27 Aprel 2021 00:43
1876
SİYASƏT
A- A+

Azərbaycan tarixi ədalətin bərpasını tələb edir

 

Prezident İlham Əliyev Co Baydenin məlum bəyanatını yanlış və qəbuledilməz saydı

 

Dünya erməniliyinin bədnam “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün ortaya atdığı yalanlardan biri saxta soyqırımı iddialarıdır. On illərdir bu barədə  hay-həşir salsalar da, indiyə qədər ortaya fakt qoya bilməyiblər. Ermənistanın baş vermiş hadisələrin araşdırılması məqsədilə Türkiyənin ortaq komissiya yaratmaq  təklifinə müsbət cavab verməməsi də soyqırımı iddialarının həqiqətə söykənmədiyini göstərir.

 

ABŞ prezidenti tarixi səhvini etdi

 

Buna baxmayaraq, təəssüflə qeyd etməliyik ki, müasir dünyamız erməni yalanlarına və beynəlxalq səviyyədə göstərilən himayədarlığa şahidlik etməkdədir. Aprelin 24-də ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması bunun növbəti nümunəsidir. Co Baydenin dedikləri tarixin təhrifindən, yerləşdiyi regonun söz sahibi olan Türkiyə dövlətinə qarşı nümayiş etdirilən qərəzdən başqa bir şey deyil.

Ermənistan saxta soyqırımı iddialarını heç bir faktla əsaslandıra bilməyib. Amma ermənilərin 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif bölgələrində, 1915-ci ildə Türkiyənin əyalətlərində kütləvi qətliamlar törətdlikləri barədə faktlar kifayət qədərdir. 613 nəfər azərbaycanlının qətlə yetirildiyi Xocalı soyqırımı isə lap yaxın tariximizdə, 1992-ci ildə baş verib.

Amma C.Bayden Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib. Yüz il bundan öncə baş verən hadisələr təhrif olunmuş şəkildə təqdim edilərkən, cəmi 29 il əvvəl Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına hələ də ədalətli qiymətin verilməməsi ancaq və ancaq qərəzliliyin nümunəsidir.

Erməni terror təşkilatlarının üzvləri 1973-cü ildən başlayaraq xaricdə yaşayan türklərə qarşı törətdikləri terror aktları nəticəsində 31-i diplomat və onların ailə üzvləri olmaqla, ümumilikdə 58 Türkiyə vətəndaşını qətlə yetiriblər. Bu terror hadisələrinin bir neçəsi elə ABŞ-da törədilib. Bu gün Ermənistan Konstitusiyasında başqa bir dövlətə qarşı ərazi iddiası olan yeganə ölkədir. Ermənistan həm də dünyada terrorçuya heykəl qoyan yeganə dövlətdir. 30 ilə yaxın idi ki, bu ölkə Azərbaycanın torpaqlarını işğal altında saxlayırdı.

Bütün bunları C.Bayden də yaxşı bilir. Bu mənada onun bunları görməzliyə vuraraq saxta erməni iddialarını dilə gətirməsi qərəzdən başqa bir şey deyil. ABŞ prezidenti bu davranışı ilə ölkəsinə də başucalığı gətirmədi.

ABŞ prezidentinin dedikləri Azərbaycanda da ciddi etirazla qarşılanıb. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında  C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatın yanlış olduğunu bildirib və onu tarixi səhv adlandırıb. Bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

 

Alətə çevrilən ermənilər

 

C.Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən uzaq olublar. ABŞ kimi bir ölkənin rəhbərinin bu cür danışması həm də elə bu ölkənin özündə tarixi həqiqətlərin olduğu kimi öyrənilməsinin vacibliyini düşünənlər tərəfindən təəssüf hissi ilə qarşılanır. Bir çoxları C.Baydenin dediklərini onun erməni sevgisinin göstəricisi kimi qəbul edir. Dünya erməniliyi də bu hadisədən sonra sevinir, soyqırımı iddiaları üzərindən bayram edir. Amma baş verənləri daha dərindən və strateji dəyərləndirən  ermənilər də anlayırlar ki, bu, əslində onların əleyhinə atılmış bir addımdır. Xüsusən də Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi qələbəsindən sonra regionda yeni əməkdaşlıq imkanlarının yarandığı, Ermənistanın qonşu dövlətlərlə əlaqələri üçün əlverişli şəraitin formalaşdığı bir vaxtda ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi insanları düşündürməyə bilməz. Görünən odur ki, dünyanın bir sıra yerlərində xalqları və dövlətləri müharibələrə düçar edən, məhrumiyyətlərə məruz qoyan ABŞ Ermənistanın və erməni xalqının böhrandan çıxmasında maraqlı deyil. Bu baxımdan Co Baydenin dedikləri ona dəlalət edir ki, əslində  ABŞ prezidenti “soyqırımı” ifadəsini işlətməklə ermənilərə can yandırmayıb. Sadəcə yeni reallıqlar fonunda “soyqırımı” pərdəsinə bürünməklə ABŞ Ermənistan və dünya erməniliyi kimi siyasi alətini itirmək istəmir, eyni zamanda regionda yeni əməkdaşlığın yaranmasında maraqlı deyil. Xatırladaq ki, Prezident İlham Əliyev də Rəcəb Tayyib Ərdoğanla telefon danışığında  C. Baydenin açıqlamasının regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib.

Elə Ermənistanın hazırkı halı da bu ölkənin ABŞ-da mənzillənən Soros fondu kimi təşkilatların girovluğunda olduğunu göstərir. Sorosun bu ölkədə üçtərəfli bəyanatlara qarşı əhvali-ruhiyyəni qızışdırdığı heç kimə sirr deyil.

ABŞ prezidentinin dediklərinin heç bir hüquqi əsası yoxdur və ermənilərin saxta soyqırımı iddiaları ilə bağlı heç nəyi dəyişməyəcək. Eyforiyadan ayıldıqdan və Baydenin dediklərinin heç bir əhəmiyyət kəsb etmədiyini gördükdən sonra anlayacaqlar ki, bu kimi hadisələrlə əslində özləri özlərini aldadıblar. Və həm də anlayacaqlar ki, Bayden indiyə qədər heç bir ABŞ prezidentinin demədiyini dilə gətirməklə ermənilərdən sadəcə alət kimi istifadə edibmiş.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video