren və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafına xidmət etmək məqsədilə imzalanmış ikitərəfli əməkdaşlıq memorandumu çərçivəsində görüləcək işlər və reallaşdırılacaq layihələr geniş müzakirə olunub. Bu əməkdaşlıq artıq bir ildir ki, davam edir.

Qeyd edək ki, “EkoAvrasya” beynəlxalq təşkilatı da Həsən bəy Zərdabi irsinin Türkiyə ictimaiyyətində təbliği istiqamətində uğurlu fəaliyyətlərini davam etdirir. Uğurlu əməkdaşlığa Zərdab rayonunun Türkiyə Respublikasının şəhərlərindən biri ilə qardaşlaşması, o cümlədən Türkiyədə Zərdabi adını daşıyan parkın salınması kimi layihələr daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video