09 Oktyabr 2020 01:28
2200
SİYASƏT
A- A+

Azərbaycan Ordusu dünyanın ən güclüləri sırasında olduğunu döyüş meydanında nümayiş etdirir


Vətən müharibəsi davam edir. Azərbaycan Ordusu günbəgün irəliləyərək düşməni əlverişli və illərdir daha da möhkəmləndirdiyi istehkamlardan vurub çıxarır, canlı və texniki qüvvəsini məhv edir. İndi nəinki Ermənistan, bütün dünya erməniliyi panika içərisindədir. Hərbi-iqtisadi baxımdan düşmənin itkiləri milyardlarla dollar həcmində ölçülür. Oktyabrın 7-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilməsi də göstərdi ki, davam edən hərbi əməliyyatlarda üstünlük və təşəbbüs Azərbaycandadır.


Vətən müharibəsinin hər günü tariximizə qızıl hərflərlə həkk olunur


26 illlik atəşkəs dövründə Ermənistanın əldə etdiyi hərbi texnikanın əhəmiyyətli hissəsi cəmi bir neçə günə Azərbaycan Ordusu tərəfindən məhv edildi. Bunun yerini doldurmaq üçün düşmənə bir neçə onilllik lazım olacaq. Canlı itkilərinin yerini heç nə ilə doldurmaq mümkün olmayacaq. Ələlxüsus ciddi demoqrafik problemlərinin olduğu şəraitdə.

Beləliklə, cəbhə xəttindəki son döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qüdrəti ilə bağlı söylənənlərin növbəti əyani təsdiqidir. 2016-cı ilin Aprel, bu ilin Tovuz döyüşlərində qələbələr qazanan Ordumuz bu gün də düşmənə aman vermir, onu qarşısına qatıb qovur. Cəbhənin döyüşlər gedən Ağdərə, Murovdağ, Cəbrayıl, Füzuli istiqamətlərində ilk gündən Ermənistan ordusunun müdafiə xətti yarılıb, sonrakı müddətdə xeyli torpağımız işğaldan azad olunub.

Xatırladaq ki, son illərədək Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin ilk dəfə olaraq 2016-cı ilin Aprel döyüşləri bunun, sadəcə, mif olduğunu sübuta yetirdi. Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində 22 il bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir anda qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar döyüş şəraitində öz təsdiqini tapdı.

Bu ilin Tovuz döyüşlərində Azərbaycanın qarşısında duran məqsəd hücum edən Ermənistan ordusunun bölmələrinin geri oturdulması idi. Bu vəzifəni layiqincə yerinə yetirən ordumuz bir daha düşmənə layiqli dərs verdi. Düşmən qəflətən hücum etsə də, ordumuzun sayıqlığı və müasir döyüş imkanları nəticəsində dərhal geri oturduldu. Əks-həmlə və zərbələrlə geri qaçmağa məcbur olan ermənilər ciddi tələfata məruz qaldılar. Bu hadisə Aprel döyüşlərinin məntiqi davamı kimi bir daha Azərbaycanın hərbi baxımdan Ermənistandan çox güclü olduğunu göstərdi.


Ermənistanın hərbi imkanlarının böyük hissəsi məhv edilib


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev respublikamızda həyata keçirilən ordu quruculuğu barədə deyib: "Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək”.

Hazırda torpaqlarımızın işğaldan azad olunması üçün davam edən Vətən müharibəsi göstərir ki, ordu quruculuğu, görülən işlər, ölkəmizin hərbi gücünün məhz müasir çağırışlara, ən modern döyüş tələblərinə uyğun artırılması Prezident İlham Əliyevin zamanında həyata keçirdiyi mühüm tədbirlərdir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazır. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsinin hər günü həm müstəqillik, həm də hərb tariximizə qızıl hərflərlə həkk olunur. Hər gün kəndlərimiz azad olunur, düşmənin dayaq məntəqələri məhv edilir, strateji yüksəkliklər geri alınır. Son dəqiqləşdirmələrə əsasən döyüşlər ərzində Ermənistan ordusunun 260-dək tank və digər zirehli texnikası, 270-dən çox artilleriya, yaylım atəşli raket sistemləri, 60-dək hava hücumundan müdafiə vasitələri, 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 8 silah-sursat anbarı, 180-dək avtomobil texnikası, 1 ədəd "S-300” zenit-raket kompleksi məhv edilib. Bura qənimət kimi götürülən hərbi texnikaları da əlavə etsək, düşmənə vurulan sarsıdıcı zərbənin miqyasının kifayət qədər böyük olduğunu görərik.

Əslində, Ermənistan ordusunun əsas hissəsi işğal olunmuş Azərbaycan ərazilərində yerləşmişdi. Onun da bir neçə gün ərzində silah və texnikasının böyük hissəsi Azərbaycan Ordusu tərəfindən məhv edilib.


Yerevanın döyüşməyə heç nəyi qalmayacaq


Sentyabrın 27-dən başlanan müharibə bir çox xarici hərbi ekspertlərin də diqqət mərkəzindədir və onlar açıqlamalarında iki ölkənin hərbi imkanlarını da müqayisə edirlər. Məsələn, Rusiyanın tanınmış hərbi eksperti, "Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə, Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq.

İqor Korotçenko bildirib ki, bir neçə onilliklər ərzində Ermənistan qoşunları işğal altında saxladıqları ərazilərdə möhkəmləndirilmiş müdafiə şəbəkəsi yaradıblar, uzunmüddətli mühəndis istehkamları qurublar, betonlayıblar: "Ona görə də Azərbaycan Ordusu qarşısında əks-hücum üçün heç də asan tapşırıq dayanmayıb. Bütün bunlara baxmayaraq, biz hazırda Azərbaycan Ordusunun cəbhənin bir sıra məntəqələrində uğurlarının şahidi oluruq. Azərbaycan Silahlı Qüvvələri irəli doğru gedir, strateji yüksəklikləri ələ keçirir. Daha əvvəllər Ermənistan tərəfindən işğal olunmuş yaşayış məntəqələrini azad edir”.

Rusiyalı ekspert Azərbaycanın yüksək dəqiqlikli silahları tətbiq etməsi barədə də fikirlərini bildirib: "Zərbə endirən pilotsuz uçuş aparatlarından geniş istifadə olunmaqla rəqibin atəş nöqtələri, hərəkətdə olan texnikaları yüksək dəqiqliklə məhv edilir. Bu, onu göstərir ki, Azərbaycan Ordusu texniki cəhətdən müasir silahlarla təchiz olunub, uğurla hərbi əməliyyatları davam etdirir. Azərbaycan Ordusunun qərargah komandirlərinin hazırlığının və bacarığının yüksək olduğu görünür. Biz başa düşürük ki, vəziyyət çox mürəkkəbdir və dinamik olaraq dəyişir. Lakin hazırda Azərbaycan Ordusunu hərbi uğurlar müşayiət edir”.

Digər rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də Azərbaycan Ordusunun cəbhədə uğurla irəlilədiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusunun kəşfiyyatının yaxşı işlədiyi göz qabağındadır: "Hərbi nöqteyi-nəzərdən müharibədə kəşfiyyat çox önəmlidir. Daha dəqiqi isə hərbi əməliyyatların sutkanın gecə vaxtı həyata keçirilməsidir ki, bunu da Azərbaycan Ordusu Ermənistanla müqayisədə daha effektli edir. Ermənistan ordusunun gecə vaxtı döyüşmək imkanları çox məhduddur. Bu, çox önəmli faktordur”.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, keçmiş hərbi pilot Mesut Hakkı Caşın bildirib ki, Azərbaycan mükəmməl planlaşdırılmış komanda heyəti ilə irəli doğru hərəkət edir. Onun sözlərinə görə, Azərbaycan Ordusu yaxşı təlim keçib və müasir silahlardan istifadə edir. "Faktlar sübut edir ki, ermənilər hərbçilərini bölgədə qandallayaraq saxlayırlar. Digər tərəfdən, Ermənistan xüsusilə son günlər xeyli sayda hərbi texnika itirdi və bununla da daha çox zəiflədi. Əminliklə deyə bilərəm ki, müharibənin nəticəsini müəyyən edən ən əhəmiyyətli göstərici ruh yüksəkliyidir və Azərbaycan Ordusu ruh yüksəkliyi ilə döyüşür” - deyə o bildirib.

Beləliklə, Azərbaycan Prezidenti daha bir vədini layiqincə yerinə yetirir, danışıqların mənasız olduğu bir şəraitdə Azərbaycan Ordusu öz missiyasını yerinə yetirir. İlham Əliyevin dediyi kimi: "İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video