00:02 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan musiqisinin Xanı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:20 24.08.2021

 

Hələ on-on iki yaşlarından əsl “adı unudulmuş” səsin sahibinin anadan olmasından 120 il keçir

 

“Xan” ləqəbinin verilməsi

 

1901-ci il avqustun 20-də anadan olmuş, səsin və musiqinin xanı kimi tanınmış İsfəndiyar Aslan oğlu Cavanşirov Şuşada, muğam beşiyinin bünövrəsini qoymuş məşhur Cavanşirlər sülaləsinin nəsil daşıyıcılarından idi.

Sovet hakimiyyəti digər bəylər  və xanlar kimi, onun babası Aslanın da Şuşadakı mülkünü müsadirə edib, özünü doğma yurdundan didərgin salmışdı. Bundan sonra Aslan bəy Bərdədə məskunlaşmalı olmuşdu.

Onun səsinin cilalanmasında, ümumiyyətlə, bu sənətə gəlişində Segah İslamın xüsusi əməyini ustad xanəndə xatirələrində də bildirib. “Xan” ləqəbinin ona verilməsi də maraqlı bir hadisə ilə bağlıdır. Segah İslam səsini bəyənib şəyird götürdüyü İsfəndiyarı özü ilə Ağdamın Novruzlu kəndində keçirilən məclislərin birinə aparıb. Məclis başlanmamış ev sahibi xanəndə İslamın arzusu ilə qrammofonu qurub. Təbrizli Əbülhəsən xanın ifasında “Kürd-Şahnaz”ı dinləyiblər. Bu məşhur xanəndənin səsinin məclis əhlini xəyallara qərq etdiyi anlarda ustad üzünü şəyirdi İsfəndiyara tutaraq deyib:

- Bəlkə, sən də bizim üçün bir “Kürd-Şahnaz”ı oxuyasan?

Hələ sənət meydanında ilk addımlarını atan İsfəndiyar bu təklifdən tutulub. Xeyli fikirləşməli olub. 12 yaşından  saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub diqqətlə qulaq assa da, onları hətta əməlli-başlı təqlid etsə də, tərəddüd içərisində qalıb. Amma ustadın təklifinə yox deməyə də cürət etməyib. Məclis əhli  İsfəndiyarın ifasında “Kürd-Şahnaz” muğamını dinləyib. Muğamın zil hissəsində hamı çaş-baş qalıb. Yerbəyerdən “əhsən” sədaları ucalıb və “əsl Xan bu imiş ki...”, - deyiblər.

Şəyirdinin bu məharəti ustadı  vəcdə gətirib, elə oradaca ona xeyir-dua verib: “Bu gündən sən oldun Xan Şuşinski”...

 

“Şuşanın dağları...” mahnısının sözləri də Xan əminindir

 

Xan Şuşinski təkcə muğam ustası olmayıb, o, eyni zamanda,  həm şeir yazır, həm də mahnı bəstələyirmiş. Uzun müddət onun bəstələri xalq mahnısı kimi təqdim edilib. Bir çox hallarda xalq mahnısı kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları...”, “Ay gözəl”, “Al yanağında”, “Məndən gen gəzmə”, “Gözəl yarım”, “Ölürəm”, “Dağlarda çiçək...”,  “A ceyran bala”nın müəllifi Xan Şuşinskidir. Onu da əlavə edək  ki, “Şuşanın dağları...” mahnısının sözləri də Xan əminindir.

Səsinə İlahinin əmanəti kimi baxan Xan Şuşinski hələ gənclik illərindən ona verilən yüksək adın - “Xan”ın şərəfini qoruyub. Daim səsinin sehrinə düşdüyü və özünə ustad bildiyi təbrizli Əbülhəsən xanla Xan Şuşinski 1944-cü ildə görüşüblər. Ustad xanəndənin yaddaşına yazılan xatirələrdən biri də Əbülhəsən İqbal Soltanın onunla  yaxından maraqlanması və “Qrand hotel”də şərəfinə  qonaqlıq verməsi olub.

XVIII əsrdə yaşamış Qarabağın məşhur xanəndəsi Mirzə Hüseynin adı ilə bağlı  yaranan segah “Mirzə Hüseyn”  adlanır. Xan Şuşinskini də segahın həmmüəllifi sayırlar. Ona görə ki, sonralar bu segaha Xan Şuşinski “Manəndi müxalif” şöbəsini əlavə edib.

Maraqlı məqamlardan biri də  odur ki, Xan Şuşinski Üzeyir bəy Hacıbəylidən başqa heç bir bəstəkara müraciət etməyib. Bunun əsas səbəbi Üzeyir bəyin Xan Şuşinskinin ifasında öz mahnılarını dinləməsindən xüsusi zövq alması imiş. Xan Şuşinskinin ifasında səslənən “Qaragöz” mahnısı isə dahi bəstəkarın daha çox xoşladığı mahnılardan biri olub. 1926-cı ildə bəstələnən bu mahnı ilk dəfə Xan Şuşinskinin ifasında səslənib.

 

“Havalansın Xanın səsi...”

 

Xan Şuşinskinin özünün sevdiyi “Qarabağ şikəstəsi” idi. Ona görə də daha çox onu oxuyardı. Şikəstə ondan əvvəl məclisdə neçə dəfə ifa olunursa-olunsun, Xan Şuşinski bütün çıxışlarında birinci sevimli muğamını   təqdim edərdi. Deyirlər ki, bu, çox təbii qarşılanırmış.

O, bütün muğamları  məharətlə ifa edirdi. Ritmik  muğamları isə qeyri-adi bir ustalıqla oxuyar, dinləyicidə böyük ruh yüksəkliyi  yaradardı. Azərbaycan musiqi tarixinin əvəzsiz korifeyi sayılan Xan Şuşinskinin səsinin yadigarı kimi onun 40 saatlıq lent yazısı qalıb.

Xan Şuşinskinin ömrü onun səsi, nəfəsi ilə cilalanmış muğamlarımız qədər  əbədiyaşardır. 1979-cu il mart ayının 18-də dünyadan bir xan köçsə də, qəlblərdə yaşayır...

Yeri gəlmişkən qeyd edək ki, 1943-cü ildə Azərbaycanın Xalq artisti  adına layiq görülmüş, müstəsna fitri istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərindən şöhrətin zirvəsinə  ucalıb.

Bioqrafiyasına yazılanlara bir daha nəzər saldıqda görürük ki, yaradıcılığında “Mirzə Hüseyn”, “Şahnaz”, “Qarabağ şikəstəsi”, “Kürd-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Qatar”, “Cahargah”, “Mahur”, “Heyratı”, “Şur” kimi muğam və segahlar əsas yer  tutur.

Ustad xanəndənin yaradıcılığına həsr olunmuş bir çox filmlər də var: “Muğamat var olan yerdə”, “Muğamlar”, “O olmasın, bu  olsun”, “Bakı bağları: Buzovna”, “Biz qayıdacağıq”, “Havalansın Xanın səsi”, “Mədəniyyət salnaməsi: Əbülfət Əliyev”, “Özgə ömür”, “Prima”, “Qızıl Fonddan seçmələr”, “Səs”...

Bir vaxtlar sədaları Şuşadan, İsa bulağından, Turş sudan, Cıdır düzündən gələn, bir sözlə, aranlı-dağlı  cənnət-misal Qarabağımızın  azman və ölməz sənətkarlarının duyğularımıza sığal çəkən  səslərini lent yazılarından eşidir və kövrəlirdik. Xan əminin “Qarabağ şikəstəsi”, “Şur”u, “Cahargah”ı hopmuş qayalardan xınalı kəklikləri 30 il perik düşsə də, bulaqların gözü tutulsa da, cığırları ot bassa da, el yaylağa qalxa bilməsə də, Topxanada xanələr qurulmasa da, ruhumuzda, canımızda bir məhəbbət yaşayırdı: torpağa, yurda, doğma ellərə qayıdış həvəsi, mübarizlik, dönməzlik  və əyilməzlik...

Budur, Cıdır düzü bu il yenidən “Xarıbülbül”  beynəlxalq  musiqi festivalına sinə açdı, meydan verdi: Şuşa əvvəlki növrağına qayıtdı. Xan əminin ruhu dolaşan qayalarda yenə də həsrəti çəkilən doğma səslər, nəfəslər duyuldu. Ruhunuz şad olsun, Şuşanı könül şüşəsi kimi tanıdanlarımız...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM