03 Noyabr 2012 01:11
261
PARLAMENT
A- A+

Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 10-cu iclası olmuşdur

 

Noyabrın 2-də Milli Məclisdə Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın X iclası keçirilmişdir.

İclası açan Parlamentlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov demişdir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında çox yüksək səviyyədə dostluq və əməkdaşlıq əlaqələri vardır. Keçirilən müştərək tədbirlər, aparılan müzakirələr münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə təkan verəcəkdir. Əminik ki, Parlamentlərarası Komissiyanın bu iclasında müzakirə olunan məsələlər siyasi, iqtisadi-ticari, humanitar və digər sahələrdə əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəkdir.

V.Ələsgərov komissiyanın iclasının uğurlu, məhsuldar, qarşılıqlı etimad və hörmət şəraitində keçəcəyinə, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün səmərəli olacağına əminliyini bildirmiş, iclasın işinə uğurlar arzulamışdır.

Parlamentlərarası Komissiyanın Rusiya tərəfdən həmsədri, Federal Məclisin Federasiya Şurası sədrinin müavini Svetlana Orlova yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə etmişdir. O demişdir ki, bu gün ölkələrimiz arasındakı siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrdə əlaqələr inkişaf edir, münasibətlərimiz bütün sahələrdə genişlənir və möhkəmlənir. Ticarət dövriyyəmiz ilbəil artır. Ən başlıcası odur ki, münasibətlərimiz strateji əməkdaşlıq xarakteri daşıyır.

Bakıda on nəfər Nobel mükafatı laureatının da iştirakı ilə keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışan S.Orlova demişdir ki, bu cür mötəbər məclislərdə aparılan müzakirələr, əldə olunan razılaşmalar bizi daha da yaxınlaşdırır.

Rusiyalı həmsədr demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. Dövlət başçısı ilə görüşdə əməkdaşlığımızın bütün sahələrdə inkişafının vacibliyi qeyd olunmuşdur. İqtisadi, kənd təsərrüfatı, maşınqayırma və innovasiya sahələrində əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların olduğu bildirilmişdir. Qeyd olunmuşdur ki, əlaqələrimizin genişlənməsində parlamentlərin rolu böyükdür. MDB Parlament Assambleyasında da biz sıx əməkdaşlıq edirik. Deputatlarımız beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında səmərəli əməkdaşlıq edirlər. Bəzən hər iki tərəf ikili standartlarla üzləşir. Biz bu cür yanaşmaların əleyhinəyik. İnanırıq ki, Parlamentlərarası Komissiyanın iclasında səmərəli müzakirələr aparacağıq və faydalı qərarlar qəbul edəcəyik.

Sonra iclas öz işini davam etdirmişdir.

İclas başa çatdıqdan sonra komissiyanın həmsədrləri brifinq keçirmişlər.

Valeh Ələsgərov demişdir ki, iclasda ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafına dair məsələlər müzakirə olunmuşdur. İnanırıq ki, iclasın nəticələri ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verəcəkdir.

Svetlana Orlova bildirmişdir ki, komissiyanın işi parlamentlərin fəaliyyətinə təkan verən mühüm elementdir. Komissiya çox ciddi səylə çalışmış və ikitərəfli əlaqələrə dair mühüm məsələləri müzakirə etmişdir. İclasda təhsil, ticarət dövriyyəsinin artması, miqrasiya, gənclərlə iş və digər sahələrə dair çox açıq və səmimi müzakirələr aparılmışdır.

Bildirilmişdir ki, iki ölkə arasında mövcud olan bəzi bürokratik problemlərin həllində müsbət nəticələr əldə olunmuşdur. Qeyd edilmişdir ki, bu gün dünyada gedən proseslərlə əlaqədar hər iki ölkənin təhsil sistemində bir sıra islahatlar həyata keçirilir. Eləcə də sərhəd keçid məntəqələrində əhalinin sərbəst hərəkətində bürokratik problemlər yaranır. Komissiya bu məsələləri bir daha nəzərdən keçirmiş və yaranmış problemlərin həllinə kömək məqsədi ilə həmin sahələr üzrə işçi qrupları yaradılmışdır. Hər iki ölkənin deputatlarının həmsədrliyi ilə fəaliyyət göstərəcək bu qruplar aidiyyəti üzrə problemləri araşdıracaq, onların həlli ilə bağlı komissiyaya müraciət edəcəkdir. Komissiya da həmin problemin həllinə çalışacaqdır.

Komissiyanın iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində Rusiyadan olan iş adamlarının, firma və şirkətlərin qanunsuz fəaliyyəti barədə məsələyə də baxılmışdır. S.Orlova demişdir ki, Rusiya tərəfi bu məsələni araşdıracaqdır. Eyni zamanda, tərəflər münaqişənin sülh yolu ilə ədalətli həllinin vacibliyini vurğulamışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video