23 Iyun 2016 01:06
839
Nazirlər Kabineti
A- A+

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 228

 

№ 228                                    Bakı şəhəri, 14 iyun 2016-cı il

 

“Təhlükəli tullantıların saxlanılması Qaydası”nın təsdiq edilməsi haqqında

 

“Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli 1396 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Təhlükəli tullantıların saxlanılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 14 iyun tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Təhlükəli tullantıların saxlanılması

QAYDASI

 

1.Ümumi müddəalar

 

1.1. Bu Qayda “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respub-likası Prezidentinin2006-cı il 30 mart tarixli 1396 nömrəli Sərəncamı ilə təsdiq edilmiş“Ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və sazişlərdən irəli gələn məsələlər sahəsində əlavə tədbirlər”ə əsasən hazırlanmışdır.

1.2. Bu Qayda müəssisələrdə, istehsalat və xidmət sahələrində, təşkilatlarda və ya onların struktur bölmələrində (bundan sonra-Müəssisə) təhlükəli tullantıların ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə saxlanılması və təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) yerləşdirilməsi (saxlanılması və ya basdırılması) qaydalarını müəyyən edir.

1.3. Bu Qayda zərərli qazlara, tullantı sularına və radioaktiv tullantılara şamil edilmir.

 

2. Təhlükəli tullantıların saxlanılmasına ümumi tələblər

 

2.1.  Müəssisədə təhlükəli tullantılar növünə, tərkibinə və  xüsusiyyətinə görə çeşidlənməlidir. Tullantıların çeşidlənməsi ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməlidir.

2.2. Çeşidləndikdən sonra təhlükəli tullantıların bir-birinə qarışmaması və ətraf ərazilərə yayılmaması üçün tez bir zamanda müvafiq qablarda (konteynerlərdə, tutumlarda, qutularda, sukeçirməyən hermetik kisələrdə, çəlləklərdə) qablaşdırılmalıdır.

2.3. Təhlükəli tullantılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsal prosesində əmələ gələn tullantıların inventarlaşdırılmasıQaydası”na uyğun inventarlaşdırılmalı və 2003-cü il 31 mart tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların pasportlaşdırılmasıQaydası”na uyğun pasport-laşdırılmalıdır.

2.4. Müəssisədə təhlükəli tullantıların saxlanılması aşağıdakı tələblərə cavab verməlidir:     

2.4.1. təhlükəli tullantıların saxlanılması məqsədi ilə müvafiq ərazi müəyyən edilməli;

2.4.2. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi ətraf mühitdən təcrid olunmalı, həmçinin təhlükəlilik barədə müvafiq xəbərdaredici nişanlar və ya lövhələr quraşdırılmalı;

2.4.3. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi kimyəvi maddələrlə aşılanmaya davamlı materialla döşənməli, perimetri boyu hasarlanmalı, mühafizə olunmalı və təhlükəsizliyinə cavabdeh şəxs təyin edilməli;

2.4.4. təhlükəli tullantıların saxlanıldığı ərazidə tullantılar ilə hər-hansı əməliyyatın (qabların vəziyyətinin yoxlanılması, zədələnmiş qabların yeniləri ilə əvəz edilməsi və ya yerlərinin dəyişdirilməsi, ərazidə təmir-bərpa işlərinin aparılması, texnikanın hərəkəti, tullantıların yüklənilməsi, boşaldılması və s.) həyata keçirilməsi üçün normal şərait olmalı;

2.4.5. təhlükəli tullantıların saxlanılması ilə bağlı əməliyyatlar Müəssisə rəhbərliyinin icazəsi əsasında və ətraf mühit və insan sağlamlığı üçün təhlükəsiz şəraitdə həyata keçirilməli, həmin əraziyə kənar şəxslərin girişi qadağan edilməli;

2.4.6. təhlükəli tullantı saxlanılan qabların üzərində tullantının adı, təhlükəlilik xüsusiyyəti, aqreqat halı, çəkisi (və ya həcmi), qablaşdırıldığı tarix və tullantının insansağlamlığına zərərli təsiri barədə müvafiq qeydlər olmalı (bu qeydlər pozulduğu halda, onlar dərhal bərpa edilməlidir);

2.4.7. təhlükəli tullantıların növünə və həcminə uyğun lazımi sayda qab olmalı;

2.4.8. təhlükəli tullantılar saxlanılan qablar hermetik, o cümlədən fiziki, kimyəvi və mexaniki təsirlərə davamlı olmalı (qabların hermetikliyi və texniki vəziyyəti Müəssisənin təhkim edilmiş müvafiq işçi heyəti tərəfindən həftədə üç dəfədən az olmamaq şərtilə yoxlanılmalı və bu barədə müvafiq kitabda qeydiyyat aparılaraq imza ilə təsdiq edilməlidir);

2.4.9. təhlükəli tullantılar saxlanılan qabların hermetikliyinin pozulduğu, korroziyaya və ya deformasiyaya uğradığı və bu kimi digər hallar aşkar edildikdə, Müəssisənin işçi heyəti tərəfindən bu qablar eynitipli və həcmli qablarla əvəz edilməli;

2.4.10. təhlükəli tullantılar saxlanılan qablar boşaldıldıqdan sonra (tullantılar digər müəssisələrə və ya təhlükəli tullantıların yerləşdirilməsi obyektinə təhvil veriləndən sonra qablar geri qaytarıldığı təqdirdə) onlar Müəssisənin işçi heyəti tərəfindən təmizlənməli, hermetikliyi, texniki vəziyyəti yoxlanılmalı və istifadəyə yararlı olduğu halda, eyni növdən olan tullantıların yığılması üçün yenidən istifadə edilməli (istifadəyə yararsız qablar təhlükəli tullantı hesab olunur);

2.4.11. Müəssisədə əmələ gələn böyük həcmdə təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazi bu tullantıların həcminə uyğun hesablanmalı;

2.4.12. təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazidə maye şəkilli təhlükəli tullantıların sızması, axması, dağılması və səpələnməsi baş verdikdə, Müəssisənin işçi heyəti tərəfindən onun qarşısı təcili alınmalı və çirklənmiş yerlər tez bir zamanda təmizlənərək bərpa edilməlidir (bu məqsədlə qumdan istifadə edərək tullantılar yığışdırılmalı, döşəmə quru əskilərlə silinməli, bundan sonra müvafiq həlledici qatılmış su və ya 10 faizli soda  məhlulu ilə yuyulmalıdır, bu işlər fərdi mühafizə vasitələrində görülməlidir, axmış, dağılmış və səpələnmiş tullantıların üstü ilə gəzmək qadağandır).

2.5. Təhlükəli tullantılardan təkrar xammal kimi istifadə edilməsi və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsi “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə uyğun olaraq təmin olunmalıdır. Ətraf mühitə və insan sağlamlığına zərərli təsir riskinin qarşısını almaq məqsədi ilə təhlükəli tullantıların Müəssisənin ərazisində 6 (altı) aydan çox saxlanılması yol verilməzdir və tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) təhvil verilməlidir.

2.6. Müəssisədə təhlükəli tullantıların saxlanılması üçün nəzərdə tutulmuş ərazidən və yaxud Müəssisənin hüdudlarından kənarda bu tullantıların saxlanılması qadağandır.

2.7. Təhlükəli tullantıların saxlanılması şəraiti “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın 2.4-cü bəndinin tələblərinə cavab vermədiyi, həmçinin təkrar xammal kimi istifadə edilməsi, utilizasiyası və zərərsizləşdirilməsi mümkün olmadığı, yaxud Müəssisənin texnoloji prosesindən asılı olaraq yaranan təhlükəli tullantıların gündəlik daşınması mütləq olduğu hallarda, onlar təhlükəli tullantıların yerləşdirilmə obyektinə (təhlükəli tullantılar poliqonuna) ətraf mühit üçün təhlükəsiz şəraitdə, yəni tullantıların axması, sızması, dağılması, tozlanması və digər hallara yol verilməməkləyerləşdirilmək (saxlanılmaq və ya basdırılmaq) üçün tam hermetik tutumlarda göndərilməlidir. Atmosfer havasının əlavə tozlanmasının qarşısının alınması məqsədi ilə toz şəkilli təhlükəli tullantıların hermetik tutumlarda (sisternlərdə, yaxud nəmləndirilərək və ya bərkidilərək qablaşdırılmış vəziyyətdə) daşınması təmin olunmalıdır.

2.8. Təhlükəli tullantıların Müəssisədən daşınması müvəqqəti olaraq  mümkün olmadıqda (pis hava şəraiti, fövqəladə hal, nəqliyyat vasitələrinin sayının azlığı və ya nasazlığı, daşınma üçün istifadə olunan yollarda təmir-tikinti və ya yenidənqurma işlərinin aparılması və s.), həmin daşınmanı təxirə salan səbəblər aradan qalxana qədər yeni tullantıların saxlanılması üçün Müəssisədə müvafiq ehtiyat ərazi və qablar nəzərdə tutulmalıdır.

2.9. Təhlükəli tullantıların müəssisələrdən qəbul edilməsi və ya digər müəssisələrə təhvil verilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun, təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması fəaliyyətinə xüsusi razılığın (lisenziyanın), tullantıların qəbulu və ya təhvili, alqı-satqısı, bağışlanması və ya mübadiləsi barədə bağlanılmış müqavilələrin surətləri, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

 

3. Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması)

 

3.1. Təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) bu məqsədlər üçün təchiz edilmiş və “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) həyata keçirilməlidir.

3.2. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantıların yerləşdirilməsi mütləq sənədləşdirilməlidir (bu sənədlərə təhlükəli tullantının pasportunun surəti, tullantıların təhvil verilməsi barədə qaimələr və ya təhvil-təslim aktları aiddir).

3.3. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) ətraf mühit və insan sağlamlığı üçün aşağıdakı təhlükəsiz şəraitdə həyata keçirilməlidir:

3.3.1. təhlükəli tullantıların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün müəyyən edilmiş yerlər (hücrələr, bölmələr və s.) ətraf mühitdən təcrid olunmalıdır;

3.3.2. təhlükəli tullantıların aqreqat halı nəzərə alınaraq, onların yerləşdirilməsi (saxlanılması və ya basdırılması) zamanı ətraf ərazilərə axması, səpələnməsi və ya digər yolla yayılmasının qarşısı alınmalıdır.

3.4. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda)  onların saxlanılması aşağıdakı tələblərə cavab verməlidir:

3.4.1. təhlükəli tullantıların yerləşdirilmə obyektində tullantıların saxlanılması üçün müəyyən edilmiş ərazi ətraf mühitdən təcrid olunmalı;

3.4.2. təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) tullantılarla hər-hansı əməliyyatın (qabların vəziyyətinin yoxlanılması, lazım gəldikdə qabların yerlərinin dəyişdirilməsi, texnikanın hərəkəti, tullantıların yuklənilməsi və ya boşaldılması və s.) həyata keçirilməsi üçün şərait olmalı;

3.4.3. təhlükəli tullantıların saxlanıldığı qabların hermetikliyi və texniki vəziyyəti təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) işçi heyəti tərəfindən mütəmadi (həftədə bir dəfədən az olmamaq şərtilə) yoxlanılmalı və bu barədə müvafiq kitabda qeydiyyat aparılaraq imzalanmalı;                                    

3.4.4. təhlükəli tullantıların saxlanıldığı qablardan təhlükəli tullantıların sızması, axması, dağılması, həmçinin təhlükəli tullantıların hücrəyə boşaldılması prosesi zamanı tullantıların tozlanması halları baş verdikdə, təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) işçi heyəti tərəfindən onun qarşısının alınması üzrə tədbirlər görülməli;

3.4.5. təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) bütün aqreqat hallarına malik təhlükəli tullantıların ətraf mühitə zərərli təsir vermədən yerləşdirilməsi (saxlanılması və ya basdırılması) üçün şərait yaradılmalıdır.

3.5. Təhlükəli tullantıların yerləşdirilmə obyektində (təhlükəli tullantılar poliqonunda) təhlükəli tullantılar uzun müddət saxlanıldığından, onların getdikcə utilizasiya və istifadə edilməsi xüsusiyyətlərinin itməsi və ya ətraf mühitə zərərli təsirinin artması hallarında onlar həmin obyektdə basdırılmalıdır. Təhlükəli tullantıların basdırılacağı barədə tullantının sahibinə (mülkiyyətçisinə) rəsmi məlumat göndərilməlidir.

 

4. Təhlükəli tullantıların saxlanılması zamanı əməyin

    mühafizəsi və təhlükəsizlik texnikası tədbirləri

 

4.1. Təhlükəli tullantıların saxlanıldığı ərazidə bütün əməliyyatlar (bu Qaydanın 2.4.4-cü, 2.4.12-ci, 3.4.2-ci və 3.4.4-cü yarımbəndlərində nəzərdə tutulan) müvafiq tibbi müayinədən keçmiş, əməyin və yanğın təhlükəsizliyi, həmçinin yanğınsöndürmə, zəhərlənmələrin simptomları, zəhərlənmələr zamanı ilkin tibbi yardım (özünə və qarşılıqlı) üsulları üzrə müvafiq təlimatlar almış 18 yaşına çatmış işçi heyəti tərəfindən aparılmalıdır. Bununla yanaşı, işçi heyəti təhlükəli tullantıların fiziki-kimyəvi xüsusiyyətlərini, təhlükəlilik faktorlarını (toksikiliyi, yanğın təhlükəliliyi, insan orqanizminə və ətraf mühitə təsirləri və s.) bilməlidir.

4.2. Təhlükəli tullantıları saxlanılması üçün nəzərdə tutulmuş ərazidə tullantıların müəyyən olunmuş miqdardan (həcmdən) artıq, həmçinin qığılcım mənbələrinin, qızdırıcı cihazların və digər istilik mənbələrinin bilavasitə yaxınlığında yerləşdirilməsi yolverilməzdir.

4.3. Təhlükəli tullantılar saxlanılması üçün nəzərdə tutulmuş ərazidə kənar əşyaların, paltarların, fərdi mühafizə vasitələrinin qoyulması, siqaret çəkilməsi, oddan istifadə olunması, qida qəbulu və fasilə zamanı istirahət edilməsi qadağandır.

4.4. Təhlükəli tullantılarla bağlı əməliyyatlar başa çatdıqdan sonra işçi heyəti yuyunmalıdır.

4.5. Təhlükəli tullantılarla bağlı əməliyyatlar zamanı zəhərlənmə əlamətləri aşkar edildikdə iş dayandırılmalıdır və bu barədə Müəssisənin rəhbərliyinə məlumat verilərək yaxınlıqda yerləşən tibb müəssisəsinə müraciət edilməlidir.

4.6. Yanğın təhlükəli tullantılar saxlanılan ərazidə lazımi sayda yanğınsöndürən vasitələr olmalıdır. Bu vasitələr olan yerdə tullantılar yerləşdirilməməlidir.

4.7.Təhlükəli tullantıların alışması baş verərsə, yanğınsön-dürmə qaydalarına və tullantıların xüsusiyyətlərinə uyğun olaraq alışmanın qarşısı təcili alınmalıdır. Tezalışan maye tullantılar yanğınsöndürənlə (tozvari, köpüklü), qumla və ya yanmayan materialdan hazırlanmış örtüklə söndürülməlidir.

4.8. Müəssisənin işçi heyəti ildə azı bir dəfə tibbi müayinədən keçməli və müayinənin nəticələri işçinin sağlamlıq pasportuna daxil edilməlidir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video