30 Iyul 2021 18:54
1443
PARLAMENT
A- A+

Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb

 

İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, parlament sədrlərinin təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunub, parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayıblar.

Sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib.

Qonaqları salamlayan Milli Məclisin sədr, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərə onun dəvətini qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinə görə minnətdarlığını bildirib. Qeyd edilib ki, Əsəd Qeysərin ölkəmizə bu səfəri Pakistan Milli Assambleyası sədrinin ilk rəsmi səfəridir. Səfər zamanı Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün keçirilməsi tarixi əhəmiyyət daşıyır. Pandemiya dönəmində belə bir tədbirin baş tutması münasibətlərimizin inkişafına verilən böyük əhəmiyyətdən irəli gəlir.

Milli Məclisin sədri bildirib ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu var. Hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün əsaslı zəmin yaradıb. Ölkələrimiz arasında imzalanmış 36 sənəd əməkdaşlığımızın hüquqi bazasını təşkil edir. 2015-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə isə əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir.

Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Milli Məclisin sədri xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda mühüm sosial-humanitar layihələr həyata keçirildiyini xatırladaraq qeyd edib ki, bu xeyirxah işlərinə görə Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan “Hilal-e Pakistan” ilə təltif edilib.

Görüşdə S.Qafarova Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Şuşaya və Füzuliyə səfərlərini qeyd edərək deyib ki, nümayəndə heyətlərinin üzvləri 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin döyüş meydanında necə tarixi Zəfər qazandığının şahidi oldular. Biz Azərbaycanın haqlı mübarizəsində Pakistan hökumətinin və parlamentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndiririk.

Sahibə Qafarova Pakistan Milli Assambleyasında Azərbaycan Respublikasının ərazisinə erməni təcavüzünü pisləyən qətnamənin, həmçinin Xocalı şəhərində Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilmiş soyqırımı haqqında qətnamənin qəbul edilməsini yüksək qiymətləndirib, bunun dostluğumuzun daha bir nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan və Pakistanın qanunverici orqanları arasında əməkdaşlıqdan da danışan Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyini, parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini bildirib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər ölkəmizə rəsmi səfəri çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşü, Bakı Bəyannaməsinin imzalanması barədə danışıb, Azərbaycanın rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Pakistan dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.

Qonaq Vətən müharibəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib. Qeyd olunub ki, bu məsələdə Pakistanın mövqeyi birmənalıdır, o, Azərbaycanın haqlı mübarizəsini həmişə dəstəkləyib.

Əsəd Qeysər ümidvar olduğunu bildirib ki, yüksəksəviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərəcək. İqtisadi əlaqələrimizin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Enerji, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə daha böyük uğurlar qazanmaq üçün geniş imkanlar var.

Milli Assambleyanın sədri qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Dostluq qrupları arasında təmasların mütəmadi xarakter alması münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilər.

Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video