04 Avqust 2021 01:20
2011
İQTİSADİYYAT
A- A+

Azərbaycan qlobal təhlükəsizlik indeksi üzrə 15 pillə irəliləyib

 

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni “Qlobal kibertəhlükəsizlik indeksi” (GCI) ölkələrin kibertəhlükəsizlik problemlərinin həllinə necə qətiyyətlə çalışdığını göstərməklə yanaşı, həm də bu təhlükə və risklərin həcminin azaldılmasında onların fəaliyyətlərini dəyərləndirir. Xüsusən pandemiya dövründə İKT-nin sürətlə inkişafı ona səbəb oldu ki, ölkələrin təxminən yarısı artıq kompüter insidentləri ilə bağlı milli reaksiya komandaları yaratdıqlarını bəyan etdilər.

Pandemiyanın tüğyan etdiyi uzun aylar ərzində informasiya kommunikasiya texnologiyalarından yaranan misligörünməmiş asılılıq kibertəhlükəsizliyin təmin edilməsini, istifadəçilər arasında güclü inamın yaranmasını zərurətə çevirdi. Dövlətlər və iqtisadiyyatın müxtəlif sahələri bu təhlükəsizliyin hamı üçün etibarlı olmasını təmin etmək məqsədilə birlikdə fəaliyyət göstərmək məcburiyyətində qaldılar.

Maraqlısı odur ki, artıq 2020-ci ilin sonunadək dövlətlərin 64 faizi kibertəhlükəsizliyin milli strategiyasını (NCS) qəbul etdilər. Məlumatların mübadiləsi və sıx kommersiya fəaliyyəti artıq əvvəlki illərdən fərqli olaraq yalnız bir ölkənin və ya təşkilatın hüdudları ilə kifayətlənmədi, əksinə, kibertəhlükəsizlik üçün mövcud dövlət sərhədlərini, ümumiyyətlə, qalxan funksiyasını itirdi. Artıq günümüzün reallığı ondan ibarətdir ki, heç bir qurum və ya dövlət təkbaşına kibertəhlükələrdən və risklərədən sığortalanmaq iqtidarında deyil.

Kibertəhlükəsizliyin dəyişən mühitini izləmək mümkündür. Məsələn, 2015-2019-cu illərdə bir milyard insan ilk dəfə internətə qoşulmuşdur ki, bu da öz növbəsində kibercinayətlərin artmasına təkan vermişdir. Məsələn, təkcə 2020-ci ildə kibercinayətlərdən dəyən qlobal ziyanın 6 milyard dollar həcmində olması gözlənilirdi. Bu fonda vətəndaşların, təşkilat və dövlətlərin artan narahatçılığı başadüşülən və təbiidir.

Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqı  Birləşmiş Millətlər Təşkilatının İKT sahəsində çalışan xüsusi qurumdur. 900 kampaniya, şirkət, universitet, həmçinin beynəlxalq və regional təşkilatları özündə birləşdirən bu quruma 193 ölkə daxildir.

Uzun illər müharibə şəraitində yaşayan Azərbaycan üçün kibertəhlükəsizlik məsələləri digər ölkələrə nisbətən daha önəmlidir. Bu səbəbdən həm düşmənə qalib gəlmək, həm də daha sürətlə inkişaf etmək üçün təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılır. Təsadüfi deyil ki, bu sahədə qazanılan uğurlarımızı beynəlxalq reytinq təşkilatları da qeyd edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Məsumə Talıbova öz şərhində göstərir ki, Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan sayılan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatı üzrə 15 pillə irəliləyərək 40-cı yerə yüksəlmişdir. Ölkəmiz ümumilikdə 89,31 xal ilə MDB-də Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. Keçmiş sovet respublikalarından Gürcüstan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiyanı geridə qoyan Azərbaycan bu sahədə qabaqcıl nümunələrin tətbiqini həyata keçirməklə davamlı inkişaf nümayiş etdirmişdir. Ölkəmizin rəqəmsal sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa ölkələri arasında 3-cü pillədə yer alması da bunu təsdiqləyir. Məlumat üçün bildirək ki, reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.

Sonda onu da qeyd edək ki, dövlətlərin kibertəhlükəsizlik səviyyəsini 5 əsas istiqamət - hüquqi baza, texniki hazırlıq, təşkilati məsələlər, kadr potensialı, eyni zamanda kommunikasiya və əməkdaşlıq istiqamətləri üzrə qiymətləndirən bu hesabat ölkələrarası kibertəhlükəsizlik səviyyəsini qiymətləndirərək hər bir ölkə üçün boşluqların və çağırışların müəyyənləşdirilməsi, inkişaf üçün prioritetlərin qoyulması, həmçinin zəif və güclü tərəflərin təsbit olunması ilə ölkələrarası bilik mübadiləsinin aparılması üçün çox böyük əhəmiyyət daşıyır.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video