03 Fevral 2013 02:02
485
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olmuşdur

 

Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olmuşdur.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

 

Prezident İlham Əliyevin giriş nitqi

 

- Bu gün biz Avropa Oyunlarının Təşkilat Komitəsinin birinci iclasını keçiririk. Bildiyiniz kimi, keçən ilin sonunda - dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir.

Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Baxmayaraq ki, Olimpiya Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə qədər Avropa Oyunları keçirilməmişdir. İlk oyunların Bakıda keçirilməsi əlbəttə ki, böyük nailiyyətdir, bizim böyük uğurumuzdur. Yanvarın 17-də Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır və bu gün biz Təşkilat Komitəsinin birinci toplantısını keçiririk.

Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilmişdir. Baxmayaraq ki, biz cəmi 21 ildir müstəqil dövlət kimi yaşayırıq, bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü idi. Bu gün Azərbaycan dünya birliyinin bir nömrəli qurumunun üzvüdür və keçən ilin may ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir.

Əlbəttə ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında verilmiş qərarın əsasında məhz bu amil dayanmışdır. Bununla bərabər, ölkəmizin dinamik iqtisadi inkişafı əlbəttə ki, öz rolunu oynamışdır. Hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı "Fitch", "Moody's" və "Standard & Poor's" reytinq agentlikləri ölkəmizin kredit reytinqini artırmışlar. Baxmayaraq ki, bəzi inkişaf etmiş ölkələrin reytinqi aşağı salınmış, bizim reytinqimiz qaldırılmışdır.

Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elita nümayəndələri arasında çox müsbət imic, müsbət rəy vardır. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı MDB məkanında rəqabət qabiliyyətliliyinə görə birinci, dünya miqyasında isə 46-cı yerdədir. Yəni, bu amillər də əlbəttə ki, oyunların Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.

İqtisadiyyatımız son doqquz il ərzində üç dəfə artmış və bu gün iqtisadiyyat şaxələndirilmiş, dayanıqlı iqtisadiyyatdır. İqtisadi inkişafın genişləndirilməsi üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, əlbəttə ki, maliyyə resurslarımız da kifayət qədər böyükdür, çoxdur və bu amil də oyunların Bakıda keçirilməsini şərtləndirdi.

Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, dünya standartlarına cavab verir. Hazırda tikilmiş və tikilməkdə olan obyektlər, idman qurğuları bizə imkan verəcəkdir ki, oyunları yüksək səviyyədə keçirək. Çünki hesab edirəm ki, əsas idman qurğuları oyunların keçirilməsinə imkan yaradacaqdır. Əgər əlavə bir idman obyektinin tikilməsinə ehtiyac yaranarsa, biz bunu 2015-ci ilə qədər həll edəcəyik.

Bu oyunların Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Biz bu dəstəyi əvvəlki dövrdə də hiss etmişik. Çünki bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdir. O zaman rəy sorğuları keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır.

Şəhər infrastrukturu müasirləşir. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Həm gözəlliyi, həm tarixi siması, həm də müasirliyi ilə fərqlənir. Şəhər infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik.

Bizim artıq mötəbər beynəlxalq tədbirlərin keçirilməsində gözəl təcrübəmiz vardır. Azərbaycanda mütəmadi qaydada dünya, Avropa çempionatları keçirilmişdir. Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.

Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilir və hesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir.

Hesab edirəm ki, Avropa idman ailəsinin bizə göstərdiyi etimadın təməlində, eyni zamanda, idmançılarımızın uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir.

Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə hazırlıq dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün 6-7 il vaxt verilir. Yəni, bu ilin sentyabr ayında 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarının şəhəri müəyyən ediləcəkdir.

Yəni, o oyunları keçirəcək ölkə təqribən 6-7 il ərzində hazırlıq işləri görəcəkdir. Bizim isə hazırlıq işlərinin görülməsi üçün cəmi 2 il vaxtımız vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır, böyük şərəfdir. Mən əminəm ki, bütün müvafiq qurumlar bu oyunların yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəməyəcəklər və həmişə olduğu kimi, biz bu dəfə də ölkəmizin qüdrətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik.

Bayaq qeyd etdiyim kimi, oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai sahədə fəaliyyət göstərən insanlar cəmləşib. Təşkilat Komitəsinə isə Mehriban Əliyeva sədrlik edir. Deyə bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il "Eurovision" mahnı müsabiqəsinin Təşkilat Komitəsinə rəhbərlik etmişdir. Ümumi rəyə görə, "Eurovision" mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir və bəlkə də "Eurovision" müsabiqəsinin tarixində belə gözəl müsabiqə keçirilməmişdir. Bütün təşkilati məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox rahat hiss etmişlər. Çünki həm insanların qonaqpərvərliyi, eyni zamanda, şəhərimizdə hökm sürən asayiş, sabitlik öz rolunu oynamışdır. Əminəm ki, Avropa Olimpiya Komitəsinin bizə göstərdiyi etimadı Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsi yüksək səviyyədə doğruldacaq və bu oyunlar Olimpiya Oyunlarının tarixində sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaqdır.

Bu gün isə biz artıq Təşkilat Komitəsinin görəcəyi işlərlə tanış olacağıq və məruzə etmək üçün söz verilir Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya.

 

Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın çıxışı

 

- Hörmətli cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcəkdir. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.

Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir və cənab Prezident, icazə verin, ilk növbədə, bu qələbə münasibətilə Sizi təbrik edim və Təşkilat Komitəsinin bütün üzvləri adından bizə göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirim.

Azərbaycanda  keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında, "Eurovision-2012" mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq, I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq.

İndi isə icazənizlə, Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlıq işləri ilə bağlı bəzi vacib məqamları Sizin diqqətinizə çatdırım.

I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa Olimpiya Komitəsinin üzv ölkələrinin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən, Bakıda keçiriləcək yarışlarda 5 min nəfərədək idmançının iştirakı nəzərdə tutulub. Rəsmi nümayəndə heyətinin sayının təxminən min olması gözlənilir. Tədbirin işıqlandırılması üçün Bakıya 2 min nəfərədək beynəlxalq kütləvi informasiya vasitələri nümayəndələrinin gəlişi gözlənilir. Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən, I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman növündən minimum 12-si və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların 17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, badminton, qılıncoynatma, atıcılıq, kamandan oxatma, stolüstü tennis, üzgüçülük, suyatullanma, su polosu və reqbi-7 daxildir. Avropa Oyunlarının tarixində ilk dəfə keçiriləcəyini nəzərə alaraq, bir çox məsələlər üzrə Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyaları ilə danışıqlar aparılır.

Hörmətli cənab Prezident, I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri müəyyən edilmişdir. Yarışların Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, "Baku Crystal Hall", "Sərhədçi" İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Güllə atıcılığı stendi və Bakı Ekspo Mərkəzində keçirilməsi mümkündür. 2015-ci ilədək Olimpiya Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu yeni qurulan idman sarayları da oyunlar zamanı istifadə olunacaqdır. I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulub.

Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə çatdırmaq istərdim. Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilməsi nəzərdə tutulub. 25 min tamaşaçı tutumu olan "Baku Crystal Hall"da həndbol və voleybol idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub. Reqbi-7 idman növü üzrə yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis, qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. Boks üzrə yarışların 3 min 250 yerlik "Sərhədçi" İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik Əl Oyunları Sarayında, kamandan oxatma üzrə yarışların isə 7 min yerlik "Şəfa" stadionunda keçirilməsi nəzərdə tutulub.

I Avropa Oyunları zamanı idman və bədii gimnastika üzrə yarışların Gimnastika Kompleksində keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri Mərkəzində keçirilməsi nəzərdə tutulub. Su polosu üzrə yarışların keçirilməsi üçün mərkəzin yanında müvəqqəti arena inşa olunmalıdır. Atletika üzrə yarışlar keçirilsə, 32 min 200 yerlik Tofiq Bəhramov adına Respublika Stadionundan istifadə oluna bilər. Çimərlik voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı bulvarda müvəqqəti arenanın inşası tələb olunur.

Hörmətli cənab Prezident!

I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar başlanmışdır. Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi istiqamətində işlər görülür. I Avropa Oyunları mövzusunda açıq loqotip müsabiqəsi artıq elan edilmişdir.

Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi tərəfindən hazırlanır və  Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Hazırda medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.

Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi informasiya vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və "Baku Crystal Hall"dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır.

Oyunların keçiriləcəyi müddətdə, yəni, 2015-ci ilin iyun, iyul aylarında Bakıya çoxsaylı qonaqlar gələcək. İdmançıların, rəsmi nümayəndə heyətlərinin, turistlərin və qonaqların yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan hotellərin sayı və tutumu dəqiqləşdirilmişdir. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan hotel komplekslərindən də istifadə olunacaqdır.

Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım olaraq oyunlar haqqında hərtərəfli məlumatı əks etdirən internet portalı hazırlanmalıdır. Dünya mediasında I Avropa Oyunlarının keçirilməsi barədə informasiyanın yayılmasına, ümumiyyətlə, Azərbaycan haqqında, xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin təbliğat kampaniyasına cəlb olunması, onlarla əməkdaşlıq perspektivləri müzakirə olunmalıdır.

Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim bu sahədə böyük təcrübəmiz vardır. "Eurovision-2012" mahnı müsabiqəsini hazırlayanda biz gənclərin, könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdi. Ona görə də I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub.

I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb edilməsi istiqamətində işlər görülür.

I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərinin tədbirə hazırlanması xüsusi önəm daşıyır. Şəhər infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi xidmətin optimallaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar tərəfindən hazırlanır.

Bugünkü  müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiyanı və fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan əsas məsələlərin həlli ilə bağlı aparılmış monitorinqlərin nəticələrini təqdim edirik. Monitorda gördüyünüz məlumatlar ümumi xarakter daşıyır.

Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu yaradılacaqdır. Hazırda yarışların keçirilməsi ilə bağlı bütün istiqamətləri əhatə edən və hər bir qurumun vəzifəsini müəyyən edən geniş tədbirlər planı hazırlanır. Həmin tədbirlər planı qısa müddət ərzində Sizin diqqətinizə təqdim olunacaqdır.

Sonda bir daha, cənab Prezident, bizə göstərdiyiniz yüksək etimada görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, I Avropa Oyunları ölkəmizin tarixində Sizin və hər bir azərbaycanlının növbəti qələbəsi kimi qalacaqdır. Diqqətinizə görə çox sağ olun.

* * *

Prezident İlham ƏLİYEV: İndi isə söz verilir gənclər və idman naziri Azad Rəhimova.

 

Nazir Azad RƏHİMOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Azərbaycan gəncinin potensial gücü çox böyükdür. Həm fiziki gücü böyükdür, həm də mənəvi iradəsi böyükdür. Əgər biz hamımız idmanın inkişafına şərait yaratsaq, idmanı kütləvi etsək və bütün insanlar üçün bədən tərbiyəsini onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki, mənəvi sağlamlığını təmin edəcəyik.

Ulu öndər Heydər Əliyevin bu tövsiyəsi və qarşımızda qoyduğu vəzifələr, Sizin rəhbərliyiniz altında aparılan düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır.

Müstəqillik dövründə Azərbaycan idmançılarının Olimpiya oyunlarında qazandığı nəticələrin artan dinamikası bu sözləri sübut edir. Eyni zamanda, Azərbaycanda keçirilən yarışların sayı və keyfiyyəti ilbəil artmaqdadır.

Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilmişdir.

Bu tədbirlərin, o cümlədən  bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, ölkəmizdə yüksək səviyyədə yarışların keçirilməsi Olimpiya ailəsində inam yaratmışdır.

Ölkəmizdə aparılan böyük tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmiş, bütövlükdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılması sahəsində böyük işlər görülmüş və bu işlər yüksək templə davam etdirilməkdədir.

2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının,  2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən ölkəmizin Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkili prosesində bir sıra məsələlərin həll olunması da zəruridir. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, bəzi idman növləri üçün müvəqqəti idman qurğularının inşa edilməsi vacibdir. Mart ayının ikinci yarısında Avropa idman federasiyaları ilə müvafiq sənədlər imzalanandan sonra bir sıra idman qurğularının, o cümlədən atıcılıq üçün müvafiq stendin, vaterpol üçün müvəqqəti arenanın, çimərlik voleybolu üçün müvəqqəti meydançanın və s. obyektlərin müvafiq beynəlxalq standartlara uyğun inşasına ehtiyac yaranacaqdır.

Eyni zamanda, bir sıra idman obyektləri beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Həmin idman obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilməlidir. Bu tələblər, eyni zamanda, məşq prosesinin təşkil edilməsinə də aid olmalıdır. Təcrübə göstərir ki, iştirak edən idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq zallarında olan şərait ümumi rəyə ciddi təsir edir.

Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinikanın və yeməkxananın yaradılması ilə bağlı planlar da müzakirə edilir. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi yaradılmalıdır.

Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və fasiləsiz hərəkətini təmin etmək üçün kiçik və irihəcmli nəqliyyat vasitələrinin alınmasına ehtiyac vardır.

Atletlər kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilməlidir.

Eyni zamanda, atlet kəndində yaşayan bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur yaradılmalıdır, o cümlədən trenajor zalları,  hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s.

Oyunların keçirilməsi zamanı vacib elementlərdən biri də könüllülərin bu işdə fəal iştirakı, bütün idman obyektlərində, atlet kəndində, hava limanında və digər iaşə və infrastruktur obyektlərində təcrübəli gənclərin xidmət göstərməsidir.

Təcrübə göstərir ki, bu cür oyunların keçirilməsi yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də cəlb olunmasını tələb edir. Bununla bağlı, Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə London Yay Olimpiadası-2012, Vankuver Qış Olimpiadası-2010 və Futbol üzrə Dünya Çempionatı-2010 kimi yarışların təşkilində iştirak etmiş şirkət və mütəxəssislər ilə birbaşa danışıqlar aparır. Bu görüşlərin nəticəsi olaraq müraciətlərə baxılmasından sonra işçi qrupunun tərkibi ilə bağlı təkliflər irəli sürüləcəkdir. Bununla yanaşı, oyunların daha peşəkar idarə olunması üçün idman, nəqliyyat, təhlükəsizlik, protokol, maliyyə məsələləri, açılış və bağlanış mərasimləri və digər sahələr üzrə dünyada tanınmış ekspertlərin və mütəxəssislərin dəvət olunması planlaşdırılır. 

Əlbəttə, oyunların keçirilməsi həmin idman yarışlarında yüksək səviyyədə iştirak etmək üçün bizim qarşımızda çox  ciddi tələblər qoyur.  Təşkilatçı ölkə kimi, Azərbaycan bütün idman növləri üzrə təmsil olunmaq hüququna malik olacaqdır. Bununla bağlı nazirlik tərəfindən artıq ciddi işlərə başlanılmış, hər bir idman növündə perspektivli idmançılar müəyyən edilir. Eyni zamanda, bu oyunların ölkəmizdə keçirilməsi ümumilikdə idmanın inkişafına böyük təkan verəcəkdir.

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək  idmançının, məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı telekanalları Bakıdan xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcəkdir. Bundan başqa, Oyunlar Azərbaycanda turizmin, nəqliyyat infrastrukturunun və digər sahələrin inkişafına da böyük təkan verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaqdır. Ən əsası isə Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır.

Möhtərəm cənab Prezident!

Gənclər və İdman Nazirliyi, ölkəmizin bütün gəncləri və idman ictimaiyyəti bu möhtəşəm idman yarışlarının ən yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini səfərbər edəcəkdir. 

Diqqətinizə görə çox sağ olun!

* * *

Prezident İlham ƏLİYEV: Oyunların yüksək səviyyədə keçirilməsi üçün əlbəttə ki, təhlükəsizlik tədbirləri də yüksək səviyyədə görülməlidir. Bu barədə danışmaq üçün söz verilir daxili işlər naziri Ramil Usubova.

 

Nazir Ramil USUBOV çıxış edərək dedi:     

- Möhtərəm cənab Prezident!

Ümummilli lider Heydər Əliyevin uzun dövrə hesablanmış strateji siyasət kursunu xalqın və dövlətin maraqlarına uyğun, müvəffəqiyyətlə inkişaf etdirməniz sayəsində ölkə həyatının bütün sahələrində davamlı tərəqqiyə nail olunmuş, respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir.

Sözsüz ki, rəhbərliyiniz altında əldə edilən bu nailiyyətlər, həmçinin ölkəmizdə ictimai asayişin, sabitliyin, insan hüquq və azadlıqlarının etibarlı qorunmasında da mühüm rol oynamışdır.

Uzun illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin təmini sahəsində MDB və Şərqi Avropa məkanında lider dövlətlərdəndir. Bu müsbət təmayül 2012-ci ildə də davam etmişdir.

Zati-aliləri!

Ölkəmizi dünya və Avropa birliyinin çox etibarlı üzvü kimi tanıtmanızın məntiqi nəticəsidir ki, Azərbaycan Respublikası və onun paytaxtı Bakı şəhəri beynəlxalq əhəmiyyətli mühüm tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Təkcə ötən il respublikanın müxtəlif yerlərində keçirilən 500-ə yaxın belə beynəlxalq tədbirdə digər hüquq-mühafizə və xüsusi xidmət orqanları ilə birgə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunmuşdur.

Çox sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və  əmin-amanlığın təmini baxımından özünü sabit ölkə kimi tam təsdiqləməsi 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsi ilə bağlı tarixi qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

Əlbəttə, bu mühüm hadisənin təməlində ölkəmizdə idmanın inkişafına Zati-aliniz tərəfindən göstərilən qayğı, o cümlədən müasir idman infrastrukturunun yaradılması istiqamətində gördüyünüz böyük işlər və bunun nəticəsi kimi idmançılarımızın ən yüksək səviyyəli beynəlxalq yarışlarda qazandığı nailiyyətlər dayanır.

Möhtərəm cənab Prezident!

Məruzə edirəm ki, 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı hazırlıq işlərinə Sizin göstərişinizlə artıq başlanılmışdır.

Qarşıda duran vəzifələrin uğurlu icrası üçün müasir informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunacaqdır. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan "Təhlükəsiz Şəhər" sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər Sizin böyük qayğınız sayəsində ardıcıllıqla həyata keçirilməkdədir.

Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bugünədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə Bakı Metropolitenində 73 yerdə 1974 kamera quraşdırılmışdır.

Cari ilin birinci rübündə isə paytaxtda daha 150 yer üzrə 210 videomüşahidə vasitəsi istismara veriləcəkdir. Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə yüksək diqqətinizə məruzə olunan məsələlər, o cümlədən 150 yerdə "Üztanıma" funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaitinin ayrılması və qarşıda duran digər vacib vəzifələrin reallaşması üçün göstərdiyiniz əvəzsiz köməkliklərə görə Zati-aliləri, Sizə dərin minnətdarlığımı bildirirəm.

Bundan əlavə, ötən il keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi vasitələr alınmış, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunmuşdur.

Birinci Avropa Oyunları ilə əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlərin quraşdırılması, piyada naryadlar üçün planşet kompyuterlərin, radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulmuşdur.

Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığının artırılması, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdiriləcəkdir.

Bununla bərabər, strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaqdır.

Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulmuşdur.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə   mümkün təxribatların qarşısının alınması, həmçinin ölkəyə qanunsuz gələn və yaşayan əcnəbilərin müəyyən edilməsi, paytaxtda yaşayış yeri üzrə qeydiyyat qaydalarına riayət olunması istiqamətində tədbirlər də nəzarətdə saxlanılacaqdır.

Yarışlara hazırlıq dövründə həyata keçiriləcək bütün tədbirlərin gedişi barədə Zati-alinizə və Birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, çox hörmətli Mehriban xanım Əliyevaya mütəmadi məruzə olunacaqdır.

Cənab Prezident, Sizi əmin edirəm ki, daxili işlər orqanlarının bütün əməkdaşları bu Olimpiya Oyunlarının təhlükəsiz keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

Diqqətinizə görə sağ olun!

* * *

Prezident İlham ƏLİYEV: Biz oyunların keçirilməsi üçün əlbəttə ki, nəqliyyat məsələlərinə çox böyük diqqət verməliyik. Onsuz da ölkəmizdə və şəhərimizdə bu məsələlər uğurla həll edilir. Ancaq şübhəsiz ki, əlavə tədbirlər də görülməlidir. Yəqin ki, yeni yolların açılması, yeni yolların birləşməsi, yol qovşaqlarının tikilməsi və nəqliyyatı tənzimləyən əlavə tədbirlər də görülməlidir. 

Bu sahədə, görüləcək işlər haqqında məruzə etmək üçün söz verilir nəqliyyat naziri Ziya Məmmədova.

 

Nazir Ziya MƏMMƏDOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

Respublikamızın sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində Sizin, cənab Prezident, rəhbərliyiniz altında son illər ərzində görülmüş genişmiqyaslı işlər və əldə olunmuş böyük nailiyyətlər ölkənin sosial-iqtisadi həyatının bütün sahələrini əhatə etmiş, gələcək uğurlarımız üçün möhkəm təməl yaratmışdır.

Zati-alilərinizin diqqət və qayğısı sayəsində hazırda nəqliyyat sektoru da sürətlə inkişaf edir və müasirləşir. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksəlir, görülən işlərin keyfiyyəti və səmərəliliyi artır, daşımalara olan tələbat tam ödənilir. Bütün sahələrlə yanaşı, ölkəmizin idman sahəsində son illər ərzində dünya miqyasında əldə etdiyi uğurları da xüsusi olaraq qeyd etmək istərdim.

Bu gün Azərbaycan idmançıları böyük qələbələr qazanır, ölkəmiz nüfuzlu beynəlxalq turnirlərə ev sahibliyi edir. Avropa  Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərar hər birimizdə böyük fərəh və qürur hissi doğurmuşdur. Bu münasibətlə Sizin, cənab Prezident, Azərbaycan xalqına təbrikinizdə və burada söylədiyiniz fikirlərdə bu tarixi uğurun qazanılmasında ölkəmizin nail olduğu yüksəlişi, tərəqqini xarakterizə etmiş, həm də bu mötəbər tədbirin keçirilməsi hüququnu Azərbaycanın ən layiqli namizəd olaraq parlaq qələbəsi kimi qiymətləndirmişdiniz. Bu qələbə də ulu öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi və Sizin, cənab Prezident, uğurla davam etdirdiyiniz müstəqil Azərbaycanın inkişaf strategiyasından bəhrələnir.

Şübhəsiz ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi hər birimizin üzərinə böyük məsuliyyət qoyur. Bu oyunların yüksək səviyyədə keçirilməsi böyük təşkilatçılıq işləri tələb edir. Biz yaxşı dərk edirik ki, olimpiadanın iştirakçılarına, şəhərimizin qonaqlarına və vətəndaşlarımıza yüksək səviyyəli nəqliyyat xidmətlərinin göstərilməsi üzərimizə düşən ən vacib və ciddi məsələlərdəndir. Eyni zamanda, ötən illər ərzində Azərbaycanda keçirilən bir çox beynəlxalq idman tədbirləri Sizin,  cənab Prezident, dəstəyiniz və Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi və digər tədbirlərdə toplanmış təcrübə deməyə əsas verir ki, qarşıdakı Olimpiya oyunları da yüksək səviyyədə keçiriləcəkdir.

Möhtərəm cənab Prezident!

Ali diqqətinizə məruzə etmək istərdim ki, Nəqliyyat Nazirliyi tərəfindən konkret təkliflər müzakirə edilir və kompleks tədbirlər planı hazırlanır. İlkin məlumata görə, 49 ölkənin iştirak edəcəyi bu tədbirdə rəsmi heyətlərin ölkəyə gəlişi və gedişi üçün əsas nəqliyyat bağlantıları olaraq Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı Dəmir Yolu Vağzalı, avtomobil nəqliyyatı strukturları nəzərdə tutulur. Qonaqların əksəriyyətinin gəliş və gedişi Heydər Əliyev Beynəlxalq Hava Limanı vasitəsilə nəzərdə tutulur ki, bu da proqnozlara görə iştirakçıların 90 faizə qədərini əhatə edəcəkdir. Nəqliyyat xidmətlərinin göstərilməsində rəsmi heyətlər xüsusi yer tutur. Onlara ayrıca nəqliyyat vasitələrinin ayrılması təmin edilməlidir. Olimpiada vaxtı bu şəxsləri, həmçinin idmançıları və onları  müşayiət edənləri olimpiya şəhərciyindən olimpiya stadionuna və idman oyunlarının keçiriləcəyi digər obyektlərə, həmçinin turistlərin daşınması həyata keçiriləcəkdir. Hazırlıq dövründə aşağıdakı məlumatların dəqiqləşdirilməsi, bu xidmətlərin daha dolğun təşkilini təmin edəcəkdir. 

Gözlənilən rəsmi heyətlərin və qonaqların, idmançıların, həmçinin turistlərin təxmini sayı, oyunların keçiriləcəyi əsas idman arenalarının dislokasiyası, rəsmi heyətlərin, qonaqların və turistlərin yerləşəcəyi hotellər və digər yaşayış yerləri.

Qeyd olunan nəqliyyat xidmətlərinin təşkili üçün tərəfimizdən Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi hazırlanır və fevral ayının sonunadək təşkilat komitəsinə təqdim ediləcəkdir.

Tədbirlər planı üç əsas hissədən ibarətdir.

1. Nəqliyyat vasitələri, avtobuslar, minik və taksi avtomobilləri, metro vaqonları, mövcud nəqliyyat vasitələri, onların texniki vəziyyəti və təminat imkanları, nəqliyyat xidmətlərinin tam təminatı üçün nəqliyyat parkının yeniləşdirilməsi.

2. Bakı şəhərində nəqliyyat infrastrukturu.

 Gözlənilən sərnişin dövriyyəsinin təmin olunması üçün mövcud vağzalların və hava limanının imkanlarının araşdırılması və tədbirlərin görülməsi, Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması.

3. Nəqliyyat xidmətlərinin idarə olunması və təşkili.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bazasında olimpiya oyunlarına cəlb olunmuş bütün nəqliyyat vasitələrinin və onlara xidmət göstərən şəxslərin fəaliyyətinin idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək qərargahın yaradılması, nəqliyyat xidməti göstərən sürücü və digər kateqoriyadan olan işçilərin hazırlanması, onlar üçün xüsusi təlimatların tərtib olunması, dil hazırlıq kurslarının təşkili və bu kontingent üzrə məlumat bazasının yaradılması, nəqliyyat daşımalarında təhlükəsizliyin təmin olunması, ictimai nəqliyyatın hərəkətinin təşkili üçün xüsusi zolaqların, hərəkət marşrutlarının və parklanma yerlərinin təşkili, görülən işlər barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi və internet səhifələrində yerləşdirilməsi.

Əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir.  Hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi davam etdirilir və 2014-cü ilin əvvəllərində yekunlaşacaqdır. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisinə yaxın günlərdə başlanılacaq və 2015-ci ilin birinci rübündə yekunlaşacaqdır.

Həmçinin, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı 2014-cü ilin birinci yarısında yekunlaşacaqdır. Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara veriləcəkdir. Sadalanan bu yollar olimpiya oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa, şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaqdır. Eyni zamanda, respublikada yerli əhəmiyyətli yollarda da işlər davam etdirilir. Qonaqların gəliş-gedişinin təmin edilməsi və yüksək səviyyədə xidmətin göstərilməsi üçün Bakı dəmir yolu vağzalında yenidənqurma işləri davam etdiriləcək və vaxtında yekunlaşdırılacaqdır. Bakıda ictimai nəqliyyatın fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək, avtobuslarda elektron-ödəmə sisteminə keçid təmin ediləcəkdir. Vətəndaşlarımıza və qonaqlara yüksək səviyyədə xidmət göstərilməsi üçün mövcud avtobus parkı əsaslı şəkildə bərpa ediləcək və yeniləşdiriləcəkdir. Qeyd etmək lazımdır ki, Bakı şəhərində əlavə olaraq 1200 ədəd yeni avtobusa və 2000 ədəd taksiyə ehtiyac vardır. Şübhəsiz ki, hazırlıq işləri dövründə həllini gözləyən bir sıra məsələlər də olacaqdır ki, bununla bağlı tərəfimizdən zəruri tədbirlər görüləcək və təşkilat komitəsinə müvafiq hesabat təqdim olunacaqdır.

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istərdim ki, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq dövründə və oyunların keçiriləcəyi müddətdə Nəqliyyat Nazirliyinə həvalə olunmuş bütün işlərin icrasının vaxtında və yüksək səviyyədə təmin olunması istiqamətində işlər görüləcəkdir.

Diqqətinizə görə minnətdaram!  

* * *

Prezident İlham ƏLİYEV: Sağ olun. Daha kimin sözü vardır? Təşkilat Komitəsinin başqa üzvlərinin fikirləri varsa, buyurun - Çingiz Hüseynzadə.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz HÜSEYNZADƏ çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hörmətli Mehriban xanım!

Bildiyiniz kimi, dekabr ayında Romada birinci Avropa Oyunlarının keçirilməsi haqqında qərar qəbul olunandan dərhal sonra, yəni səsvermədən dərhal sonra Avropa Olimpiya Komitəsi ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında müqavilə imzalandı. Bu müqaviləni Azərbaycan dövləti tərəfindən bir qarant kimi Azərbaycan gənclər və idman naziri Azad Rəhimov da imzaladı. Müqavilənin müzakirəsi zamanı, eləcə də Avropa Olimpiya Komitəsi rəhbərliyi ilə bir çox görüşlər zamanı bir fikir, bir ideya həmişə səslənirdi ki, Avropa Oyunları Ümumdünya Olimpiya Oyunlarını təqlid etməməlidir. Yəni, bu oyunların öz xüsusi siması olmalıdır.

Cənab Prezident, Siz bayaq söylədiyiniz o fikir, Azərbaycan standartları fikri, burada öz yerini tapır. Biz çalışmalıyıq ki, bu oyunlarda məhz Azərbaycan standartları öz əksini tapsın, öz rolunu oynasın. Çünki bu oyunların keçirilməsində heç kimin təcrübəsi yoxdur. Bizim də təcrübəmiz yoxdur və biz dəvət edəcəyimiz beynəlxalq ekspertlərin də təcrübəsi yoxdur. Onların təcrübəsi ancaq böyük Ümumdünya Olimpiya Oyunlarının keçirilməsi ilə bağlıdır. Məncə, bu çox mühüm amildir. Biz bu amilə diqqətlə yanaşmalıyıq.

Eyni zamanda, mən obyektlər haqqında bir neçə kəlmə demək istərdim. Mehriban xanım və Azad müəllim öz məruzələrində obyektlər haqqında qeyd etdilər. Azad müəllim məşq yerlərini xüsusilə qeyd etdi. Burada nüanslar yarana bilər. Tutalım, çimərlik voleybolu üçün biz müvəqqəti bir obyekt tikirik. Lakin bu tikilən obyekt, bu idman qurğusu yalnız oyunlar zamanı fəaliyyət göstərəcəkdir. Lakin məndə olan məlumata görə, belə deyək, Voleybol Federasiyası artıq 2014-cü ildə Bakıda çimərlik voleybolu üzrə sınaq yarışları keçirmək istəyir. Bu yarışlar üçün bizə baza lazımdır. Daimi çimərlik voleybolu bazası. Bir çox idman növlərində belə bir vəziyyət yarana bilər.

Ümumiyyətlə, mən Təşkilat Komitəsinin işinə uğurlar arzu etmək istəyirəm. Mən əminəm ki, Azərbaycan, Bakı şəhəri bu oyunları yüksək səviyyədə keçirəcək və bütün bundan sonra keçirilən oyunlar, məhz Bakıda keçirilən oyunlara istiqamətləndiriləcəkdir. Çox sağ olun.

* * *

Prezident İlham ƏLİYEV: Sağ ol. Daha kimin sözü vardır? Namiq Abdullayev buyursun.

 

Olimpiya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq ABDULLAYEV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident!

Hörmətli toplantı iştirakçıları!

Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim  hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması  ölkə Prezidenti cənab İlham Əliyevin davamlı və  məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu  siyasət hər zaman xalqın dəstəyini qazanmışdır.

Bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər qazanılmışdır. Gündən-günə artan iqtisadi qüdrətimiz, idmana olan diqqət və qayğı  nəticəsində ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaratmışdır. Bütün bunlar cənab Prezidentimizin yeniyetmə və gənclərimizin sağlam ruhda böyüməsinə, vətənpərvər gəncliyin formalaşmasına  xüsusi diqqətlə yanaşdığını sübut edir. İdmanın inkişafı nəticələrimizin və bədən tərbiyəsi və idmana olan marağın ildən-ilə artmasına səbəb olmuşdur. London Olimpiadasında tarixi qələbəmiz də, cənab Prezident, Sizin qələbənizdir,  Siz başda olmaqla bütün Azərbaycan xalqının qələbəsidir. 

Azərbaycanda və Bakıda keçirilmiş dünya və Avropa çempionatları bir daha sübut edir ki, doğrudan da, Azərbaycanda idman uğurla, sürətlə inkişaf edir. Eyni zamanda, Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, ölkəmiz iki dəfə - 2016-cı və 2020-ci illərdə keçiriləcək Yay olimpiya oyunlarına öz iddiasını irəli sürdü. Mən bu məqsədlə yaradılmış təşkilat komitəsinin üzvü kimi hazırlıq prosesində xeyli təcrübə qazandım. İnanırdıq ki, bu işlər nə vaxtsa öz müsbət nəticəsini verəcək. Və nəhayət, Azərbaycanın iddiaları öz bəhrəsini verdi. Tarixdə ilk dəfə olaraq, birinci Avropa Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu, olduqca böyük tarixi hadisədir. Bu, cənab Prezident, birbaşa Sizin rəhbərliyinizlə həyata keçirilən, xalqımızın inkişafına və dəstəyinə söykənən uğurlu siyasətin nəticəsidir. Eyni zamanda, dünyada bizə göstərilən böyük hörmət və etimaddır.  

Cənab Prezident, mən bir idmançı kimi söz verirəm ki, bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Qazandığımız təcrübədən istifadə edərək tədbirin yaddaqalan və möhtəşəm olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. Diqqətinizə görə sağ olun!

 

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

 

- Hesab edirəm ki, bugünkü iclas görüləcək işlərə hazırlıq üçün çox önəmli bir addımdır. Ancaq bugünkü təqdimat onu göstərir ki, artıq işlər başlanmışdır. Mən çox şadam ki, Təşkilat Komitəsi çox qısa müddət ərzində artıq öz təkliflərini hazırlamışdır. Beləliklə, hazırlıq işlərinin yüksək səviyyədə aparılması üçün artıq gözəl zəmin vardır. Demək olar ki, bütün istiqamətlər üzrə vəzifələr ümumi qaydada bəllidir, aydındır. Sadəcə olaraq, indi hər bir istiqamət üzrə konkret fəal iş aparılmalıdır ki, biz bu oyunları yüksək səviyyədə keçirək.

İlk növbədə, əlbəttə ki, idman obyektləri hazır olmalıdır. Təqdimatda göstərildi, keçiriləcək oyunların yerləri də artıq bəllidir. Ancaq tikilməkdə olan obyektlər də vaxtında istifadəyə verilməlidir. Onların arasında əlbəttə ki, ilk növbədə, Olimpiya Stadionu, - artıq orada işlər başlanmışdır, - Gimnastika Mərkəzi, - işlər görülür və artıq daş işləri başa çatmışdır, - və Su İdmanı Növləri Sarayının tikintisi də artıq başlanmışdır və əminəm ki, inşası vaxtında bitəcəkdir. Çünki bu da çox vacib bir qurğudur. Təkcə oyunların keçirilməsi üçün yox, eyni zamanda, Bakı şəhərində müasir Su İdmanı Növləri Sarayının tikilməsi çox lazımdır. Bu qərar bir neçə il bundan əvvəl verilmişdir. Hələ Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar yox idi, biz artıq bu işlərə başlamışdıq, layihə hazırlanmışdı, seçiləcək yerlər haqqında fikir mübadiləsi aparılırdı. Nəhayət, Bakının inkişafı üçün hazırlanan Bayraq Meydanından sonrakı ərazidə Su İdmanı Növləri Sarayı tikiləcəkdir.  Hesab edirəm ki, bu, ən məqbul yerdir. Çünki su idmanı növləri üçün nəzərdə tutulan saray dəniz kənarında tikilməli idi. Əminəm ki, bu, memarlıq baxımından və funksional cəhətləri ilə seçiləcək bir saray olacaqdır.

Yəni, idman obyektlərinin istifadəyə verilməsi başlıca şərtdir. Bilirəm ki, idmançıların yerləşdirilməsi ilə bağlı indi Təşkilat Komitəsi müzakirələr aparır. Bir neçə fikir vardır. Əlbəttə ki, Azərbaycan dövləti atletlər üçün yaşayış yerlərini tikə bilər. Ancaq baxmaq lazımdır ki, bəlkə mövcud olan, artıq tikilən binalardan da biz istifadə edə bilərik.

Qonaqların yerləşdirilməsi ilə bağlı, əlbəttə ki, biz öz təkliflərimizi Avropa Olimpiya Komitəsinə təqdim edərkən bu məsələ də öz əksini tapmışdır. Ancaq əvvəlki dövrlərə nəzər salsaq, görərik ki, Yay Olimpiya Oyunları üçün təqdim etdiyimiz sənədlərdə məhz Bakıda hotel yerlərinin çatışmazlığı məsələsi bizim iddiamızın nəticə ilə yekunlaşmasına əngəl törətdi. Yəni, o vaxt mən xatırlayıram, Beynəlxalq Olimpiya Komitəsinin ekspertlər qrupu bizə olan iradların arasında hotel nömrələrinin az olmasını qeyd etmişdir. Ona görə əlbəttə ki, biz çalışmalıyıq və xüsusilə əlbəttə, özəl sektorda fəaliyyət göstərən turizm, tikinti şirkətləri çalışmalıdırlar ki, əlavə hotellərin, yeni hotellərin tikintisi üçün tədbirlər görülsün. Şəhər İcra Hakimiyyəti və digər müvafiq qurumlar, yerlərin seçilməsi ilə bağlı təkliflərinizi verin. Yerlər seçilməlidir, ondan sonra biznes qurumlarına təqdim edilməlidir ki, 2015-ci ilə qədər onlar yeni hotellərin tikintisi ilə məşğul olsunlar. Son iki il ərzində Bakıda beşulduzlu beş otel istifadəyə verilmişdir. Hesab edirəm ki, nə bölgədə, nə qitədə il yarıma beşulduzlu beş hotel açılmayıb. Ancaq buna baxmayaraq, yenə də hotel nömrələrinə ehtiyac vardır. 

Ola bilsin ki, bundan sonra Bakıda daha çox dörd və üçulduzlu hotellərin tikintisinə ehtiyac olacaqdır. Yerlər seçilməlidir və layihələr də təqdim edilməlidir. Lazım olarsa, Təşkilat Komitəsi də bu layihələrə baxa bilər. 

Turizm marşrutlarının müəyyən edilməsi haqqında təqdimatda deyildi. Bu da çox vacib məsələdir. Bu oyunlar əlbəttə ki, böyük idman bayramıdır. Ancaq eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, ölkəmizi qonaqlara, turistlərə və dünya ictimaiyyətinə hərtərəfli şəkildə təqdim edə bilək.

Mən çox şadam ki, artıq bölgələrdə də turizm infrastrukturunun yaradılması ilə bağlı çox böyük işlər görülür. Ölkəmizin müxtəlif yerlərində yeni turizm mərkəzləri yaradılır. Azərbaycanda mənzərəli, gözəl, təbiətlə zəngin olan yerlər çoxdur. Hazırda o yerlərdə böyük quruculuq, tikinti işləri aparılır. Mən Şahdağ xizək kompleksini qeyd edə bilərəm. Digər bölgələrdə gözəl hotellərin mövcudluğu artıq o bölgələri turistlər üçün cəlbedici edir. Bakıya gələcək qonaqlar, turistlər əlbəttə ki, bu imkanlardan istifadə etməlidirlər. Turizm marşrutları müəyyən edilməlidir.

Son illərdə nəqliyyat sektoruna qoyulan investisiyalar artıq bölgələrdə də nəqliyyat infrastrukturunun təkmilləşməsinə gətirib çıxarmışdır. Bölgələrdə yeni aeroportlar, özü də beynəlxalq hava limanları tikilmişdir. Magistral avtomobil yolları tikilir, dəmir yolları müasirləşdirilir. Yəni, turizm marşrutları, eyni zamanda, nəqliyyat infrastrukturu ilə uzlaşdırılmalıdır. Biz bu məsələyə kompleks şəkildə baxmalıyıq. Hesab edirəm ki, bu sahədə əldə ediləcək  yeni təcrübə gələcəkdə Azərbaycanda turizmin inkişafına da töhfəsini verəcəkdir. Çünki oyunlar başa çatandan sonra artıq bütün bu təcrübə və infrastruktur gələcək illər üçün qalacaqdır.

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlı əlbəttə ki, biz əlavə tədbirlər görəcəyik. Bu gün bu barədə məruzədə fikirlər səsləndi. Biz, ümumiyyətlə, ölkəmizdə və şəhərimizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə mütəmadi qaydada məşğuluq. Bakıda oyunların keçirilməsi haqqında qərarın qəbul edilməsində Azərbaycanda kriminogen durumun çox müsbət səviyyədə olması da az rol oynamamışdır. Deyə bilərəm ki, Azərbaycan, o cümlədən Bakı şəhəri dünyanın ən təhlükəsiz yerlərindən biridir. Orta hesabla ölkəmizdə gün ərzində təqribən 30-40 cinayət baş verir. Onların mütləq əksəriyyəti ağır cinayətlər deyildir. Yəni, 9 milyon 300 min əhalisi olan ölkə üçün bu, çox kiçik bir rəqəmdir. Əlbəttə, kriminogen durumun bu səviyyədə qalması üçün profilaktik tədbirlər görülməlidir. Bir neçə il bundan əvvəl şəhərimizdə videomüşahidə aparmaq üçün kameraların quraşdırılması da hesab edirəm ki, profilaktik tədbirlər arasında mühüm yer tutur. İndi bu kameraların yeni növləri çıxır. Nazir öz çıxışında qeyd etdi. Üztanıma funksiyaları da vardır ki, bu, ümumiyyətlə kriminogen durumun həmişə aşağı səviyyədə saxlanması üçün çox vacib olacaqdır.

Digər tədbirlər də görülməlidir. Əlbəttə ki, xüsusi mühafizə tədbirləri də görülməlidir. İdman obyektlərində, hotellərdə, digər yerlərdə təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirləri bütün müvafiq qurumlar - Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq hüquq-mühafizə orqanları icra etməlidirlər. Əminəm ki, biz bu sahədə həmişə olduğu kimi, istədiyimizə nail olacağıq. Bütün bu hüquq-mühafizə qurumları arasında, xüsusilə oyunların keçirilmə ərəfəsində və oyunlar zamanı əlaqələndirmə işləri daha da yüksək səviyyədə təşkil edilməlidir.

Nəqliyyatla bağlı məsələlər çox vacib məsələlərdir. Burada artıq bu barədə məlumat verildi. Mən demək olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır. Adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır. Mən indi şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat  məsələləri demək olar, hər bir vətəndaşı incidir. Adi vətəndaşlar, tamaşaçılar, qonaqlar, turistlər, rəsmi heyətlər saatlarla tıxaclarda qalmağa məcbur olmuşlar. Ona görə deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq olur. Çünki indi başqa şəhərə oyunları seyr etmək üçün gələn qonaq hotel nömrələrini əvvəlcədən sifariş edir, ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. Bu vəziyyətlə üzləşərkən əlbəttə ki,  bu, insanları çox incidir. Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülmüşdür, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir.

Digər şəhərlərdə xüsusi zolaqlar ayrılır. Ancaq bu zolaqlar o qədər də səmərə vermir. Digər tədbirlər görülür. Amma bu günə qədər bir neçə Olimpiya Oyunlarının tədbirlərində iştirak etmiş adam kimi səmimi şəkildə deyə bilərəm ki, heç bir yerdə nəqliyyat məsələləri hələ lazımi səviyyədə həll olunmamışdır. Hesab edirəm ki, Bakıda keçirilən oyunlar bu sahəyə də öz standartlarını tətbiq etməlidir və ondan sonra Azərbaycan, Bakı standartları digər şəhərlər üçün də nümunə ola bilər. Biz bu məsələyə də kompleks şəklində baxmalıyıq. Əlbəttə, nəqliyyat parkı yeniləşdirilməlidir. Yeni avtobuslar, taksi maşınları gətirilməlidir. Bu məsələyə biz ayrıca baxacağıq.     

Oyunların keçirilməsinə qədər yeni yol qovşaqları istifadəyə veriləcəkdir. Deyə bilərəm ki, bu layihələr bəri başdan planlaşdırılmışdır. Biz bu layihələri xüsusilə oyunların keçirilməsi üçün nəzərdə tutmuruq. Ancaq əlbəttə ki, tədbirlərin keçiriləcəyi yerlərə rahat gəlib-getmək üçün xüsusi tədbirlər görülməlidir.

Görüləcək işlər arasında digər infrastruktur məsələləri də mühüm əhəmiyyət daşıyır. Xüsusilə elektrik enerjisi ilə təchizat. Bu sahədə də son illərdə ölkəmizdə çox böyük işlər görülmüşdür. Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları istifadəyə verilmişdir. Bakının elektrik şəbəkəsi demək olar ki, yenidən qurulur. Biz indi müxtəlif ölkələrə elektrik enerjisi ixrac edirik. Bölgələrdə və o cümlədən Bakı şəhərində ötürücü xətlərlə bağlı hələ ki, problemlər vardır. Ötürücü xətlərin bərpası, yeni dirəklərin quraşdırılması əlbəttə ki, çox böyük diqqət tələb edir. Əminəm ki, 2015-ci ilə qədər bu təsərrüfat da tamamilə yeniləşdiriləcəkdir. Beləliklə, elektrik təsərrüfatımız həm Bakıda, həm bölgələrdə tamamilə yeniləşəcəkdir.

İnformasiya-kommunikasiya sahəsi ilə əlaqədar əminəm ki, işlər lazımi səviyyədə görüləcəkdir. "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür. Xüsusilə nəzərə alsaq ki, bu il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib və bu sahəyə böyük diqqət göstərilir. Mən dünən İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalamışam. Bu sahəyə xüsusi diqqət göstərilməlidir. Yəni, buraya gələn idmançılar, qonaqlar, mütəxəssislər bütün imkanlardan rahat istifadə etməlidirlər. Biz indi ölkəmizin hər bir məntəqəsinə genişzolaqlı internet xətləri çəkirik. Bu, çox önəmli layihədir. Bu layihənin önəmini göstərən amillərdən biri də odur ki, layihənin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan vəsait ayrılmışdır. Çalışmalıyıq ki, oyunların keçirilməsinə qədər Bakı şəhərində bu sahə ilə bağlı bütün işlər ən yüksək səviyyədə görülsün.

Səhiyyə məsələlərinə gəldikdə, bu gün Bakı şəhərində artıq bu sahədə görülən işlər müsbət istiqamətdə gedir. Yeni xəstəxanalar tikilməkdədir və onların bir neçəsi bu il və 2014-cü ildə istifadəyə veriləcəkdir. Avadanlıq artıq dünya standartları səviyyəsindədir. Həkimlərin peşəkarlığı da artır, amma nəzərə alsaq ki, minlərlə qonaq gələcəkdir, daha da sürətlə artmalıdır. Əlbəttə ki, tibb xidməti də öz imkanlarını daha da genişləndirməlidir. Ola bilsin ki, əlavə təcili tibb yardımı maşınları alınsın. Bilirsiniz ki, biz keçən illərdə onların demək olar ki, hamısını yeniləşdirmişik. Bakıda indi sovet dövrünə aid bir dənə də olsun təcili tibb maşını qalmamışdır. Yeni xidmət yaradılmışdır, operativlik də lazımi səviyyədədir. Maşınlar xəstənin yardımına vaxtında çatır. Ancaq bununla bərabər, əlavə tədbirlər də görülməlidir. Çünki iki həftə ərzində Bakıda minlərlə qonaq olacaqdır. Həkimlərin də ingilis dili kurslarına cəlb edilməsi məsələsinə baxmaq lazımdır. "Eurovision" ərəfəsində polis işçilərini biz bu kurslara cəlb etmişdik. Bu proses bundan sonra da davam etməlidir. Oyunlara bunun heç bir əlaqəsi olmamalıdır. Çünki Bakıya gələn xarici turistlərin sayı artır. Əlbəttə ki, polis işçiləri ingilis dilini bilməlidirlər, yəni, bilsələr yaxşı olar. O cümlədən səhiyyə işçiləri. Ümumiyyətlə, xarici dil bilmək yaxşı şeydir və hər bir gənc  çalışmalıdır ki, xarici dilləri bilsin.      

Olimpiya simvolu da çox vacib məsələdir. Çünki Olimpiya simvolu bir növ ölkəni təqdim edir. Bakıda  keçiriləcək oyunlar əlbəttə ki, Avropa ictimaiyyətinin diqqət mərkəzində olacaqdır. Ancaq Olimpiya Oyunlarının rəmzi, yaxud da ki, rəmzləri, simvolu çox mühüm məsələdir. Mən bilirəm ki, müsabiqə artıq elan edilibdir və müsabiqəyə çox ciddi yanaşmaq lazımdır, ictimaiyyət də öz sözünü deməlidir. Ola bilsin, biz bu məsələni ictimai müzakirəyə də çıxara bilək ki, Azərbaycan vətəndaşları da öz sözlərini desinlər. Bu simvol, əlbəttə ki, ölkəmizin həm tarixini, həm xüsusi əlamətlərini əks etdirməlidir.

Biz idmançılarımızın bu oyunların hazırlanmasında iştirakını da təmin etməliyik.  Bütün işlərdə həm görkəmli, tanınmış idmançılarımız, eyni zamanda, geniş şəkildə idmançılar da fəal iştirak etməlidirlər. Ola bilsin ki,  könüllülər arasında idmançılar da olmalıdır. Yəni, Azərbaycanın idman ictimaiyyəti bu işlərdə çox fəal işləməlidir.

Könüllülərə gəldikdə, artıq "Eurovision" ilə bağlı bizim ilk təcrübəmiz olmuşdur, təcrübə müsbət idi. Ancaq bu  oyunlarda qonaqların sayı daha da çox olacaqdır. Ona görə, əlbəttə, könüllülər xüsusi təlimatlandırılmalıdırlar və onların uğurlu fəaliyyəti, o cümlədən  oyunların uğurlu keçirilməsinə xidmət göstərəcəkdir. Çünki bir daha qayıtmaq istəyirəm öz təcrübəmə, volontyorlar çox  mühüm funksiya daşıyır və onların operativliyi, xeyirxahlığı, qonaqpərvərliyi qonaqlarda ölkə haqqında da müsbət təəssürat yarada bilər. Ona görə xüsusi seçilmiş gənclərimiz bu işlərə cəlb olunsunlar. Bütövlükdə mən görürəm ki, bu işlərə meyil artır, bizim gənclər ictimai işlərə, ölkəyə xeyir gətirən işlərə çox fəal qoşulurlar. Bu, çox müsbət haldır.

Burada qeyd olundu ki, Avropa Olimpiya Komitəsi belə fikirdədir ki, bu oyunlar Yay Olimpiya Oyunlarını təqlid etməməlidir. Əlbəttə, mən də bununla razıyam. Ancaq bununla bərabər,  Yay Olimpiya Oyunlarından aşağı səviyyədə də keçirilməməlidir. Təbiidir, bu oyunların öz siması olmalıdır. Ancaq təşkilatçılıq baxımından, yəni bütün işlərin qurulması baxımından bu oyunlar Yay Olimpiya Oyunlarından aşağı səviyyədə olmamalıdır. Hesab edirəm ki, ondan daha da yüksək səviyyədə olmalıdır və olacaqdır.

Mən indi əvvəlki dövrdə keçirilən Yay Olimpiya Oyunlarına qayıtmaq istəmirəm. Ancaq biz bütün nöqsanları - insanları, idmançıları narahat edən məsələləri bilirik. O nöqsanları, o səhvləri təkrar etməmək üçün biz fəal çalışmalıyıq. Bu oyunların öz siması, öz standartları olacaqdır və deyə bilərəm ki, bu standartları biz tətbiq edəcəyik. Bizim qoyduğumuz təməl üzərində  bundan sonra da Avropa Oyunları keçiriləcəkdir. Nə Avropa Olimpiya Komitəsinin, nə də bizim bu oyunların keçirilməsində təcrübəmiz yoxdur. Bu da bizim üçün böyük bir çətinlikdir, böyük çağırışdır.

Mən giriş sözümdə qeyd etdim ki, hazırlıq üçün bizim cəmi iki il vaxtımız var, baxmayaraq ki, Yay Olimpiya Oyunları üçün 6-7 il vaxt verilir. Yay Olimpiya Oyunlarının keçirilməsində artıq böyük təcrübə var və Beynəlxalq Olimpiya  Komitəsi demək olar ki, hər bir sahə üzrə öz  göstərişlərini verir. Cild-cild kitablar var. Orada hər bir sahə üzrə, hər bir nöqtəyə qədər artıq müəyyən edilmiş qaydalar vardır.  Hazır təlimatlar, metodiki qaydalar vardır. Burada isə heç nə yoxdur.  Belə olan halda bütün məsuliyyət, bütün təşkilati məsələlərin həlli bizim üzərimizə düşür. Bir növ həm bu oyunların, eyni zamanda, gələcək oyunların başqa şəhərlərdə keçirilməsi üçün yeni standartları biz tətbiq edəcəyik. Doğrudan da, böyük məsuliyyətdir. Mən bir daha demək istəyirəm ki, bu oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsindən aşağı olmamaq şərti ilə keçirilməlidir. Əminəm ki, biz buna nail olacağıq.

Baxmayaraq ki, bu böyük  mötəbər oyunları biz birinci dəfə keçirəcəyik, ancaq bu vaxta qədər  Bakıda dünya, Avropa çempionatları, "Eurovision" müsabiqəsi, digər beynəlxalq tədbirlər böyük  uğurla keçirilmişdir.

Əminəm ki, Təşkilat Komitəsi bütün bu işləri  yüksək səviyyədə həll edəcəkdir. Mən buna şübhə etmirəm. Beləliklə, Azərbaycan bir daha özünü dünyaya və Avropaya müasir, güclü dövlət kimi təqdim edəcəkdir. Təşkilat Komitəsinə uğurlar arzulayıram və artıq bu gündən siz fəal işə başlayırsınız. Sağ olun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video