23 Noyabr 2011 12:11
581
MSK
A- A+

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Reqlamenti

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 14/46 saylı 17 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Reqlament Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19-cu və 28.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Komissiya) iclaslarının keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Komissiyanın iclasları bu Reqlament əsasında keçirilir.

1.3. Komissiya bu istiqamətdə öz  fəaliyyətini kollegial formada həyata keçirir.

1.4. Komissiya onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

1.5. Komissiyanın sədri, sədr müavini və iki katibi Komissiyanın birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər.

1.6. Komissiyanın sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin biri Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları, digəri isə müstəqil deputatları təmsil edir.

1.7. Bu Reqlamentə əlavə və dəyişikliklər Komissiyanın qərarı ilə edilir.

 

2. Komissiyanın iclaslarına dair ümumi tələblər

2.1. Komissiyanın iclası sədr tərəfindən çağırılır.

2.2. Komissiyanın iclası həlledici səs hüquqlu üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə də çağırıla bilər. Bu halda tələbi irəli sürmüş Komissiya üzvləri əvvəlcədən Komissiyanın sədrinə birgə yazılı müraciət etməlidirlər.

2.3. Komissiyanın iclası azı 12 üzv iştirak etdikdə səlahiyyətlidir.

2.4. Komissiyanın sədri iclaslara sədrlik edir.

2.5. Komissiyanın iclasları açıq keçirilir.

2.6. Komissiyanın iclasları Azərbaycan dilində keçirilir.

2.7. Komissiyanın həlledici səs hüquqlu üzvü xəstəlik və digər üzrlü səbəblər istisna olmaqla, bütün hallarda iclaslarda iştirak etməlidir.

2.8. Komissiyanın iclaslarında əvəzedici üzvlər, məşvərətçi səs hüquqlu üzvlər, Komissiya Katibliyinin struktur bölmələrinin rəhbərləri, ekspert qrupunun üzvləri, ekspertlər, kütləvi informasiya vasitələrinin nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri, sədr tərəfindən dəvət olunmuş şəxslər, həmçinin hüququ olan digər şəxslər də iştirak edə bilərlər.

2.9. İclas iştirakçıları bu Reqlamentin tələblərinə, habelə, iclasların normal aparılması və keçirilməsi, gedişi və iş qaydası üçün lazım olan digər tələblərə və etik davranış qaydalarına əməl etməlidirlər.

2.10. Komissiyanın iclaslarının normal gedişinin, iş qaydasının və etik davranış qaydalarının pozulması, şərəf və ləyaqəti alçaldan kobud ifadələrdən istifadə edilməsi və qanunsuz çağırışlar edilməsi qadağandır.

 

3. İclasların hazırlanması və keçirilməsi

3.1. Kollegial qaydada araşdırılmalı və baxılmalı olan məsələlər  Komissiyanın iclaslarında müzakirə edilir və onlara dair qərarlar qəbul edilir.

3.2. İclasların təşkili ilə əlaqədar, habelə müzakirə ediləcək məsələlərin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmasını və baxılmasını təmin etmək üçün lazımi tədbirlər görülür.  Bu məqsədlə, digər tədbirlərlə yanaşı, sədr məruzəçi təyin edir. Bir qayda olaraq, Komissiyanın katibləri məruzəçi qismində təyin edilirlər. Məruzələr Komissiyanın digər üzvlərinə də həvalə edilə bilər.

 3.3. Komissiyanın iclaslarında baxılan məsələlər haqqında Komissiyanın üzvləri iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər.

3.4. Komissiyanın iclasının vaxtı haqqında məlumat, iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər Komissiya üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır.

3.5. İclasın vaxtı haqqında məlumat, iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsverməyə 5 gündən az qalmışdırsa,  24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən Komissiya üzvünə çatdırılır. Bu üzrlü səbəblərdən mümkün olmadıqda, Komissiya üzvləri birbaşa araşdırma prosesində həmin materiallarla tanış ola bilərlər. 

3.6. Müzakirə edilən məsələyə tam, hərtərəfli, obyektiv baxılmasını təmin etmək üçün məruzəçi lazım olan bütün tədbirləri görməlidir.

3.7. İclas başlananadək Komissiya Katibliyinin Ümumi şöbəsi Komissiya üzvlərinin qeydiyyatını aparır və bu barədə sədrə məlumat verir.

3.8. Komissiyanın iclasları müəyyən edilmiş tarixdə və vaxtda başlanılır, təsdiq edilmiş gündəliyə uyğun olaraq ətraflı müzakirələr aparılır.

3.9. Komissiyanın iclaslarında məruzəçilərə 10 dəqiqəyədək, əlavə məruzə və müxtəlif sənəd layihələrinin müzakirəsi üçün 5 dəqiqəyədək, arayış, müraciət, açıqlama və digər məsələlərin müzakirəsi üçün 3 dəqiqəyədək vaxt verilir. Əsaslar yarandıqda, sədr Komissiya üzvlərinin təklifi əsasında bu müddəti dəyişdirə bilər. Məruzələr və çıxışlar müzakirə edilən məsələnin mahiyyəti üzrə edilməlidir.

3.10. Komissiyanın iclaslarında məruzəçilərə gündəliyə uyğun, çıxışçılara isə müraciət ardıcıllığı əsasında söz verilir. Sədr iclasın gedişində əsas yarandığı halda, bu qaydanı dəyişdirə bilər və onun icazəsi olmadan çıxış etmək yolverilməzdir.

3.11. İclasda təsdiq edilmiş gündəliyə daxil olan məsələlərə dair səsvermə keçirilir, qərarlar qəbul edilir və  ictimailəşdirilir.

 

4. İclasların aparılması qaydaları

4.1. Komissiyanın iclası sədr tərəfindən aparılır.

4.2. Sədr:

4.2.1. iclasda yetərsayın olub-olmaması məsələsini müəyyən edir, iclası açıq elan edir, gündəliklə bağlı məlumat verir və ona dair münasibət bildirilməsini müəyyənləşdirir, əsas olduqda iclasın vaxtını dəyişir;

 4.2.2. gündəliyi səsə qoyur və ona daxil edilmiş məsələlərin ətraflı müzakirəsini təşkil edir;

4.2.3. Komissiya üzvlərinə və iclasın digər iştirakçılarına çıxış üçün  növbəlilik əsasında söz verir və çıxışların  müzakirə edilən məsələlərin mahiyyətinə uyğun edilməsinə, Reqlamentin tələblərinə riayət olunmasına nəzarət edir və ona əməl olunmasını təmin edir.

4.2.4. Məruzəçi və ya çıxışçı gündəlikdə duran məsələlərdən kənara çıxdıqda, ona müzakirə olunan məsələdən kənara çıxmamağı bildirir. Reqlamentin bu tələbi ardıcıl olaraq pozulduqda, sədr çıxışı kəsə bilər.

4.2.5. bu Reqlamentin 2.10-cu və 6.3-cü bəndlərinin tələbləri iclas iştirakçıları tərəfindən mütəmadi pozulduqda, pozuntu törətmiş şəxs barəsində onu təyin etmiş və ya onun təmsil etdiyi orqana məlumat verir.

4.2.6. gündəliyə daxil edilmiş hər bir məsələ üzrə səsverməni keçirir və onun nəticələrini elan edir.

4.2.7. gündəliyə daxil olan məsələlərin müzakirəsi başa çatdıqda, iclası bağlı elan edir.

4.3. İclasların vaxtının dəyişdirilməsi:

4.3.1. Əsas olduğu halda, iclasın gedişində ağılabatan müddətədək fasilə elan oluna, iclas təxirə salına və ya başlanmış iclasın davamı başqa vaxta keçirilə bilər. İclas təxirə salındıqda, bu barədə əvvəlcədən iclas iştirakçılarına məlumat verilir.

4.3.2. Aşağıdakı hallarda iclasın vaxtı dəyişdirilə bilər:

4.3.3. yetərsay olmadıqda;

4.3.4. müzakirə edilən məsələyə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək üçün digər subyektlərin, ekspert və s. şəxslərin iştiraklarına əlavə ehtiyac yarandıqda;

4.3.5. bu Reqlamentin 3.5-ci bəndində nəzərdə tutulmuş qaydada iclasda müzakirə olunmalı sənəd və materiallarla Komissiya üzvlərinin   tanış edilməsi mümkün olmadıqda;

4.3.6. gündəliyə çıxarılan məsələləri bir iş günü ərzində başa çatdırmaq mümkün olmadıqda;

4.3.7. müzakirəyə çıxarılan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılmasına imkan verməyən digər hallar olduqda.

 

5. Komissiya üzvlərinin iclas prosesində hüquq və vəzifələri

5.1. Komissiya üzvlərinin hüquqları:

5.1.1. iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış olmaq və onlara münasibət bildirmək;

5.1.2. müzakirə edilən məsələlərlə bağlı məlumat əldə etmək;

5.1.3. müzakirəyə çıxarılmış məsələlərə dair layihə və digər materiallarla tanış olmaq;

5.1.4. çıxışlar etmək, müzakirələrdə iştirak etmək;

5.1.5. müzakirə edilən məsələlərlə əlaqədar təkliflər vermək;

5.2. Komissiya üzvlərinin vəzifələri:

5.2.1. Komissiyanın iclaslarında iştirak etmək;

5.2.2. bu Reqlamentin müddəalarına əməl etmək;

5.2.3. məruzə və çıxış üçün ona ayrılmış vaxtdan səmərəli istifadə etmək;

5.2.4. ona həvalə edilmiş məruzəni tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma əsasında etmək;

5.2.5. iclasda qəbul edilmiş qərar və protokolları qanunvericilikdə nəzərdə tutulmuş qaydada imzalamaq;

5.2.6. iclasdan dərhal sonra araşdırmanın yekununa dair müvafiq tədbirlər görüb, tərtib etdiyi arayışla birlikdə araşdırma materiallarını icra edilmiş vəziyyətdə Katibliyin Ümumi şöbəsinə təhvil vermək;

5.3. Komissiya üzvlərinin bu Reqlamentin tələblərinə və etik davranış qaydalarına riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas zalını tərk etməsi və s. bu kimi hərəkətlər yolverilməzdir.

 

6. İclaslarda müzakirələrin aparılması, səsvermə və qərarların qəbul edilməsi qaydaları

6.1. Müzakirəyə çıxarılan məsələlərə baxılarkən Komissiyanın üzvləri əsas məruzəçini, həmçinin əlavə məruzəçiləri dinləyir və layihə ətrafında müzakirələr aparırlar.

6.2. Sənəd layihələri bütövlükdə və ya hissələr üzrə ətraflı müzakirə olunur, zərurət olduqda layihədə düzəlişlər edilir. Layihə bütövlükdə və ya hissə-hissə səsə qoyulur və qərarlar qəbul edilir.

6.3. Səsvermədə Komissiya üzvü bir səsə malik olmaqla, şəxsən səs verir.

6.4. Komissiyanın qərarları açıq səsvermə yolu ilə Komissiyanın iclasında üzvlərin 12-si iştirak edərsə - azı 8 üzvün; 13-ü iştirak edərsə - azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə - azı 10 üzvün; 16-sı iştirak edərsə - azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə - azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

6.5. Qəbul edilmiş qərar ilə razılaşmayan Komissiya üzvü yazılı formada xüsusi rəy verə bilər. Həmin rəy iclas protokoluna əlavə edilir.

6.6. Qərarlar sədr və katiblər tərəfindən imzalanır. Adları çəkilən şəxslərdən biri qərarı imzalamadıqda, qərar ona səs vermiş Komissiya üzvləri tərəfindən imzalanır. 

6.7. Komissiyanın qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilir və qüvvəyə minir.

6.8. Qəbul edilmiş qərarlardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət edilə bilər.

 

7. Komissiyanın iclas protokolları və onların təsdiq edilməsi

7.1. Komissiyanın iclasları protokollaşdırılır. Protokollar Azərbaycan dilində tərtib edilir.

7.2. İclas protokolları müəyyən edilmiş qaydalara uyğun olaraq Katibliyin buna məsul əməkdaşı tərəfindən əl yazısı qaydasında və ya çap üsulu ilə aparılır.

7.3. İclasın gedişi, gündəliyə uyğun olaraq müzakirə edilən məsələlərin ardıcıllığı, məruzə və çıxışların mətni, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar protokolda öz əksini tapmalıdır.

7.4. Yekunda  protokol çap üsulu ilə aydın və səliqəli tərtib edilir, tanış olmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) Komissiya üzvlərinə paylanır və Komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq edilir. Bu məsələ Komissiya iclasının gündəliyinə birinci məsələ kimi salınır.

7.5. İclas protokolları sədr və katiblər tərəfindən imzalanır. Adları çəkilən şəxslərdən biri protokolu imzalamadıqda, protokol  ona səs vermiş Komissiya üzvləri tərəfindən imzalanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video