12 Aprel 2012 03:04
300
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti İstanbulda XV Avrasiya İqtisadi Zirvə Toplantısında iştirak edir

 

İstanbuldakı Lütfi Kırdar Konqres Mərkəzində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XV Avrasiya İqtisadi Zirvə Toplantısı keçirilir. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edir.

Zirvə Toplantısından əvvəl Azərbaycanın təşkilatçılığı ilə 48 ölkədən gəlmiş 300-dən çox prezident, baş nazir, nazirlər və hökumət nümayəndələrinin iştirak etdiyi "Azərbaycan gecəsi" keçirilmişdir. Gecədə "Evrovision-2011" mahnı müsabiqəsinin qalibləri Nigar Camal və  Eldar Qasımovun, müğənni Tünzalə Ağayevanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunmuşdur. Gecənin iştirakçıları incəsənət ustalarımızın ifasını böyük maraqla qarşılamışlar. İstanbul valisi Hüseyn Mutlu Tünzalə Ağayevaya xatirə hədiyyəsi təqdim etmişdir. 

Zirvə Toplantısının açılışında UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti göstərilmişdir.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri İlham Əliyevin Zirvə Toplantısının iştirakçılarına müraciətini oxumuşdur (Müraciətin mətni qəzetin bugünkü nömrəsində dərc olunur).

Professor Əli Həsənov AzərTAc-a müsahibəsində bildirmişdir ki, 2001-ci ildən Azərbaycan 15 il əvvəl 7 ölkənin iştirakı ilə başlayan, indi isə iştirakçı dövlətlərin sayı

48-ə çatan bu Zirvə Toplantısında fəal iştirak edir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Mərmərə  Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin fəxri sədri olmuşdur. Prezident İlham Əliyev də keçən il bu vəqfin fəxri sədri seçilmişdir. Dövlət başçısı bu Zirvə Toplantısına da təbrikini göndərmişdir. Bu il 48 ölkədən 300-dən çox nümayəndə, o cümlədən prezident, baş nazir, nazirlər, millət vəkilləri və biznes strukturlarının təmsilçiləri "Azərbaycan gecəsi"ndə iştirak etmiş, ölkəmizi daha yaxından tanımışlar. Zirvə toplantılarının təkcə iştirakçısı deyil, eyni zamanda, təşkilatçısı da olan Azərbaycanın nümayəndə heyəti hər il mövzu dairəsi genişləndirilən bu toplantılarda istər tribunadan, istərsə də ikitərəfli görüşlərdə ölkəmizin haqq səsini çatdırır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, respublikamızın bölgədə həyata keçirdiyi transmilli layihələri gündəmə gətirir.  

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirmişdir ki, Avrasiya İqtisadi Zirvə Toplantısı bu il bürünc ildönümünü qeyd edir. Hər il olduğu kimi, bu il də Azərbaycan Zirvə Toplantısının işində ən fəal ölkə kimi iştirak edir.

Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Gyorge İvanov, İstanbul valisi Hüseyn Mutlu, millət vəkilləri çıxış edərək Zirvə Toplantısının əhəmiyyətindən bəhs etmiş, tədbirin işinə uğurlar diləmişlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Zirvənin mədəniyyətlərarası dialoq toplantısında sədrlik və çıxış etmişdir. Şeyxülislam bildirmişdir ki, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev islam dininin dəyərlərinə  böyük diqqət yetirdikləri kimi, başqa dinlərin və etiqadların nümayəndələrinə də hər zaman qayğı ilə yanaşmışlar. Təsadüfi deyildir ki, bütün mötəbər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan bu sahədə ən tolerant ölkə kimi göstərilir. Mədəniyyətlərarası dialoqun möhkəmlənməsi üçün bütün xalqlar, din xadimləri bir-biri ilə qarşılıqlı anlaşma şəraitində sıx əlaqələr qurmalıdırlar.

Toplantıda Azərbaycan Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov, təhsil naziri Misir Mərdanov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edirlər.

Zirvə Toplantısında professor Əli Həsənov və əməkdar jurnalist Xalid Niyazovun müəllifi olduqları "Avrasiya zirvələri: Azərbaycandan baxış" kitabı da nümayəndə heyətlərinə təqdim olunmuşdur. Kitabda ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Avrasiya İqtisadi Zirvə toplantıları ilə bağlı materiallar, Azərbaycan nümayəndə heyətinin bu tədbirlərdə iştirakı əksini tapmışdır. 

XV Avrasiya İqtisadi Zirvə Toplantısı öz işini aprelin 12-də İzmirdə davam etdirəcəkdir. Enerji mövzusunda keçiriləcək bu tədbirdə Azərbaycan Milli Məclisinin Sədr müavini Valeh Ələsgərov çıxış edəcəkdir. Həmin gün XV Zirvə Toplantısının işinə yekun vurulacaq, Azərbaycan nümayəndə heyətinin İzmirin iş adamları ilə görüşü keçiriləcəkdir.

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

 

İstanbul

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video