19 Dekabr 2015 01:12
650
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 371

 

№ 371                                 Bakı şəhəri, 1dekabr 2015-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 553) təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.7-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.7. Sertifikasiya Şurası:
2.7.1. səhiyyə mütəxəssislərinin sertifikasiyasının aparılmasını təşkil edir;
2.7.2. sertifikasiya imtahanlarının suallar toplusunu təsdiq edir;
2.7.3. sertifikasiya işinə cəlb olunmuş mütəxəssislərin fəaliyyətinin əsaslarını və iş qaydasını müəyyən edir;
2.7.4. sertifikasiya imtahanlarının yekunu üzrə səhiyyə mütəxəssislərinə şəhadətnamə verilməsi məsələsini həll edir;
2.7.5. sertifikasiya imtahanının aparılması və nəticələri ilə bağlı ərizə və şikayətlərə baxır;
2.7.6. Şuranın iclaslarında baxılan məsələlər üzrə qərarlar qəbul edir, bu qərarların icrasına nəzarət edir.”.
2. 2.8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.8. Səhiyyə mütəxəssislərinin sertifikasiyası aşkarlıq və şəffaflıq şəraitində həyata keçirilir. Səhiyyə mütəxəssisləri test və klinik (təcrübi) tapşırıq hissələrindən ibarət suallar vasitəsilə sertifikasiya imtahanına cəlb edilirlər.”.
3. 2.13-cü bəndin ikinci cümləsində, 2.14-cü və 2.15-ci bəndlərdə ismin müvafiq hallarında “test və müsahibə” sözləri ismin müvafiq hallarında “sertifikasiya imtahanı” sözləri ilə əvəz edilsin.
4. 2.17-ci bənddə “test imtahanlarını və müsahibələri” sözləri “sertifikasiya imtahanlarını” sözləri ilə, ikinci cümləsində “sertifikasiya prosesini” sözləri “sertifikasiya imtahanını” sözləri ilə, “test imtahanı və ya müsahibə üçün Nazirliyə” sözləri “Nazirliyə sertifikasiya imtahanına” sözləri ilə, 2.18-ci bənddə “test imtahanının və müsahibənin” sözləri “sertifikasiya imtahanının” sözləri ilə əvəz edilsin.
5. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
“3. Sertifikasiya imtahanı
3.1. Sertifikasiya imtahanının keçirilməsinə 30 (otuz) gün qalmış imtahana cəlb olunan hər bir şəxs Sertifikasiya Şurasının internet səhifəsində bu barədə məlumat yerləşdirmək yolu ilə və imtahana cəlb olunan şəxslərin təqdim etdikləri mobil telefon nömrələrinə sms göndərməklə, yaxud elektron poçt ünvanlarına yazmaqla məlumatlandırılır.
3.2. Sertifikasiya imtahanına cəlb edilən hər bir səhiyyə mütəxəssisinə şəxsi eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və imtahan zamanı şəxsin anonimliyinin qorunmasına xidmət edir.
3.3. Sertifikasiya imtahanına cəlb edilən hər bir şəxsə imtahana buraxılış vərəqəsi və yaddaş kitabçası verilir. İmtahana buraxılış vərəqəsinə imtahanda iştirak edən şəxsin fotoşəkli yapışdırılır və orada şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, tarix, vaxt, auditoriyanın nömrəsi göstərilir. İmtahana buraxılış vərəqəsinə şəxsin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş şəxs imtahandan kənarlaşdırılır.
3.4. Sertifikasiya imtahanına gələn şəxslər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda, həmin şəxs imtahana buraxılmır.
3.5. Sertifikasiya imtahanının keçirilməsini təmin etmək məqsədi ilə Sertifikasiya Şurası imtahan rəhbərini və imtahan nəzarətçilərini təyin edir. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır.
3.6. Sertifikasiya imtahanında yol verilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı Sertifikasiya Şurası tərəfindən müəyyən olunur və yaddaş kitabçasına daxil edilir.
3.7. Şəxs sertifikasiya imtahanının keçirilmə qaydalarını pozduqda imtahanın rəhbəri və nəzarətçi tərəfindən bu barədə akt tərtib edilir və həmin şəxs imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, həmin şəxsin imtahan nəticələri Sertifikasiya Şurası tərəfindən ləğv edilir.
3.8. Sertifikasiya imtahanının sualları iki hissəyə (test və klinik tapşırıq) bölünür və məxfilik gözlənilməklə, Sertifikasiya Şurası tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 (on) dəfə çox olmalıdır. Suallar toplusu hər il 10-20 faiz yeniləşdirilir.
3.9. Sertifikasiya Şurası imtahan suallarının test hissəsinə dair düzgün cavabların siyahısını tərtib edir və məxfiliyin gözlənilməsi şərtilə xüsusi ayrılmış yerdə saxlanılmasını təmin edir.
3.10. İmtahan suallarının test hissəsi informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 60 (altmış) sualdan ibarət olan sual vərəqəsində qeyd olunur. Sual vərəqəsinə daxil edilən sualların mürəkkəblik üzrə proporsiyası Sertifikasiya Şurası tərəfindən müəyyən edilir.
3.11. İmtahan suallarının klinik tapşırıq hissəsi sertifikasiyaya cəlb edilən səhiyyə mütəxəssisinin ixtisasına aid, habelə onun praktiki bilik səviyyəsini və peşə vərdişlərini müəyyən edən 5 (beş) klinik tapşırıqdan ibarət olur və sual vərəqəsində qeyd olunur. Klinik tapşırıq hissəsi üzrə sualların məzmunu test imtahanında verilən sualların məzmunundan fərqlənməlidir.
3.12. Sertifikasiya imtahanının sualları bilavasitə imtahan başlamazdan əvvəl aşkarlıq şəraitində ümumi suallar toplusundan seçilir və 2 (iki) müxtəlif variantda hazırlanır. Bunun üçün suallar toplusu olan zərf müşahidəçilərin iştirakı ilə açılır və kompüterə daxil edilir. Kompüter verilmiş proqrama uyğun olaraq ümumi sual bankından 2 (iki) müxtəlif variantda 60 (altmış) test sualını və 5 (beş) klinik tapşırıq sualını seçir. Seçilmiş suallar sual kitabçası şəklində mətbəə üsulu ilə imtahanda iştirak edənlərin sayına uyğun olaraq çoxaldılır və imtahan verənlərə paylanılması üçün imtahan rəhbərinə verilir.
3.13. İmtahan rəhbəri nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartları zərfinin möhürünü açır, şəxsi eyniləşdirmə kodu ilə şifrələnmiş cavab kartlarını sual kitabçalarına uyğun olaraq ayırır. Cavab kartları imtahan verənlərə paylanılır və onların doldurulması qaydaları izah edilir. Daha sonra sual kitabçaları paylanılır.
3.14. Sertifikasiya imtahanı üç saat müddətində keçirilir. İmtahan zamanı fasilə verilmir.
3.15. Sertifikasiya imtahanının başlanma vaxtı suallar paylanılıb qurtardığı andan hesablanır. İmtahan bir neçə auditoriyada keçirildikdə hər auditoriyada imtahanın başlanma vaxtı həmin auditoriyada sual kitabçası paylanılıb qurtardığı andan hesablanır.
3.16. İmtahan suallarının test hissəsi üzrə cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. İmtahan suallarının klinik tapşırıq hissəsi üzrə cavab kartında 5 klinik tapşırığın sualları ardıcıl olaraq qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə cavablandırılmalıdır. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanır.
3.17. Sertifikasiya imtahanının başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və imtahan verən iki nəfər tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahan rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi Sertifikasiya Şurasına təqdim edir.
3.18. Sertifikasiya Şurası imtahan suallarının test hissəsi üzrə cavab kartlarının yoxlanılmasını informasiya texnologiyalarını tətbiq etməklə, klinik tapşırıq hissəsi üzrə cavabların qiymətləndirilməsini isə mütəxəssisləri cəlb etməklə təmin edir. Cavabların yoxlanılmasının bütün mərhələlərində imtahanda iştirak edən şəxsə dair məlumatların məxfiliyi təmin edilməlidir.
3.19. Test hissəsi üzrə hər bir suala düzgün cavab bir balla qiymətləndirilir (cəmi 60 (altmış) mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
3.20. Klinik tapşırıq hissəsi üzrə hər bir tapşırıq mütəxəssis tərəfindən 0, 1, 2, 3, 4 və 5 baldan biri ilə qiymətləndirilir və sonra hər bir tapşırıq üzrə verilən ballar toplanılır (cəmi 25 (iyirmi beş) mümkün bal).
3.21. Qiymətləndirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə informasiya texnologiyaları vasitəsilə həyata keçirilir.
3.22. Cavab kartlarının yoxlanılması başa çatdıqdan sonra imtahanın nəticələri cavab kartları ilə birlikdə Sertifikasiya Şurasına təqdim edilir.
3.23. Sertifikasiya Şurası imtahanın nəticələrini imtahan keçirilən tarixdən 3 (üç) gün müddətində bəyan edir.
3.24. İmtahan suallarının test hissəsi üzrə 40 (qırx) və ya daha çox, klinik tapşırıq hissəsi üzrə isə 16 və ya daha çox bal toplamış şəxslər sertifikasiyadan keçmiş hesab olunurlar.
3.25. Sertifikasiya imtahanında iştirak etmiş hər bir şəxsə onun tələbi ilə imtahanın nəticəsi üzrə arayış verilir.
3.26. Sertifikasiya imtahanının nəticələrindən narazı qalan imtahan iştirakçısı bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 (beş) gün müddətində mübahisəyə aydınlıq gətirilməsi üçün Sertifikasiya Şurasına müraciət edə bilər. Məsələ ərizəçinin iştirakı ilə araşdırılır.
3.27. Cavab kartı düzgün qiymətləndirildikdə, ərizəçiyə Sertifikasiya Şurası tərəfindən əsaslandırılmış rəsmi cavab verilir. Balların düzgün hesablanmadığı aşkar edildikdə, yenidən hesablanma aparılır.
3.28. Sertifikasiya Şurası imtahanla bağlı sənədlərin 1 (bir) il müddətində saxlanılmasını təmin edir.”.
6. 4-cü hissə ləğv edilsin.
7. 5-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:
“5. Sertifikasiya imtahanının nəticələri”
8. 5.1-ci bənddə “Test imtahanının və müsahibənin” sözləri “Sertifikasiya imtahanının” sözləri ilə əvəz edilsin.
9. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin və 5.3-cü bənd ləğv edilsin:
“5.2. Sertifikasiyadan keçən şəxslərə sertifikasiya imtahanının bitdiyi gündən 5 (beş) iş günü müddətində sertifikasiya şəhadətnaməsi verilir, həmçinin şəhadətnamənin surəti onların təqdim etdikləri elektron poçt ünvanına göndərilir. Sertifikasiyadan keçmiş şəxslər 5 (beş) il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edirlər.”.
10. 6.1-ci bənddə “tədris” sözü “təhsil” sözü ilə əvəz edilsin.
11. 6.2-ci bənddə “mövcud qanunvericiliyə uyğun olaraq” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş naziri

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video