19 Sentyabr 2021 00:53
6257
İQTİSADİYYAT
A- A+

Azərbaycan neft sənayesinin keçmişi və bu günü

 

Azərbaycanı dünyaya tanıdan “qara qızıl” iqtisadi güc və qüdrət rəmzidir. Artıq əsrlərdir ki, Azərbaycanın neft sahəsində qazandığı şan-şöhrət günbəgün daha da artır. Neftin hasil olunmasında əməyi olan zəhmətkeş neftçiləri də unutmaq olmaz. Ölkəmizdə 20 Sentyabrın Neftçilər Günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin neftçi əməyinə verdiyi ən yüksək qiymətdir.

XIX əsrdə Azərbaycanda inkişaf edən əsas sahələrdən biri və başlıcası neft sahəsi idi. Bu sahənin inkişafına kapital qoyuluşu 1859-cu ildə başlamışdır. Rus sənayeçilərindən Kokorev və Qubonin tərəfindən 1859-cu ildə Bakı yaxınlığındakı Suraxanı kəndində ilk dəfə neft emalı zavodu işə salınmışdır. Onu da qeyd edək ki, həmin dövrdə neftin bahalığı səbəbindən az qala zavod bağlanma təhlükəsi yaşamışdır. Həmin səbəbdən D.Y.Mendeleyevin məsləhəti ilə neftin limana borular vasitəsilə nəql edilməsinə başlanır ki, bu da neftin maya dəyərinin düşməsinə səbəb olur. 1864-cü ildə zavod ildə 60 min pud məhsul verir. Həmin il Balaxanı neft mədənlərində kəndlilərin icbari əməyi ləğv edilir. Atılmış bu addım neft istehsalında muzdlu əməyin tətbiqinə geniş yol açır.

XIX əsrin 60-cı illərindən başlayaraq Azərbaycanda neft sənayesi ən sürətli inkişaf mərhələsinə başlamışdır. Bu inkişafı göstərən amillər Rusiyada və dünyada neftdən sənaye miqyasında istifadə olunması, Azərbaycanda ucuz işçi qüvvəsinin çoxluğu, neft ehtiyatının bolluğu, neftin yüksək keyfiyyətli olması və Rusiyanın özündə neft yataqlarının aşkar edilməməsi idi.

1857-ci ildə rus alimi A.Z.Moris neftdən parafin alınması təşəbbüsünü irəli sürdü. Tiflis əczaçısı F.Vitte Pirallahı adasında bu məqsədlə xüsusi zavod inşa etdirdi. Parafin zavodu 1861-ci ilin avqustunda işə salınmışdır. Zavodda 150 nəfər fəhlə işləyirdi. Onların əksəriyyəti Abşeronun yerli əhalisi idi.

Azərbaycanda ilk milli ağ neft zavodu isə 1863-cü ildə azərbaycanlı iş adamı Cavad Məlikov tərəfindən inşa edilmişdir. Ümumiyyətlə, 1870-ci ilin əvvəlində Bakıda üç iri neft emalı zavodundan əlavə 44 orta və xırda neft emalı zavodu vardı ki, onlar da ildə 500 min puda yaxın kerosin istehsal edirdi.

Lakin Bakı neft sənayesinin tarixində əsaslı dönüş 1872-ci ildən iltizam sistemi ləğv edildikdən sonra başladı. İltizam sistemi XIX əsrin 60-70-ci illərində neft sənayesinin inkişafına bir növ mənfi təsir etmişdir. Duru yanacağa tələbatın artması hökuməti iltizam sistemini ləğv etməyə məcbur etdi və 1872-ci il fevralın 17-də həmin sistem ləğv olundu. Bundan sonra neft quyularının ayrı-ayrı sahibkarlara satılmasına icazə verildi və 1872-ci ilin dekabrında ilk dəfə neft yataqları hərrac vasitəsilə satışa çıxarıldı. Həmin hərraclarda Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi sahibkarlar neftli torpaqların sahibi oldular.

1871-ci ildə Balaxanıda buruq üsulu ilə ilk neft quyusu qazıldı. 1873-cü ildə isə “Xələfi” adı ilə məşhur olan sahədəki quyu güclü fontan vurdu. Quyudan hər gün ən azı 100 pud neft alınırdı. Quyuların, xüsusilə fontanların sayının artması neftin qiymətinin kəskin ucuzlaşmasına gətirib çıxardı. 1873-cü ildə neftin qiyməti iltizam dövrü səviyyəsində bir pudu 45 qəpik idisə, “Xələfi” fontanından sonra 6 qəpiyə endi. 1873-cü ildən etibarən quyuların qazılmasında yeni üsuldan istifadə olunmağa başlanıldı. Yeni üsul quyuların qazılmasında ilk dəfə buxar mühərrikindən istifadə mexanizmi idi. Bu isə neft sənayesinin fabrik və zavod mərhələlərinə keçirilməsi idi. Nəticədə 1872-ci ildə 1,4 milyon pud neft çıxarıldığı halda, 1894-cü ildə hasilat 340 milyon puda, yəni əslində ABŞ-dakı səviyyəyə çatmışdı. 1901-ci ildə Bakı nefti hasilatına görə dünyada birinci yerə çıxdı.

Tarixə nəzər salsaq, görərik ki, Azərbaycan nefti həm keçmişdə, həm də sonralar xarici investorların diqqətini cəlb etmişdir. Bu səbəbdən bir çox xarici neft şirkətlərinin Azərbaycana investisiya qoyuluşları indiyəcən davam edir. Hələ 1870-ci illərdə ən böyük neft investorlarından olan Nobel qardaşları, Kokoryev, Qobonin, Benkendorf, Şibayev böyük həcmdə karbohidrogen ehtiyatlarına malik Azərbaycanın neft sektoruna investisiya yatırmışlar. Həmin dövr Nobel qardaşlarının sifarişi ilə İsveçdə hazırlanmış dünyanın ilk neft tankeri “Zoroastr” Bakı ilə Həştərxan arasında hərəkətə başladı. Bir ildən sonra yeni, daha böyük “Moisey” tankeri sifariş verildi. 1880-ci ildə “Nobel Qardaşları” şirkəti tərəfindən mədənlər arasında neft və sərnişin daşınması üçün ilk dar dəmir yolu xətti çəkildi. Nəticədə ən iri neft sənaye şirkətləri - “Nobel Qardaşları” şirkəti, “Xəzər-Qara Dəniz Cəmiyyəti” və sahibkar H.Z.Tağıyev özlərinin neftdaşıyan gəmi donanmalarını yaratdılar. Həmin illər neft sektorunda ən böyük şirkət “Nobel Qardaşları” idi. 1880-ci illər Bakıya Rotşildin simasında fransız kapitalı, 90-cı illərdə başda Vişau olmaqla ingilis kapitalı gəldi. O dövrdə neft hasilatı 600 min puda çatdı ki, bu da həmin illərdə neft hasilatı üzrə ən yüksək göstərici idi.

1891-ci ildə dörd yerli şirkətin “Bakı Standartı” adlandırılan birliyi meydana gəldi. Bu, Mantaşevin, Tağıyevin, Lianozovun və Budaqovun şirkətləri idi. Nobel qardaşları həmin vəziyyətdən istifadə edərək 1892-ci ildə “Yeddi böyük firma ittifaqı” adlı yeni birlik yaratdılar. Ümumiyyətlə, neft sənayesi böyük xərc tələb etdiyinə görə xarici kapital Azərbaycanda üstünlük təşkil edirdi.

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra tez bir zamanda iqtisadiyyatı dirçəltmək istiqamətində zəruri addımlar atmağa başlamışdır. Bu istiqamətdə ilk hədəf neft sənayesini böhrandan çıxarmaq və inkişaf etdirmək idi. Həmin məqsədlə neft sənayesinə investisiya və yeni texnologiyalar cəlb etmək, sərfəli şərtlərlə xarici neft şirkətləri ilə müqavilələr bağlamaq üçün danışıqlar aparılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tapşırıldı. Danışıqlar üçün təcrübəli mütəxəssislər cəlb olundu. Bu qrupun fəaliyyətində İlham Əliyevin, Xoşbəxt Yusifzadənin və Natiq Əliyevin rolunu xüsusi qeyd etmək lazımdır.

Bu gün Azərbaycan neft sektorunda dünyada tanınan bir ölkəyə çevrilmişdir. Bu strategiyanı xalqımızın Ümummilli Lideri Heydər Əliyev hazırlamışdır. Heydər Əliyevin müəllifi olduğu strategiya 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məhşur neft şirkəti (Amoko, BP, LUKoyl, Ekson, Delta, MakDermott, Yunokal, ARDNŞ, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Statoyl, Remko) arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə başlamışdır. Bu müqavilə dünyada “Əsrin müqaviləsi” adı ilə məşhurdur. Müqavilənin imzalanmasından sonra Azərbaycana maraq daha da artdı. Artıq digər ölkələrin şirkətləri də Azərbaycana sərmayə qoymağa başladılar. 2001-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sərəncamla hər il sentyabrın 20-nin ölkəmizdə Neftçilər Günü kimi qeyd olunması da bu tarixlə bağlıdır.

“Əsrin müqaviləsi”nin təkcə hazırlanması və bağlanmasını deyil, həm də həyata keçirilməsini olduqca ağır və çətin problemlər müşayiət edirdi. Bu işə mane olmaq istəyən qüvvələr həddindən artıq çox idi. Ancaq bütün bunlara baxmayaraq, müqavilə uğurla icra olundu.

1996-cı il iyunun 4-də isə Xəzərin “Şahdəniz” yatağının birgə işlədilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Türkiyə, Böyük Britaniya, Norveç, Rusiya, Fransa və İranın neft şirkətləri müqavilə imzaladılar. Bu müqaviləyə əsasən, gəlirin 80 faizi Azərbaycana çatacaqdı. Bu zaman dərinliyi 6,5 min metr olan quyular qazıldı və nadir qaz-kondensat yatağı kəşf edildi. Qərb ekspertlərinin fikrincə, bundan sonra Azərbaycan həm də qaz ölkəsinə çevrildi. Ardınca dəqiq desək, 1996-cı il dekabrın 14-də Xəzərdə “Dan Ulduzu” və “Əşrəfi” yataqlarının birgə işlənməsi üzrə ABŞ, Səudiyyə Ərəbistanı və Yaponiya, 1997-ci ildə isə “Talış Dəniz” və “Lənkəran Dəniz” yataqlarının birgə işlənməsi məqsədilə Fransa neft şirkətləri ilə Azərbaycan Neft Şirkəti arasında saziş bağlandı.

Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində çox böyük maneələrə baxmayaraq, 2002-ci ilin sentyabrında Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin və ABŞ-ın energetika nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təməli qoyuldu. 3 il sonra - 2005-ci ilin mayında kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və boru xəttinə ilk dəfə neft vuruldu. Elə həmin ilin oktyabrında kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. 2006-cı ildə isə Azərbaycan nefti Ceyhan limanına çatdı və yüklənmiş ilk tanker buradan yola salndı.

Heydər Əliyev zamanında aparılan bu uğurlu siyasət indi İlham Əliyev tərəfindən davam etdirilir. 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin gətirdiyi gəlirlərin ildən-ilə artması Azərbaycanın sosial-iqtisadi inkişafına güclü təkan verdi. Ölkə iqtisadiyyatının inkişafında, əhalinin sosial rifahının yaxşılaşmasında neft-qaz ehtiyatları başlıca amilə çevrildi.

“Qara qızıl”ın çıxarılmasında neftçilərimizin əməyi danılmazdır. Ölkəmizdə qocaman neftçilərimizin sayı-hesabı yoxdur. Onlardan biri də Azərbaycanın neft sənayesində əvəzsiz xidmətləri olan Xoşbəxt Yusifzadədir. X.Yusifzadə 1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda “Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü olan X.Yusifzadənin bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqları kəşf edilmiş və istismara verilmişdir. Onun 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış bütün işlərdə, o cümlədən “Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, “Əşrəfi” (1998-ci il), “Qarabağ” (1998-ci il), nəhəng “Şahdəniz” (1999-cu il), iri “Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı “Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

Daha bir əməkçi neft qəhrəmanı Qurban Abbasovdur. Neftçi Qurban açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biridir. Şelf-1 tipli yarımdalma üzən qazma qurğularının Xəzər dənizi şəraitində mənimsənilməsində onun xüsusi xidmətləri olmuşdur. Bu qurğular 200 metrlik dəniz dərinliyində işləyə bilmiş, Kaveroçkin adına (indiki “Çıraq” yatağı) yatağı kəşf etməyə və yeni dərin perspektivli strukturlarda kəşfiyyat işləri aparmağa imkan yaratmışdır.

Neftçi Qurban cəsarətli insan kimi dənizlə mübarizədə öz daxili “mən”ini qoruya bilmiş, neçə-neçə fırtınalar, qəzalar, uçqunlar görmüşdür. Onun haqqında danışılan əfsanələrdən biri də o idi ki, Qurban Abbasov Neft Daşlarında buruq ustası işləyən zaman soyuq payız günlərindən birində dənizə düşmüş çox qiymətli qazma baltasını çıxarmaq üçün heç kəsə imkan vermədən özü dənizə atılaraq həmin baltanı çıxarmışdır. Sonralar bu hadisə neftçilər arasında qəhrəmanlıq rəmzinə çevrilmişdir.

 

Üzeyir HƏBİBBƏYLİ,

“SOCAR PETROLEUM” QSC-nin mətbuat katibi, filologiya üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video