24 Yanvar 2012 02:01
418
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Goranboyda şahmat məktəbinin açılışında iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılmışdır. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın  sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılmışdır.

Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçirilir.

Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülmüşlər.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video