19:05 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan tibb elmi və tibb təhsilinin əzəmətli intellekt məbədi
ANA SƏHİFƏ / TƏHSIL
00:29 04.12.2020


"Azərbaycan Tibb Universitetinin böyük tarixi vardır. Tibb Universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir”.

Heydər ƏLİYEV


Bu il ATU-nun tarixi məqam nöqteyi-nəzərindən rəsmi olaraq yaradılmasının 90 illik yubileyidir. Prezident İlham Əliyev cari ilin may ayının 14-də "Azərbaycan Tibb Universitetinin 90 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.

Hər birimizi yeni əmək rəşadətlərinə ruhlandıran sərəncamda deyilir: "Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazasında yaradılmış Azərbaycan Tibb Universiteti ölkəmizin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Azərbaycan səhiyyəsinin inkişafı tarixində xüsusi mövqeyə malik universitet öz fəaliyyətində təhsili, elmi və tibbi daim üzvi şəkildə birləşdirmiş, ötən illər ərzində təbabətin ən müxtəlif sahələri üçün yüksək bilikli və bacarıqlı kadrların yetişməsində, həmçinin mötəbər elmi mərkəz kimi fundamental tədqiqatların aparılmasında əhəmiyyətli rol oynamışdır. Tibb Universitetində beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və tibb təhsilinin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər təqdirəlayiqdir”.

Azərbaycan Tibb Universiteti yarandığı gündən indiyə qədər çox çətin, lakin şərəfli, məhsuldar və işıqlı bir yol keçib. ATU 1930-cu il mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu adı altında, indiki BDU-nun Tibb fakültəsinin bazası əsasında yaradılıb. Həmin ilin iyun ayının 19-da isə ATİ-yə ilk tələbə qəbulunun aparılması üçün qərar qəbul edilib. Əsasən təşkilati məsələlərin icrasının təmini ilə məşğul olan və qısa müddətdə fəaliyyət göstərən ilk rektorlardan Möhsün Qədirli həm də Azərbaycan SSR XSK, Nadir Məmmədli isə ATİ-nin müalicə-profilaktika fakültəsinin dekanı, eləcə də rektorun tədris işləri üzrə müavini (prorektor) vəzifələrində çalışıb.

İlk rektorlar ATİ-nin formalaşması üçün nə mümkün idisə onu edə biliblər. 1932-ci ildə bu vəzifəyə təyin edilən görkəmli dövlət və elm xadimi professor Əziz Əliyev daha qlobal məsələlərlə məşğul olub. Belə ki, o, təcili olaraq ATİ-nin nəzdində tibb nəşriyyatı və Azərbaycanda ilk dəfə tibbi kitabxana fondu yaradıb. Professor Ə.M.Əliyev BDU-nun və digər ölkələrin universitetlərinin Tibb fakültələrini bitirmiş müəyyən qrup milli kadrları ana dilində dərsliklər və dərs vəsaitləri yazmağa səfərbər edib. Bir qrup müəllimlərə isə rus dilində olan bəzi dərslikləri milli dilə çevirmək tapşırığı verilib. Tədrislə paralel tibb elminin də inkişafı ATİ-də diqqət mərkəzində olub. Əgər 1930-cu ilə qədərki 11 il ərzində, ümumiyyətlə, ölkədə cəmi 7 nəfər azərbaycanlı doktorluq dissertasiyası müdafiə etmişdisə, 1930-1940-cı illərdə təkcə ATİ-də 104 nəfər dissertasiya işi müdafiə edənlərdən 65 nəfərini milli kadrlar təşkil edirdi. 1930-cu ilə qədər Tibb fakültəsinin 24 nəfər professoru arasında yalnız 1 nəfər (Mirəsədulla Mirqasımov) azərbaycanlı olduğu halda 1940-cı ildə ATİ-də çalışan 40 nəfər professordan 20 nəfərini milli kadrlar təşkil edib. Bu həm də xalqımızın fitri istedadının, milli qürurunun, milli şüur potensialı yüksəkliyinin bariz nümunələrindəndir. Belə vətənpərvər Azərbaycan alimləri sırasında Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Əziz Əliyev, Cahangir Abdullayev, Cəlil Hüseynov, Kamil Balakişiyev, Ümnisə Musabəyli, Məmmədəmin Əfəndiyev, Fuad Əfəndiyev, Rüstəm Əliyev, İbrahim İsmayılzadə, Mirmehdi Mirsəlimov, Əlibəy Əlibəyov, Hüseyn Əliyev, Əbdüləhəd Həsənov və başqaları kimi milli dildə ilk dərslik və dərs vəsaitləri yazan görkəmli kadrlar olub. 1939-1945-ci illərdəki II Dünya müharibəsi dövründə ATİ-də ildə iki dəfə buraxılış keçirilib. Bu çətin anlarda alman faşizminə qarşı müharibədə Azərbaycan həkimləri də qələbəyə öz dəyərli töhfələrini veriblər. Onların həm ön cəbhədə, həm də Bakıdakı təxliyə hospitallarında yaralılara göstərdikləri yüksəkixtisaslı tibbi yardım, həmçinin Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Fuad Əfəndiyev, Həmid bəy Mahmudbəyov, Hüseyn Əliyev, Aslan Tahirov, Zülfüqar Məmmədov və başqaları kimi dünya şöhrətli alimlərin ixtiralarının cərrahi praktikaya tətbiqinin parlaq nəticələri bunun bariz nümunələrindəndir.

1945-ci ildə yaradılan Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 nəfər üzvündən üç nəfərinin (M.M.Mirqasımov, M.A.Topçubaşov, İ.İ.Şirokoqorov) ATİ-ni təmsil etməsi, onlardan da bir nəfərin (M.M.Mirqasımov) EA-nın ilk prezidenti seçilməsi, bir nəfərin (M.A.Topçubaşov) isə uzun illər akademiyanın vitse-prezidenti vəzifəsində çalışması qürurverici hallardandır.

1957-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna görkəmli dövlət xadimi, məşhur həkim və yazıçı Nəriman Nərimanovun adı verilib.

1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, hər sahədə olduğu kimi, Azərbaycan Dövlət Tibb İnstitutunun da həyatında yüksəlişə doğru böyük dönüş yaranıb. Onun qayğısı sayəsində digər ali məktəblərlə birlikdə, ATİ-nin də gənc kadrları keçmiş SSRİ-nin müxtəlif ali tibb təhsili müəssisələrində məqsədli aspirantura və doktoranturaya göndərilir, tibb kadrları hazırlığının həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri yaxşılaşdırılırdı. Bununla paralel olaraq Ulu Öndər tərəfindən ATİ-nin maddi-texniki bazasının genişləndirilməsi və möhkəmləndirilməsinə xüsusi diqqət yetirilirdi. 1980-ci ildə Ümummilli Liderin iştirakı ilə ATİ-nin yaradılmasının 50 illik yubileyinin keçirilməsi bu ali məktəbin həyatında böyük tarixi hadisəyə çevrilib. Məhz həmin ildə Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində ATİ-nin fədakar professor-müəllim heyətindən böyük bir qrup fəxri adlara, orden və medallara, mükafatlara layiq görülüb.

1991-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna universitet statusu verilib.

Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəlki, həm də müstəqillik dövründə daha üç dəfə Azərbaycan Tibb Universitetində olub. Onun 1976-cı ilin avqust ayında ATİ-nin rektoru professor Zəhra Quliyeva ilə birlikdə qəbul imtahanı auditoriyalarında abituriyentlərlə yaxından ünsiyyətdə olması, onlarla səmimi söhbətlər aparması böyük şəxsiyyətin təhsilə göstərdiyi yüksək qayğısının nümunə rəmzinə çevrilib. Ulu Öndər 1998-ci il sentyabrın 28-də bu ali tibb təhsili ocağının 5 nömrəli tədris binasının, 2000-ci ildə isə yeni unikal akt zalının açılışlarında və ATU-nun yaradılmasının 70 illik yubileyində iştirak edərək, Azərbaycan Tibb Universitetinə olan böyük qayğısını bir daha nümayiş etdirib. 2000-ci ildə məhz Heydər Əliyevin diqqət və qayğısı sayəsində ATU-nun ölkə üçün strateji əhəmiyyətə malik Hərbi-tibb fakültəsi, 2002-ci ildə bu ali tibb təhsili ocağının ilk klinikası - Tədris Stomatoloji Klinikası yaradılıb.

2003-2020-ci illər ATU-nun yeni müstəvidə yüksəliş illərinə çevrilib. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev ATU-ya olan dövlət qayğısının davamı kimi daha üç unikal klinikanın yaradılmasını təmin edib. Bu illər ərzində cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə bu qocaman ali tibb təhsili məktəbinin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşlərdə - ATU kollektivinə ərməğan etdikləri klinikaların təməlqoyma mərasimində və onların açılışlarında iştirak edərək dəyərli tövsiyələr verib, perspektiv planlardan danışıblar. Bu möhtəşəm klinikalar hazırda həm də Azərbaycan xalqına ləyaqətlə xidmət edən müalicə-profilaktika, müayinə-diaqnostika, reabilitasiya mərkəzlərinə çevrilib. Prezident İlham Əliyevin öz çıxışlarında da xüsusi olaraq vurğuladığı kimi, COVID-19 pandemiyası dövründə ATU-nun nəzdində olan və onun özünün qayğısı sayəsində tikilib istifadəyə verilən bu klinikalar ağır xəstələrin müalicəsində ölkəmiz, xalqımız üçün çox böyük sosial-strateji əhəmiyyətə malik olmasını sübuta yetirib. Cənab Prezident hələ 2010-cu ildə ATU-nun Tədris Terapevtik Klinikasının açılışında çıxış edərkən böyük uzaqgörənliklə deyib: "Bu gün bu korpusla tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən qəbul edilən qərar çox düzgün qərar idi, vaxtında atılmış qərar idi. Burada həm müalicə, həm diaqnostika, eyni zamanda tədris prosesinin yüksək səviyyədə təşkili üçün ən qabaqcıl texnologiyalar, avadanlıq və bütün müasir imkanlar vardır”. Cənab Prezidentin hələ 10 il bundan əvvəl söylədiyi bu müdrik kəlamlar COVID-19 pandemiyasının dünyanı ağuşuna aldığı bugünümüzdə də eyni güclə, eyni nida ilə səslənir.

Fəxrlə deyə bilərik ki, müasir dövrdə də Azərbaycan Tibb Universiteti möhtəşəm tarixə malik əzəmətli ali tibb müəssisəsi kimi tibb elmi, tibb təhsili sistemlərinin, müalicə-profilaktika işlərinin yerinə yetirilməsinin yenilməz bayraqdarıdır. Hər sahədə olduğu kimi, bu möhtəşəm tibb təhsili ocağının da zəngin tarixini bilmək və yaşatmaq, onu gələcək nəsillərə olduğu kimi çatdırmaq görüləcək xeyirxah işlərin tərkib hissəsini təşkil edir. ATU son onillikdə müasir layihələr üzrə aparılan yeni islahatlarla əsaslı surətdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Təhsil, elm və müalicə-profilaktika sahələrində əldə olunan müvəffəqiyyətlər birbaşa beynəlxalq əlaqələrin intensivliyinin, innovativ texnologiyaların geniş tətbiqinin, dünya standartlarına cavab verən yeni dövrə aid yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasının nəticəsi kimi qəbul edilir. Bu baxımdan ATU-da aparılan əsaslı dəyişikliklər təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına möhkəm zəmin yaradıb.

Son illərdə islahatlar yolu ilə elektron jurnalın tətbiqinə keçid, kafedralarda tələbələrin yekun və aralıq qiymətləndirilməsinin ATU-nun İmtahan mərkəzində aparılması, test suallarının yeni qaydalar üzrə tərtibi, dərsliklərin, plan və proqramların müasir tələblər səviyyəsinə uyğunlaşdırılması, beynəlxalq standartlara müvafiq olaraq bəzi kafedraların və ixtisasların ləğvi, identik kafedra və kursların birləşdirilməsi və s. kimi məqsədyönlü tədbirlər həm müəllimlər, həm də tələbələr tərəfindən rəğbətlə qarşılanır. Bütün bunlar Prezident İlham Əliyevin ATU-nun klinikalarının açılışındakı çıxışlarında söylədiyi proqram xarakterli nitqlərinin motivləri rəhbər tutularaq yerinə yetirilir.

ATU hələ yenicə təşəkkül tapdığı ilk illərdə qısa müddətdə - 1938-ci ildə tədris və elm sahələrində əldə etdiyi nailiyyətlərə, sağlam düşüncəli kollektivin novatorluq entuziazmı ilə yerinə yetirdiyi işlərin nəticələrinə görə keçmiş SSRİ-nin I dərəcəli qabaqcıl ali təhsil məktəbləri sırasına daxil edilib, 1980-ci ildə Sovetlər İttifaqının "Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülüb, 1996-cı ildə ilk dəfə Londonda nəşr olunan Dünya Ali Məktəbləri reyestrinə salınıb, 1998-1999-cu illərdə Avropa Ali Məktəblər Birliyinin və Beynəlxalq Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Son illərdə ATU-nun əməkdaşlarının dünyanın inkişaf etmiş ölkələrinin ali tibb təhsili müəssisələri ilə qarşılıqlı inteqrasiyaları və onların təhsil, elm, müayinə, müalicə-diaqnostika, tələbə-rezident mübadiləsi və s. sahələrdəki məhsuldar praktik nəticələri təsdiq edir ki, Azərbaycan Tibb Universitetinin beynəlxalq aləmdəki reytinqi hazırda ən yüksək göstəricilərə malikdir. 2018-ci ilin fevral ayında Azərbaycan Tibb Universiteti nəzdində "İnformasiya Sistemlərinin Təşkili və İdarəetmə Mərkəzi” yaradılıb, həmçinin 2019-cu ilin oktyabr ayında "Tədris metodik və innovasiya” şöbəsi bazası əsasında yenidən qurulan "Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsi” fəaliyyətə başlayıb. Bu mərkəzin və şöbənin fəaliyyəti sayəsində ATU-da bir çox sahələrdə işlərin tamamilə elektronlaşmasına, eləcə də innovativ islahatlar, inteqrativ layihələrin həyata keçirilməsi yolu ilə təhsilin keyfiyyətinin təmininə nail olunub.

Azərbaycan Tibb Universiteti hazırda inzibati binaya, 5 tədris korpusuna, 4 möhtəşəm tədris klinikasına, zəngin tibbi ədəbiyyata malik əsaslı kitabxanaya, 5 tələbə yataqxanasına, 400 və 200 yerlik 2 akt zalına, 6 fakültəyə, o cümlədən Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində yaradılan və strateji əhəmiyyət kəsb edən Hərbi-tibb fakültəsinə, 61 kafedraya, Elmi-Tədqiqat Mərkəzinə, "Təbib” idman-sağlamlıq klubuna, örtülü üzgüçülük hovuzuna, İmtahan mərkəzinə, İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinə, Treninq mərkəzlərinə, Elektron mikroskopiyası laboratoriyasına, "Təbib” nəşriyyatı və "Təbib” qəzeti redaksiyasına, Nabranda yerləşən "Şəfa” istirahət-sağlamlıq düşərgəsinə, Problem Elmi-Tədqiqat və kliniki müayinə laboratoriyalarına, eləcə də beynəlxalq aləmdə də şöhrət qazanmış "Çinar” xalq rəqs ansamblına və digər mədəni-kütləvi strukturlara malikdir.

2020-ci ilin əvvəllərinə olan məlumata görə, ATU-da çalışan 1300 nəfər əməkdaşdan 1100 nəfəri professor-müəllim heyətinə aiddir ki, onlardan da 183 nəfəri elmlər doktoru, 143 nəfəri professor, 3 nəfəri AMEA-nın, 1 nəfəri Polşa Tibb EA-nın həqiqi üzvü, 1 nəfəri RF EA-nın üzvü, 4 nəfəri RF EA-nın akademiki, 7 nəfəri AMEA-nın müxbir üzvü, 26 nəfəri Əməkdar elm xadimi, 45 nəfəri Əməkdar həkim, 41 nəfəri Əməkdar müəllim, 1 nəfəri Əməkdar jurnalist, 823 nəfəri fəlsəfə doktoru, 369 nəfəri dosent, 660 nəfəri assistent, 149 nəfəri baş müəllim, 56 nəfəri müəllim, 4 nəfəri fəxri bədən tərbiyəsi və idman işçisi, 2 nəfəri Əməkdar bədən tərbiyəsi və idman xadimidir. ATU-da həmçinin 268 nəfər baş laborant fəaliyyət göstərir.

Son onillikdə ATU-ya 10558 nəfər tələbə qəbul olunub (7988 nəfər - yerli, 2570 nəfər - xarici), 9889 nəfər (8791 nəfər - yerli, 1098 nəfər - xarici) məzun diplomuna layiq görülüb; həmin dövrdə qəbul olunan hərbi-feldşerlərin sayı - 354 nəfər olub, 1300 nəfər rezident, 184 magistr yeni qaydalar əsasında diplomdan sonrakı təhsilini başa çatdıraraq yüksəkixtisaslı mütəxəssis diplomuna layiq görülüb. Hazırda ATU-da 8 mindən çox tələbə, rezident və magistr təhsil alır. Ümumiyyətlə, bu vaxta qədər ATU-da, Tibb fakültəsi də daxil olmaqla, 75 mindən çox həkim və əczaçı hazırlanıb.

Azərbaycan tibb təhsili sisteminin beynəlxalq təhsil sisteminə tam uyğunlaşdırılması prosesinin uğurlu göstəriciləri özünü büruzə verməkdədir. Bunun pozitiv nəticələrindən biri də ondan ibarətdir ki, ATU-da tibb təhsili almaq istəyən xarici tələbələrin sayı ildən-ilə artır. Belə ki, 2020-ci ilin əvvəllərinə olan məlumata görə, bu tədris ocağında 2404 əcnəbi tələbə təhsil alır, onlardan 563 nəfəri hazırlıq kursu müdavimləridir ki, bu da Tibb Universitetinin beynəlxalq reytinqinin yüksəkliyinin göstəricilərindəndir. Hazırda ATU-da dərslər Azərbaycan və rus dili ilə yanaşı, ingilis dilində də müvəffəqiyyətlə davam etdirilir.

Son onillikdə Tibb Universitetində 55 elmlər doktoru, 307 fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilib, əməkdaşlar tərəfindən 120 monoqrafiya (110-u respublikada, 10-u xaricdə), 182 dərslik, 291 dərs vəsaiti, 289 metodik ədəbiyyat, 51 elmi əsərlər məcmuəsi, 14065 elmi iş çap olunub, 61 patent, 85 qrant alınıb.

2019-cu ildə ölkəmizin təhsil sisteminin bayraqdarı olan Bakı Dövlət Universitetinin 100 illik yubiley təntənələrini ATU kollektivi də böyük ruh yüksəkliyi ilə qeyd etdi. Bu yubiley həm də Azərbaycanda tibb elmi və tibb təhsili sistemlərinin 100 illik yubileyidir. 1919-cu il sentyabrın 1-də BDU-nun təşkilində fəal iştirak edən möhtəşəm həkimlər qrupu tərəfindən 100 il bundan əvvəl onun tərkibində həm də Tibb fakültəsi yaradılıb və bununla da Azərbaycanda tibb elmi və tibb təhsili sistemlərinin möhkəm əsası, bünövrəsi qoyulub. Təsadüfi deyildir ki, BDU-nun ilk rektoru da görkəmli cərrah-anatom, professor Vasili Razumovski olub. Tibb fakültəsi bütün maddi-texniki bazasını, mövcud kafedralarını, digər strukturlarını, eləcə də ən vacibi sayılan intellekt potensialını saxlamaqla Azərbaycan Dövlət Tibb İnstitutu, sonra isə Tibb Universiteti adı altında öz çoxillik səmərəli fəaliyyətini qürurla davam etdirir və 2019-cu ildə ölkəmizin tibb təhsili sisteminin yaranmasının 100 illik yubileyini fəxrlə qeyd etməyi bizə də haqq edib.

Ulu Öndər Heydər Əliyevin qoruyub saxladığı müstəqillik illərində də Azərbaycan Tibb Universitetinə, onun simasında Azərbaycan tibb elmi və tibb təhsilinə, müalicə, müayinə, diaqnostika və reabilitasiya işlərinə dövlət tərəfindən davamlı şəkildə göstərilən səmimi diqqət və qayğıya, möhkəm dayaq rolu oynayan ardıcıl köməyə görə möhtərəm Prezident İlham Əliyevə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Tibb Universitetinin bütün əməkdaşları, bütün tələbə-gəncləri adından, həmçinin öz adımdan dərin minnətdarlığımızı, səmimi təşəkkürlərimizi yetirirəm.

ATU-nun 90 illik yubiley tədbirlərinə hazırlığın yüksək səviyyədə həyata keçirilməsinin təşkilinə göstərdikləri mühüm və hərtərəfli köməklərinə, ölkəmizin bu qocaman ali tibb təhsili ocağının nüfuzunu daha da artırdıqlarına görə Azərbaycan Respublikası Səhiyyə və Təhsil nazirliklərinə səmimi-qəlbdən təşəkkür və minnətdarlıq etməyi özümə borc bilirəm.

Bu günlər Yer kürəsinin müxtəlif guşələrində yaşayan 50 milyondan çox Azərbaycan xalqı üçrəngli bayrağımıza sarılaraq Ali Baş Komandan, möhtərəm İlham Əliyevin bəxş etdiyi Zəfər Bayramının sevincini yaşayır.

Qürurlu və məğrur Sərkərdə - Ali Baş Komandan "Qarabağ Azərbaycandır!” deyərək rəşadətli Silahlı Qüvvələrimizlə birlikdə hamını ayağa qaldırdı, xalqımız haqq, ədalət diplomatiyasını sinəsinə qalxan edərək müqəddəs torpaqlarımızın - doğma Qarabağımızın erməni işğalından azad edilməsi uğrunda döyüş meydanına atıldı və qalib gəldi. Böyük Sərkərdəmiz dünyanın müxtəlif ölkələrinin 30-dan artıq jurnalistlərinə verdiyi möhtəşəm müsahibələri ilə Azərbaycana qarşı yönələn ideoloji müharibədə də qalib gəldi, dosta da, düşmənə də sübut etdi ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır.

Beynəlxalq aləmdə böyük nüfuza malik dövlətimizin rəhbərliyini - Qarabağın erməni işğalından azad edilməsi uğrunda Qəhrəmanlıq Tarixi yazan, bu yolda xarüqələr yaradan Ali Baş Komandanımızı, xalqımıza, Silahlı Qüvvələrimizə mənəvi dayağı, dəstəyi ilə seçilən və sevilən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı, Rəşadətli və Müzəffər Ordumuzu, qədirbilən, vətənsevər Azərbaycan xalqını, bütün səhiyyə və təhsil işçilərini, həkim və əczaçıları, Azərbaycan Tibb Universiteti kollektivini, tələbə, rezident, doktorant, dissertant, magistr və bakalavrları, ATU-nun dünyanın müxtəlif regionlarına səpələnmiş və həkimlik andına sədaqətlə əməl edən bütün məzunlarını hamımızın əzəmətli intellekt məbədi olan bu ali tibb təhsili ocağının yaranmasının 90 illik yubileyinin qədəmlərinin dövlətimiz və xalqımız üçün düşərli və sayalı olması münasibətilə ürəkdən təbrik edir, hamıya yeni uğurlar, yeni nailiyyətlər, yeni qələbələr arzulayıram.

Doğma Vətən uğrunda şəhidlik, ölməzlik zirvəsinə yüksələn və şanlı qəhrəmanlıq nümunəsi göstərən bütün şəhidlərimizin müqəddəs ruhu şad olsun deyirəm. Şəhidlər ölmür, şəhidlər ölməzliyə qovuşur! Daim hər bir canlıdan daha canlı olan qalib və məğrur şəhidlərimizin də ruhu bizimlə birlikdə deyir: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Gəray GƏRAYBƏYLİ,

ATU-nun rektoru, professor



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM