30 Aprel 2013 05:04
377
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın «Atletiko Madrid» futbol klubunun heyətini qəbul etmişdir

 

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İspaniyanın "Atletiko Madrid" futbol klubunun heyətini qəbul etmişdir.

İdmançıları salamlayan dövlət başçısı İlham ƏLİYEV demişdir:

- Sizi böyük nümayəndə heyətində görmək xoşdur. Əminəm ki, Bakıda vaxtınızı yaxşı keçirirsiniz. Yəqin ki, Azərbaycan haqqında yaxşı məlumatınız vardır, əsasən də son dövrlərlə bağlı. Klubunuzun Azərbaycanın təqdimatı ilə bağlı gördüyü işlərdən məmnunluğumu bildirmək istərdim. Əlbəttə ki, bir dəfə görmək, on dəfə eşitməkdən daha yaxşıdır. Səfərinizin qısamüddətli olmasına baxmayaraq, əminəm ki, Azərbaycanı daha yaxından tanımaq və insanlarla daha yaxın ünsiyyət qurmaq üçün imkan tapacaqsınız.

Sizin klub dünyada çox tanınır və deyə bilərəm ki, Azərbaycanda çoxlu azarkeşiniz vardır. Bildiyimə görə, siz burada yerli komanda ilə görüş keçirəcəksiniz. Bu, dostluq görüşü olacaqdır. Amma ümid edirəm ki, bir gün siz rəsmi matçda görüşəcəksiniz. Ümidvaram ki, bizim klubların şansları və göstərdikləri oyun səviyyəsi artacaq və bir gün sizi Bakıda rəqib qismində qəbul edəcəyik. Amma yenə də düşünürəm ki, əsas olan dostluq münasibətləri və bir-birini tanımaqdır. Əminəm ki, bu səviyyədə əməkdaşlıq sizin ölkəmizi daha yaxından tanımağa, bir çox sahədə daha sıx əlaqələr qurmağa yardım edəcəkdir.

Bir daha xoş gəlmişsiniz. Azərbaycanda xoş vaxt keçirməyinizi arzulayıram.

*  *  *

"Atletiko Madrid" klubunun prezidenti Enrikio CEREZO Prezident İlham Əliyevə nümayəndə heyətini qəbul etdiyinə görə təşəkkür etdi. Ölkəmiz və Bakı haqqında təəssüratlarını bölüşən Enrikio Cerezo dedi:

- Mən Bakıya gəlib çox təsirləndim. Çünki doğrudan da çox gözəl şəhəriniz vardır. Şadıq ki, ölkənizlə aramızda əməkdaşlıq yaranır. Azərbaycan xalqını tanımağıma çox şadam. Burada olmaqdan şərəf hissi duyuruq.

"Atletiko Madrid" futbol klubu barədə məlumat verən Enrikio Cerezo son illər böyük inkişaf əldə edildiyini bildirdi və klubun gələcək planlarından danışdı.

*  *  *

Prezident İlham ƏLİYEV dedi:

- Xoş sözlərə görə sizə minnətdaram. Mən bilirəm ki, "Atletiko Madrid" futbol komandasının çox böyük tarixi vardır. Nəinki İspaniyada, dünya miqyasında sizin komandanızın xüsusi yeri vardır. Əlbəttə, bu əməkdaşlıq bizə imkan verəcəkdir ki, Azərbaycanda futbolun səviyyəsi daha da qalxsın və əlaqələrimiz daha da geniş olsun.

*  *  *

Dövlət başçısı "Atletiko Madrid" klubunun Azərbaycana gəlməsinin ölkəmizin komandaları ilə əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirdi və bu səfərin idmançıların ölkəmizi daha da yaxından tanımaları üçün yaxşı imkan yaratdığını vurğulayaraq dedi:

- Mən çox şadam ki, siz indi Bakıdasınız, ölkəmizlə tanış olursunuz. Ümid edirəm ki, bu təmaslar bundan sonra da davam edəcəkdir.

"Atletiko Madrid" klubunun prezidenti Enrikio Cerezo Azərbaycan ilə rəhbərlik etdiyi klub arasındakı əlaqələrin beynəlxalq idman aləmində real əməkdaşlığa çevriləcəyinə əminliyini ifadə etdi.

*  *  *

Dövlət başçısı "Atletiko Madrid" klubunun və ümumilikdə ispan futbol komandalarının əldə etdiyi uğurlar münasibətilə təbriklərini çatdırdı. Prezident İlham Əliyev Azərbaycanda idman sahəsində görülən işlərdən danışaraq dedi:

- Deyə bilərəm ki, Azərbaycanda idman sürətlə inkişaf edir və çox yaxşı nəticələr vardır. Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçiriləcəkdir. Londonda keçirilmiş son Olimpiya Oyunlarında da Azərbaycan çox yaxşı nəticə göstərmiş, ikisi qızıl olmaqla 10 medal qazanmış və ölkələr sırasında 30-cu yerdə olmuşdur.     

*  *  *

Sonra Madridin Ticarət Palatasının prezidenti Arturo FERNANDES çıxış edərək dedi:

- Cənab Prezident! Biz bilirik ki, İspaniya ilə Azərbaycan arasında o qədər də çox işgüzar əlaqələr yoxdur. İndi isə "Atletiko Madrid" komandası ölkənizə səfər etmək imkanı qazanıb. Düşünürəm ki, ispan şirkətləri ilə ölkəniz arasında çox işlər görmək olar. Bu səfərdən sonra mən İspaniyaya, Madridə qayıdacağam. Bilirsiniz ki, Madriddə 7 milyon insan yaşayır və orada çoxlu şirkət fəaliyyət göstərir, onlar bizneslə məşğul olmaq istəyirlər və Azərbaycan da sahibkarlıqla məşğul olmaq üçün gözəl yerdir. Gözəl şəhərinizi, ölkənizi, buradakı inkişafı gördük. Ölkənizlə fəxr etməlisiniz. Bunu Madridə qayıtdıqda hər kəsə çatdıracağam ki, biz bizneslə məşğul ola bilərik, bizim üçün yaxşı imkanlar mövcuddur, biz şirkətlərimizi Sizin gözəl ölkənizə cəlb etməyə hazırıq. "Atletiko Madrid"ə və şəxsən mənim üçün buraya səfər etmək imkanı yaradıldığına görə təşəkkürümü bildirirəm.

*  *  *

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bəli, ölkələrimiz arasında əməkdaşlıq lazımi səviyyədə deyil, ola bilsin bu, məlumat azlığından irəli gəlir. Əminəm ki, İspaniyada o qədər də çox insan Azərbaycan haqqında məlumatlı deyildir. Azərbaycanda əlbəttə ki, ölkənizi tanıyırlar, lakin İspaniyaya gedənlərin sayı çox deyildir. Şübhəsiz, iş adamları bu istiqamətdə daha çox iş görməlidirlər. Bizim Avropa ölkələri ilə çox fəal əlaqələrimiz vardır və Avropa İttifaqı bizim bir nömrəli ticarət tərəfdaşımızdır. Bizim ixracın əksər hissəsi Avropa İttifaqınadır. Əlbəttə ki, Avropanın aparıcı ölkələrindən biri olan İspaniya şirkətləri bu işdə daha fəal ola bilərlər.

Azərbaycanda tikinti, infrastruktur, enerji və digər sahələrlə bağlı çoxlu layihələr həyata keçirilir. Lakin əfsuslar olsun ki, ispan şirkətlərinin bu layihələrdə iştirakı yetərli deyil və bu baxımdan sizin əlaqələriniz, Azərbaycan haqqında çatdıracağınız məlumat daha çox ispan şirkətlərinin ölkəmizə gəlməsinə və birlikdə iş görməyimizə təkan verə bilər. Azərbaycanda yaxşı biznes imkanları, sərmayə mühiti mövcuddur. İqtisadiyyat daim inkişaf etməkdədir, böyük imkanlar vardır. Beləliklə, biz Azərbaycanda sizin ölkənizin daha çox şirkətlərini görmək istərdik.

*  *  *

Arturo FERNANDES: Biz artıq enerji və digər sahələri əhatə edən 20-25 ispan şirkətinin nümayəndələrindən ibarət ticarət nümayəndə heyəti ilə ölkənizə səfərə gəlməyi planlaşdırırıq. Çox güman ki, təmsil etdiyim Ticarət Palatasının dəstəyi ilə səfər bu ilin noyabr-dekabr aylarında həyata keçiriləcəkdir. Biz əlaqələr qurmağa başlaya bilərik. Bilirəm ki, sizin İtaliya, Fransa, İngiltərə və digər ölkələrlə iş birliyiniz vardır. Əfsuslar olsun ki, İspaniya hələ də bu ölkələr sırasında deyildir. Mən səylərimi əsirgəməyəcəyəm ki, İspaniya da Azərbaycanda təmsil olunsun. Belə ki, ölkənizdə gözəl imkanlar mövcuddur. Azərbaycan çox cəlbedici ölkədir.

*  *  *

Prezident İlham Əliyev Azərbaycanın Avropanın aparıcı ölkələri ilə fəal iqtisadi iş birliyi qurduğunu vurğulayaraq İspaniya ilə də iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi və Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 300 faiz, yəni 3 dəfə artıb. "Gələcək inkişafla bağlı çoxlu planlarımız vardır" - deyən dövlət başçısı Azərbaycanın tərəfdaş kimi daha çox xarici şirkətlərlə əlaqələr qurmaq əzmində olduğunu vurğuladı. Prezident İlham Əliyev onu da bildirdi ki, bu baxımdan ispan şirkətləri ilə artıq başlanan iqtisadi iş birliyinin bundan sonra daha da genişləndirilməsi ölkələrimizin iqtisadi maraqlarına cavab verə bilər.

*  *  *

Daha sonra "Atletiko Madrid" futbol klubunun oyunçusu Arda TURAN çıxış edərək dedi:

- Cənab Prezident, əvvəlcə bizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Biz "Azərbaycan" sözünü sinəmiz üstündə gəzdirdik. İspaniyada Azərbaycanın sponsorluğu ilə oynamaq bizim üçün, bir türk oyunçu olaraq xüsusilə mənim üçün çox böyük şərəfdir. Çünki bu gün Şəhidlər xiyabanını ziyarət edərkən söylədim ki, özümü həm bir türk, həm də bir azərbaycanlı olaraq hiss edirəm. Təbii ki, biz eyni millətik, eyni kökdənik. Bakını bu qədər gözəlləşdirdiyiniz üçün Sizə minnətdaram. Bakıda əvvəllər də olmuşam. İndi daha möhtəşəm görünür. Gənc ölkə olmağınıza baxmayaraq, Azərbaycanın inkişafı çox möhtəşəmdir. Ona görə də Sizə çox təşəkkür edirəm.

Prezident olaraq ölkəni bu dərəcədə inkişaf etdirdiyiniz, insanlara qayğı göstərdiyiniz, bizi yüksək səmimiyyətlə, xoş münasibətlə qarşıladığınız üçün Sizə çox təşəkkür edirəm. Mən bir türk, bir azərbaycanlı olaraq həqiqətən ev sahibi sayılıram. Ona görə çox şərəf duyuram. Bir daha təşəkkürümü bildirirəm.

*  *  *

Prezident İlham ƏLİYEV: Çox sağ olun! Sizi görməyimə çox şadam. Əminəm ki, səfəriniz xoş keçəcəkdir.

Bizim xüsusi münasibətlərimiz, xüsusi duyğularımız vardır. Bizi birləşdirən həm tarix, həm də bu gün vardır. Türkiyə-Azərbaycan sözün əsl mənasında iki dost, qardaş ölkədir. Sizin bu komandada iştirakınız bizi sevindirir. Çünki biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik. Ümidvaram ki, Azərbaycana bundan sonra daha tez-tez gələcəksiniz. 

*  *  *

Futbolçular Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdilər.

*  *  *

Sonda xatirə şəkli çəkdirildi. 

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video