03 Mart 2013 01:03
442
Fərmanlar
A- A+

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə

 

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra - Xidmət) hərbi geyim forması Xidmətin şəxsi heyəti üçün müəyyən edilmiş hərbi geyim əşyaları, fərqlənmə nişanları və hərbi ləvazimat dəstidir.

1.2. Hərbi geyim dəstinə aşağıdakılar aiddir:

1.2.1. üst geyimləri - palto, plaş, istiləşdirilmiş gödəkcə, kitel, gödəkcələr, şalvar, yubka və s.;

1.2.2. baş geyimləri - buxara papaq, qulaqlı papaq, furajka, şlyapa, pilotka və s.;

1.2.3. ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və s.;

1.2.4. digər əşyalar - köynək, yun köynək, şərf, əlcək, qalstuk, corab və s.

1.3. Hərbi qulluqçuların fərqlənmə nişanları, hərbi geyim formasında rəmzlərlə şərti təsvir olunmaqla, hərbçinin dövlət mənsubiyyətini, Xidmətə, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə mənsubiyyətini göstərir. Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqlənmə nişanları və onların təsviri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"ndə müəyyən edilir.

1.4. Fərqlənmə nişanlarına poqonlar, poqondakı nişanlar (emblemlər, ulduzlar və s.), qol, yaxalıq və döş nişanları (tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər zahiri fərqlənmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

1.5. Hərbi ləvazimata daxildir: qılınc, akselbant, bel kəməri, aşırma kəmər, şalvar qayışı, səhra jileti, əşya kisəsi, qumquma, bel üçün üzlüklər, səhra çantası, qobur və s.

1.6. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə, öz növbəsində, yay və qış geyimlərinə bölünür. Yay geyim forması nazik parçadan tikilir.

1.7. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.8. Səhra geyim forması döyüş şəraitində, naryadlarda (aparatda, idarə, şöbə, bölmə və növbədə olanlardan başqa), toplanışlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinilmək üçün nəzərdə tutulmuşdur.

1.9. Xüsusi geyimlər texniki və iş paltarlarına bölünür. Xüsusi texniki paltar xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən, avtomobil və zirehli texnikalara, təyyarələrə qulluq edən və texniki avadanlıqların və vasitələrin təmiri ilə məşğul olan hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Xüsusi iş paltarını isə hərbi qulluqçular yeməkxanada və tibb müəssisəsində geyinirlər.

1.10. Gündəlik geyim forması qalan bütün hallarda geyinilir.

1.11. İstiləşdirilmiş xüsusi paltarı (yarımkürk, gödəkcə, şalvar, xəz əlcək, yun köynək, keçə çəkmə və s.) hərbi qulluqçular iş vaxtı, hava temperaturunun aşağı olduğu şəraitdə keçirilən toplanışlarda, məşğələlərdə, təlimlərdə və işlərdə, xüsusilə soyuq iqlimli, güclü külək əsən bölgələrdə isə hər gün geyinirlər.

1.12. Yay paltarını hərbi qulluqçular yay vaxtı, hava temperaturunun yuxarı olduğu şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə, işlərdə, xüsusilə isti iqlimli bölgələrdə isə hər gün geyinirlər.

1.13. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim formasını, tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla, həmin tədbirləri keçirənlər (rəislər) müəyyən edirlər.

1.14. Xidmətdə həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular (Xidmətə toplanışlara çağırılmış hərbi vəzifəlilər), habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan şəxslər Xidmətin hərbi geyim formasını daşımaq hüququna malikdirlər.

1.15. Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqlənmə nişanları olan geyim formasını geyinməsi qadağandır.

1.16. Xidmətin hərbi qulluqçuları hərbi geyim formasını Xidmət rəisinin təsdiq etdiyi qaydalara uyğun olaraq daşıyırlar.

1.17. Hərbi qulluqçular hərbi geyim forması və hərbi ləvazimat ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər.

1.18. Xüsusi geyimin və hərbi ləvazimatın tərkibini, təsvirini və daşıma qaydalarını Xidmətin rəisi müəyyən edir.

2. Mərasim geyim forması

2.1. Xidmətin hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakılar aiddir:

2.1.1. palto - açıq boz rəngli;

2.1.2. kitel - tünd zeytun rəngli;

2.1.3. şalvar (qadınlar üçün yubka) - tünd zeytun rəngli;

2.1.4. şalvar qayışı - qara rəngli;

2.1.5. aşırma qayış - qızılı rəngli (yalnız zabitlər üçün);

2.1.6. köynək - ağ rəngli;

2.1.7. qalstuk - qara rəngli (qızılı rəngli sıxacla);

2.1.8. əlcək - ağ rəngli;

2.1.9. şərf - ağ rəngli;

2.1.10. corablar (qadınlar üçün bədən dərisi rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli;

2.1.11. tufli (qadınlar üçün - qış vaxtı uzunboğaz çəkmə) - qara rəngli;

2.1.12. baş geyimləri - boz rəngli təbii qaragül dərisindən buxara papaq (yalnız ali zabitlər üçün) və boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq (ali zabitlər və polkovniklər üçün), boz rəngli xəzdən qulaqlı papaq, yaxud furajka, qadınlar üçün şlyapa - tünd zeytun rəngli;

2.1.13. qılınc;

2.1.14. akselbant;

2.1.15. qadın çantası - qara rəngli.

2.2. Palto açıq boz rəngli yun parçadan tikilir, qızılı rəngdə üç böyük forma düyməsi ilə düymələnir, ikibortludur, qatlanan yaxalıqlıdır, yaxalıq taxılıb-çıxarılan və papağa uyğun boz rəngli dəridəndir. Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir. Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır. Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düymələri ilə düymələnir. Paltonun sağ (qadınlar üçün - sol) bortuna yaxanı düymələmək üçün paltonun rənginə uyğun adi düymə tikilmişdir. Paltonun yaxalıqlarının künclərinə ali zabitlər üçün tikmə, hərbi qulluqçuların qalan kateqoriyaları üçün isə qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir. Paltonun sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir. Ali zabitlər üçün paltonun yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir, yaxalıq təbii qaragül dərisindəndir və taxılıb-çıxarılandır. Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 1-8).

2.3. Kitel tünd zeytun rəngli parçadan tikilir. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngdə dörd (qadınlar üçün - üç) böyük forma düyməsi ilə düymələnir. Layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və orta forma düymələri ilə düymələnən, şaquli qırçınlı, fiqurlu qapaqlı iki döş cibi, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan kəsmə ciblər vardır. Kürəkdə, ortada, aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düymələri ilə düymələnir. Kitelin yaxalığının künclərində qızılı rəngdə metal yaxalıq nişanı (ali zabitlərdə palıd budaqları şəklində qızılı rəngdə tikmə yaxalıq nişanı) yerləşir. Kitelin sol qolunun xarici tərəfində dövlət mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir (şəkil 9-16).

2.4. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud üç-dörd düymə ilə düymələnir. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şalvarına qırmızı rəngli mahuddan kant (ali zabitlər üçün - qırmızı rəngli mahuddan lampas) tikilir (şəkil 9, 10, 13, 15).

2.5. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı olur. Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün yeddi ensiz halqa vardır (şəkil 11, 12, 14, 16).

2.6. Şalvar qayışı qara rəngdədir.

2.7. Aşırma qayış qızılı rəngdədir və yalnız zabitlər üçün nəzərdə tutulur.

2.8. Köynək uzunqol və qısaqol olmaqla, ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı, fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları manjetli və yarıqlıdır. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir. Köynək tünd zeytun rəngli taxılıb-çıxarılan poqonlarla geyinilir.

2.9. Qalstuk qara rəngdədir. İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngli metal sıxacla taxılır (şəkil 109).

2.10. Əlcək ağ rəngdədir. Mərasim geyim formasında əlcəkdən mütləq istifadə edilir.

2.11. Şərf ağ rəngdədir. Paltonun yaxalığının altına səliqə ilə qatlanmış vəziyyətdə salınır. Yun və ya ipək parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

2.12. Corablar qara rəngdədir. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon, yaxud yarımyun uzunboğaz corablar geyinirlər.

2.13. Yay tuflisi qara rəngli, laklıdır. Qış tuflisi qara rəngli xromdan hazırlanır. Tuflinin tənzimləyici rezinciyi və üst hissəsində bir zolaq tikişi vardır. Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın yay tuflisi qara rəngli, laklı, alçaqdabandır. Burnu ensizdir, arxa hissəsi möhkəmləndirilmişdir. Qadın qış tuflisi qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

2.14. Uzunboğaz çəkmə (qadınlar üçün

) qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

2.15. Buxara papaq boz rəngli təbii qaragül dərisindən tikilir. Təpə hissəsi qırmızı parçadandır və üzərində qızılı rəngli xətlər var. Qulaqlı papaq boz rəngli xəzdəndir, ali zabitlər və polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində sarjadan (ali zabitlər və polkovniklər üçün - ipəkdən) astar vardır. Mərasim geyim forması üçün qulaqlı papağın qızılı rəngli tikmə kokardası vardır (şəkil 90).

2.16. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır. Təpə hissəsinin kənarına həmin parçadan eni 3 mm olan kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3mm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində qızılı rəngli tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə ali hərbi rütbəsi olan zabitlər üçün iki, baş zabitlər üçün isə bir cərgə palıd yarpağı şəklində qızılı rəngdə naxışı olan tünd qızılı rəngli üzlük tikilir. Digər hərbi qulluqçular üçün zeytun rəngli parçadan tikilir. Qızılı (gizirlər və müddətdən artıq xidmət hərbi qulluqçuları üçün - qara) rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə bağlanılır (şəkil 93, 94).

2.17. Şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngdə tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir. Günlüyün üstünə ali zabitlər üçün iki, baş zabitlər üçün bir cərgə palıd yarpağı şəklində qızılı rəngdə naxışı olan tünd zeytun rəngli üzlük tikilir. Qızılı (gizirlər və müddətdən artıq xidmət hərbi qulluqçuları üçün - qara) rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə bağlanılır (şəkil 92).

2.18. Qılınc yalnız zabitlər üçün nəzərdə tutulur.

2.19. Akselbant qızılı rəngdədir.

2.20. Qadın çantası qara rəngdədir (şəkil 108).

3. Gündəlik geyim forması

3.1. Xidmətin hərbi qulluqçularının gündəlik geyim formasına aşağıdakılar aiddir:

3.1.1. istiləşdirilmiş gödəkcə - tünd zeytun rəngli;

3.1.2. plaş - tünd zeytun rəngli;

3.1.3. kitel - tünd zeytun rəngli;

3.1.4. demisezon gödəkcə - tünd zeytun rəngli;

3.1.5. yun köynək - yaxası üçbucaq, tünd zeytun rəngli;

3.1.6. şalvar (qadınlar üçün - yubka) - tünd zeytun rəngli;

3.1.7. şalvar qayışı - qara rəngli;

3.1.8. köynək - uzunqol və qısaqol, sarıya çalan açıq qəhvəyi rəngli;

3.1.9. qalstuk - tünd zeytun rəngli (ali zabitlərdə qara rəngli), qızılı rəngli sıxacla;

3.1.10. şərf - boz rəngli;

3.1.11. əlcək - qara rəngli;

3.1.12. corab (qadınlar üçün - bədən dərisi rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli;

3.1.13. tufli (qadınlar üçün - qış vaxtı uzunboğaz çəkmə) - qara rəngli;

3.1.14. baş geyimləri - boz rəngli təbii qaragül dərisindən buxara papaq (yalnız ali zabitlər üçün) və boz rəngli təbii qaragül dərisindən qulaqlı papaq (ali zabitlər və polkovniklər üçün), boz rəngli xəzdən qulaqlı papaq, furajka, pilotka, qadınlar üçün şlyapa - tünd zeytun rəngli;

3.1.15. qadın çantası - qara və ya ağ rəngli.

3.2. İstiləşdirilmiş gödəkcə tünd zeytun rəngli plaş parçasından (kostyum parçasından) tikilir, qatlanan yaxalıqlıdır. Yaxalıq süni dəridəndir və taxılıb-çıxarılandır. Ali zabitlər və polkovniklər üçün taxılıb-çıxarılan yaxalıq boz rəngli qaragül dərisindəndir. Gödəkcənin öz rəngində adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Gödəkcə birbortludur, öz rəngində dörd düymə ilə düymələnir və açıq yaxalıdır, yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Gödəkcənin sol qolunun xarici səthində dövlət mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir (şəkil 17-24).

3.3. Plaş tünd zeytun rəngli parçadandır, birbortludur, öz rəngində üç düymə ilə düymələnir, qatlanan yaxalıqlı və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastik toqqalı kəməri vardır. Kürəkdə, ortada, aşağıda şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən kəmərciklidir (ali zabitlər istisna olmaqla). Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan plaşın və onun kəmərinin elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri (ali zabitlər istisna olmaqla) vardır. Kəmərciklər plaş rəngli forma düymələri ilə düymələnir. Plaşın yaxalığının künclərinə ali zabitlər üçün tikmə, hərbi qulluqçuların qalan kateqoriyaları üçün isə qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir. Plaşın sol qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir. Döşəmədən plaşın ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 25-32).

3.4. Kitel tünd zeytun rəngli parçadandır. Açıq, birbortlu, qatlanan yaxalıqlıdır. Bortu ortadan qızılı rəngli dörd (qadınlar üçün - üç) böyük forma düyməsi ilə düymələnir. Layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və orta forma düymələri ilə düymələnən şaquli qırçınlı, fiqurlu qapaqlı iki döş cibi, habelə fiqurlu qapaqları orta forma düymələri ilə düymələnən yan kəsmə cibləri vardır. Kürəkdə, ortada, aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən tikiləndir. Kitel ətəyinədək astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır. Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta forma düymələri ilə düymələnir. Kitelin yaxalığının künclərində qızılı rəngli metal yaxalıq nişanı (ali zabitlərdə - palıd budaqları şəklində qızılı rəngli tikmə yaxalıq nişanı) yerləşir. Kitelin sol qolunun xarici tərəfində dövlət mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir. Ali zabitlər üçün kitelin yaxalığının kənarı boyunca və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant tikilir (şəkil 33-40).

3.5. Demisezon gödəkcə tünd zeytun rəngli parçadandır. Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə fiqurlu qapaqlı cibləri vardır. Kürəyi bütöv, düz siluetlidir. Qolları təktikişlidir. Aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir. Gödəkcənin qurşağı trikotajdandır. Yaxalığı dikdir, trikotajdandır, gödəkcənin parçasından hazırlanan taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir. Gödəkcənin sol qolunun xarici səthinə dövlətə mənsubiyyətini bildirən fərqlənmə qol nişanı tikilir (şəkil 41-48).

3.6. Yun köynək tünd zeytun rəngli yundan toxunur. Yaxası üçbucaq şəkilli açıqdır. Tünd zeytun rəngli taxılıb-çıxarılan poqonlar üçün elə həmin rəngdə kəmərcikləri vardır. Kəmərciklər yun köynəyin rənginə uyğun kiçik adi düymələrlə düymələnir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Sol qolunun xarici səthinə cib tikilir (şəkil 49-56).

3.7. Şalvar tünd zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə düymələnir. Şalvarın kəsmə yan cibləri və arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır. Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır. Qurşaqda kəmər üçün yeddi ensiz halqa vardır. Zabitlərin, gizirlərin və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının şalvarlarına qırmızı rəngli mahuddan kant (ali zabitlər üçün - qırmızı rəngli mahuddan lampas) tikilir (şəkil 57-64).

3.8. Yubka tünd zeytun rəngli parçadan tikilir. Tikilmə qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı vardır. Arxasında zəncirbənd və şlitsa vardır. Qabaqdan iki parçadan ibarətdir. Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün yeddi ensiz halqa vardır (şəkil 65-72).

3.9. Şalvar qayışı qara rəngdədir.

3.10. Köynək uzunqol və qısaqol olmaqla, sarıya çalan açıq qəhvəyi rəngli köynəklik parçadan tikilir. Tikilmə qatlanan yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri, şaquli qırçınlı fiqurlu qapaqlı iki döş cibi vardır. Qolları yarıqlı (yalnız uzunqol köynəkdə) və manjetlidir. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir. Köynək tünd zeytun rəngli taxılıb-çıxarılan poqonlarla geyinilir (şəkil 57-72).

3.11. Qalstuk tünd zeytun rənglidir (ali zabitlər üçün qara rəngdədir). İti ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən, metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla taxılır (şəkil 109).

3.12. Şərf boz rəngdədir, plaşın yaxalığının altından səliqə ilə qatlanmış vəziyyətdə salınır. Yun və ya ipək parçadan hazırlanır. Ölçüləri 120x20 sm-dir.

3.13. Əlcək qara rəngdədir.

3.14. Corab qara (göy) rəngdədir. Qadın hərbi qulluqçular bədən dərisi rəngində neylon, yaxud yarımyun uzunboğaz corab geyinirlər.

3.15. Tufli qara rəngdədir. Qış tuflisi qara rəngli xromdandır. Tənzimləyici rezinciyi vardır. Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir. Qadın yay tuflisi qara rəngli, alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir. Qadın qış tuflisi qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

3.16. Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli xromdandır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

3.17. Buxara papaq boz rəngli təbii qaragül dərisindən tikilir. Təpə hissəsi qırmızı parçadandır və üzərində qızılı rəngli xətlər var. Qulaqlı papaq boz rəngli xəzdəndir, ali zabitlər və polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir. Silindr formalıdır, dibcikdən, dövrədən və qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir. Qulaqlı papağın içində sarjadan (ali zabitlər və polkovniklər üçün - ipəkdən) astar vardır (şəkil 90).

3.18. Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır. Təpənin kənarında həmin parçadan eni 3 mm olan kant tikilir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli kant tikilir. Qabaq hissədə furajkanın dövrəsində qızılı rəngdə tikmə kokarda vardır. Furajkanın günlüyü tünd zeytun rənglidir. Günlüyün üstünə ali hərbi rütbəsi olan zabitlər üçün iki, baş zabitlər üçün isə bir cərgə palıd yarpağı şəklində qızılı rəngdə naxışı olan tünd qızılı rəngli üzlük tikilir. Digər hərbi qulluqçular üçün zeytun rəngli parçadan tikilir. Qızılı (gizirlər və müddətdən artıq xidmət hərbi qulluqçuları üçün - qara) rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə bağlanılır (şəkil 93, 94).

3.19. Şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qızılı rəngli çənəaltı qayışcıqdan və kiçik forma düymələrindən ibarətdir. Kitelin tikildiyi parçadan hazırlanır. Kənarları yanlardan və arxadan azca qaldırılmışdır. Kənarlarının eni 9 sm-dir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında qızılı rəngli tikmə kokarda vardır. Günlük tünd zeytun rəngindədir. Günlüyün üstünə zabitlər üçün bir cərgə palıd yarpağı şəklində qızılı rəngdə naxışı olan tünd zeytun rəngli üzlük tikilir. Qızılı (gizirlər və müddətdən artıq xidmət hərbi qulluqçuları üçün - qara) rəngli çənəaltı qayışcıq iki kiçik forma düyməsi ilə bağlanılır (şəkil 92).

3.20. Pilotka tünd zeytun rəngli parçadan tikilir. Pilotkaların yan səthinin yuxarı hissəsində ali zabitlər üçün 5 mm, digər zabitlər üçün 2 mm enində qızılı zolaq tikilir (şəkil 95).

3.21. Qadın çantası qara və ya ağ rəngdədir. Çantanı qadın hərbi qulluqçular gündəlik geyim formasında uzun qayışla daşıyırlar (şəkil 108).

4. Səhra geyim forması

4.1. Xidmətin hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakılar aiddir:

4.1.1. istiləşdirilmiş qış gödəkcəsi - kamuflyaj edilmiş;

4.1.2. istiləşdirilmiş qış şalvarı - kamuflyaj edilmiş;

4.1.3. yun köynək - tünd zeytun rəngli;

4.1.4. uzunqol mayka - kamuflyaj edilmiş (qara rəngli) parçadan alt paltarı;

4.1.5. şərf - tünd zeytun rəngli;

4.1.6. uzunboğaz botinka - qara rəngli;

4.1.7. əlcək - qara rəngli;

4.1.8. corab - qara rəngli;

4.1.9. qulaqlı papaq - boz rəngli xəzdən (ali zabitlər və polkovniklər üçün - boz rəngli təbii qaragül dərisindən), yaxud qış furajkası - kamuflyaj edilmiş;

4.1.10. yay gödəkcəsi - kamuflyaj edilmiş;

4.1.11. yay şalvarı - kamuflyaj edilmiş;

4.1.12. şalvar qayışı - tünd zeytun rəngli;

4.1.13. qısaqol mayka - kamuflyaj edilmiş parçadan alt paltarı;

4.1.14. bel kəməri - kamuflyaj edilmiş;

4.1.15. yay furajkası - kamuflyaj edilmiş;

4.1.16. plaş-çadır - kamuflyaj edilmiş.

4.2. İstiləşdirilmiş qış gödəkcəsi kamuflyaj edilmiş parçadan tikilir, dik yaxalıqlıdır. Yaxalıqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanılan kəsmə cib vardır. Yaxalığının sol tərəfinə tekstil lentlə bağlanan kəmərcik, yaxalığın hər iki kənarına isə tekstil lent tikilir. Başlıq astarlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcənin taxılıb-çıxarılan, süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır. Gödəkcənin içərisində bel səviyyəsindən və aşağı kənarından tənzimləyici qaytan keçirilir. Gödəkcənin sol qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağının üzərinə üstündə hərbi qulluqçunun soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir (şəkil 73-80).

4.3. Qış şalvarı istiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj edilmiş parçadan tikilir. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj rəngli parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır (şəkil 73, 74, 77 və 79).

4.4. Yun köynək tünd zeytun rənglidir, yundan toxunulur. Yaxası boğaza kimidir. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Üzərində heç bir fərqlənmə nişanı yoxdur.

4.5. Uzunqol mayka kamuflyaj edilmiş (qara rəngli) parçadandır.

4.6. Şərf tünd zeytun rəngli yun parçadandır. Ölçüləri 120x20 sm-dir.

4.7. Uzunboğaz botinka qara rəngdədir. Dabanı və altlığı bütövdür, qəliblənmişdir. Bağları vardır, burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

4.8. Əlcək qara rəngli yun ipdən toxunulur.

4.9. Corab qara rəngdədir və uzunboğaz botinka ilə geyinilir.

4.10. Qulaqlı papaq boz rəngli xəzdəndir, ali zabitlər və polkovniklər üçün boz rəngli təbii qaragül dərisindən tikilir, qara rəngli tikmə kokardası vardır (şəkil 90).

4.11. Qış furajkası kamuflyaj edilmiş parçadan hazırlanır. Üç yan, bir ön xişdəkdən, qulaqlıqdan (ali zabitlərdə istisna olmaqla) və günlük hissələrdən ibarətdir. İstiləşdirilmiş astarı vardır. Furajkanın ön xişdəyi üzərində Xidmətin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş qara rəngli tikmə (preslənmiş) kokarda vardır. Günlük üzərinə kamuflyaj parça çəkilmiş materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngli naxış vardır (şəkil 90).

4.12. Yay gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir, qatlanan yaxalıqlıdır. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər astarlıdır. Kürəyi bütövdür. Qolları ikitikişlidir, dirsək hissələrinə gödəkcənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir. Gödəkcənin sol qolunun xarici səthinə dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə qol nişanı tikilir. Gödəkcənin sağ döş cibinin qapağı üzərinə üstündə hərbi qulluqçuların soyadı, inisialı və qan qrupu (rezus-faktor) göstərilən qara rəngli döş nişanı tikilir (şəkil 81-88).

4.13. Yay şalvarı kamuflyaj rəngli parçadan tikilir. Şalvarla birlikdə biçilmiş qurşağı, üstdən tikilmiş və adi, görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır. Qurşaqda yan tikiş yerlərinin üstündə belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır (şəkil 81-88).

4.14. Şalvar qayışı tünd zeytun rənglidir.

4.15. Qısaqol mayka kamuflyaj edilmiş parçadandır.

4.16. Bel kəməri kamuflyaj edilmiş materialdandır.

4.17. Yay furajkası kamuflyaj edilmiş parçadandır. Üç yan, bir ön xişdəkdən və günlük hissələrdən ibarətdir. Furajkanın ön xişdəyinin üzərində Xidmətin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş qara rəngli tikmə (preslənmiş) kokarda vardır. İki arxa xişdək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır. Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş qara rəngli naxış vardır (şəkil 91).

4.18. Plaş-çadır kamuflyaj edilmişdir, yazda və payızda istifadə edilir (şəkil 89).

5. Fərqlənmə nişanları

5.1. Xidmətin hərbi qulluqçularının fərqlənmə nişanlarına poqonlar, qol, döş və yaxalıq nişanları, emblemlər, kokardalar, ulduzlar və s. aiddir.

5.2. Poqonlar hərbi rütbəni müəyyən etmək üçündür (şəkil 96-101). Poqonları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları daşıyırlar.

5.3. Poqonlar tikilmə və taxılıb-çıxarılan poqonlara bölünür:

5.3.1. tikilmə poqonlar gündəlik və mərasim geyim formasının palto, plaş, kitel, gödəkcə və köynəklərinə tikilir. Tikilmə poqonların yuxarı hissəsində, hərbi qulluqçuların heyətindən asılı olaraq, 15 mm diametrli müvafiq qızılı rəngli orta forma düyməsi yerləşdirilir. Tikilmə poqonların uzunluğu 120-180 mm, aşağı kənarının eni ali zabitlər üçün 56 mm, zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün 50 mm, yuxarı kənarının eni ali zabitlər üçün 40 mm, zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün isə 35 mm-dir (şəkil 99, 101);

5.3.2. taxılıb-çıxarılan poqonlar mərasim, gündəlik və səhra geyim formaları üçün fərqli müəyyən edilir. Taxılıb-çıxarılan poqonların uzunluğu 125 mm, aşağı hissəsinin eni 60 mm, yuxarı hissəsinin eni isə 45 mm-dir (şəkil 100-101). Ali zabitlərin taxılıb-çıxarılan poqonlarının ölçüləri onların tikilmə poqonlarının (səhra geyim formasından başqa) ölçüləri ilə eynidir.

5.4. Xidmətin hərbi qulluqçularının poqonlarının rəngləri tünd zeytun rəngində (səhra geyim formasının poqonları isə - kamuflyaj) müəyyən edilir. Mərasim geyim formasının poqonlarında qızılı rəngli naxış vardır. Ali zabitlərin tikilmə poqonlarının kənarlarında qırmızı rəngli kant vardır.

5.5. Xidmət rəisinin poqonlarının kənarları qızılı rəngli palıd yarpaqları ilə əhatələnmişdir. Səhra geyim formasının poqonları isə qara rəngli palıd yarpaqları ilə əhatələnmişdir (şəkil 97).

5.6. Ali zabitlərin bütün növ poqonlarında ulduzlar qızılı (səhra geyim formasından başqa) sapla toxunur. Ali zabitlərin poqonlarının aşağı kənarından 10 mm məsafədə qızılı (səhra geyim formasında - qara) rəngli emblem yerləşdirilir. Emblemin ölçüləri 42x27 mm-dir.

5.7. Baş zabitlərin poqonlarının aşağı kənarından 12 mm məsafədə Silahlı Qüvvələrin çarpazlaşdırılmış qılınclarsız qızılı (səhra geyim formasında - qara) rəngli 40x25 mm ölçülü emblemi yerləşdirilir.

5.8. Zabitlərin və gizirlərin tikilmə poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq səkkizguşəli ulduz və qızılı rəngli çarpazlaşdırılmış qılınclarsız (ancaq baş zabitlər üçün) Silahlı Qüvvələrin metal emblemi, taxılıb-çıxarılan (səhra geyim forması poqonlarından başqa) poqonlarında isə tikilmə və ya preslənmiş çarpazlaşdırılmış qılınclarsız (ancaq baş zabitlər üçün) sarı və qara (səhra geyim forması poqonları üçün) rəngli müəyyən olunur.

5.9. Zabitlərin və gizirlərin poqonlarında onların hərbi rütbələrinə müvafiq olaraq qızılı (səhra geyim formasının poqonlarında - qara) rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Ulduzların guşələrindən biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir. Ulduzların ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə müəyyən olunur.

 5.10. Zabitlərin poqonlarındakı ulduzların ölçüləri kiçik zabitlər üçün 17 mm, baş zabitlər üçün 22 mm, ali zabitlər üçün 25 mm-dir. Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir. Hərbi rütbədən asılı olaraq, poqonlarda ulduzların sayı aşağıdakı kimidir:

5.10.1. general-leytenant - 2 ulduz;

5.10.2. general-mayor - 1 ulduz;

5.10.3. polkovnik - 3 ulduz;

5.10.4. polkovnik-leytenant - 2 ulduz;

5.10.5. mayor - 1 ulduz;

5.10.6. kapitan - 4 ulduz;

5.10.7. baş leytenant - 3 ulduz;

5.10.8. leytenant - 2 ulduz;

5.10.9. kiçik leytenant - 1 ulduz.

5.11. Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqlənmə poqonları 101-ci şəkildə təsvir edilmişdir.

5.12. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dövlət mənsubiyyətinə görə fərqlənmə qol nişanı Xidmətin hərbi qulluqçularının geyim formasında (yun, uzunqol, qısaqol köynəklər və xüsusi iş paltarları istisna olmaqla) daşınmaq üçün nəzərdə tutulur. Xidmətə mənsubiyyətinə görə fərqlənmə döş nişanı Xidmətin bütün hərbi qulluqçularının kitel, demisezon gödəkçə və qısaqol köynəklərində daşınmaq üçün nəzərdə tutulur. Xidmətin hərbi qulluqçularının Xidmətə mənsubiyyətini göstərən metal və ya parça fərqlənmə döş nişanını Xidmətin zabitləri, gizirləri və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları daşıyırlar. Fərqlənmə yaxalıq nişanı (ali zabitlər istisna olmaqla) 26x28 mm ölçüdə qızılı rəngdə müəyyən olunur (şəkil 102, 103, 106, 107).

5.13. Ali zabitlər üçün paltoların yaxalıqlarının künclərində qırmızı rəngli parça üzərində və kitellərin yaxalıqlarının künclərində palıd budaqları şəklində qızılı rəngli tikmə yaxalıq nişanı olur (şəkil 107).

5.14. Kokardalar hərbi qulluqçuların Xidmətə mənsubiyyətini göstərən fərqlənmə əlaməti kimi, baş geyimlərində daşınmaq üçün nəzərdə tutulur (şəkil 104). Kokardası olan bütün növ baş geyimlərində (səhra geyim formasından başqa) qızılı rəngli parçadan kokarda olur. Səhra geyim formasındakı kamuflyaj furajkada qara rəngli parçadan kokarda olur.

5.15. Kokardaların ölçüləri (şəkil 105):

5.15.1. ali zabitlər üçün tünd zeytun rəngli furajkalarda 131x67 mm, papaq, kamuflyaj furajka və pilotkada 80x50 mm-dir;

5.15.2. zabitlər üçün 68x58 mm-dir;

5.15.3. gizirlər üçün 48x52 mm-dir.

5.16. Kokarda bütün növ baş geyimlərinin (pilotkadan başqa) ön tərəfində yerləşdirilməlidir. Pilotkada kokardalar sol tərəfdə yerləşdirilir.

5.17. Kokarda aşağıdakı qaydada yerləşdirilir (şəkil 105-106):

5.17.1. buxara papaqda - papağın aşağı kənarından 50 mm məsafədə;

5.17.2. qulaqlı papaqda - qulaqlı papağın aşağı kənarından 40 mm məsafədə;

5.17.3. furajkada - dekorativ çənəaltı qayışcığın yuxarısında;

5.17.4. kamuflyaj və qara rəngli iplik furajkada - günlükdən 5 mm məsafədə;

5.17.5. şlyapada - dekorativ çənəaltı qayışcığın yuxarısında;

5.17.6. pilotkada - sol tərəfdə, pilotkanın aşağı və ön kənarından kokardanın aşağı və yan kənarınadək 20 mm məsafədə.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video