25 Oktyabr 2011 03:10
594
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir

 

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

 

Prezident İlham Əliyevin giriş nitqi

 

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial və iqtisadi yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq.

İlin sonuna iki ay qalır. Demək olar ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu il olmuşdur. Bu il ərzində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapmışdır, bütün proqramlarımız uğurla icra edilmişdir.

Statistik göstəricilərə gəldikdə deyə bilərik ki, dinamik inkişaf davam edibdir. Baxmayaraq ki, ümumi daxili məhsul o qədər də böyük templərlə artmadı. Bunun da müəyyən səbəbləri vardır. Sevindirici hal ondan ibarətdir ki, əvvəlki dövrdə gördüyümüz işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail ola bilmişik. 

Ümumi daxili məhsul cəmi 0,5 faiz artsa da, qeyri-neft iqtisadiyyatımız 8,2 faiz artmışdır. Yenə də deyirəm, bu artım əvvəlki dövrdə görülmüş işlərin nəticəsidir. O ki qaldı ümumi daxili məhsulun cəmi 0,5 faiz səviyyəsində artmasına, bunun da səbəbi ondan ibarətdir ki, bu il neftin hasilatında azalma olmuşdur. Bunun nəticəsində bu azalma, demək olar, imkan vermədi ki, ümumi göstərici də böyük olsun. Ancaq qarşıya belə məqsəd də qoyulmur. Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir.

Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr, sözün əsl mənasında, Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir.

Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.

Beləliklə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, orta və kiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır və yenə də deyirəm, bu artımın səbəbi ondan ibarətdir ki, dövlət tərəfindən özəl sektora çox böyük dəstək göstərilir, kreditlər verilir. Bu artımın səbəblərindən biri də ondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi-texniki bazanın gücləndirilməsi, həm də texnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir. 

Doqquz ayda kənd təsərrüfatı da artmışdır. Bu da çox müsbət haldır. Çünki kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər həyata keçirilir, proqramlar icra edilir və xüsusilə gələn il daha da böyük proqramlar icra ediləcəkdir. Bildiyiniz kimi, dövlət bu sektorun inkişafı üçün çox böyük vəsait ayırır, güzəştlər verilibdir. Texnikanın gətirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyalar - bütün bunlar kənd təsərrüfatının inkişafına xidmət göstərir. Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı 7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə, kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin sahələri çoxalır. Meliorativ tədbirlərin görülməsi nəticəsində biz növbəti illərdə daha da böyük həcmdə yeni torpaqların dövriyyəyə buraxılmasına nail olacağıq. Bundan sonra kənd təsərrüfatı ilə bağlı tədbirlər ardıcıllıqla aparılacaqdır. Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə nəzərə alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını gözləyirlər, biz sadəcə olaraq, siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin.

Deyə bilərəm ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də bütövlükdə böyük dərəcədə yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır. Nəzərə alsaq ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən gəlirlərlə daim uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti illərdə də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı daha da artıracağıq. Bu, bizim böyük sərvətimizdir. Bu, həm bizə iqtisadi güc verir, investisiya layihələrini icra etməyə imkan yaradır, eyni zamanda, bizi istənilən çətinliklərdən, böhranlardan qoruyur və qoruyacaqdır. Bu həcmdə valyuta ehtiyatlarının yığılmasının başlıca səbəbi vaxtilə - 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun yaradılması və fondun fəaliyyətinin şəffaflığı ilə bağlıdır.

Əldə olunan bütün gəlirlər şəffaf, etibarlı şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı olan layihələrə yönəldilir. Gələcək mərhələdə, növbəti ildən başlayaraq maliyyə resurslarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik. 

Bir sözlə, iqtisadi inkişafla bağlı məsələlər ölkəmizdə uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatları çox yüksək qiymətləndirir, Azərbaycanın kredit reytinqləri artır. Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı - Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan birinci yerdədir, liderdir. Bu liderliyi saxlayır və əminəm ki, saxlayacaqdır. Çünki uğurlarımızın təməlində düşünülmüş islahatlar, düzgün siyasət, müstəqil siyasət dayanır. Uğurlarımızın təməlində enerji amili artıq əsas rol oynamır. Bildiyiniz kimi, son illərdə enerji amilindən asılılığımızı azaltmaq üçün biz çox böyük işlər görmüşük. Baxmayaraq ki, bu gün də, gələcəkdə də neft-qaz potensialımız həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edəcəkdir.

2011-ci ildə sosial sahədə də çox yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar bir də onu göstərir ki, siyasətimiz sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və sadiq qalacağıq. Ancaq biz bununla bərabər, aztəminatlı təbəqəni sosial cəhətdən daha da yaxşı müdafiə etmək üçün konkret addımlar atırıq.  Bu addımlar sadəcə olaraq, proqramların qəbulu, hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır, bu proqramlar konkret xarakter daşıyır.

Bu il 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə götürsək, 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir, çox ciddi addımdır və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün və ədalətli bir addımdır.

Bununla bərabər, orta maaşın həcmi də artmışdır. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir, ancaq bundan da çox olmalıdır. Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün də əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Sosial cəhətdən ən az, müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Yardımı Proqramını təşkil etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində dövlətdən bu yardımı alır.

Bu da çox düzgün addımdır. Bu, çox ədalətli addımdır. Nə qədər ki, bu insanlar hələ də yoxsulluq şəraitində yaşayırlar, Azərbaycan dövləti öz yardımını onlardan əsirgəməyəcəkdir. Nə vaxt ki, onlar yoxsulluqdan çıxıb öz maddi vəziyyətini yaxşılaşdıracaqlar, təbii ki, o vaxt bu yardım da dayandırılacaqdır. Çünki əsas məsələ sosial ədalət prinsipidir. Biz 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız bu prinsiplər əsasında tənzimlənir. Yəni, bazar tələbatı da, təklifi də tənzimləyir. Ancaq elə hallar olur ki, insanların imkanı yoxdur, insanlar işsizdir, yaxud da ki, az təminat alırlar. Biz onların vəziyyətinə də gərək biganə qalmayaq. Ünvanlı Sosial Yardımı Proqramının əsas vəzifəsi məhz ondan ibarətdir ki, yoxsul təbəqənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülsün. İşsizliklə bağlı deyə bilərəm ki, bütövlükdə bu sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir. Çox güman ki, bu da real vəziyyəti əks etdirmir. Çünki yaxşı bilirik, əfsuslar olsun ki, hələ də bizdə bu sahədə müfəssəl və dəqiq mexanizm tam işə düşməyib. Bəzi hallarda qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Deyə bilərəm ki, son illər ərzində bu sahədə vəziyyəti normallaşdırmaq üçün yaxşı tədbirlər görülmüşdür və davam etdirilməlidir. Ancaq əgər biz bu amili də nəzərə alsaq görərik ki, Azərbaycanda işsizliyin sayı da 5,5 faizdən aşağıdır. Çox güman ki, yoxsulluq şəraitində yaşayanların da sayı 9,1 faiz deyil, ondan aşağıdır. Ancaq əlbəttə, biz növbəti illərdə həm konkret inzibati addımların və həm də institusional tədbirlərin nəticəsində iqtisadi vəziyyətin tam real mənzərəsini əldə edəcəyik.

Hazırda tətbiq olunan yeniliklər, "elektron hökumət" prinsipləri və digər mütərəqqi təşəbbüslər imkan verəcək ki, real mənzərəni 100 faiz səviyyəsində əks etdirən vəziyyət ictimaiyyətə təqdim edilsin.

Bu il regionlarda da həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilmişdir və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür. İlin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 il ərzində Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır.

Regional İnkişaf Proqramı uğurla icra edilir. Vaxtaşırı o proqrama əlavələr, dəyişikliklər edilir. Prezidentin Ehtiyat Fondundan bu il ərzində bölgələrə kifayət qədər vəsait ayrılmışdır, bu məbləğlər daha çox sosial-iqtisadi infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Xüsusilə biz son müddət ərzində kənd yollarının təmiri və tikintisi ilə çox ciddi məşğuluq. Böyük proqramlar artıq icra edilir. Növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir sözlə, Regional İnkişaf Proqramı icra edilir, burada heç bir narahatlıq yoxdur.

Bu il Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı çox geniş və konkret proqram qəbul edilmişdir. Deyə bilərəm ki, proqram çox qısa müddət ərzində icra edilməyə başlamışdır. Artıq biz o proqramın ilkin nəticələrini də görürük. Bundan əvvəlki dövrdə də - 2005-ci ildə Bakı qəsəbələrinin inkişafına dair üçillik proqram qəbul edilmişdi, o, başa çatdı. İndi yeni proqramın qəbuluna ehtiyac var idi. Biz bunu etmişik və demək olar ki, bütün qəsəbələrdə çox böyük quruculuq, abadlıq, bərpa işləri aparılır. Bütün infrastruktur yenilənir, yeni qaz, su, kanalizasiya xətləri çəkilir, elektrik enerjisi ilə təminat yaxşılaşdırılır, məktəblər, xəstəxanalar, tibb ocaqları, poliklinikalar tikilməkdədir. Yəni, hər bir qəsəbə üzrə konkret təklif var və bu, təkliflər proqramda öz əksini tapıbdır.

Bu proqram mətbuatda dərc edilibdir. Proqramın formalaşmasında əlbəttə ki, biz əsas məlumat mənbəyini yerlərdən almışıq, yəni qəsəbə sakinləri öz təkliflərini vermişlər, sonra onlar ümumiləşdirilib və nəticədə proqram qəbul edilmişdir. Orada, eyni zamanda, qəsəbə sakinlərinin məşğulluğu ilə də bağlı konkret təkliflər vardır. Qəsəbələrə kreditlərin verilməsi də başlanmışdır və artıq bir neçə istiqamət üzrə konkret proqram və təkliflər vardır. Mən şadam ki, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı çox sürətlə icra edilməyə başlamışdır. Bu sürət deməyə əsas verir ki, qəsəbələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlər 2-3 il ərzində həllini tapacaqdır.

Bu ilin doqquz ayında biz bütün sahələr üzrə işimizi sistemli şəkildə qurmuşuq. Bu, artıq gözəl ənənədir. Hər bir sahə üzrə konkret proqramlar vardır. Azərbaycanda məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır və onların hamısının  konkret maliyyə mənbəyi, icra mexanizmi, icra müddəti göstərilmişdir. Bizim bütün işlərimiz konkret xarakter daşıyır və uğurlarımızın da səbəbi məhz bundan ibarətdir.

Bizim üçün ən ağır olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər geniş məlumatlar çatdırmışam. Müstəqilliyimizin 20 illik yubiley tədbirində də kifayət qədər geniş məlumat vermişəm, bəlkə də təkrara ehtiyac yoxdur. Sadəcə demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu  deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək. Yenə də deyirəm, nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli, öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər, təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə, hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır.

Bu istiqamətdə də çox böyük tədbirlər görülmüşdür, dəqiq siyasət aparılır. Həm bu ilin, həm əvvəlki illərin iqtisadi göstəriciləri, həm hərbi imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan arasındakı fərq böyüyür. Bu iki ölkə müqayisəedilməzdir, bizim aramızda yerlə-göy qədər fərq vardır. Bunu hamı bilir - həm beynəlxalq ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul olan tərəflər və qurumlar. Çox güman ki, status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi ilə bağlı son bəyanatların təməlində də məhz bu reallıq dayanır. Çünki həm biz bilirik, həm hər bir qərəzsiz müşahidəçi bilir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın əhalisi artır, Ermənistanın əhalisi azalır.

O ki qaldı hərbi məsələlərə, iqtisadi sahədə bütün statistik göstəricilər əyani şəkildə kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə, necə deyərlər, qərəzsiz baxışlar zamanı reallığı hər kəs görə bilir ki, Azərbaycan nə qədər böyük yol keçmişdir və ölkəmiz gündən-günə güclənir. O ki qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə son vaxtlara qədər bəlkə də erməni təbliğatı nəticəsində bu fərq, - yəni bizim xeyrimizə olan fərq, - beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən o qədər də dərk edilmirdi. Ancaq son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi. Çünki əgər o vaxta qədər onlar həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası "hərbi parad"dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır.

Bir də Ermənistanda keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur. Özü də əsgər kimi  addımlarla addımlayan keşişlər - buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər.

Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onların maraqlarına xidmət edəcəkdir.

Nəhayət, ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə də əyani şəkildə təsdiqləyir.

Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdir. Son aylar ərzində bu məqsədə çatmaq üçün diplomatiyamız böyük işlər görmüşdür. Bu səsvermənin tarixçəsi də maraqlıdır. Bəlkə Azərbaycan ictimaiyyəti bunu bilmir. Deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da öz namizədliyini bizimlə bərabər vermişdi. Ancaq bir neçə ay bundan əvvəl yəqin ki, orada götür-qoy etdilər və anladılar ki, Azərbaycan ilə diplomatik sahədə də onlar rəqabət aparmaq iqtidarında deyillər və çox sakitcə, səs salmadan öz namizədliyini geri götürdülər. Yəni, bu, artıq özlüyündə göstərirdi ki, Azərbaycan qarşısında onlar acizdirlər və bunu etiraf edirlər. Bilirlər ki, onların işğalçı siyasəti, Azərbaycana qarşı aparılan işğalçı siyasət, onların çirkin əməlləri, məkrli planları dünya ictimaiyyəti tərəfindən heç vaxt dəstəklənə bilməz. Əksinə, dünya ictimaiyyəti bunu pisləyir və pisləyəcəkdir. Bunun nəticəsidir ki, Ermənistan öz namizədliyini geri götürmüşdür və yenə də demək istəyirəm çox sakit şəkildə ki, bu rüsvayçılığı çox adam, çox ölkə bilməsin.

Ümid edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də onlar eyni yanaşmanı göstərəcəklər, yenə də götür-qoy edəcəklər. Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər.

O ki qaldı seçkilərə, seçkilər hələ davam edir. Bir neçə tur artıq olmuşdur. Birinci turda Azərbaycan birinci yerdə idi. İkinci və ondan sonrakı turlarda da Azərbaycan böyük üstünlüklə irəlidədir. Bu gün, ayın 24-də növbəti turlar keçiriləcəkdir, ancaq indi də demək olar ki, bu, bizim böyük qələbəmizdir. Son nəticədən asılı olmayaraq tam qətiyyətlə deyə bilərəm və tam əminəm ki, bu nəticə tarixi nəticədir. 113 ölkə Azərbaycanı dəstəkləyir. Bu, tarixi nailiyyətdir. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan münasibətinin əlamətidir, ölkənin inkişafının təzahürüdür. Amma mən çıxışlarımda dəfələrlə demişəm  ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır. Bəlkə indi bunu eşidən o qədər də, necə deyərlər, tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir. Biz doğrudan da, etibarlı tərəfdaşıq. Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə də bilər. Biz çalışmırıq ki, hamının xoşuna gələk. Biz siyasətimizi aparırıq. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ deyildir, xüsusilə gənc müstəqil dövlət üçün. Biz müstəqilliyimizin 20 illik yubileyini bu yaxınlarda qeyd etmişik, böyük uğurlar, gələcək planlar haqqında danışmışıq. Deyə bilərəm ki, 113 ölkənin Azərbaycana dəstək verməsi bu 20 ilin məntiqi nəticəsidir.

Bir sözlə, həm ölkə daxilindəki vəziyyətlə, daxildə aparılan islahatlarla, eyni zamanda, xarici siyasətimizin aparılması ilə bağlı, yenə də deyirəm, konkret proqramlarımız, planlarımız, siyasətimiz vardır. Bu siyasət imkan verir ki, ölkəmiz sürətlə, uğurla inkişaf etsin.

 

*  *  *

Sonra məruzə ilə çıxış edən maliyyə naziri Samir ŞƏRİFOV bildirdi ki, dünya iqtisadiyyatında qeyri-müəyyənlik və güclənən inflyasiya meyillərinə baxmayaraq, bu ilin 9 ayında ölkədə makroiqtisadi dinamika müşahidə edilmiş, iqtisadiyyatın qeyri-neft sektorunda yüksək artım qeydə alınmış, dövlətin maliyyə mövqeyi güclənmiş, əhalinin pul gəlirləri artmışdır. Ölkəmizin inkişafı beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də təsdiq olunmuşdur. Samir Şərifov vurğuladı ki, son 9 ayda büdcə vəsaiti hesabına dövlətə məxsus əsas sosial vəzifələrin sabit maliyyələşdirilməsi təmin edilmiş, əmək haqları, müavinət, pensiya, dövlət borcu və xidmətləri üzrə bütün öhdəliklər yerinə yetirilmişdir.

Nazir demişdir:

- Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8 milyard 979 milyon manat və ya 105,6 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz və yaxud 1 milyard 474 milyon manat çox olmuşdur.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi tərəfindən 112,4 faiz, yəni büdcəyə 4 milyard 63 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 936 milyon manat və ya 29,9 faiz çox vəsait təmin olunmuşdur.

Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə 843 milyon manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 0,2 faiz (1,5 milyon manat), ötən ilin müvafiq dövrünə nisbətən isə 15,4  faiz (113,0 milyon manat) çox deməkdir.

Dövlət Neft Fondu tərəfindən büdcəyə 4 milyard 21 milyon manat vəsait transfer edilmişdir.

Sair gəlirlər üzrə büdcəyə 48,8 milyon manat vəsait daxil olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat (3,7 dəfə) çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-dövlət sektoru üzrə büdcə daxilolmalarının həcmi xüsusilə qeyd olunmalıdır. 2010-cu ilin müvafiq dövrünə nisbətən onlar 27,7 faiz və ya 684 milyon manat artmış, xüsusi çəkisi isə 2,2 faiz artaraq 34,1 faizə çatmışdır.

2011-ci ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,7 faiz və ya 8 milyard 735 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 milyard 898 milyon manat və ya 27,8 faiz çox icra olunmuşdur.

Dövlət büdcəsinə daxil olan vəsaitin 33,9 faizi və ya 2 milyard 962 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 420 milyon manat və ya 16,5 faiz çox olmuşdur.

Sosial təyinatlı xərclərə aid olan təqaüdlərin və sosial müavinətlərin ödənişinə 1 milyard 63 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 20,2 faiz (178,3 milyon manat), əməyin ödənişi fonduna 1 milyard 770 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz (224 milyon manat), ərzaq və dərman xərclərinə 129 milyon manat və yaxud ötən ilin eyni dövrünə nisbətən 15,9 faiz (18,0 milyon manat) çox vəsait sərf edilmişdir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, pensiya təminatı sistemində islahatların həyata keçirilməsi və 2010-cu ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarına əmək stajlarına uyğun olaraq artımın tətbiqi üçün tarixi qərarınıza uyğun olaraq, cənab Prezident, dövlət qanunlarında müvafiq dəyişikliklər edilməklə dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılmışdır.

Cənab Prezident, ölkə iqtisadiyyatına investisiya qoyuluşu xərclərinin ilbəil ənənəvi artım dinamikası cari ilin doqquz ayında da davam etmiş, geniş spektrli sosial və fiziki infrastruktur layihələrinin həyata keçirilməsi maliyyələşdirilmişdir.

2011-ci ilin doqquz ayı ərzində icmal büdcənin investisiya xərcləri 3 milyard 985 milyon manat təşkil etmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyard 116 milyon manat və ya 38,9 faiz çox deməkdir. Bu xərclərin 3 milyard 281 milyon manatı və ya 54,2 faizi dövlət büdcəsi xətti ilə, Naxçıvan Muxtar Respublikasının büdcəsi xətti ilə 32,2 milyon manat, Dövlət Neft Fondunun xətti ilə 335,6 milyon manat, xarici kreditlər hesabına isə 336,2 milyon manat xərclər həyata keçirilmişdir.

Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 394 milyon manat vəsait istifadə olunmuşdur. Müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün yaşayış evlərinin və sosial obyektlərin tikintisinə 37 milyon manat, regionlarda idman komplekslərinin tikintisi və yenidənqurulmasına 31 milyon manat vəsait yönəldilmişdir.

Ölkənin əsas enerji, su təchizatı, qaz, kommunal, meliorasiya infrastrukturlarının tikintisi və yenidənqurulmasına 761 milyon manat, o cümlədən regionların içməli su və suvarma-drenaj infrastrukturlarının yaradılması və yenidənqurulmasına 119 milyon manat, Bakı şəhərində və regionlarda elektrik paylayıcı şəbəkəsinin yenidənqurulmasına 102 milyon manat, qazlaşdırma tədbirlərinə isə 150 milyon manat vəsait ayrılmışdır.

"Azərbaycan Respublikasında kosmik sənayesinin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üçün dövlət büdcəsindən 20 milyon manat vəsait yönəldilmişdir.

Ölkənin bir çox magistral, şəhər, rayon, qəsəbədaxili yolları yenidən çəkilir, bəzilərində artıq işlər başa çatmışdır. Paytaxt Bakı şəhəri yaxınlığında böyük yeni müasir dəniz və hava limanlarının təməli qoyulmuş, gəmiqayırma zavodunun tikintisinə başlanılmışdır.

Bütövlükdə ölkənin nəqliyyat sektoruna cari ilin doqquz ayında 1 milyard 176 milyon manat vəsait yönəldilmişdir. Bu vəsaitin 768 milyon manatı avtomobil nəqliyyatına və yollarına aid olan infrastruktur layihələrin maliyyələşdirilməsinə, 136 milyon manat Bakı Metropoliteninin inkişafına və genişlənməsinə, 216 milyon manat "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə, 46,6 milyon manat Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinə gəmi bərələrinin alınmasına sərf edilmişdir.

2011-ci ilin doqquz ayında Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 147 milyon manat, o cümlədən regionların sosial iqtisadi inkişafının sürətləndirilməsi, yenidənqurulması və abadlaşdırılması işlərinin davam etdirilməsinə 30 milyon manat vəsaitin ayrılmasına dair ölkə Prezidenti tərəfindən müvafiq sərəncamlar imzalanmışdır.

Cənab Prezident, sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsi 2011-ci ildə də hökumətin qarşısında qoyduğunuz əsas vəzifələrdən biri kimi qalmaqdadır. 

Cari ilin doqquz ayında 1287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən ayrılan vəsait təşkil edir.

Güzəştli kreditlərin 74 faizi respublikanın regionlarının, 26 faizi isə Bakı qəsəbələrinin payına düşmüş, bu kreditlər hesabına 5110 yeni iş yerinin açılacağı nəzərdə tutulmuşdur.

2011-ci ilin doqquz ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə investisiya layihələrinin sayı 27 faiz, verilmiş güzəştli kreditlərin məbləği 31 faiz, yeni açılmış iş yerlərinin sayı isə 37 faiz artmışdır.

Aqrar sektora dövlət qayğısının daha da artırılması məqsədilə fermer təsərrüfatlarına kreditlərin verilməsi, lizinq xidmətinin yaxşılaşdırılması, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 35 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait yönəldilmişdir.

Fəaliyyətə başladıqları dövrdən dövlət büdcəsindən və digər mənbələrdən üst-üstə Sahibkarlığa Kömək Milli Fonduna 453 milyon manat, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 318 milyon manat (kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 40 milyon manat (kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi) vəsait ayrılmışdır.

Cari ilin ötən doqquz ayı ərzində regionların inkişafı istiqamətində də müsbət nəticələr əldə edilmişdir. Belə ki, ölkə başçısının regionlara mütəmadi səfərləri, 200-dən çox müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı regionların tarazlı inkişafının təmin edilməsi və əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində müstəsna rol oynamışdır.

Bu dövrdə regionlarda 80-dən çox müəssisə, o cümlədən 30-a yaxın sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 200-ə yaxın müəssisə, o cümlədən 80-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir.

İcazə verin, möhtərəm Prezident, Sizi əmin edim ki, bugünkü müşavirədə verəcəyiniz tapşırıqlar da nəzərə alınmaqla, 2011-ci büdcə ilinin uğurla başa çatdırılması və müəyyən etdiyiniz inkişaf xəttinin həyata keçirilməsi üçün Maliyyə Nazirliyinin kollektivi səylərini əsirgəməyəcək, bundan sonra da əzmlə çalışacaqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

*  *  *

Kənd təsərrüfatı naziri İsmət ABASOV bu sahədə son 20 ildə əldə edilən uğurlardan danışdı. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1995-2003-cü illərdə kənd təsərrüfatı sektorunun hüquqi-normativ bazasının yaradılması istiqamətində mühüm işlər görmüş, bununla da ölkədə aqrar islahatlar uğurla icra olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində kənd təsərrüfatı sahəsində uğurların davamlı xarakter aldığını deyən İsmət Abasov son illərdə məhsul istehsalında yüksək artımın müşahidə olunduğunu, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradıldığını və kənd təsərrüfatı sektorunun texnika ilə tam təmin edildiyini bildirdi:

- Dövlət büdcəsinin vəsaiti hesabına 2005-2010-cu və 2011-ci ilin doqquz ayı ərzində 12 min 357 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 990 ədəd taxılyığan kombayn, 3 min 584 ədəd traktor, 73 dəst texnoloji avadanlıq, o cümlədən soyuducu kamera, süd zavodu, yem istehsalı zavodu, istixana və digər avadanlıq, 300 min ton mineral gübrə, 300 ton pestisid alınmış, təsdiq edilmiş qaydalara müvafiq olaraq satılmış və ya lizinqə verilmişdir.

Hazırda respublikanın əksər rayonlarında "Aqrolizinq" ASC-nin aqroservis filialları fəaliyyət göstərir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədilə hazırda dövlət büdcəsindən aqrar sahəyə bir neçə istiqamətdə subsidiyalar verilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, habelə hər hektar buğda və çəltik səpininə görə 2007-ci ildən indiyədək 360 milyon 300 min manat pul, toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə 2007-2010-cu illər ərzində dövlət büdcəsinin vəsaiti hesabına təsərrüfatlara ümumilikdə 15 milyon 100 min manatdan çox subsidiya verilmişdir.

Bununla yanaşı, 2007-ci ildən hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan kənd təsərrüfatı məhsulları istehsalında istifadə olunan 294 min 700 ton gübrənin dəyərinin orta hesabla 50 və ya 70 faizinin güzəştlə satılmasına görə həmin təşkilatlara 49 milyon manatdan çox vəsait ödənilmişdir.

Bu tədbirlərin nəticəsi olaraq kənd təsərrüfatında 2008-ci ildə 1 milyon 77 min 100 ton kartof, 1 milyon 228 min 300 ton tərəvəz toplanmış, 2009-cu ildə taxıl istehsalı 2 milyon 988 min 300 tona, o cümlədən buğda istehsalı 2 milyon 140 min 800 tona çatdırılmış, 2010-cu ildə 433 min 600 ton bostan məhsulları, 729 min 500 ton meyvə və 129 min 500 ton üzüm istehsal olunmuşdur.

2000-ci ilə nisbətən 2010-cu ildə taxıl istehsalı 1,3 dəfə, kartof 2 dəfə, tərəvəz 1,5 dəfə, bostan məhsulları 1,7 dəfə, meyvə 1,5 dəfə, üzüm 1,7 dəfə, şəkər çuğunduru 5,4 dəfə, ət 2,3 dəfə, süd 1,5 dəfə, qaramalın baş sayı 1,3 dəfə, davarların baş sayı isə 1,4 dəfə artmışdır.

Dünyanın əsas problemlərindən olan ərzaq çatışmazlığının hökm sürdüyü dövrdə respublika əhalisinin ərzaq təminatını özlərinin ümdə vəzifəsi hesab edən və bu vəzifəni uğurla həyata keçirən fermer və sahibkarlar həmişə olduğu kimi əzmlə çalışır, vətəninə, xalqına və cənab Prezident, şəxsən Sizə xidmət etməkdən şərəf hissi duyaraq, göstərdiyiniz hərtərəfli qayğı və dəstəyə görə öz dərin minnətdarlıqlarını bildirirlər.

Möhtərəm cənab Prezident!

Aqrar sahəyə göstərilən çoxşaxəli dəstəyin nəticəsi olaraq 2011-ci ilin 9 ayında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki illərdə olduğu kimi, öz dinamik inkişafını davam etdirmiş və kənd təsərrüfatında ümumi məhsul istehsalı 3 milyard 876 milyon 700 min manat olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz artmış, o cümlədən bitkiçilikdə 10,6 faiz və heyvandarlıqda 3,7 faiz təşkil etmişdir.

2011-ci ilin məhsulu üçün 967 min 300 hektar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalılar əkilmişdir ki, onun da 654 min 200 hektarını buğda təşkil etmişdir.

Yazlıq dənli və dənli paxlalılar da daxil olmaqla cəmi 400 min 300 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da keçənildəkindən 5,1 faiz çoxdur. Bir oktyabr vəziyyətinə 960 min 700 hektarda və ya ümumi sahənin 99,3 faizində biçin aparılmış və 2 milyon 431 min ton dənli və dənli paxlalılar istehsal edilmişdir. İstehsal olunmuş ümumi məhsulun 1 milyon 640 min tonunu və ya 67,5 faizini buğda təşkil etmişdir. Bu il ötən ildəkindən 331 min 100 ton artıq buğda istehsal edilmiş, məhsuldarlıq 5,2 sentner artmışdır. Mövsümün sonuna 2 milyon 450 min tondan çox dənli və dənli paxlalıların istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 450 min ton və ya 22,5 faiz çoxdur.

Pambıq yığımı dövründə hava şəraitinin əlverişsiz keçməsinə baxmayaraq, oktyabrın 17-i vəziyyətinə 33 min 348 ton məhsul toplanmışdır ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 11 min 800 ton və ya 54,9 faiz çoxdur. Pambıq yığımı davam edir.

Bitkilərin, əsasən taxılın zərərli və xüsusi təhlükəli zərərverici orqanizmlərdən mühafizə edilməsi, respublikanın fitosanitar sabitliyinin qorunması məqsədilə səmərəli mübarizə tədbirləri həyata keçirilmiş, məhsul itkisinin qarşısı alınmış, zərərvericilərin yayılma arealı xeyli azalmışdır.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıq da öz inkişafını davam etdirmiş, son illər naxırın cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər məhsul istehsalına müsbət təsirini göstərmişdir.

Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün xüsusi proqram həyata keçirilir. Az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi işi uğurla davam etdirilir.

Cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın baş sayı 47 min 100 baş artaraq 2 milyon 664 min başa, davarların baş sayı isə 116 min 350 baş artaraq 8 milyon 574 min 800 başa çatmışdır. Uyğun olaraq 333 min 613 ton (diri çəkidə) ət və 1 milyon 230 min 353 ton süd istehsal edilmişdir.

Ölkə ərazisinin təhlükəli epizootik xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinin qarşısının alınması, ölkəyə gətirilən heyvan və heyvan mənşəli məhsulların sanitar keyfiyyətinin yoxlanılması istiqamətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən geniş profilaktik tədbirlər həyata keçirilir.

Azərbaycan hökuməti ilə beynəlxalq maliyyə qurumları arasında imzalanmış müqavilələrə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən layihələr aqrar sahədə öz müsbət nəticəsini vermiş və bu layihələrin daha da genişləndirilməsi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və kənd əhalisinin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini verəcəkdir.

Respublikada uğurla davam etdirilən aqrar islahatlar nəticəsində getdikcə artan kənd təsərrüfatı məhsullarının saxlanması, tədarükü və satışında ciddi struktur dəyişiklikləri baş vermiş, ölkənin müxtəlif bölgələrində müasir tipli taxıl və soyuducu anbar kompleksləri tikilmiş və bu işlər hazırda daha da genişləndirilir.

Möhtərəm cənab Prezident!

Respublika əhalisinin kənd təsərrüfatı məhsulları ilə daxili istehsal hesabına təmin edilməsi məqsədilə iqtisadiyyatın bu vacib sahəsinin inkişafına yönəldilmiş diqqət və qayğınıza görə fermer və sahibkarlar adından Sizə öz dərin minnətdarlığımı bildirir və əmin edirəm ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək və əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

*  *  *

"Prezident İlham Əliyevin nəqliyyat sektorunun inkişafı ilə bağlı gördüyü işlərin nəticəsidir ki, ölkədə möhtəşəm, bir çox hallarda isə regionda ilk dəfə tətbiq edilən, ən yeni texnologiyalara əsaslanan nəhəng layihələr reallaşır və bu istiqamətdə işlər uğurla davam edir". Bu sözləri isə nəqliyyat naziri Ziya MƏMMƏDOV dedi. Nazir bildirdi ki, bu ilin doqquz ayında da nəqliyyat sektorunda uğurlar əldə olunmuşdur. Ziya Məmmədov hesabat dövründə nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görüldüyünü, bütün infrastruktur layihələrinin vaxtında icra edildiyini bildirərək demişdir:

- 2011-ci ilin 9 ayı ərzində nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 152,6 milyon ton yük, 938,6 milyon nəfər sərnişin daşınmışdır. Yüklərin 16,4 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 36 min tonu hava, 81,6 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmış, 45,3 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 9 milyon ton həcmində yükləmə-boşaltma  əməliyyatları yerinə yetirilmişdir.

Möhtərəm cənab Prezident!

Müstəqilliyimizin ilk 10 ili quruculuq, mövcud iqtisadiyyatın qorunub saxlanılması, möhkəmləndirilməsi kimi işlərlə xarakterizə olunurdusa, 2003-cü ildən başlayan növbəti mərhələ köklü islahatlar, sürətli inkişaf və yüksəliş dövrü kimi qiymətləndirilir. 2003-2011-ci illər ərzində 1,4 milyard ton yük, 10,1 milyard sərnişin daşınmışdır. Bu dövr ərzində Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 415,1 milyon tona, o cümlədən tranzit yüklərin həcmi 125,5 milyon tona bərabər olmuşdur.

Hesabat dövründə dəmir yollarının inkişafına 124 milyon manat vəsait sərf olunmuşdur. Dəmir yolunda  27,4 kilometr yol əsaslı və orta təmir edilmiş, 11 ədəd elektrik və dizel lokomotivləri, 212 ədəd sərnişin vaqonu, 2886 ədəd isə müxtəlif çeşidli yük vaqonları təmirdən keçirilərək istismara verilmişdir.

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi" üzrə işlər davam etdirilmiş, hazırda yolun Axalkalaki-Kartsaxi hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası və Kartsaxidə stansiya binasının tikintisi həyata keçirilir. Həmçinin Axalkalaki stansiyasının və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 kilometr uzunluğunda tunelin layihələndirilməsi işləri aparılır. Eyni zamanda yolun 153 kilometrlik Marabda-Axalkalaki sahəsinin 3 mərhələdən ibarət reabilitasiya və rekonstruksiyasının I mərhələsində işlər davam etdirilmişdir.

Bununla yanaşı, dəmir yolunun bu marşrut üzərində yerləşən infrastrukturunun yeniləşdirilməsi tədbirləri müəyyən edilmiş və "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanılmışdır.

Su nəqliyyatının inkişaf etdirilməsi məqsədilə 2011-ci ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 2 ədəd bərə alınaraq istismara verilmiş, 2 ədədinin isə Xorvatiya Respublikasının Pula şəhərində tikintisinə başlanılmış, bir ədəd üzən dokun hazırlanması üçün sifariş verilmişdir. Bundan əlavə, Gəmi Təmiri Zavodunun köçürülməsi və ərazinin təmizlənməsi işləri həyata keçirilmiş və Xəzər Dəniz Gəmiçiliyinin daxili imkanları hesabına müasir gəmi təmiri zavodunun tikintisinə başlanılmışdır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və Bakı-Ələt avtomobil yolu ilə liman kompleksini birləşdirən yol infrastrukturunun layihələndirilməsi və tikintisi işlərinə başlanılmışdır. Hazırda liman akvatoriyasında Hollandiyanın "Van Oord" şirkəti tərəfindən dibdərinləşdirmə işləri aparılır. Yaxın günlərdə liman ərazisinin quru hissəsində tikinti və avadanlıqların təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədilə tender keçiriləcəkdir.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədilə 2011-ci ildə "Azərbaycan Hava Yolları" QSC tərəfindən 6 ədəd "Airbus-320"  və 1 ədəd "Boeing 767-300 ER" tipli sərnişin təyyarələri alınaraq istismara verilmiş və "Boeing" şirkəti ilə yeni sifarişlərlə bağlı sazişlər imzalanmışdır.

2011-ci ildə İzmir, Aberdin (Şotlandiya) və Simferopol şəhərlərinə yeni reyslər açılmış, Bakı-Kiyev-Bakı, Bakı-Trabzon-Bakı reysləri bərpa olunmuş və mövcud uçuş reyslərinin sayı artırılmışdır.  Naxçıvan Muxtar Respublikasına "Airbus-320" tipli təyyarələrlə reyslərin yerinə yetirilməsinə başlanılmışdır. 

Cari ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin, uçuş-enmə zolağının, hava gəmiləri üçün 4 anqarın və Qəbələdə hava limanının tikintisi üzrə işlər davam etdirilmişdir.

Beynəlxalq maliyyə qurumlarının kreditləri hesabına Naxçıvan və Gəncə Beynəlxalq hava limanlarında radiotexniki vasitələrin quraşdırılması üzrə dövlətlərarası layihə başa çatdırılmışdır. Milli Aviasiya Akademiyasının ərazisində Təlim-məşq mərkəzinin tikintisi başa çatdırılmış, "Airbus", "Boeing", "ATR"  tipli hava gəmiləri üçün trenajorların tətbiqinə başlanılmışdır.

Hesabat dövründə "London-Taksi" şirkətinə məxsus 300 yeni taksi avtomobili gətirilərək istismara verilmiş və bu ilin sonunadək daha 700 taksi avtomobili gətiriləcəkdir. Cari ildə Quba, Xaçmaz və Tərtər şəhərlərində yeni avtovağzallar istismara verilmişdir.

Bakı şəhərində Nəqliyyatın İntellektual İdarə Edilməsi Sisteminin inzibati binasının tikintisi başa çatdırılmış, sistemin əhatə dairəsində sahə avadanlıqlarının və intellektual idarəetmə mərkəzində informasiya texnologiyaları avadanlıqlarının quraşdırılması yekunlaşmışdır. Hazırda mərkəzdə proqram təminatının yüklənməsi üzrə işlər aparılır. Sizin, cənab Prezident, mərkəzə baxış keçirdiyiniz zaman verdiyiniz tövsiyə və tapşırıqlarınız nəzərə alınmış və sistemin cari ilin dekabr ayında istismara verilməsi planlaşdırılır.

2011-ci ilin 9 ayı ərzində avtomobil yollarının saxlanmasına ayrılmış vəsait də daxil olmaqla, ümumilikdə 959,2 milyon manatlıq iş yerinə yetirilmişdir.

Hesabat dövründə 467,6 kilometr, o cümlədən 160,4 kilometr respublika əhəmiyyətli, 307,2 kilometr yerli əhəmiyyətli və Bakı şəhərində 46,3 kilometr yol təmir olunmuşdur.

Möhtərəm cənab Prezident!

"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı"nda 17 yeni yol qovşağının, 75 piyada keçidinin, yeni avtomobil yollarının, avtomobillər üçün parklanma yerlərinin tikilməsi və mövcud yol qovşaqlarının təmiri nəzərdə tutulmuşdur. Tədbirlər planına uyğun olaraq, hesabat dövründə Heydər Əliyev Hava Limanı-Mərdəkan-Bilgəh-Novxanı-M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulma layihəsinin icrası davam etdirilmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu-Bilgəh avtomobil yolu üzərində Aeroport və Binə yol qovşaqlarının, bu yolun 1,6 kilometrində yeraltı və 4-cü kilometrində yerüstü piyada keçidlərinin, üç səviyyəli Mərdəkan qovşağının, yolun 11 və 12-ci kilometrlərində isə piyada keçidlərinin tikintisi başa çatdırılaraq istismara verilmişdir. Buzovna-Mərdəkan-Qala, Bakı-Ələt yolunun 2-4 kilometr sahəsi (Bayıl qəsəbəsindən Bayraq Meydanına gedən yol), Zığ qəsəbəsi-Aeroport avtomobil yolundan Qala stansiyasına və dəniz sahilinə gedən avtomobil yollarının tikintisi davam etdirilir.

Hesabat ilində Bakı şəhərində qəsəbələr də daxil olmaqla avtomobil yolları, küçə və prospektlərin təmiri və saxlanmasında 25,2 milyon manatlıq iş görülüb, 46,3 kilometr yol təmir olunmuşdur.

Cari ildə yol-istismar idarələri üçün 131 müxtəlif təyinatlı maşın və mexanizm, bir ədəd beton zavod alınmışdır.

Bütövlükdə hesabat dövründə nəqliyyatın cari fəaliyyətinin təşkilinə yönəldilmiş texniki və təşkilati tədbirlərlə yanaşı, beynəlxalq əməkdaşlıq və normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də müvafiq işlər görülmüşdür. Regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə beynəlxalq nəqliyyat təşkilatlarının bütün tədbirlərində nazirlik lazımi səviyyədə təmsil olunmuşdur.

Möhtərəm  cənab Prezident!  

İcazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya  görə Sizə dərin minnətdarlığımızı ifadə edim və əmin edim ki, nəqliyyatçılar bundan sonra da Zati-alilərinizin tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissilə yerinə yetirəcəklər.

Diqqətinizə görə minnətdaram!

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

 

- İlin sonuna qədər nəzərdə tutulmuş bütün proqramlar icra edilməlidir. Artıq ilin 9 ayı göstərir ki, bu il də bizim proqramların icrası ilə bağlı heç bir problemimiz yoxdur. Hər bir proqram uğurla icra edilir. Hər bir istiqamət üzrə görülən işlər haqqında vaxtaşırı məlumatlar verilir, təhlillər aparılır və əlavə göstərişlər verilir. Beləliklə, əminəm ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq və biz artıq 2012-ci ildə görüləcək işlər haqqında da çox fikirləşməliyik.

Əminəm ki, ilin sonuna qədər makroiqtisadi vəziyyət də sabit olaraq qalacaqdır. Çünki ilin 9 ayında inflyasiya cəmi 8,4 faiz olmuşdur. Yəni, inflyasiya birrəqəmlidir. İlin əvvəlində də qarşıya belə vəzifə qoyulmuşdu ki, inflyasiya birrəqəmli olsun. Ümid edirəm ki, ilin sonuna qədər birrəqəmli inflyasiya qalacaqdır.

Nəzərə alsaq ki, bu il əhalinin pul gəlirləri 19 faiz artmışdır, görərik ki, əhalinin pul gəlirləri inflyasiyanı iki dəfədən çox üstələyir. Bu da son illər ərzində müşahidə olunan bir mənzərədir. Hər il əhalinin pul gəlirləri inflyasiyanı iki dəfə, bəlkə ondan da çox həcmdə üstələyir. Bütövlükdə il ərzində əhalinin pul gəlirlərinin 19 faizdən çox artması özlüyündə gözəl bir göstəricidir. Gələn ilin dövlət büdcəsi yaxın zamanlarda Milli Məclisdə müzakirə ediləcəkdir. Həmişə olduğu kimi, büdcə həm investisiyayönümlü, həm də sosialyönümlüdür, konkret sosial proqramların icrası nəzərə alınmalıdır.

İldən-ilə büdcə xərclərimiz də artır. Gələn il dövlət büdcəmizin  xərcləri təqribən 22 milyard dollar həcmində olmalıdır. İcmal büdcə isə 25 milyard dollar səviyyəsində olacaqdır. Bu, çox böyük rəqəmdir, böyük məbləğdir. Əgər biz adambaşına düşən büdcə xərclərini hesablasaq, görərik ki, bu göstərici üzrə Azərbaycan dünya miqyasında ön sıralardadır. Növbəti aylarda, xüsusilə 2012-2013-cü illərdə biz çalışmalıyıq ki, ölkə qarşısında duran əsas infrastruktur layihələrini icra edək. Bu layihələrin sayı kifayət qədər çoxdur. Bugünkü müşavirədə onların sadəcə olaraq, bəziləri qeyd edildi. Hər bir istiqamət üzrə çox böyük, nəhəng infrastruktur layihələri icra edilir. Mən bu layihələrin icrası ilə bağlı vaxtaşırı məlumatlar alıram, yerlərdə tanış oluram. Çox böyük meliorasiya layihələri icra edilir. Şəmkirçay su anbarı və orada elektrik stansiyası tikilir. Mən Taxtakörpü su anbarının tikintisi ilə bu yaxınlarda tanış olmuşam, kanallar tikilir. Yəni, nadir infrastruktur layihəsidir ki, onilliklər bundan sonra Azərbaycanın inkişafını, xüsusilə kənd təsərrüfatının inkişafını təmin edəcəkdir. Suvarılan torpaqların həcmi artmaqdadır. Artıq yeni torpaqların dövriyyəyə daxil edilməsi ilə bağlı konkret işlər aparılır və biz ilk növbədə, burada suvarma məsələlərinə diqqət verməliyik. Konkret proqramlar icra edilməkdədir.

Növbəti iki il ərzində elektroenergetika sahəsində görüləcək işlər demək olar ki, bu istiqamətdə bütün planlarımızın reallaşmasına imkan verəcəkdir. Son illər ərzində bu sahədə çox ciddi tədbirlər görülmüşdür. On bir yeni elektrik stansiyası tikilmişdir. Sadəcə olaraq, son 5 il ərzində Azərbaycanda 1500 meqavatt gücündə yeni elektrik stansiyaları tikilib və bərpa edilmişdir. Hazırda enerji gücümüz 6,5 min meqavatt səviyyəsindədir ki, bugünkü Azərbaycanın tələbatını və bir neçə il bundan sonrakı tələbatını tam şəkildə ödəyir. Ondan başqa, biz qonşu ölkələrə elektrik enerjisini ixrac edirik. Elektrik enerjisinin ixracının həcmini artırmaq fikrindəyik. Bu məqsədlə yüksək gərginlikli yeni elektrik xətləri tikilir. Əminəm ki, gələn il bu layihə də başa çatacaqdır. Beləliklə, neftlə, qazla bərabər, Azərbaycan böyük həcmdə elektrik enerjisi də ixrac edəcəkdir. Hazırda ixrac var, demək olar ki, bütün qonşu ölkələrə bizdən elektrik enerjisi ixrac edilir. Biz çalışmal

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video