11 Iyul 2015 12:07
412
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

№ 247                         Bakı şəhəri, 29 iyun 2015-ci il

 

“Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının  2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2015-ci il 29 iyun tarixli 247 nömrəli qərarı ilə

 

təsdiq edilmişdir

 

 

 

 

Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün

Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm

şirkətlərinin akkreditasiyadan keçməsi

 

Q A Y D A S I

 

  1. 1.    Ümumi müddəalar

 

1.1.                Bu Qayda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 38.7-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün  Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində (bundan sonra - Nazirlik) akkreditasiyadan keçməsi qaydasını müəyyən edir.

1.2.        Turizm fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) əsasında   1 (bir) ildən az olmayaraq fəaliyyət göstərən turizm şirkətləri akkreditasiyadan keçmək üçün müraciət etmək hüququna malikdirlər.

 

  1. 2.    Akkreditasiya qaydası

 

2.1.                Akkreditasiyadan keçmək üçün turizm şirkəti ərizə ilə Nazirliyə müraciət etməlidir.

2.2.                Ərizədə aşağıdakılar göstərilməlidir:

2.2.1.          turizm şirkətinə verilmiş lisenziyanın qeydiyyat nömrəsi;

2.2.2.          turizm şirkətinin əlaqələndirici şəxsi haqqında məlumat.

2.3.                Ərizəyə turizm şirkətinin son 3 (üç) ay ərzində Azərbaycan Respublikasına gətirdiyi xarici turistlərin sənədlərinin surətləri (xarici turizm şirkəti və ya turistlərlə bağladığı müqavilənin (vahid bir sənədin) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən sənədlər mübadiləsi formasında bağlanmış müqavilələr üzrə yazışmanın, habelə bu cür müqavilə əsasında edilmiş ödənişlər üzrə sənədlərin surətləri) əlavə edilməlidir.

2.4.                Ərizəyə Nazirlik tərəfindən baxılmasının  və qərar qəbul edilməsinin ümumi müddəti 10 (on) iş günüdür.

2.5.                Ərizə Nazirliyə daxil olduqdan ilk 5 (beş) iş günü ərzində onun bu Qaydanın 2.1-2.3-cü bəndlərində müəyyən edilmiş tələblərə cavab verməsi məsələsi araşdırılır. Əgər hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə sorğu göndərilir və 3 (üç) iş günü müddətində ərizənin həmin tələblərə uyğunlaşdırılması təklif edilir. Sorğuya cavab verildikdə, həmin cavaba ümumi müddətin qalan hissəsi ərzində baxılır.

2.6.                Nazirlik tərəfindən ərizəçiyə sorğu verildikdə, həmin ərizəçi 3 (üç) iş günü müddətində tələb edilən məlumatları və (və ya) sənədləri təqdim etməlidir.

2.7.                Ərizəyə Nazirlik tərəfindən baxılması nəticəsində akkreditasiyadan imtina üçün əsas olub-olmaması araşdırılaraq, turizm şirkətinin akkreditasiyadan keçməsi və ya akkreditasiyasından imtina barədə qərar qəbul edilir, bu barədə ərizəçiyə məktub verilir.

2.8.                Turizm şirkətinin akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:

2.8.1.          Nazirlik tərəfindən sorğu edilən sənədlər və (və ya) məlumatlar təqdim edilmədikdə və ya natamam olduqda;

2.8.2.          təqdim edilmiş sənədlərdə yanlış məlumatlar olduqda.

  2.9. Akkreditasiyadan imtinaya səbəb olmuş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra həmin turizm şirkəti turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün yenidən müraciət edə bilər.

 

  1. 3.                  Akkreditasiya müddəti, akkreditasiyanın

qüvvədən düşməsi və ləğvi

 

3.1.                Turizm şirkəti turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın qüvvədə olduğu müddətə akkreditasiya olunur.

3.2.  Turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda, bu Qaydaya uyğun verilmiş turizm şirkətinin akkreditasiyasının da qüvvəsi eyni müddətə dayandırılır.

3.3.                Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir:

3.3.1.          turizm şirkətinin müvafiq müraciəti olduqda;

3.3.2. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın müddəti bitdikdə;

3.3.3. turizm fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə.

3.4.  Turizm şirkətinin akkreditasiyası aşağıdakı hallarda ləğv edilir:

3.4.1. bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq turizm şirkətinə xəbərdarlıq olunduqdan sonra müvafiq statistik məlumatlar təkrarən təqdim edilmədikdə;

3.4.2. akkreditasiyadan keçməsi üçün təqdim edilən sənədlərdə yanlış məlumat aşkar edildikdə.

 

  1. 4.    Yekun müddəalar

 

4.1.  Akkreditasiyadan keçmiş, akkreditasiyası qüvvədən düşmüş və ya ləğv edilmiş turizm şirkətləri haqqında məlumat Nazirliyin internet səhifəsində, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilir.

4.2.                Akkreditasiyadan keçmiş turizm şirkətləri Nazirlik tərəfindən təqdim olunmuş hesabat formasına uyğun olaraq hər rübün ilk 10 (on) günü ərzində ötən rüb üzrə elektron viza rəsmiləşdirilməsi ilə bağlı statistik məlumatları Nazirliyə təqdim etməlidir. Statistik məlumatlar bu müddət ərzində təqdim edilmədikdə, Nazirlik tərəfindən ona xəbərdarlıq məktubu göndərilir və təkrarən tələb edilir.

4.3.  Nazirliyin vəzifəli şəxslərinin akkreditasiya ilə bağlı qəbul etdiyi qərarlardan və hərəkətlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

4.4.  Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun olaraq edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video