19 Oktyabr 2012 01:10
257
PARLAMENT
A- A+

Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti var

 

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç dünən Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdü. Bakir İzetbeqoviç öncə Milli Məclisin iclas zalına baxdı və deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qonaqlar Milli Məclisdəki ulu öndər Heydər Əliyev Xatirə zalı ilə tanış oldular. Bakir İzetbeqoviç xatirə kitabına ürək sözlərini yazdı.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə tərəflər arasında görüş keçirildi. Bosniya və Herseqovinanın Azərbaycanın dostu olduğunu deyən Oqtay Əsədov bildirdi ki, bu səfər iki ölkə arasındakı əlaqələrin inkişafına şərait yaradacaq və gələcək əməkdaşlığa böyük töhfə verəcək. Onun sözlərinə görə, iki ölkəni bir-birinə bağlayan bir sıra amillər var. Hər iki ölkə eyni dövrdə müstəqilliyə qovuşub: "Təəssüf ki, bu dövrdə həm Azərbaycanda, həm də Bosniya və Herseqovinada dramatik hadisələr baş verib. Buna görə də ölkələrimiz, xalqlarımız bu istiqamətdə bir-birlərini daha yaxşı başa düşür və beynəlxalq təşkilatlarda bir-birlərinin mövqelərini hər zaman dəstəkləyirlər".

Erməni silahlı birləşmələrinin Azərbaycanda törətdikləri qətliamları, xüsusən də, Xocalı soyqırımını xatırladan Oqtay Əsədov diqqətə çatdırdı ki, bir çox ölkələrin parlamentlərində bu, soyqırımı aktı kimi tanınıb. Bosniya və Herseqovina parlamentində də bu soyqırımına qiymət verilsə, Azərbaycan üçün çox önəmli olardı.

Azərbaycan ilə Bosniya və Herseqovinanın əlaqələrinin gələcək inkişafından danışan Milli Məclisin Sədri qeyd etdi ki, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin hüquqi bazasını təmin edəcək, siyasi və iqtisadi inkişafa dəstək verəcək. Oqtay Əsədov dedi ki, hər iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün hökumətlərarası iqtisadi komissiyanın yaradılması vacibdir

Həm Bosniya və Herseqovinanın, həm də Azərbaycanın parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün bu dostluq qruplarının fəaliyyəti gücləndirilməlidir.

Bakir İzetbeqoviç isə bildirdi ki, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi üçün dostluq qrupunun fəaliyyətinin gücləndirilməsinə yaxından dəstək göstərəcək. O, bu baxımdan qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini diqqətə çatdırdı: "Ölkələrimizin tarixləri arasında bir-birinə bənzər cəhətlər mövcuddur. Tariximizdə bir-birinə bənzəyən ağrılı səhifələr də olmuşdur. Biz bu amilləri nəzərə alaraq dünyada sülhün möhkəmləndirilməsinə çalışmalıyıq. Xocalı ilə bağlı qətnamənin qəbul olunması da məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Bakir İzetbeqoviç bu problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normaları və prinsipləri əsasında həll olunmasının vacibliyini qeyd etdi.

Qeyd edildi ki, səfər çərçivəsində keçirilən görüşlər hər iki ölkə arasındakı münasibətlərin genişləndirilməsinə xidmət edir. Qonaq həm siyasi, həm də iqtisadi sahədəki mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini söylədi: "Ümid edirəm ki, Azərbaycan qazı bizim ölkəyə də çatacaqdır. Çünki bu qaza və Azərbaycanın sərmayələrinə bizim də ehtiyacımız vardır. Azərbaycan sərmayələrinin yatırılması üçün Bosniya və Herseqovinada əlverişli investisiya mühiti var".

 

"Azərbaycan"

Foto F.BAĞIROVUNDUR

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video