09 Sentyabr 2012 02:09
643
Qanunlar
A- A+

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

1. Azərbaycan Respublikasının Şəhərsalma  və Tikinti Məcəlləsi təsdiq edilsin.

2. Məcəllənin aşağıdakı müddəaları bu maddədə nəzərdə tutulmuş müddətdə və qaydada qüvvəyə minir:

2.1. şəhərsalma və tikinti sahəsində bələdiyyələrin səlahiyyətlərinə,  şəhərsalma və tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair müddəalar - həmin məsələlərlə bağlı müvafiq qanunlar qəbul edildikdə;

2.2. tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 3 il sonra.

3. Məcəllənin bu qanunun 2-ci maddəsində nəzərdə tutulmuş  müddəaları istisna olmaqla, Şəhərsalma və Tikinti Məcəlləsi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

4. Məcəllənin qüvvəyə mindiyi gündən "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 473; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 241; 2007, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2009, № 5, maddə 310,  № 12, maddə 948; 2010, № 4, maddə 275) ləğv edilir.

5. Şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Məcəlləyə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır.

6. Məcəllə qüvvəyə minənədək qüvvədə olan ərazi  planlaşdırılması sənədləri həmin sənədlərdə müəyyən edilmiş müddətdə hüquqi qüvvəsini saxlayır. Bu sənədlər məqsəd və  məzmun baxımından Məcəllənin V fəslinin müddəalarına uyğunlaşdırılmalı, eləcə də Məcəllə ilə müəyyən edilmiş qaydada elan olunmalıdır. Mövcud ərazi planlaşdırılması sənədlərində  dəyişikliklər Məcəllənin 32.1-32.3-cü, 34.1-34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7. Məcəllə qüvvəyə minənədək hazırlanmış və ya hazırlanmaqda olan, lakin təsdiq edilməmiş ərazi  planlaşdırılması sənədlərinə Məcəllənin müddəaları şamil olunmur. Bu cür ərazi  planlaşdırılması sənədləri barədə onların sifarişçiləri Məcəllədə nəzərdə tutulmuş qaydada ictimaiyyətə ətraflı məlumat verməli və həmin sənədləri öz saytlarında dərc etməlidirlər.

8. Məcəllə qüvvəyə minənədək torpaq islahatı ilə bağlı torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada kənd ərazilərində naturada işlənilmiş və təsdiq edilmiş yerquruluşu  planları müfəssəl planlara bərabər sayılır.

9. Məcəllə qüvvəyə minənədək verilmiş tikinti icazələri  Məcəllənin qüvvəyə mindiyi gündən 3 il müddətində qüvvədədir. Məcəllə qüvvəyə minənədək tikintiyə icazə verilməsi üzrə başlanılmış icraat Məcəllənin 75-76-cı maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

10. Məcəllənin qüvvəyə minməsindən əvvəl tikintisi başlanılmış və başa çatdırılmamış obyektlərin tikintisinə Məcəllənin yalnız XVI-XVIII fəsillərində nəzərdə tutulmuş müddəalar şamil olunur.

11. Məcəllə qüvvəyə minənədək tikintisinə icazə verilmiş, lakin Məcəlləyə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu yaşayış evlərinin tikintisinə nəzarət Məcəllənin 80.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

12. Məcəllə qüvvəyə minənədək ekspertizadan keçirilmiş, lakin  icrasına başlanılmamış tikinti layihələrinə dair ekspert rəyləri tikintiyə icazənin qüvvədə olduğu müddətdə etibarlıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2012-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video