14 Aprel 2021 18:05
821
CƏMİYYƏT
A- A+

Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib

 

Aprelin 14-də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK) ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib.

DGK-dan AZƏRTAC-a bildirilib ki, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, komitə sədrinin müavinləri və aidiyyəti qurumların rəhbərləri, Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

İclasdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar. Eyni zamanda, nümayəndə heyəti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsi önünə əklil qoyub.

Daha sonra Gömrük Komitəsinin inzibati binasında DGK ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında gömrük məsələləri üzrə birgə komitənin dördüncü iclası keçirilib. İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev iki ölkə arasında bütün sahələrdə, ö cümlədən gömrük işinin təşkili istiqamətində uzunmüddətli strateji tərəfdaşlıq münasibətlərindən, səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs edib.

Vurğulanıb ki, hər iki dövlət başçısı arasındakı mehriban dostluq və qardaşlıq münasibətləri aidiyyəti dövlət qurumları tərəfindən də uğurla davam etdirilməkdədir.

Komitə sədri 44 günlük Vətən müharibəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Gömrük işinin təşkili sahəsindəki əməkdaşlıqdan bəhs edən komitə sədri iki ölkənin gömrük qurumları arasında indiyə qədər 8 sənəd imzalandığını və səmərəli əməkdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb. Səfər Mehdiyev iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, məlumat və təcrübə mübadiləsinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

O da qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən son illər gömrük sistemində həyata keçirilən islahatlar nəticəsində gömrük orqanları proqnozdan dəfələrlə artıq vəsaitin toplanaraq dövlət büdcəsinə köçürülməsini təmin edib, qaçaqmalçılığın, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, şəffaflığın təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Komitə sədri gömrük sistemində həyata keçirilən innovativ layihələrdən, potensialın və infrastrukturun gücləndirilməsi sahəsində atılan addımlardan bəhs edib və yeniliklərin tətbiqi zamanı Türkiyə təcrübəsindən faydalanıldığını da diqqətə çatdırıb.

Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqay çıxış edərək Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, özünü vətənində hiss etdiyini bildirib. Vətən müharibəsindəki qələbə münasibətilə təbriklərini çatdıran nazir müavini dövlətlərimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin tarixi ənənələrə söykəndiyini vurğulayıb və daha da güclənəcəyinə əminliyini ifadə edib. O, ticarət dövriyyəsinin artırılması, gömrük-sərhəd buraxılış məntəqələrinin işinin səmərəli təşkili, məlumat və təcrübə mübadiləsinin gücləndirilməsi ilə bağlı məsələlərdən bəhs edib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı ilə bağlı müzakirələr aparılıb.

Tədbirlər planında Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS), risklərin idarə olunması, gömrük hüquqpozmalarına qarşı mübarizə sahələrində Türkiyə təcrübəsinin öyrənilməsi, əqli və sənaye mülkiyyət hüquqlarının qorunması, gömrük-sərhəd buraxılış məntəqələrində tətbiq edilən prosedur və əməliyyatların sadələşdirilməsi və digər sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sonda "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər planı" imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Türkiyənin ticarət nazirinin müavini Rıza Tuna Turaqay imzalayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video