07 Aprel 2012 04:04
508
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyevin Çexiyaya dövlət səfəri

 

Ali qonağın şərəfinə


Aprelin 5-də Çexiya Prezidenti Vatslav Klaus və xanımı Livia Klausovanın adından Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı bir daha salamlayan Çexiya Prezidenti bir il əvvəl Bakıya səfəri zamanı başlanan dialoqu davam etdirmək, beynəlxalq  münasibətlərin aktual məsələləri, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın imkan və perspektivləri  barədə müzakirələr aparmaq baxımından Azərbaycan dövlətinin başçısının Praqaya səfərinin əhəmiyyətindən danışdı.
Çexiya dövlətinin başçısı Vatslav KLAUS dedi:
- Hörmətli cənab Prezident!
Bilirəm ki, Praqaya dövlət başçısı qismində ilk dəfə səfər etmisiniz. Mən ölkəmizin Avropa İttifaqında sədrliyi çərçivəsində təşkil edilmiş "Şərq tərəfdaşlığı" Sammiti zamanı Sizinlə görüşümü xatırlayıram. İnanıram ki, Sizin bugünkü səfəriniz əminliklə inkişaf edən Çexiya-Azərbaycan münasibətlərinə yeni mühüm təkan verəcəkdir.
Bizim münasibətlərin dərin əsasları vardır. İqtisadi əməkdaşlığımız artıq sosializm dövründə başlamış, Çexiya sənayesinin məhsulları Azərbaycan bazarında və Sizin sənaye sahəsində yaxşı tanınır. Buna baxmayaraq, birbaşa münasibətlərimizin inkişaf etdirilməsi yalnız son 20 ildə - Sizin ölkəniz müstəqilliyini bərpa etdikdən sonra mümkün olmuşdur.
Çox təqdirəlayiqdir ki, qarşılıqlı münasibətlərimizin intensivliyi bütün səviyyələrdə artmaqdadır. Buna həm də Praqada və Bakıda nümayəndəliklərimizin açılması, səfirlərin yaxşı işi və iki paytaxt arasında birbaşa hava əlaqəsinin təşkili yardımçı olmuşdur. Bundan əlavə, yüksək səviyyəli qarşılıqlı səfərlərin sayının artmasını və güclənən işgüzar əlaqələri də qeyd etməyə dəyər. Bunların zirvəsi, sözsüz, prezidentlərin dövlət səfərləridir ki, buna misal kimi mənim Bakıya ötənilki səfərimi və Sizin bu gün burada olmağınızı göstərmək olar.
Keçən ilin mayında biz Sizin gözəl ölkənizin sürətli və dinamik inkişafının şahidi olmaq imkanı əldə etdik. Sizin hazırladığınız və artıq həyata keçirdiyiniz möhtəşəm layihələrlə tanış ola bildik. Çexiya şirkətləri Sizin iqtisadiyyatın inkişafında iştirak etməyə böyük maraq göstərirlər. Artıq sənaye, infrastrukturun yaradılması, texnologiya və avadanlığın, həmçinin istehlak mallarının təchizatı sahələrində uğurlu əməkdaşlıq nümunələri vardır ki, onlara əsaslanaraq ortaya yeni imkanlar çıxara bilərik. Burada qeyd etmək istərdim ki, Azərbaycan Çexiyanın təsərrüfatının ən mühüm tədarükçülərindən birinə və strateji tərəfdaşına çevrilmişdir.
Hörmətli cənab Prezident!   
Arzu edirik ki, çox mürəkkəb siyasi regionda yerləşən ölkəniz sabitlik və sülh şəraitində inkişaf etsin. Arzu edirik ki, artıq uzun müddət ölkənizdə vəziyyəti çətinləşdirən münaqişənin sülh yolu ilə həllinə nail olunsun. Çexiya Respublikası bu məqsədlərə yönəlmiş bütün beynəlxalq tədbir və təşəbbüsləri daim dəstəkləmiş və gələcəkdə də dəstəkləməyə davam edəcəkdir.
Çexiya Prezidenti Azərbaycan dövlətinin başçısının Praqaya dövlət səfərinin iki ölkə arasında qarşılıqlı münasibətlərə əhəmiyyətli  təkan verəcəyinə və Azərbaycan nümayəndə heyətinin Çexiyadan xoş təəssüratlarla ayrılacağına inamını bildirdi.
Prezident Vatslav Klausun çıxışından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndi. 
Sonra Azərbaycan Prezidenti İlham ƏLİYEV çıxış etdi.
Dövlətimizin başçısı zəngin tarixi və mədəniyyəti ilə seçilən dost Çexiyaya səfərindən məmnun qaldığını bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, ölkələrimiz arasındakı əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.
Prezident İlham Əliyev Çexiya dövlətinin başçısının ötən ilin mayında Azərbaycana səfəri zamanı aparılan danışıqların münasibətlərin yeni müstəvidə genişlənməsinə verdiyi töhfədən danışaraq dedi:
- Son illər birgə səylərimizlə əlaqələrimiz daha da intensivləşmişdir. Ötən il Hökumətlərarası Komissiya yaradılmış və ilk iclasını keçirmişdir. Ölkələrimiz arasında ticarət dövriyyəsi 2010-cu illə müqayisədə 2011-ci ildə bir neçə dəfə artmışdır. Azərbaycanda həyata keçirilən mühüm layihələrdə Çexiya banklarının iştirakı, həmçinin Çexiya Respublikasının enerji təminatında Azərbaycanın oynadığı rol iqtisadi əlaqələrin səviyyəsinin göstəricisidir. Energetika, ticarət, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və digər sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın yaxşı perspektivləri vardır. Əminəm ki, mənim səfərim, əldə olunan razılaşmalar və bu gün mədəniyyət, turizm sahələrində imzalanan sənədlər də əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.
Gələn il biz diplomatik münasibətlərimizin qurulmasının 20 illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Azərbaycan və Çexiya arasında əməkdaşlıqda müxtəlif sahələrdə əldə olunmuş yeni nailiyyətlərlə daxil olacağıq.
Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. Bu mötəbər təşkilatın ali orqanında ilk dəfə təmsil olunan ölkəmizin səyləri beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsinə, dünyada sülh və ədalətin bərqərar olmasına kömək edəcəkdir.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər önəmli yer tutur. Əfqanıstanda əsgərlərimiz sabitliyin keşiyində çiyin-çiyinə dayanıblar.
Fürsətdən istifadə edərək Çexiya Respublikasına Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Artıq regionun əsas iqtisadi mərkəzinə çevrilmiş Azərbaycan, həmçinin enerji sahəsində etibarlı tərəfdaşdır və Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün töhfəsini bundan sonra da verməyə hazırdır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyası ilə Azərbaycan arasında "Cənub qaz dəhlizi" haqqında Birgə Bəyannamənin imzalanması bunun bariz nümunəsidir. Biz enerji resurslarımızın bütün istiqamətlərdə dünya bazarlarına çıxarılmasında maraqlıyıq və müxtəlif layihələr üzərində işləyirik.
Azərbaycan regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olmasının və qorunmasının tərəfdarıdır. Ancaq bildiyiniz kimi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı digər yeddi rayon 20 ildən artıqdır ki, Ermənistan tərəfindən işğal olunmuşdur. Bu ərazilərdə Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər beynəlxalq təşkilatların qərar və qətnamələri vardır. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Azərbaycan dövlətinin başçısı səfər zamanı göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və çex xalqına firavanlıq arzuladı.
Prezident İlham Əliyevin çıxışından sonra Çexiyanın dövlət himni səsləndi.
 
AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video